Şəxsi həyatın ifşa edilməsi media etikası ilə yanaşı, qanunvericiliklə qadağan olunan məsələdir

Sosial varlıq olan insanın başqalarından ayrı, özünə məxsus bir həyatı və şəxsi məkanı var. Bu sahəni qorumaq üçün həm cinayət qanunlarında, həm də xüsusi qanunlarda tənzimləmələr aparılmışdır. Son günlər mediada cəmiyyətdə tanınan insanların şəxsi həyatı barədə xəbərlərə rast gəlirik ki, bunların əksəriyyəti ifşa xarakterli olur. Ümumiyyətlə, göz önündə olan belə hallardan əlavə müxtəlif sosial platformalarda nüfuzlu və ya sıravi insanların şəxsi həyatı haqqında videolar, şəkillər və digər məlumatlar paylaşılır. Bunların əksəriyyəti də bəzi hallarda daha çox gündəmə düşür və sosial şəbəkələrlə yanaşı, kütləvi informasiya vasitələrində də bu hadisələrlə bağlı xəbərlərə rast gəlinir.
Əlbəttə ki, bu hər bir kəsin şəxsi həyatı ilə bağlı bir şeydir. Amma belə xəbərlərin paylaşılması, ortaya çıxan görüntülərin, məlumatların ictimailəşdirilməsi nə qədər düzgündür? Bu həmin şəxslərin cəmiyyətdəki və ya öz çevrəsi ətrafındakı nüfuzuna, şəxsi həyatına necə təsir edir?

Media huquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, şəxsi həyatın qorunması bir qayda olaraq əsas prinsip olsa da, istisna hallarda bəzən şəxsi həyatın hansısa detalları ictimailəşə bilir:
"Şəxsi həyatı Azərbaycan Konstitusiyasının 32-ci maddəsi qoruyur və şəxslərin şəxsi həyatına dair məlumatlar bir qayda olaraq qorunur. İstisnalar var təbii ki və istisnalar o zaman olur ki, çox ciddi ictimai əhəmiyyət daşıdığı zaman hansısa formada qanunla yol verilən ölçüdə həmin informasiyalar  yayıla bilir. Bu baxımdan, indiki halda sizin dediyiniz təbii ki, ümumi ifadələrdir, amma konkret hansısa keys üzərindən müzakirə etsək,  daha effektiv şəkildə ona hüquqi münasibət bildirmək olar. Prinsip etibarilə bir məqam var, Avropa İnsan Hüquqları Konvensiyasının səkkizinci maddəsi də şəxsi həyatı qoruyur. Lakin ictimai əhəmiyyət daşıyan ictimai-siyasi xadimlərin şəxsi həyatı daha dar müəyyən olunur. Yəni bu nə deməkdir? Onların toxunulmazlıqları sıravi insanlara nisbətən daha azdır. Çünki onlar hansısa formada cəmiyyətin ya seçilmiş şəxsləridir, ya hansısa formada cəmiyyətin nümunə götürdüyü şəxslərdir. Məsələn, xalq artistləri kimi, yaxud da Azərbaycanda, belə deyək, hansısa formada dövlətdən resurs alan əməkdar incəsənət xadimləri kimi, prezident təqaüdçülər kimi və s. Yəni onlar hər hansı bir formada əməklərinə görə seçilirlər. Belə olan halda onların həm də şəxsi həyatı bir formada diqqət mərkəzinə düşür. Bu baxımdan baxmaq lazımdır, hansı tip informasiyalar tirajlanır və bunların nə qədər ictimai əhəmiyyəti var? Çünki məsələn, deyək ki, hansısa bir vəzifəli şəxs öz vəzifə səlahiyyətlərinə aid olan və o çərçivədə ona təsis olunmuş son model maşınla, gecə saat birdə, hansısa barda əylənirsə, həmin maşın orada ona o bara getməyə xidmət edirsə, bu ictimai əhəmiyyət daşıyır, yəni şəxsi həyatdan çıxır. Eyni zamanda, məsələn, bir din xadimi bütün günü ailədən, vicdandan danışır və bir gün müəyyən olunursa ki, onun hansısa qeyri-leqal münasibətdə olduğu biri var və bu deşifrə olur, o zaman bu ictimai əhəmiyyət daşıyır. Yəni bu baxımdan ictimai əhəmiyyət məsələsi sadəcə ictimai