Erkən nikah: "Qonşunun qızı ərə getdi, mənimki qaldı" fikri ilə yaşayan valideynlər...
8 Mart 2024 12:10 SosialƏvvəlki dövrlərdə qızların zorla erkən yaşda ərə verilməsi Azərbaycanda geniş yayılmış bir hal idi. Dövr dəyişdikcə, ölkə günü-gündən müasirləşdikcə bir çox problemlər öz həllini tapsa da, təəssüf ki, erkən nikah problemi hələ də hökm sürməkdədir. Şəhər yerlərində bu kimi hallara mümkün qədər diqqət edilsə də, təəssüf ki, ucqar kənd və ya rayonlarda müəyyən səbəbləri özünə bəhanə bilib övladlarına təhsil verməkdənsə, cehiz verib evləndirən valideynlərin sayı minlərlədir. Ən acınacaqlısı da budur ki, bu kimi məsələlərdə təkcə valideynlər yox, cəmiyyət də olduqca günahkardır. Əgər hər kəs erkən nikaha qarşıdırsa, 16-17 yaşında məktəbdə təhsil alıb, dərslərinə hazırlaşacaq yaşda olan qız və ya çox nadir hallarda oğlanların evlənərkən toy məclislərində qol qaldırıb oynayanlar kimlərdir? Qanunla 18 yaşdan aşağı şəxslərin evləndirilməsinə icazə verilmirsə, niyə heç bir qurum o yaşda yeniyetmənin niyə məktəbdə təhsil almadığı ilə maraqlanmır?
Əlbəttə, hər bir toplumun içərisində cahil və hələ də keçmiş düşüncələri ilə yaşayan şəxslər mövcud olur ki, bunların da əksəriyyəti övladını "birdən evdə qalar, alan olmaz" düşüncəsi ilə erkən yaşda evləndirənlərdir. Bəs sözdə "ziyalı" təbəqə niyə bu vəziyyətin iştirakçısına çevrilir? Axı adı hər hansı bir məktəbdə gedən şagirdin evli və hətta uşaq sahibi olduğunun belə şahidi olmuşuq. Əgər gələcəyimizi əmanət etdiyimiz müəllimlər, məktəb direktorları belə belə hallar qarşısında səssiz qalıb, valideyn istəyinə boyun əyirsə, birlik göstərmirsə, bu barədə görülən işlərin nə mansı var?
Bundan əlavə, erkən nikah bir yeniyetmənin gələcək taleyini müəyyənləşdirir, ona gələcəyində fiziki, psixoloji, sosial və digər istiqamətlərdə problemlər yaradacaq potensiala malikdirsə, niyə sadəcə cüzi bir cərimə cəzası ilə məhdudlaşdırılır? Bu sahədə Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb olunma cəzası tətbiq olunarsa, bu halların qarşısını almaq və ya tədricən azaltmaq mümkün olarmı?
.png)
Sosioloq Lalə Mehralının sözlərinə görə, övladını erkən yaşda evlənməyə məcbur edən hər bir valideynin bunu etmək üçün müəyyən bəhanələri və ya onların öz dilində desək, "səbəbləri" olur:
"Əslində erkən nikahların sayı artmayıb, sadəcə mətbuat, sosial şəbəkələr bu qədər yayqın olduğu üçün indi daha tez xəbərimiz olur. Erkən nikahlar bütün dövrlərin ən problemli, gündəmdə olan məsələsi olub. Ona görə də hesab edirəm ki, say artması ilə bağlı düşüncələr səhvdir. Sadəcə indi məlumatlar daha əlçatandır, daha çox yayılma ehtimalı olur. Sosial şəbəkələr, insanlar, vətəndaş jurnalistikası, saytlar, yəni bir növ necə deyim, tez yayılmağı inkişaf edib, xəbərin tez yayılmasını müşahidə edirik. Erkən nikahın özü başlı başına böyük bir problemdir. Üstəlik, buna səssiz qalmaq, laqeyd qalmaq bu problemin həm böyüməsinə, həm də bundan sonrakı vəziyyətlərin daha da qarşısının alınmamasına gətirib çıxaracaq. Çünki bu gün bir erkən nikahın qarşısının alınmaması ilə sabah 2, 3, 5, 10 nikahın reallaşdırılması halları meydana çıxacaq. Ona görə hesab edirəm ki, elliklə mübarizə ən yaxşı mübarizə üsuludur. Əgər insanlar o erkən nikah məclisində iştirak eləməsə, əgər erkən ərə verilən, evləndirilən uşaqların xonçasından nişan nabatı, toy nabatı götürüb yeməsə, laqeyd qalmasa, biz bunun qarşısını daha tez ala bilərik.
