Ata mənə dedi ki, əgər sən bunu kiməsə söyləsən...
8 Mart 2024 12:56 SosialAzərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə olan müsahibəmizi sizlərə təqdim edirik:
-"Bu sığınacaq cəmiyyətin dəhşətlərinin toplaşdığı yerdir"-demisiniz bir müsahibənizdə...Sizə görə ən böyük dəhşət nədir, Kəmalə xanım?
-Əgər bir uşağa qarşı cinayət törədilirsə, bir uşağa qarşı biganəlik varsa, mənim üçün orada dəhşəti dərəcələrə ayırmaq yox, bir uşağı o dəhşətdən çıxarmaq önəmlidir. Əlbəttə, sığınacaqlar daha çox sosial təhlükəli vəziyyətdə, baxımsız durumda və onlara qarşı cinayət törədilmiş hallarda yerləşdirilən uşaqların reabilitasiyasını həyata keçirən müvəqqəti reinteqrasiya mərkəzidir. Bu mərkəz Azərbaycan Uşaqlar İctimai Birliyinin nəzdində artıq 17 ildir ki, fəaliyyət göstərir. Bu gün cəmiyyətdə reabilitasiyadan keçən minlərlə uşaq var ki, artıq həmin o dəhşətləri geridə buraxaraq, həyatda öz sözlərini deyə biləcək, cəmiyyətdə formalaşacaq, təhsillərində uğurlar qazanacaq yeniyetmələr, gənclərdir.
-Sığınacaq mərkəzini yaradarkən bu qayə ilə neçə körpəyə çatmağı təxmin etmişdiniz? Qarşınıza qoyduğunuz məqsədə çatdığınızı düşünürsünüzmü?
-Sığınacaq yaradılanda əslində, bizim fikrimiz ondan ibarət deyildi ki, mən neçə uşağa çatacam. "Mən necə bu uşaqlara dəstək olacam2 deyərək bir yola çıxdıq. Əgər biz 5 nəfərlik uşaq üçün yataq yerindən başlamışıqdıqsa, bu gün onun sayı 25 nəfərlik çarpayıya qalxıb. Amma davamlı olaraq 10 ildir ki, biz gündəlik 30-50 arası uşağa xidmət göstəririk. Göstərici olaraq deyil, bir keyfiyyət olaraq hansı məqsədə çatacağımızı bax belə formalaşdırmışıq.
-Bu qədər böyük məsuliyyəti almağın sizə heç yük kimi gəldiyi gün olubmu?
-Əlbəttə böyük məsuliyyətdir. Məsuliyyət dediyimiz sənə etibar edilən bir uşağın formalaşmasını həyata keçirməkdir. Yük kimi heç vaxt görməmişəm. Çünki, mən deyə bir şey deyil, komanda deyə bir şey olub. Bu komanda bu işin öhdəsindən çətinliklə də olsa gəlib. Elə anlarımız olub ki, biz bir keysin üzərində aylarla işləmişik. Bir uşağın reabilitasiyasını həyata keçirmək üçün aylarla davamlı olaraq çabalar göstərmişik. Amma yetə bilmədiyimiz məqam əsasən, onların psixoloji durumu ilə bağlı olub. O zaman təəssüflə demişik ki, biz bir şey edə bilmərik. Orada artıq tibbi müdaxilələr var. Amma bu yükü götürməyi mən istəmişəm deyə bu çətin, olduqca şərəfli və sevgidolu işin öhdəsindən gəlmək bizə nəsib olub.
-Uşaqların ailələrində əsasən hansı problemlər onların sığınacağa gətirilməsinə səbəb olur?
