"Whatsapp" bizdən nə oğurlayır? -TƏHLÜKƏLİDİR...

Günümüzdə "Whatsapp Plus" tətbiqinin təklif etdiyi bir çox özəllik səbəbiylə insanların bir çoxu  "Whatsapp"dan yox, "Whatsapp Plus"dan istifadə edirlər. Son vaxtlar görürük ki, "rahat" hesab olunan tətbiq istifadəçilər üçün təhlükəyə çevirilib. Bank kartlarından pul çəkilmə, şəxsi məlumatların ələ keçirilməsi mövzusu gündəmdədir. Mövzu haqqında geniş məlumatları İT mütəxəssisi Fərhad Mirəliyevdən öyrəndik:

-Bu tətbiqin "Goople Play" və "App Store"da olmayan, xüsusi keçidlə yüklənən versiyaları var. Ümumiyyətlə, xüsusi keçidlə yüklənən proqramlar istifadəçini hansı təhlükə ilə  üzləşdirə bilər?

-"Whatsapp Plus" tətbiqi orijinal "Whatsapp" proqramının modifikasiya olunmuş formasıdır. Proqram təminatı "Whatsapp Plus" adlansa da "Whatsapp" tətbiqi ilə eyni deyil və Google Play Market tərəfindən rəsmi olaraq tanınmır. Həvəskarlar tərəfindən yaradılan bu tətbiq orijinal "Whatsapp"da olmayan bir sıra funksional imkanlara görə istifadəçilər arasında populyarlıq qazanıb. 
-Bəs bu cür modifikasiya olunmuş tətbiqlərin təhlükəsizlik riskləri necə qiymətləndirilir?
-İlk olaraq diqqət yetirilməli məqam tətbiqin rəsmi tətbiqlər repozitoriyasında olmamasından dolayı kənar naməlum mənbələrdən quraşdırılması zərurətidir. Yəni tətbiqi istifadə etmək istəyən istifadəçi onu axtarışa verir və çoxsaylı nəticələrdən birinə keçid edərək tətbiqi yükləyir. Burada ən böyük risk tətbiqin endirildiyi saytın təhlükəsizlik səviyyəsi haqqında sıfır məlumatın olmasıdır. 
Həvəskarlar "Whatsapp Plus" tətbiqini hazırlayır və internetdə yayır. Həvəskar saytlar həmin tətbiqi istifadəçilərə əlçatan edir. Beləliklə proqramın qeyri-leqal olması ilə yanaşı, son istifadəçiyə çatana qədər bir neçə mənbə dəyişməsi də risk yaradır. Beləki, "Whatsapp Plus" tətbiqinin həmin versiyası modifikasiya edilərək, gələcəkdə istifadəçiyə aid məlumatların kənar şəxslərə ötürülməsi riskini özündə saxlayır. Misal üçün qeyd edim ki, biz hər hansı bir faylı göndərəndə həm "Whatsapp", həm də "Whatsapp Plus" tətbiqi bizə aid cihazın yaddaşına müraciət edir və həmin faylı serverə yükləyir. Orijinal versiyada bu əməliyyat bizim icazəmizlə ( ən azından rəsmi razılaşmaya görə) baş verirsə, qeyri-leqal tətbiqdə buna heç kim zamin dura bilməz. İndi təsəvvür edin ki, bu tip qeyri-leqal tətbiqlərin sizin cihazda daha nələrə çıxışı var? Ən azından görüntülü danışıq üçün istifadəçilər tərəfindən kamera və mikrafona çıxış verilir. Risklər ölçüyəgəlməzdir.
Digər bir təhlükəsizlik riski barədə danışarkən onu da qeyd etməliyəm ki, "Whatsapp" tətbiqi server - müştəri  texnologiyası əsasında çalışır. Yəni sizin məlumatlar, yazışmalar və s. "Whatsapp" tətbiqinə məxsus serverlərdə saxlanılır və cihazlar arasında sinxronlaşdırılır. "Whatsapp" leqal proqram təminatı olaraq bu dataların təhlükəsiz saxlandığına bizi əmin edir. İstifadəçi "Whatsapp Plus tətbiqindən istifadə edən zaman isə  birbaşa "Whatsapp" serverləri ilə əlaqə qurmur, ortada "Whatsapp Plus" tətbiqinə məxsus digər serverlər də rol alır. Deməli, təhlükəsizlik ilə bağlı risklər artmış olur. Qeyri-leqal proqram təminatının tanınmamış serverləri vasitəsilə istifadəçi özünə aid şəkil, video, səs yazısı və mətn kimi dataları transfer edir. Bu dataların sonrakı emalı sualı ciddi suallar doğurur. 
Yuxarıda qeyd olunanlardan nəticə olaraq demək istərdim ki, mütləq təhlükəsizlik qeyri-mümkündür, amma təhlükəsizliklə bağlı riskləri idarə etməyi hər bir istifadəçi öyrənməlidir.

