Xalqımızın yüksək mənəvi dəyərlərə malik adət-ənənələri qədim köklərə bağlıdır
1 Mart 2024 15:36 Sosialİstiqamət- Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Hər bir dövlətin mövcud olmasında, formalaşmasında və inkişafında milli ideyanın rolu əvəzsizdir. Paralel olaraq hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmalarıdır. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəvyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunun yüksək qiymətləndirən Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev demişdir: "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir".
Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli vətənəpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır. Bu baxımdan bütün dövrlərdə adət və ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında on minlərlə əsgərin görə bilmədiyi əvəzsiz bir iş görür. Bir sözlə, adət və ənənələr insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi funksiyasını yerinə yetirərək, öz lideri ətrafında möhkəm birləşən güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayır. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Heydər Əliyev: "Azərbaycan xalqının milli mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət və ənənələrimizdir",-deyib. Bütün bunlar da ulu öndərin adət və ənənələrimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirdiyini bir daha sübut edir. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə qayğı ilə yanaşan görkəmli dövlət xadimi yaxşı başa düşürdü ki, milli dövlətçilik və milli-mənəvi dəyərlər sistemi ilə sıx daxili vəhdətdədir. O bu çərçivədə də gənc nəsli saf əxlaqi ruhda tərbiyələndirməyin dövlətimiz qarşısında ən zəruri vəzifələrdən biri olduğunu dönə-dönə vurğulayırdı. Çünki adət və ənənələr yetişməkdə olan gənc nəsildə güclü təsir buraxaraq onların vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında əsl həyat məktəbi rolunu oynayır. Bu adət və ənənələr mənəvi baxımdan nə qədər zəngin olsa, həmin gənclər də o qədər cəmiyyət üçün xeyirli şəxs kimi yetişir və dövlətin daha da güclü olmasına öz töhfəsini verir.
Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toy, yas mərasimləri, islam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir. Bu müstəvidə də zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur. Novruz süfrəsi adət və ənənələrimizin zənginliyini göstərir. Belə ki, çərşənbələrdə, istərsə də Novruz axşamında süfrədə milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
Novruz bayramının tarixini dinlə, zərdüştlüklə bağlayanlar da var. Bu bayramda nə İslam dinin əlamətləri nəzərə çarpır, nə də zərdüştlükdə olduğu kimi oda tapınmağın. Tonqalın qalanması, üzərindən atlanması qaranlığın uzaqlaşdırılması, ağırlığın dərdin, balanın yandırılması kimi daha çox yadda qalır. Novruzu bütün türk dünyası qeyd edir. İnsanlar qışı yola salmağı, baharı qucaqlamağı böyük sevinclə qarşılayırlar. Diqqət etsək, bu bayramda bütün canlılar sevinir. Odur ki, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyil. Bu bayramı qeyd edən digər bir çox xalqlar kimi xalqımız da Bahar bayramına məxsus adətlərini illərlə qoruyub bu günə kimi saxlayıb.
Novruzda hər birimzin uşaqlıqda ən çox sevdiyimiz adətlərdən olan papaq atmaq bu gün də uşaqlar tərəfindən böyük sevgi və maraqla qarşılanır. Qulaq falına çıxmaq, tonqaldan tullanmaq, üzük falına baxmaq, səməni yetişdirmək, xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, gözəl adətlərdən olan küsülülərin barışması və s. çoxsaylı adətləri qeyd etmək olar.
Novruz bayramının ən gözəl adətləri arasında süfrə bəzəmək, bolluq-bərəkət nemətləri sayılan ərzaqları süfrəyə düzməkdir. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Milli yeməklər bişirilir. Bayramdan bir neçə gün əvvəldən şəkərbura, paxlava, halva bişirilir. Bayram günü isə süfrələrimiz yeməklərin şahı hesab olunan bayram plovu bəzəyir. Hamı bir süfrə arxasına toplaşar və yeni ilin onlara bol-ruzi bərəkət, sağlıq gətirməsini arzu edər. Novruz həm də halallıq, təmizlik bayramıdır. Haram tikəyə əl uzatmağı xalqımız böyük günah sayıb. Novruzda od, tonqal üstündən elə buna görə tullanırlar. Babalarımızın inamına görə, od-ocaq haram götürmür. Tonqal üstündən tullanmaqla adamlar təmizlənir, günahlardan azad olub yüngülləşirlər.
Qeyd edək ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib. Etiraf edək ki, Azərbaycan xalqı bu bayramı o qədər çox böyük məhəbbətlə sevir ki, sovetin qadağa qoyduğu dövrdə də qeyd edib. Hətta o dövrdə Novruz bayramı daha mili adətlərə bağlı şəkildə qeyd olunub. Zamanla müasir şəkildə qeyd etdiyimiz bayramı bəzən problemlərin çoxluğundan istənilən səviyyədə qeyd edə bilmirik. Amma bu bayramın ən çox tövsiyə olunan qaydalarından biri də bayram günlərində problemləri unutmaq, pis şeylər haqqında düşünməməkdir. Bayramların əsas vacib amillərindən biri də ruhu təzələmək, gözəl günlər üçün niyyət etməkdir. Arzu edək ki, bu yeni il xalqımızın uğurları daha çox olsun. Kədər yurdumuzdan uzaq olsun. Hər bir soydaşımızn evində bərəkətli süfrələr qurulsun. Bu bayram günlərində problemlərimizi tonqalda yandıraq və yeni ilə yeni ruhla qədəm qoyaq.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.