-Ailələrdə hansı problemlərin olmasını bu gün cəmiyyət içərisində daha çox görürük. Uşaqların qarşılaşdığı ən birinci problem ona olan biganə münasibətdir. Ailədə davranışların düzgün formalaşmaması, uşağın fikri ilə hesablaşmamaqdır səbəb. Uşağa qarşı diqqət azaldıqda uşağın cinayətkar fəaliyyətə meyillənməsi, ailədə valideynlərin və digər ailə üzvlərinin davranışları ona təsir etdikdə o qədər problemlər yaranır ki, bu problemlər birbaşa uşağa sirayət edir. İstər ailə münaqişəsi zəminində olsun, istər gender əsaslı zorakılıq olsun, fiziki zorakılıq və s. Amma uşaqların ən çox qarşılaşdığını problemlərdən, bizim ən çox fokuslandığımız reabilitasiya cinsi zorakılığa məruz qalmış əsasən qızların reabilitasiyasıdır. Cinsi zorakılıq bir çox hallarda latent cinayət kimi hesab olunur. Çünki, zorakılığın bu formasının üstünün açılması olduqca çətindir. Ona görə ki, uşaqlar həmişə bunu danışmaqdan qorxurlar, bu cinayət aktı həyata keçiriləndə ona qarşı hədə-qorxu, sıxıntı, valideynlərinin güvənini itirmək, cəmiyyətdə biabır olmaq hisləri aşılanır. Ona görə bu cinayətlər həmişə qapalı qalır. Bir çox hallarda bu tip cinayətlərin üstü uşaq ailə münaqişəsi səbəbindən sığınacağa yerləşdirilən zaman açılır. Çünki, uşaq artıq özünün təhlükəsiz yerdə olmasını hiss edir. Bir çox hallarda bu latent cinayət ailədə baş verir. Törədən şəxs ata, atalıq, qardaş, yaxın bir qohum ola bilər. Bu səbəbdən cinayətlər ört-basdır edilir, gizli qalır. Amma üstü açılanda əlbəttə ki, bununla bağlı istintaq gedir. Bir qızımızın məhkəməsini heç vaxt unutmaram. Balaca bir qıza atası tərəfindən seksual hərəkətlər olunmuşdu. Uşağa sual verdilər ki, bunu nəyə görə dərhal anana demədin? Dedi ki, "ata mənə dedi ki, əgər sən bunu kiməsə desən, mən daha sənin yanında ola bilməyəcəm. Axı o mənim atam idi. İstəyirdim həmişə mənim yanımda olsun." Bax bu səbəbdən bu cinayətlər latent cinayətlər olur.
-Sığınacağın maddi problemləri necə həll olunur?
-Sığınacağın maddi problemlərinin həlli istiqamətində artıq illərdir ki, biz çaba göstəririk. Keçən il 6 ay boyunca Sosial Xidmətlər Agentliyi tərəfindən "sosial sığınacaqların inkişafına dəstək" adlı bir layihə oldu. Təsəvvür edin ki, biz 6 ay sonra xidmətə deməliyik ki, sağ olun, biz getdik. Amma ümumilikdə deyə bilərəm ki, Azərbaycan xalqı o qədər mərhəmətli xalqdır ki, xeyriyyə xüsusiyyətlərini o qədər özündə cəmləyib ki, biz bunu pandemiya dövründə, müharibə dövründə daha çox gördük. Biz ümumiyyətlə, hər hansı bir hekayəni paylaşanda və ya uşaqlarla görüntülərimiz olanda insanların reaksiyasını görürük. Əlbəttə ki, burada insanların, cəmiyyətin təşkilata olan bir güvəni var ki, bu gün bizə dəstək olan xeyriyyəçi insanlar var. Biz dəfələrlə bununla bağlı müraciətlərimizi etmişik. Amma təəssüf ki, qanunvericilik sosial sifariş formatında olan layihələrin sığınacaqlarına dəstəyini bildirir. Onu da deyim ki, artıq 3 aydır ki, Azərbaycan Uşaqlar İctimai Birliyinin nəzdindəki sığınacaq əməkdaşları heç bir müqaviləsi olmadan çalışır və həqiqətən də fədakar insanlardır. Amma maddi problem təkcə əmək haqqı deyil, bu geyimdir, qidadır, dərmandır, nəqliyyatdır, hər şeydir. Bu problemlərin həll olunması üçün əlbəttə ki, biz öz imkanlarımızdan da istifadə edirik. Bu hazırladığımız əl işlərinin satışıdır, keçdiyimiz təlimlərdir, kolleclərlə, universitetlərlə bağlanan müqavilələr əsasında həyata keçirdiyimiz işlərdir və bacardığıməz qədər bütün fəaliyyəti bu xidmətə fokuslayırıq. Layihə bitər, amma xidmət dayanmaz. Xidmət ucu-bucağı görünməyən bir sahədir. Tam formalaşmış, reabilitasiyası bitmiş, cəmiyyətə yararlı olan, artıq hər bir probleminin həlli çözülmüş bur keys olarsa, o zaman xidmət bitmiş hesab olunar. Amma bunun ardı var, keyslər bitməz.