-Son vaxtlarda " "WhatsApp Plus" tətbiqindən pul çəkilir" kimi xəbərlər qarşımıza çıxır. Bu hal sadəcə "WhatsApp Plus" üçün keçərlidir?

-Vətəndaşlara aid bank kartlarından vəsaitlərin çəkilməsi ilə bağlı ehtimallardan biri olaraq "WhatsApp Plus" və "WhatsApp"ın digər modifikasiyalarının olması fikri səsləndirilir. Amma praktikada bununla bağlı birmənalı olaraq söz demək olmur. Çünki, real faktlar yoxdur, sadəcə ehtimal olaraq səsləndirilir. Bir neçə zərərçəkmişlə şəxsən ünsiyyətdəyəm və apardığım müşahidələr onu göstərir ki, heç də bütün zərərçəkmişlərin hamısında "WhatsApp Plus" tətbiqi olmayıb. Olmayıbsa, deməli burda artıq başqa məsələlər də var. Yəni, bank kartlarından oğurluq başqa metodlarla həyata keçirilir.

-Bu tətbiqin "Goople Play" və "App Store"da olmayan, xüsusi keçidlə yüklənən versiyaları var. Ümumiyyətlə, xüsusi keçidlə yüklənən proqramlar istifadəçini hansı təhlükəylə üzləşdirə bilər? Həqiqətən də belə bir hal yaşanırsa, bu proses necə həyata keçirilir?

-Ondan çox vətəndaş var ki, mən onlarla gündəlik ünsiyyətdəyəm. Bu adamlar gecə saatlarında yatarkən mobil cihazlarına məsafədən kənar müdaxilələr olub və bank tətbiqləri ələ keçirilib. Bank tətbiqləri ələ keçirildikdən sonra həmin tətbiqin daxilində olan əməkhaqqı kartı, şəxsi yığım vəsaitləri və digər kredit vəsaitləri bütünlüklə dələduzların əlinə düşüb və "TikTok" sosial şəbəkəsinə yönləndirilib. Bundan sonra vətəndaşlar oyandıqda öz mobil cizahlarını artıq iflic, yəni xətalı vəziyyətdə aşkar ediblər. Əlbəttə, banka və polisə bu barədə müraciətlər ediblər. Burda faktiki olaraq müşahidə edirik ki, zərərçəkmişlərin mobil qurğuları kənardan müdaxiləyə məruz qalıb. Amma bunun detalları ilə bağlı biz Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmişik ki, telefonlar ekspertizaya götürülsün. Reallaşdırılan hücumun detalları daha dəqiq aydınlaşdırılsın.

-Tətbiq istifadəçiləri tətbiqin istifadəsinə davam etdikləri təqdirdə, nələri nəzərə almalıdırlar?Təhlükəsizliklərinin təmini məqsədi ilə hansı tədbirləri görməlidirlər?