Qaldı ki, niyə tez evləndirmə məsələsinə, valideynlər bunu bəlli olaraq bir səbəbdən eləmirlər. Kimisi "qonşunun qızı ərə getdi, mənimki qaldı" fikri ilə yaşayır, kimisi daha tez evlənməyin daha məqbul olacağını, bu yaşda ikən övlad sahibi olmaqlarının daha faydalı olduğunu düşünür, kimisi əlində imkanı varkən, maddi rifahı varkən evləndirməyi daha yaxşı variant hesab eləyir, kimisi xeyirli bir qismət tapdığı üçün övladını erkən ərə verməyə çalışır. Yəni səbəb bir deyil, iki deyil. Hər erkən nikahın ayrı-ayrılıqda səbəbləri də mövcuddur.
Valideynlər, ümumiyyətlə, erkən nikahın cinayət olması məsələsinə belə dırnaqarası baxırlar. Yəni etinasız qəbul edirlər. Çünki erkən nikaha görə kimsə məsuliyyətə cəlb edilmir, kimsə həbsə atılmır, insanlar cinayət məsuliyyəti daşımır, sadəcə cərimə ilə yaxasını qurtara bilir. Bölgələr var ki, orada insanlar müəyyən qədər məbləği ödəyəcəm və polis heç nə deməyəcək düşüncəsi ilə erkən nikaha qol qoyur. Ona görə, hesab edirəm ki, əgər bir vəziyyətin qarşısını almaq qərarına gəlmişiksə, buna həm dövlət, həm vətəndaş olaraq birlikdə çalışmalıyıq. Dövlətin qadağan etdiyi bir şeyi vətəndaş məqbul hesab edirsə, burda hansı mübarizədən söhbət gedə bilər? Qonşunun 16-15 yaşında ərə verilən qızının gedib toy mərasimində iştirak ediriksə, burada hansı etiraz nümunəsi göstərmiş oluruq? Ona görə bu, bir nəfərin məsələsi deyil. Bu, hamının, bütün elin, cəmiyyətin məsələsidir.
Erkən ailə quran qızların, bəzən oğlanları da erkən evləndirirlər, onların təhsilləri yarımçıq qalır. Ali təhsili tamamilə kənara qoyaq, valideynlər orta təhsillərini belə bitirməyə imkan vermirlər. Qızlar var ki, adı məktəbdə 11-ci sinif şagirdi kimi qeydiyyatdadır, amma bir uşaq qucağında, biri bətnində olan vəziyyətdədir. Burada təbii ki, təhsil həyatı yoxdur. Təbii ki, adı məktəbdə qeydiyyatda olmasına rəğmən təhsil həyatının varlığından danışa bilmərik. Amma buna bir az da məktəbdə imkan yaradırlar, şərait yaradırlar. Məktəb rəhbərliyi, müəllimlər uşağın adının qeydiyyatda olduğunu bilərək, o uşağın ailə qurduğunu bilərək susurlarsa, demək, bizim mədət umduğumuz müəllimlər belə bu məsələyə laqeyd yanaşır. Onda bir sadə vətəndaşdan nə gözləyə bilərik?"
.png)
Gender mütəxəssisi, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl bildirir ki, Cinayət Məcəlləsində "məcbur etmə" halları ilə bağlı cəza olduğu kimi "təhrik etmə" halları ilə bağlı da qanunlar olmalıdır:
"Erkən nikah problemi olduqca ciddi bir problemdir, Azərbaycanda kifayət qədər geniş yayılıb. Hətta vəziyyət rəsmi rəqəmlərdən daha ağır, daha şiddətlidir. Çünki biz rəqəmlərin bir-biri ilə uzlaşmayan tərəflərini görürük. Məsələn, erkən nikah qeydiyyatı ilə bağlı deyək ki, rəqəmdə şübhələrimiz varsa, bunu tutuşduranda nikahdan kənar doğulan uşaqların sayı ilə və onların anaların yaşının sayı ilə biz görürük ki, burada ciddi uyğunsuzluqlar var. Ona görə də, erkən nikah həqiqətən çox ciddi məsələdir və çox yayılıb. Rayonlarda, Bakı kəndlərində daha çox yayılmış bir fenomendir.