maraq deyil, həm də ictimai əhəmiyyətli, yəni onun arxasında ictimaiyyəti ilgiləndirən, həm resurs baxımından, həm səlahiyyət baxımından, həm fərqləndirmə baxımından hansısa digər insanlardan fərqli tərəfi var. Ona görə şəxsi həyatın qorunması bir qayda olaraq əsas prinsip olsa da, istisna hallarda bəzən şəxsi həyatın hansısa detalları ictimailəşə bilir. Bu, xüsusən hüquq pozuntuları zamanı çox net şəkildə olur. Çünki istənilən hüquq pozuntusunu biz şəxsi həyat çətiri altında qoruya bilmirik. Məsələn, bir vəzifəli şəxs, ya da məşhur şəxs öz sevgilisini evində döyübsə, ona xəsarət yetiribsə, bu məlumatı onun şəxsi həyat məlumatı deyib gizlədə bilmərik. Çünki bu, ictimai əhəmiyyət daşıyır, hüquq pozuntusudur. Ya da məsələn, bir məşhur şəxs qırmızı işıqda insanların həyatını təhlükəyə atıb, avtomobillə keçirsə, artıq bu şəxsi həyat deyil. O maşının göstərilməsi ya da nömrəsini qırmızı işıqda keçməsi ictimai əhəmiyyət daşıyır. Yəni bu hadisələr zamana, yerə, şəxsə görə dəyişə bilir. Jurnalist hər zaman bunu fərdi peşəkar testdən keçirərək yalnız onun ictimai əhəmiyyətini aydın şəkildə önə çıxdığını görərsə, o zaman bunları yaya bilər. Əks halda yaymamalıdır".

Media eksperti Əfsələddin Ağalarov bildirir ki, ictimai əhəmiyyətli insanların şəxsi həyatına aid olan bir məlumat dərc olunubsa, bu məlumat onun şəxsi həyatında hansısa problemlər yaradıbsa, həmin insan hüquqi çərçivədə bu məsələni müzakirələndirə bilər:
"Ümumiyyətlə cəmiyyətdə bir qrup insan var ki, onlar ictimai maraq funksiyası daşıyır, bir qrup insan isə ictimai əhəmiyyət funksiyası daşıyır. Təbii ki, ictimai maraq və əhəmiyyət funksiyası daşıyan insanların hüquqları da eyni zamanda qanunvericiliklə qorunur. Bu şəxsi həyatın toxunulmazlığı, şəxsi həyatla bağlı olan məlumatların verilməməsi və bu məqbulda olan qorunmadan söhbət gedir. İctimai maraq funksiyası daşıyan insanlar, yəni cəmiyyətdə müxtəlif dövrlərdə öz peşə fəaliyyətləri ilə diqqət çəkən insanlar haqqında məlumatların verilməsi medianın başlıca vəzifələrindən biridir. Çünki adından göründüyü kimi bu ictimai bir maraq daşıyan bir mövzudur və medianın bu cür informasiyaları dərc etməsi təbii haldır. Dünyada da bu cür mövcud hadisələr var.
Bəs ictimai əhəmiyyət funksiyası daşıyan insanlar nədir? Bəzən bunları qarışdırırlar. İctimai əhəmiyyət funksiyası daşıyan insanlar isə təxminən, məsələn, məmurlar, müxtəlif peşə sahibləridir ki, onların ictimai əhəmiyyətli medianın əsas diqqətində olmalıdır. Çünki media həm də nəzarətedici funksiya daşıyır və onlar haqqında informasiyaların verilməsi təbii haldır. Məsələn, deyərəm ki, hansısa bir məmur filan qədər əmək haqqı alır, amma filan qədər mülkü var və bu informasiyanı medianın dərc etməsi normaldır. Amma təbii ki, söhbət şəxsi həyatın toxunulmazlığından gedirsə, bu birbaşa olaraq qanunla tənzimlənən məsələdir və əlbəttə ki, mübahisələndirildiyi zaman iddiaçı tərəf burda qalib gələ bilər. Məsələn, deyərdim ki, hansısa bir ictimai əhəmiyyət və ictimai maraqlı əsas daşıyan insanın şəxsi həyatına aid olan bir məlumat dərc olunubsa, bu məlumat onun şəxsi həyatında hansısa problemlər yaşadıbsa, əlbəttə, o insan hüquqi çərçivədə bu məsələni müzakirələndirə bilər.
