Valideyn övladına sevgi göstərməyəndə, uşaq psixi xəstəliklərə "namizəd" olur...
1 Mart 2024 20:00 SosialUşaqlıq təcrübələrimiz emosional inkişafımız üçün çox vacibdir. İlk növbədə rol modelimiz olan valideynlərimiz dünyanı necə hiss etməyimizdə mühüm rol oynayırlar. Çünki onlarla münasibətlərimiz dünyanın bizim üçün necə görünəcəyinin əsasını qoyur.
Mütəxəssislər bildirir ki, uşaqlar şahidi olduqları və yaşadıqları hadisələr əsasında dünya və həyatı anlamlandırır və daxili xəritə yaradırlar. Bu məna yaratmaq və yaradılmış daxili xəritə onlara mübarizə mexanizmlərini inkişaf etdirməyə kömək edir. Lakin, əgər uşaqlar böyüdükcə yeni daxili xəritələr yarada bilmirlərsə, dünyanı şərh etmə tərzi onların yetkinlik dövründəki fəaliyyətinə zərər verə bilər.
Travmatik hadisələr həmişə insanlarda fiziki izlər buraxmır. Çox vaxt emosional və psixoloji izlər qoyur. Bu izlər daha sonrakı illərdə və hətta yetkinlik çağında uşağın psixi və fiziki sağlamlığına təsir edə bilir.
Təəssüf ki, bu gün insanlarla sosiallaşmada mətinlik çəkən, güvən problemləri yaşayan, bəzən sevgi anlayışından xəbəri belə olmayan yetkin insanların əksəriyyəti uşaqlığını müxtəlif travmalarla keçirmiş şəxslərdir. Hətta araşdırıldıqda, bu kimi uşaqların böyüdükdə zərərli vərdişlərə aludə olduğu və ya ətrafındakı insanlara davamlı olaraq şiddət göstərdiyi və s. kimi halların çox olduğu ortaya çıxır.
Uşaq gözlənilmədən sıx bir travmatik təcrübə yaşadıqda, onun öhdəsindən gəlmə mexanizmləri pozulur və özünü çox çarəsiz hiss edir. Travma nə qədər aşağı yaşlara verirsə, təsiri də bir o qədər dərin olur. Çünki uşaq nə qədər kiçik olsa, özünü qorumaq üçün bir o qədər az əsas bacarıqları olur.
Psixoloq Ülkər Məmmədli bildirir ki, uşaqlıqda yaşanan travmalar insanların yetkin həyatında önəmli rol oynayır və həmçinin, hər uşaq da eyni şəkildə travma yaşamır:
"Bəzi uşaqlar əsas stres faktorlarından daha az təsirlənsə də, digərləri daha az şiddətli görünən risk faktorlarından daha çox təsirlənə bilər. Travma nə qədər şiddətli olarsa, daimi qalıcılıq riski də bir o qədər yüksək olur.
Uşaqlıq travmaları insanlara ömür boyu təsir edə bilər. Bu o demək deyil ki, uşaq çətin bir təcrübə keçirəndə onda ömür boyu emosional yara izi qalacaq. Müvafiq müdaxilələri təmin etməklə, böyüklər uşağa travmatik təcrübələrdən daha effektiv şəkildə xilas olmağa kömək edə bilərlər. Bununla belə, travma ilə məşğul olan zaman uşağın nə vaxt peşəkar yardıma ehtiyacı ola biləcəyini bilmək də vacibdir. Erkən müdaxilə uşağın böyüklər kimi travmanın davam edən təsirlərini yaşamasının qarşısını ala bilər".
