İnternet oyunları və uşaqların sosial inkişafı

Uşaqlar üçün hazırlanan cizgi filmlərindən proqramlara, oyunlardan oyun videolarına qədər bir çox faydalı və zərərli məzmunlar televiziya kanalları, mobil telefonlar və kompüterlər vasitəsilə internetdəki rəqəmsal video platformalarından uşaqlara təqdim edilir. Biz yetkin insanlar olaraq nəyə baxıb, nəyə baxmayacağımıza asanlıqla qərar verə bilsək də, təəssüf ki, inkişaf dövründə olan uşaqlar zərərli məzmuna baxmaq və qarşılaşdıqları hər oyunla  oynayacaq vəziyyətindədirlər.
Bəs, internet vasitəsilə müxtəlif platformalardan uşağa təklif olunan məzmun və oyunların zərərli olub-olmadığını valideynlər necə başa düşə bilər? Uşağı necə qoruya və texnoloji vasitələrdən istifadəni daha faydalı edə bilərik?
Zərərli olan televiziya və ya telefonlardır, yoxsa oyun və ya oyun növüdür?
Sosioloq, psixoloq Günay İskəndərlinin  sözlərinə görə virtual oyunlar uşaqların fiziki, koqnitiv, sosial-emosional, dil inkişafı və özünə qulluq bacarıqları üçün çox vacibdir:
"Körpəlikdə nisbətən sadə oyuncaqlarla başlayan əyləncə vasitəsilə öyrənmə bacarıqları, uşaq böyüdükcə fərqlənən oyunlar və oyuncaqlarla davam edir. Oyun oynamaq uşaqlara həyatı fəal şəkildə araşdırmağa, sosial qarşılıqlı əlaqə qurmağa və fiziki fəaliyyətlər vasitəsilə özlərini təkmilləşdirməyə imkan verir. Uşağın oyun vasitəsilə inkişaf prosesində əyləncəli, təhsil prosesində faydalı olması, vizual zənginliyi, əlçatanlığı və sərfəli olması kimi səbəblərlə həm valideynlər, həm də uşaqlar tərəfindən rəqəmsal oyunlara və oyuncaqlara üstünlük verilir.
Valideynlər üçün təhlükəli rəqəmsal oyunları başa düşmək əslində olduqca asandır. Uşaqlara körpəlik dövründə onlara zərər verə biləcək oyun və oyuncaqlar təklif edilmədiyi kimi, rəqəmsal oyun və oyuncaq seçimində də eyni əsas həssaslığı göstərmək kifayətdir. Xüsusilə, döyüş, hərəkət, öldürmə, qorxu, müharibə və zorakılığı ehtiva edən oyunlardan qaçınmaq lazımdır. Əgər uşaq bu oyunların zərərlərini başa düşəcək yaşdadırsa, çatışmazlıqları qısaca izah edilməli, yoxsa, onun yaşına uyğun olmadığı barədə qısaca məlumat verilməlidir.
Rəqəmsal platformalarda oyun və ya proqramlar seçərkən valideynlər xüsusilə 6 yaşına qədər uşaqlarının yanında olmalı və onları yaşa uyğun məzmuna yönləndirməlidirlər. Ona baxdığı, oynadığı şeyləri danışılmalı, yaşına uyğun olmayan məzmun və oyunlarla qarşılaşdıqda nə edəcəyi öyrədilməlidir. Belə olduqda, artıq uşaq özünü qorumağı və zərərli məzmundan uzaq durmağı öyrənir.
Uşaqların televiziya, mobil telefon və ya kompüter kimi texnoloji vasitələrdən istifadə vaxtı ilə bağlı qlobal səviyyədə qəbul edilmiş standartlar var. Buna uyğun olaraq ilk 18 ayda uşaqların belə vasitələrlə tanış edilməməsi, 18-24 ay arasında isə yalnız valideynlə ünsiyyət məqsədi ilə istifadə edilməsi tövsiyə edilir. 2-5 yaş arasında istifadə vaxtını, məsələn, gündə 1 saata məhdudlaşdırmaq daha məqsədəuyğundur. 5-10 yaş arasında bu müddətin 1-1,5, saatla məhdudlaşdırılması, 11 yaş və yuxarı uşaqlara isə rahatlıqla verilməsi, lakin ailənin nəzarətində olması dah uyğundur.
Ekran vaxtının idarə edilməsi ilə uşağın yuxu, fiziki fəaliyyət, oyunlar və digər ehtiyacları üçün kifayət qədər vaxtı var. Nəzarətli istifadə də uşaqlarda piylənmə, yuxu pozğunluğu, narahatlıq və ünsiyyət problemlərinin qarşısını alır. Bu mövzuda valideynlərin övladlarına nümunə göstərməsi çox vacibdir. Məsələn, yatmazdan bir müddət əvvəl ailə bütün telefonları və ya televizoru söndürüb birlikdə kitab oxuya, övladlarına təxəyyülü inkişaf etdirən nağıllar və hekayələr danışa bilər.
Müşahidə edirik ki, xüsusilə rəqəmsal oyunlar oynayan uşaqlar bəzən icazə verilən vaxtı aşır və buna əməl edə bilmirlər. Bu prosesi yaxşı idarə etməmək də uşaqlarda asılılığa səbəb ola bilir. Bu vəziyyət uşaqların dil, koqnitiv, sosial-emosional və fiziki inkişaf sahələrində durğunluq və geriləmə kimi bir çox problemlərə, onların həyat bacarıqlarında zəifliklər yaşamasına səbəb ola bilir.