Amma ümumi götürəndə yaxşı olar ki, cəmiyyət və media arasında bir bağlılıq formalaşsın. İctimai maraq və əhəmiyyət kəsb edən insanların mediaya qarşı münasibəti dəyişsin. Anlasınlar ki, media məlumatı verirsə, bu, sadəcə olaraq sifarişli deyilsə və dediyimiz kimi, o çirkli, qara media deyilsə, qaranlıq məqsədlərə xidmət eləmirsə, bu məlumatların verilməsi normaldır və yaxşı olar ki, bu cür məsələlər, xüsusən də bu mübahisəli məsələlər məhkəmə predmeti səviyyəsində deyil, müzakirə predmeti səviyyəsində həllini tapsın. Sivil cəmiyyətlərdə, xüsusən də inkişaf etmiş cəmiyyətlərdə belə məsələlər bu cür tənzimlənir".

Media eksperti Fərid Şahbazlı qeyd edir ki, şəxslərin şəxsi həyat vasitəsilə ifşa edilməsi bir media etikası mövzusu olmaqla yanaşı, həm də qanunvericiliklə qadağan olunan bir məsələdir:
"Bu məsələyə iki tərəfdən baxmaq lazımdır. Şübhəsiz ki, ictimai şəxslərin, tanınmış şəxslərin, məmurların həyatı dünyanın hər yerində media üçün maraqlıdır. Yəni onlarla bağlı baş verən hadisələr daim medianın diqqət mərkəzindədir. Bu, yalnız bizim ölkəmizdə deyil, beynəlxalq təcrübədə də belədir. Yəni burada düşünürəm ki, qeyri-adi bir məsələ yoxdur. Çünki ictimai və siyasi yükü olan, cəmiyyətə qarşı müəyyən öhdəlikləri olan şəxslərin həyatı, hətta bəzi hallarda şəxsi həyatı belə cəmiyyət üçün maraqlı olur. Həmin bu şəxslər cəmiyyət qarşısında müəyyən ictimai öhdəliklərə və ya qanunla müəyyən olunan öhdəliklərə sahib olduqları üçün, şübhəsiz ki, onlar da bu məsələlərdə kifayət qədər diqqətli olmalıdırlar, bu birmənalıdır. Amma şəxsi həyatın toxunulmazlığı, eyni zamanda, müxtəlif şəxslərin şəxsi həyat vasitəsilə ifşa edilməsi məsələsi, əlbəttə, bu bir media etikası mövzusu olmaqla yanaşı, həm də qanunvericiliklə qadağan olunan bir məsələdir. Yəni qanunvericilik, şəxsi həyatın toxunulmazlığı, insanların şəxsi həyatına görə hansısa formada təhdid və şantaj olunmasını birmənalı şəkildə qadağan edir. Yəni bunu edənlərə əlavə məsuliyyət, qanun qarşısında birmənalı olaraq məsuliyyət yaradır.
Bu mənada, əlbəttə ki, mən hesab edirəm ki, mediamız da bu məsələdə xüsusi diqqət nümayiş etdirməlidir. Yəni insanların son dərəcə şəxsi həyatı ilə bağlı məsələlərin, bununla bağlı məlumatların, foto və videoların ictimaiyyətdə, mətbuatda işıqlandırılması, əlbəttə ki, nə Media haqqında qanuna, qanun tələblərinə, nə peşə etikasına uyğun deyil, eyni zamanda, qanunun digər maddələri ilə də tamamən qadağan olunur. Bu, olduqca xoş olmayan bir presidentdir. Bilirsiniz ki, hər bir ölkənin özünəməxsus xüsusiyyətləri var, milli-mənəvi dəyərlər sistemi var. Xüsusən də bizim ölkədə insanların şəxsi həyatının bəzi hallarda çox aşkar şəkildə ortaya qoyulması, cəmiyyət üçün maraqlı olmayan tərəflərinin belə işıqlandırılması, şübhəsiz ki, əlavə suallara, problemlərə yol açır və bu yolverilməzdir deyə düşünürəm.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31