Uşaqlıq dövründə yaşanan laqeydlik və zorakılıq kimi travmatik hadisələrin uşağın gələcək həyatına əhəmiyyətli təsir göstərə biləcəyini bildirən psixoloq qeyd edib ki, bu dönəmlərdə valideynlərin övladlarına daha çox sevgi və qayğı ilə yanaşması önəmlidir:
"Uşaqlıq travması miqyasında ekvivalent əsas meyarlar var. Məsələn, fiziki zorakılığı qeyd edə bilərik. Uşağı çubuq və ya kəmərlə döymək fiziki zorakılıqdır. Fiziki laqeydliyi qeyd edə bilərik, məsələn, uşağı ac qoymaq, onun baxımına əhəmiyyət verməmək və s. kimi hallar fiziki laqeydlik təşkil edir. Yəni gördüyün kimi, burada hər hansı döyülmə, zorakılıq halı yoxdur, amma valideyn tərəfindən hər hansı bir laqeydlik travmaya səbəb ola bilir. Bu zaman fiziki laqeydlik yaranır. Bu, emosional istismar da sayıla bilər. Başqa sözlə desək, məsələn, bəzən valideynlər uşağa "filan şeyi eləməsən, səni daha sevməyəcəyəm" kimi sözlər deyirlər ki, bu emosional istismardır. Hər hansı yetişkən bir insan "uşaqlıqda məni heç kim sevməyib, sevilmədən, sevgisiz böyümüşəm" deyirsə, o, uşaqlıqda emosional laqeydliyə məruz qalıb.
Hər birimizin yeməyə, suya, havaya ehtiyacımız olduğu kimi, sevgi və hörmətə də ehtiyacımız var. Sevmək, dəyər vermək və paylaşmaq valideynlərin ən böyük vəzifələrindən biridir. Valideynlər övladlarına sevgisini göstərməsə, ona dəyər verməsə, onunla hisslərini, düşüncələrini, fikirlərini paylaşmasa, bu zaman uşaq özünü dəyərsiz hiss edir, özünə inamı aşağı böyüyür və gələcəkdə psixi xəstəliklərə "namizəd" olur. Bunlar hər biri gələcəkdə böyük problemlərə səbəb ola biləcək uşaqlıq travması sayılır.
Uşağın ona baxan şəxslə, yəni, valideynləri və ya nənə və babası, ya da başqaları ilə münasibəti onun emosional və fiziki sağlamlığı üçün həyati əhəmiyyət kəsb edir. Bu münasibət və bağlılıq uşaqlara başqalarına güvənməyi, duyğularını idarə etməyi və ətrafdakı dünya ilə qarşılıqlı əlaqə qurmağı öyrənməyə kömək edir.
Uşaqlıqda yaşanan travmanın təsirləri yetkinlik dövründəki münasibətlərdə saysız-hesabsız müxtəlif şəkildə özünü göstərə bilər. Əlbəttə, bu hər insana aid deyil. Hər zaman qeyd etdiyimiz kimi, hər bir həyat hadisəsi hər bir insana fərqli təsir göstərə bilir.
Uşaqlıqdakı təcrübələrimiz inanclarımızı və düşüncələrimizi formalaşdırır. Bağlanma üslubları da bu dövrdə formalaşmağa başlayır. Bağlanma nəzəriyyəsinə görə, yaxın əlaqələr qurmaq və ya qaçınma davranışları göstərmək bu dövrdə yaşadığımız həyat hadisələri ilə əlaqədardır. Nəzəriyyəyə görə, uşaqlıq dövründə valideynlərimiz və ya bizi böyüdən, uşaqlığımızda önəmli rol oynayan şəxslərlə qurduğumuz bağlar yetkinlik dövründə qurduğumuz bağlara təsir edir. Bu, qeyri-sağlam bir bağlılıq olsa belə, biz yetkinlik dövründə uşaqlıqda qurduğumuz bağlara bənzər bağlar yaratmağa meylli oluruq.
Uşaqlıq travmaları, yetkinlik dövründə ətrafımızdakı insanlarla necə ünsiyyət qurmağımıza da təsir edir. İnsanların bir yetkin kimi ünsiyyət tərzi uşaqlıqda gördüyü və öyrəndiyi ünsiyyət tərzinə uyğun ola bilir. İnsanların yalnış olduğunu bildiyi bir ünsiyyət formasından xilas ola bilməməyinin səbəbi də inkişaf dövründəki travmalar ola bilər. Məsələn, uşaqlıqda evdə tez-tez qışqıran, mübahisə edən insanlarla böyüyən uşağın, istəsə də, istəməsə də, yetkinlik dövründə bu şəkildə ünsiyyət quran bir tərəfdaşı olur. Yaxud uşaq hisslərini və düşüncələrini bölüşmək imkanı verməyən valideynlərlə böyüyübsə, yetkinlik dövründə hiss və düşüncələrini ifadə etməkdə çətinlik çəkə bilər.
