Cavanlaşan intiharlar- ARAŞDIRMA

Əsrimizin bəlasına çevrilmiş olan intihar halları təəssüflər olsun ki, özünü daha çox yeniyetmə və gənclərdə göstərir. Əksər zaman səbəbini sevgi adlandırıb canına qəsd edən yeniyetmələr, ölümün nə olduğunu dərk etmirlərmi? Yəni, bunun gerçəkliyini və anlamını bilmədənmi reallaşdırırlar? Ailədə hansı nüanslar övladın hələ uşaqkən belə düşüncələrə yönəlməsinə vadar edir? Valideynlər bunun qarşısını necə ala bilərlər? Övladları ilə aralarında olan bir qədər qopuq münasibət buna səbəb ola bilərmi? 

Bu və digər suallarımızı Uzman Psixoloq, Bakı Dövlət Universiteti "Sosial və Pedaqoji Psixologiya" kafedrasının və Qərbi Kaspi Universiteti "Politologiya, Psixologiya və Sosial İş" kafedrasının müəllimi Səbinə Bayramova cavabladı:

-Yeniyetməlik emosiyaların ən oynaq olduğu bir dövrdür. Yaş inkişaf psixologiyasında bu dövr krizis dövrü, eyni zamanda, böhranlı dövr də adlandırılır. Bu dövrdə hormonların dəyişməsi ilə bərabər erkən gənclik dönəmindən keçən yeniyetmələr bir tərəfdən böyük olmaq, digər tərəfdən uşaq qalmaq arasında bir mübarizə aparırlar. Mühakimələrə, tənqidlərə qarşı həddən artıq həssas, inciyib küsən olmağa meyilli olurlar. Rədd edildikləri zaman həddən artıq reaksiyalar göstərə bilirlər, əsəbini, öfkəsini, qəzəbini, sevincini, kədərini ağlr şəkildə yaşayırlar. İlk dəfə aşiq olurlar, bu kimi hallarda çox həyəcanlı və maraqlıdırlar. Hər şeyi sınamaq istəyərlər, risk almaqdan zövr alarlar. Özlərini sübut etmək üçün çox səy göstərərlər. Xüsusilə də ailə və avtoritarlığı təmsil edən şəxslərə qarşı üsyan edirlər kimi görünsələr də əslində həmin şəxslərdən tərif eşitmək, təqdir görmək, təsdiq almaq onlar üçün böyük bir önəm daşımaqdadır. Belə canlı, hərəkətli, enişli-çıxışlı dönəmdə ana-atanın ayrılığı, çox sevdiyi birinin itkisi, vəfatı, sevgi problemləri, qrup içində aşağılanma, ailədən ayrılma, dərslərdə müvəffəqiyyətsizlik, bununla bağlı inkişaf edən yetərsizlik kimi vəziyyətlər yeniyetməni üzüntü, kədər və çarəsizlik emosiyalarına, hislərinə sürükləyə bilər. Tək həlli intihar kimi yollarda axtarmağa baş vurur. Bəs bir yeniyetmənin intiharı düşündüyünü ailəsi necə anlaya bilər?


Öncəliklə yeniyetmə bu düşüncəsini şifahi olaraq və ya davranış yoluyla ifadə edər: "həyatımdan bezdim", "ölmək istəyirəm". Yeniyetmənin tez-tez ölüm haqqında danışması, həyatda bir məqsədinin qalmadığını deməsi, gələcəyə yönəlik istəklərindən, dəyərlərindən imtina etməsi, ailə üzvlərindən, yoldaşlarından uzaqlaşması, daim narahar, gərgin bir vəziyyət içində olması, davranışlarının anidən dəyişməsi, alkoqol, maddə istifadə etməyə başlaması, yuxu rejiminin ciddi şəkildə pozulmağa başlaması, həddən artıq kədərli, ümidsiz halların müşahidə olunması həmin yeniyetmənin ailəsi və ətrafındakılar üçün ciddi bir siqnal olmalıdır.

Yeniyetmə intiharlarına təsir edən faktorları sıralasaq, birinci yerdə ailə faktoru, ikinci, sosial-psixoloji faktorlar, üçüncü motivasiya sferasının zəif olması, şəxsi iradənin zəif olması, yeniyetmənin asudə vaxtının səmərəli təşkilinin olmaması, bu da öz növbəsində asudə vaxtın daha çox olmasına və yeniyetmənin boş vaxtını keçirməyə bir məşğuliyyəti olmadıqda referant qruplara qoşulduğunu müşahidə edirik. KİV-in, medianın təsiri, qanuni oğruların sosial medialarda olan təbliği, eyni zamanda, KİV-də intihar hallarının tez-tez paylaşılması, bu da şəxsiyyəti hələ tam yerinə oturmamış, həssas bir dönəmdən keçən, şəxsi iradəsi zəif olan bir yeniyetmənin təbii ki, psixologiyasına ciddi şəkildə təsir edə bilir. İntellektual proqramların, verlişlərin təşkilinin azlığını da bura nümunə çəkə bilərik.

Ailə faktorunu burda biraz daha açıqlaya bilərik ki, yəni hansı hallarda yeniyetmə intiharlarını ailə faktoru daha çox stimullaşdırır. 
Ailə daxili şiddəti 1-ci yerə qoya bilərik. Ailə daxilində şiddətə məruz qalma və ya şiddətə şahid olma;
Ailə daxilində istismara məruz qalma və ya şahid olma;
Ailə daxilində laqeyd yanaşılma, sevgi əskikliyi yaşama, diqqətdən kənar qalmaq;
Həmyaşıdları, yoldaşları arasında təhdidə məruz qalma, alçaldılma, lağa qoyulma;
İzlədiyi filmlər, oxuduğu kitablar, televizor, kompüter oyunlarında şiddəti əks etdirən kontentlər. Ölüm kontentinin üstünlük təşkil etməsi;
Depressiya, psixoz yaşaması;
Alkoqol, uyuşdurucu istifadə etməsi;
Sosial-dost, yoldaş münasibətlərinin zəif olması.

