Hamını bəzər... Züleyxa Nadir yazır
8 Mart 2024 11:56 SosialZÜLEYXA NADİR
Bu, dərzi deyil, bu, qadın jurnalistdır. O jurnalist ki, hamının haqqında yazır, amma özünü yaddan çıxarır, haqqında yazan az olur, ya da heç olmur. O jurnalist ki,Tanrının ona lütf etdiyi qadınlıq missiyası ilə söz dünyası arasında körpü qurur. O qadın ki, peşələrin ən çətini olan jurnalist məsuliyyətinin "yük"ünü bir ömür daşıyır. Və o jurnalist ki, çantasında təkcə qələm, bloknot, diktafon deyil, həm də valokardin, validol gəzdirir. O jurnalist ki, bir ömür ürəyindəki ağrı ilə illərini başa vurur.
Jurnalist xanımın bloknotunda təkcə yazacağı mövzu ilə bağlı faktlar olmur ki?! O dəftərçədə istənilən məzmunda qeydlər görmək olar: bu gün evə alınacaq hansısa ərzaq məhsulu, sabah qonaq gedəcəyi ailəyə hədiyyə axtarmaq, övladının cüzi bir istəyini yerinə yetirmək üçün atacağı addım, köməyə ehtiyacı olan qohuma, qonşuya, lap elə tanmadığı birinə əl tutmaq və s. Hələ bu nədir ki?! İş otağında stolunun üstündəki balaca kağız parçalarındakı qeydlər də bir ayrı dünyadan xəbər verir. Bəzən bu yaddaş üçün yazılanları həyata keçirə bilmir - əsasən də vaxt azlığından dolayı. Bir sutka ona azlıq edir. Bunlar jurnalist xanımın gün ərzində gördüyü işlərin cüzi bir hissəsidir. Daha çoxu ürəyində, ruhunda məskən salır...
Jurnalist qadının üzündə sirli cazibə, ovsunlayıcı təbəssüm olmaz. Olsa da bir an şimşək kimi çaxar və keçər. Bəzən bunu da hiss etməz, ya da anlamaz, nəyin nə olduğunun fərqinə varmaz. Çünki onun görəcəyi işlərin içində belə yaşantılara çox az yervar.
Jurnalist fəaliyyəti çox vaxt ondan ülvü duyğuları, pak hissləri gizlətməyi tələb edir. Sosial qayğıların, maddi tələbatların təsiri və təzyiqi altında bir ruh daşıdığını unudur bəzən. Arzular, problemlər və planlar fonunda kamilliyi, ülviyyəti, müqəddəsliyi, paklığı və zərifliyi ruhu ilə daşıdığını yaddan çıxarır bəzən.
Jurnalist xanımın iş saatı yoxdur, ev işlərini qrafikə salmır. Gecəyarısı sabahın xörəyini bişirir, paltarları ütüləyir, evləri yığışdırır. Və bunların arasında beyin də dayanmadan çalışır. İşlərini görəndən sonra stol arxasına keçib yazmağa başlayır - bəzən səhərə kimi işləyir. Çünki qəzet vaxtında çıxmalıdır - təyyarə də, qatar da gecikə bilər, gəmi dənizdə səmtini dəyişər, amma qəzet oxucuya zamanında çatmalıdır.
Yazı yazmaq, söz sənəti ilə məşğul olmaq peşələrin ən çətinidir. Bu çətin peşə ilə məşğul olan qadının beyni 24 saat çalışır - evdə, mətbəxdə, avtobusda, təyyarədə, qatarda, hətta yatanda da dayanmır, yuxuda belə mövzunun süjet xəttini qurur. Yazının birinci cümləsini fikirləşir, ya da sonunu necə bitirəcəyi haqqında götür-qoy edir. Yaxud da balaca bir fikrin ətrafında böyük bir "fırtına yaratmağın" yollarını axtarır. Və çox qəribədir ki, beyində dəyirman kimi fırlanan bu fikirlərin içində birdən hansısa bir məişət qayğısı yada düşür. Qadın jurnalist vaxtdan vaxt oğurlayıb onu da həll edərək vaxtdan ucada dayanmağı bacarır.
Bəli, sözlə bir dünya qurmaq, yoluna çıxan əngəli aşmaq qadın jurnalistin adi işidir. Sözün içində bişmək, fikri yoğurub istədiyi formaya salaraq, quru, sxolastik faktı, rəqəmi yalnız qadına xas incə və zərif duyğularla bəzəmək isə xanım jurnalistin məharətidir. Jurnalist cəmiyyətin güzgüsüdür, qadın jurnalist bu güzgünü tozlanmaqdan, çirklənməkdən qoruyandır. Qadın jurnalistin yazısında humanistlik duyğusu, xeyirxahlıq hissi aydın sezilir. İstər müharibə mövzusu olsun, istərsə də ən qəddar cinayətkarlıq hadisəsi - hər iki halda qadın jurnalist yazanda ona hakim olan analıq duyğusunun təsirindən çıxa bilmir.
Nə yazıq ki, Azərbaycan mediası bu peşəyə təsadüfi gələnlərdəndə xali deyil. Bu təsadüfilik qadınlarla bağlı olanda məyusluq yaranır. Yazmaq üçün stol arxasında oturmağı bacarmaq lazımdır. Yaradıcı adam, xüsusilə də qadın həmin bacarıqdan dolayı istedad sahibidirsə, ortaya qoyduğu "məhsul" da keyfiyyətli olur. Onun mətbuatda yeri görünür və məşhur imzalarla çiyin-çiyinə dayanır. Sən, ey qadın jurnalist, stol arxasında oturmaqdan belin əyiləcək, bu səni qorxutmursa, buyur gəl sözün hüzuruna. Saatlarla oturmalısan, düşünməlisən və bunları kompüterin yaddaşına köçürməlisən. Əgər düşünməkdən yorulmursansa, yazmaqdan usanmırsansa, buyur gəl söz dünyasına. Gözlərin işığını itirəcək, görməkdən məhrum ola bilərsən, bu səni incitməyəcəksə, buyur gəl söz dəryasında üzməyə. Sözün sanbalı ürəyini ağrıdacaq, bu ağrını daşıya biləcəksənsə, buyur gəl sözlə qolboyun olmağa. Nəhayət, söz səni stol arxasındaca öldürə bilər, bu ölümə hazırsansa, buyur gəl söz Cənnətinə.
Nə xoş ki, bu parametrlərlə yaşayan, sözü sevən, başına dolanan və onlarla kitabın, yüzlərlə publisistik yazının müəllifi olan qadın jurnalistlərin zərif imzası Azərbycan mətbuatına naxış vurur.