-Bilirik ki, siz orada olan bütün uşaqlarla ana şəfqəti ilə rəftar edirsiniz. Bəs böyüdükcə doğma anasını, atasını tanımaq istəyənlərə onları tanımaq şəraiti yaradılırmı? Həmin kəslər cəmiyyətdə öz statuslarını yaratmaqda çətinlik çəkirlərmi?
-Əslində, biz qətiyyən bunun əksinin tərəfdarı deyilik. Çünki, biz istəyirik ki, uşaq ailə ilə ünsiyyətdə olsun. Bu isə situasiyalardan asılıdır ki, uşağın sığınacağa düşmə səbəbi nədir. Əlbəttə, cinayət dediyimiz ailədə baş vermirsə, biz uşağın ünsiyyətini ailəylə davamlı olaraq formalaşdırmağa çalışırıq. Valideynlərin tapılmasında, qohumların axtarılmasında, bu istiqamətdə işlər görürük. Əlbəttə ki, bu bağları qırmaq deyil, bərpa etmək ən əsasdır. Biz burada olan koordinasiya işlərində Sosial Xidmətlər Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri, eyni zamanda, Daxili İşlər Nazirliyinin müvafiq bölmələri ilə sıx əməkdaşlıq edərək bu problemləri həll edirik. Onların cəmiyyətdə statuslatını yaratmaq üçün sığınacaqda reabilitasiya işləri əlbəttə ki, çox böyük rol oynayır. Düşünürəm ki, bizim səhifələri izləyərək bunların şahidi də ola bilərsiniz. Uşaqlar bizim üçün fərqli deyil, bizə görə hamısı bərabərdir. Biz onları eyni sevirik. Sadəcə olaraq bir çox hallarda balacalarla paylaşım edirik. Burada isə sevgini təbliğ edirik. Uşağın dəyərini təbliğ edirik ki, bu sənin bir parçandır. Bu parçanı necə kənarlaşdırmaq olar? Bu parçaya necə diqqət, qayğı göstərməmək olar? Hətta bizim uşaqların arasında övladlığa verilmək şansı olanlar da olduğundan onları o həyata da hazırlayırıq. Təcrübəmizdə mənə ana, nənə, xala deyən uşaqlar olub. Onları buna hazırlamaq lazımdır. O öz şüuraltında bilir ki, sən onun doğması deyilsən, sadəcə sənin ona olan davranışın bir doğmalıq formalaşdırır. O doğmalığın içindən çıxaraq onları əsl doğmalarına qovuşdurmağın özü böyük bir sevgidir və biz bunu həyata keçiririk. Neçəsini tanıyıram ki, bizlə əlaqələrini kəsməyiblər, yanımızdadırlar. Əlbəttə, valideynlərini görmək istəyən uşaqlara biz bu şəraiti həmişə yaratmışıq. Bir il ərzində sığınacaqdan elə olur ki, 250-300 uşaq keçir. Əgər ailəyə dönüş şansları varsa, Sosial Xidmətlər Agentliyi bunu həyata keçirir və mütləq bu şərait yaradılmalıdır.
-Əlinizdə tək bir haqqınız olsa, bu bəşəriyyətdə nəyi yox etmək istəyərdiniz?
-Əlimdə əgər bir haqqım olsa idi bu bəşəriyyətdə biganəliyi yox etmək istəyərdim. Çünki, nə başlayırsa, bu biganəlikdən başlayır. Cahilliyi yox etmək istərdim. Çünki, baş verən hər hadisənin arxasında bir cahillik, bir biganəlik var. Bunu yox etmək istərdim.
Zeynəb Rzayeva