Vaxt məhdudiyyətlərindən əlavə olaraq, uşağın mobil telefon və kompüter kimi cihazların şəxsi sahibi olmaması da çox vacibdir. Çünki uşağın özünə məxsus cihazla münasibəti müəyyən icazələr çərçivəsində böyüklərdən götürdüyü cihazla münasibətdən çox fərqlidir. Uşağın öz cihazından istifadə edərkən vəziyyətə baxışı dəyişir və bir çox məqamlarda, xüsusilə istifadə müddətində sağlam həddi aşmaq imkanı xeyli artır.
Valideynlər ilk növbədə övladının hansı oyunları sevdiyini, hansı sahədə bacarlıqlı və ya çatışmazlıqları olduğunu bilməlidir. Bununla, övladını maraqlarına uyğun dizayn, texnologiya, incəsənət, tapmacalar, məntiq, strategiya, idman və təbiət kimi müxtəlif sahələrdə əyləncəli və öyrədici oyunlara yönləndirə və inkişafına dəstək ola bilərlər.
Valideynlər, istər oyun, istərsə də məzmun baxımından yaradıcılıq, kəşfiyyat və ünsiyyət üçün mobil cihazlardan düzgün istifadə edərək, uşağın inkişafına dəstək ola bilər. Uşağın zövq alacağı keyfiyyətli fəaliyyətləri planlaşdırmaqla bu vaxt məhdudlaşdırıla bilər.
Bəzən bəzi oyunlarda və ya cizgi filimlərində, videolarda yaş xəbərdarlığı olur ki, valideynlər məzmunda yaş xəbərdarlığını mütləq nəzərə almalı və mənasını öyrənməlidir. Etibarlı oyun platformaları və proqram mağazalarında uşaqlara zərər verməmək üçün oyunlar haqqında ətraflı məlumat verilir. Bəzən bu xəbərdarlıqlar gözardı edilir. Amma valideynlər müvafiq olaraq, seçilmiş oyun və ya tətbiqin yaş qruplarını və məzmununu mütləq araşdırmalıdırlar.
Rəqəmsal oyunlardakı personajların obrazı, davranışları, danışıq tərzi, geyimləri, oyun məzmunu və ya oyun səhnəsindəki materiallar kimi bir çox amillər uşaqların mənəvi dəyərlərinə və mühakimə bacarıqlarına təsir edə bilər. Uzun müddət oyunlarla ünsiyyətdə olan uşaqlar, xüsusilə kiçik uşaqlar, müəyyən müddətdən sonra həmin xarakterlə eyniləşir və özlərini onlar kimi aparmağa başlayır.
Xüsusilə uşaq və gənclərin yaşına və inkişafına uyğun oyunların seçilməsi, onların uyğun olmayan məzmunlu oyunların mənfi təsirlərinə məruz qalmasının qarşısının alınması üçün nəzarətin həyata keçirilməsində ən böyük məsuliyyət ailə böyüklərinin üzərinə düşür. Əksər oyunlar uşaqların davamlı oynaması, onları uzun müddət ekran qarşısında saxlaması və göstərdikləri reklamlardan gəlir əldə etməsi üçün nəzərdə tutulub. Rəqəmsal oyun kainatı daim yenilənir və uşağın darıxmaması üçün müxtəlif elementlər təklif edir. Uşaqlar oyunda real həyatda edə bilmədikləri bir çox şeyi edirlər. Onlar sıfırdan bir personaj yaradır, fərqli dünyalara köçür, öz dünyasını yaradır, bu dünyada dostları ilə yaratdığı oyunu oynayır, söhbət edir, yeni xüsusiyyətlər və bacarıqlar əldə edir və daim əylənir. Zaman keçdikcə uşaq burada aldığı həzzi və xoşbəxtliyi real həyatında tapmamağa başlayır. Normal oyunlar, fəaliyyətlər, insanlar, hətta dostlarının real versiyası da ona qeyri-adekvat görünür. Davamlı olaraq orada olmaq və əylənmək onun gündəlik həyatına davam etməsinə mane olaraq, bununla yanaşı, həm də onun sosial həyatına, təhsil həyatına və son nəticədə gələcəyinə mənfi təsir göstərir. Bu zaman biz valideynlərə mobil cihazlardan istifadə vaxtı ilə bağlı dəqiq qaydalar qoymağı, qətiyyətli olmağı və oyunlardan başqa övladlarınaq sosial fəaliyyət alternativləri təklif etməyi tövsiyə edirik.
Nəticə etibarı ilə rəqəmsal oyun məzmunlarının yaxşı təhlili və uşaqları uyğun məzmunlu oyunlara yönəltməyin vacib olduğu göz önündədir. Bu valideynlərin dəstəyi xüsusilə böyüklərin nəzarətinə ehtiyacı olan kiçik uşaqlar üçün vacibdir. Digər tərəfdən, uşaqların əxlaqi inkişafı baxımından da rəqəmsal oyunların xüsusi rolu vardır. Tədqiqatlar göstərir ki, rəqəmsal oyunların məzmunundan və ilkin istehsal məqsədlərindən asılı olaraq uşaqların əxlaqi inkişafına müxtəlif müsbət və ya mənfi təsirləri ola bilər. Bu zaman valideynlər uşaqları əsas istehsal məqsədi maarifləndirici və ya bacarıq öyrətmək olan oyunlar oynamağa təşviq edə bilərlər. Gələcəkdə müxtəlif tədqiqatçılar tərəfindən konkret rəqəmsal oyunlar üzərində araşdırmalar aparılmaqla, uşaqların mənəvi inkişafı baxımından daha dərin təhlillər də aparıla bilər".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31