Bunun bilavasitə səbəblərindən biri təhsilin aşağı səviyyədə olmasıdır. İnsanlar artıq təhsili önəmsəməyərək ailə qurulmasına tərəf getməyə meyillidirlər və təhsilin keyfiyyətsizliyi təkcə məzmunla yekunlaşmır, bir də təşkilatçılıqla yekunlaşır. Əlbəttə, sizin qoyduğunuz suallarda da ki, direktor və müəllimlərin burada məsələdən xəbərdar olaraq müvafiq addımlar atmamaları, bu, çox acınacaqlı haldır. Son günlərdə elə eşitdiyimiz hadisələr də məhz buna dəlalət edir ki, təhsil ocaqlarının, yəni məktəblərin bu işin üzərində yetərincə nəzarəti yoxdur.
Bu əlbəttə ki, çox yanlışdır və nəzarət edəcək qurumlar bir yox, bir neçə olmalıdır. İlk öncə məktəb rəhbərliyi Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq etməlidir, məlumat bildirilməlidir və bu, təkcə Təhsil Nazirliyi ilə deyil, həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin işi olmalıdır. Yəni birgə koordinasiyalı bir iş olmalıdır. Bəzi yerlərdə icra hakimiyyətlərinin və digər icra qurumlarının strukturunda əgər hansısa bir qurum varsa, məsələn, monitorinq qrupları var, gender əsaslı zorakılığın azaldılması ilə bağlı icra hakimiyyətlərinin nəzdində, bunlar, sözsüz ki, bu məsələyə bilavasitə təsir edən qüvvələr olmalıdır. Bu, çox gözəl təşkil oluna bilər. Amma təəssüf ki, biz bunu hazırda görmürük və hesab edirəm ki, ciddi bir iş görülməlidir. Buna uyğun proqramlar olmalıdır, layihələr olmalıdır.
Bir də ümumi maarifləndirmə səviyyəsi çox yüksək olmalıdır. Qeyd etdiyiniz kimi, Cinayət Məcəlləsində dəyişikliklər olmalıdır ki, ciddi bir cəza verilsin. Buna təhrik edən, yəni bu erkən nikaha təhrik edən valideynləri cinayətə cəlb etsinlər. Çünki Cinayət Məcəlləsində məcbur etmək kimi bir cümlə var, amma məcburdan əlavə bir də təhrik etmək olmalıdır. Çünki bəzi hallarda qızı və oğlanı razılığa gətirirlər və bu məcburiyyət kimi görsənmir, sanki onların da istəyi varmış kimi görsənir. Amma əslində bu, həm də sövdələşmənin bir hissəsi kimi də Cinayət Məcəlləsində öz əksini tapmalıdır. Yəni, bu sövdələşmə özü ümumiyyətlə yanlışdır, cinayətdir və bu, müvafiq qaydada cəzalandırılmalıdır.
Üstəlik, ciddi maarifləndirmə işi aparılmalıdır. Bu maarifləndirmə işi bilavasitə həm qız, həm oğlan şagirdləri ilə, müəllimlərlə və valideynlərlə olmalıdır. Erkən nikahın bütün fəsadları, yəni tibbi və psixoloji fəsadlarından əlavə, fiziki fəsadları, hüquqi fəsadları, sosial fəsadları - bunlar hamısı incələnməlidir və bu maarifləndirmə işi məktəb səviyyəsində deyil, ümumiyyətlə ümummilli səviyyədə təşkil olunmalıdır. Hesab edirəm ki, buna çox ciddi bir zərurət, ehtiyac var və ümid edirəm ki, buna yönəlik proqramların, layihələrinin təşkil olunması gerçəkləşəcəkdir".
Röyalə Xəyal