Bəzən bəzi şeyləri fərqinə varmadan edirik. Məsələn, uşağı yalvardaraq ona bir şey vermək, uşağa etinasız yanaşmaq, yaxud ona təzyiq göstərmək, qorxutmaq laqeydliyin bir növüdür. Əlbəttə ki, uşağın hər istədiyini edib, hər dediyinə "hə" demək də düzgün deyil. Çünki sonra da uşaq ərköyün böyüyür və bu heç də problemin həlli üçün bir yol deyil.
Şübhəsiz ki, uşağa dəyər vermək uşağın özünü doğru tanımasına şərait yaradır. Bu zaman özünə inam formalaşır. Burada çox vaxt özünə inam və özünü bəyənmişlik həmişə qarışdırılır. Özünü bəyənmişlik, eqo sahib olmadığın şeyləri özündə varmış kimi görməkdir, amma özünə inamı olan şəxs qüsurları ilə də üzləşə bilər. Öz nöqsanlarını və qüsurlarını görə bilmək həyatda zövq və enerji ilə irəliləyə bilmək deməkdir. Müsbət bir şey etməyə çalışmaq özünə inam tələb edir. Uşaqlar bunu analarından, atalarından və ətraflarından öyrənirlər. Biz uşağa yaxşı nümunə olmalıyıq ki, onlar bunu öyrənsinlər. Ona görə də övladımıza nəsihət verməkdən daha vacib olan, ona düzgün nümunə göstərməkdir. Valideynlər övladları üçün nümunədirlər. Bu gün şiddətə, pis vərdişlərə meyilli böyüyən, sosiallaşmağı bacarmayan, ətraf çevrəsini düzgün seçə bilməyən əksər uşaqların, yetkinlərin belə olmasının ən böyük günahkarları da onların valideynləridir.
Bəzi hallarda, insanlar uşaqlıqda yaşadığı travmalara çox bənzəyən və ya bu travmaların mənfi təsirlərini gücləndirə biləcək əlaqələrə bilmədən girə bilər ki, bu zaman onlar həyatının ilk illərindən bəri eyni dövrədə ilişib qaldığını hiss edə bilir. Bu dövrlər səbəbiylə özünü təkrar-təkrar onu zehni və fiziki olaraq incidən vəziyyətlərdə tapa bilər. Unutmamaq lazımdır ki, bütün bunlar insanların şəxsi seçimi deyil. İnsanlara tanış olan şeylər onlara zərər versə belə, onları axtarmağa yönəldən müdafiə mexanizmi bütün bunların baş verməsinə səbəb olur.
Belə hallarda uşaqlıq travmaları yetkinlikdə şəxsi münasibətlərə, insanlarla əlaqələrin qurulmasına, sosiallaşmağa təsir edir. Ancaq bunların hamısı aradan qaldırıla bilən bir vəziyyətlərdir. Bu zaman yaşanan bir çox əlaqə problemlərinin, xüsusən də dəfələrlə yaşanan problemlərin şəxsi seçim olmadığını başa düşmək çox vacibdir. Uşaqlıqda öyrənilən bəzi mübarizə strategiyaları yetkinlik dövründəki şəxslər üçün faydalı olmaya və zəiflətməyə məruz qoya bilər.
Davranışlar həyatda daha sonra şərtlərə uyğun gəlmədikdə insanlar üçün problemə çevrilir. Buna görə, unutmayın ki, nə yaşamağınızdan asılı olmayaraq, siz sevgiyə və sağlam münasibətlərə layiqsiniz. Əgər bunları özünüzdə görsəniz, hərəkətə keçmək üçün heç bir maneəniz yoxdur. Bu zaman mütəxəssis yardımının alınması da prosesin daha asan irəliləməsinə və problemin həll olunmasına şərait yaradacaqdır".
Röyalə Xəyal