-"Whatsapp Plus" qeyri-leqal proqram təminatı sayılır. Buna görə də onu "Play Market" və ya "App Store"dən yükləmək mümkün deyil. Çünki, rəsmi market şəbəkələr o proqram təminatını zərərli proqram təminatı kimi tanıyıb və mobil telefonlara buraxmır. Əgər kənardan yükləyib istifadə edirsinizsə, öz riskinizə istifadə edirsiniz. 1 il, 10 gün bundan qabaq problem yaşamamısınızsa, bu o demək deyil ki, sabah problem yaşamayacaqsınız. O proqram təminatı kiminsə əlində yığılıb və istənilən vaxt, istənilən cür müdaxilələr ola bilər. Ola bilər ki, adam indi heç nə etmir, amma 1 il, 2 il sonra edəcək. Ola bilər heç nə etməyəcək, hər şey əla gedəcək. Bu barədə mütəxəssislər heç nəyə zamin dura bilməz. O ki qaldı deyirlər ki, fərdi məlumatlar oğurlanmayıb, istifadəçi heç vaxt bilə bilməz ki, onun şəxsi məlumatları götürülüb,ya yox. Bunun üçün həmin proqram təminatının işləmə arxitekturasını bilmək lazımdır. "Whatsapp" proqram təminatı "Server Klein" texnologiyasi ilə işləyir. Yəni  "Whatsapp" tərəfdə "Meta" şirkəti bir server yerləşdirir və bütün yazışmalar həmin serverdə saxlanılır. Fikir vermisinizsə, hesabınıza başqa qurğudan girəndə, tutaq ki, kompüterdə  "Whatsapp" açırsınızsa, bütün yazışmalar gəlir ora. Bu ondan xəbər verir ki, sizin məlumatlar təkcə sizin telefonda deyil, serverdə də saxlanılır. Sinxronlaşdırma gedən zaman istənilən bir cihaz əlaqələndirilmiş cihazlar siyahısına əlavə edilərsə, o zaman bütün cihazlarda eyni datalar oturacaq.  "Whatsapp Plus" məsələsində ortaya kənar serverlər də qoşulur. Müştəri server texnologiyası üzrə biz serveri nəzərə alırdıqsa,  "Whatsapp Plus"da burda artıq 3-cü serverlər də var. Bu serverlər kimindi, kimlər tərəfindən idarə olunur, kimlər baxır, nə məqsədlə saxlanılır, bu sual altındadır. Adi kompüter 24 saat işləyərsə, görün, nə qədər pul yazır. O serverlər kondisionerlə soyudulur, işıq istifadə olunur, mütəxəssis baxır, hissələri dəyişilir və s. Bunlar hamısı puldu. İndi belə bir sual ortaya çıxır. Hansısa bir şirkət hansı maraqdan sizin üçün belə bir şərait yaradır və sizdən pul almır? Siz özünüz bunu edərdiniz? Kiminsə hansısa bir proqramdan istifadə etməsi üçün bir yer kirayələyib, ora ödənişlər edərsiniz? İşıq pulu, mütəxəssis pulu, avadanlıq pulu və s. Marağınız nədir? Deyəcəksiniz ki, imkanlı bir şəxsdir, edir. Yaxşı, imkanlı bir adamın bunu etməkdə nə xeyri var? İmkanlı adam çalışır ki, öz varını artırsın. Burda məsələ çox sadədir. Onlar sizin fərdi məlumatlarınız üzərindən satış edirlər və ondan pul qazanırlar. Fərdi məlumatları satış edəndə o demək deyil ki, sizin hansısa məlumatlarınızı birbaşa çıxarırlar. Orda hansısa proqramlara, süni intellektə yönəldirilir və ordan təhlillər alınır. Belə bir məsəl  çəkim. Tutaq ki, qızdırma əleyhinə olan "Nurofen" dərmanı insanlar arasında nə qədər məhşurdur. Bütün sizin yazışmalarınız içində o sözü axtarırlar və marketinq sifarişini verən adama nəticə verirlər ki, tutaq ki, Azərbaycanda bu ifadə çox məhşurdur və çatlarda 1000 dəfə bu sözə rast gəlinir. Bunu burda sata bilərik. Sadə bir misalla bu cür başa saldım".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31