Valideynlərə demək istəyərdim ki, yeniyetməlik çağında olan övladınızın intihar edə biləcəyindən şübhələnirsinizsə, sorğulayarcasına deyil də, qayğıkeşliklə, onunla maraqlanaraq, son zamanlar əhval ruhiyəsindəki vəziyyətlə əlaqədar suallar verin, cavabları diqqətlə dinləyin, anlamağa çalışın, ondan eşitdiklərinizi təkrar etsəniz, onu dinlədiyinizi və anladığınızı dəqiq bir şəkildə hiss edəcəkdir. Yaşadıqları narahatlıqlar, üzüntülər sizin üçün önəmsiz, gərəksiz, kiçik şeylər ola bilər. Ancaq bu narahatlıqların onun dünyasındakı mənasını, anlamını, dəyərini qavramağa çalışsanız, yardımçı ola bilmə şansına da sahib ola bilərsiniz. Kömək etməyi önərin, təklifi qəbul etməsə belə ara-sıra ondan işlərinin necə getdiyini, özünü necə hiss etdiyini qayğıkeşliklə soruşun. 

İntihar riski olan, buna baş vurmuş yeniyetməyə necə yanaşa bilərik? Sərhədlərinin keçilməyəcəyinin sözünü verin. Güvənli bir yerə almağa çalışın. Bunu nəyə görə etdiyini müzakirə etməyə çalışın, başa düşdüyünüzü amma bunu təsdiqləmədiyinizi bildirin. Qınamadan, mühakimə etmədən. Ümid qapıları açmağa çalışın, problemi var və bu problemi necə çözə biləcəyinizi müzakirə edin. Bu ana qədər hansı addımlar atdığını, nələr etdiyini danışmağa çalışın. Onu narahat etməyəcək, qıcıqlandırmayacaq bir şəkildə mütəxəssisə yönləndirin.

Bizim cəmiyyətimizdə belə hallar müşahidə olunanda adətən, ailə yaxınları olan digər şəxslərlə müzakirə etməyə tələsirlər. Ancaq bu yanlış addımdır. Yaxşı olar ki, ən birinci elə bir uzmandan dəstək alınsın. Hansı vəziyyətlərdə peşəkar mütəxəssizdən yardım alınmalıdır? Birincisi, yeniyetmı sıx-sıx özünə, başqasına zərər verəcəyini ifadə edir, dilə gətirirsə, ikincisi, içərisində şiddət olan plan və düşüncələri varsa, üçüncüsü, təhdidlərinin təşvişə salan nöqtəyə gəldiyini düşünürüksə, bu siqnalları önəmsəyib mütləq peşəkar bir psixoloqdan dəstək almalıyıq.

Valideynlər üçün onu da qyed edim ki, intiharı küçümsəmək, onun asan bir şey olduğunu söyləmək, və yaxud sizi nə qədər üzdüyündən, incitdiyindən, xəyal qırıqlığına məruz qoyduğundan danışmaq onsuz da özünü zəif, pis, çarəsiz hiss edən yeniyetməni daha da pis etməkdən başqa bir işə yaramayacaq. Onu anladığınızı və yanında olduğunuzu hiss etdirməyə başlasanız yolun ən önəmli hissəsini qət etmiş olursunuz. Ona dəstək olmağa məhz buradan başlamaq lazımdır.

Bu barədə sosioloq Üzeyir Şəfiyev aşağıdakıları qeyd etdi:

Təəssüf ki, intihar bu gün üçün aktual bir məsələdir. İntiharın halları heç vaxt Azərbaycan üçün spesifik olmayıb. Bizim cəmiyyətin öz özəllikləri olub. Sosial əlaqələr, insanların bir-biri ilə ünsiyyəti, gediş-gəliş, qohumluq münasibətəri güclü olub. İnsanlar bir-biri ilə problemlərini, sevinclərini bölüşüblər, həll olunmaz problemləri qalmayıb. Sanki, bir-birlərinin problemlərini paylaşıb, çözüblər. Bizim dinimizdə də bu var. Qurani Kərimin "ən-Nisa" surəsinin 29-cu ayəsində qeyd olunub ki, İslam intiharı günah sayır. Canı insana Allah verir və almaq da ona məxsusdur. Belə bir fikir keçir. Dindən də irəli gələrək deyə bilərik ki, bizim cəmiyyət üçün intihar halları xarakterik olmayıb. 
Çox əfsuslar olsun ki, qloballaşma prosesi ki getdi, Azərbaycan dünyaya açıldı, rəqəmsal cəmiyyət, internet əsri, sosial şəbəkələr, kapitalizm cəmiyyətinə məxsus olan təklik, özgələşmə hallarının təsiri ilə Azərbaycanda intiharlar artdı. Bunun bir çox səbəbləri var. Əslində intihar elə bir haldır ki, onun bir səbəbi yoxdur. İntihar çoxsəbəbli hadisədir. İntihar hallarının hər birinə spesifik yanaşmaq lazımdır. Məsələn, Fransız sosioloqu Emil Durkheym intiharın bir neçə növünü qeyd edir. Eqoist, altuist, fatalist intihar və s. Hər intiharın öz səbəbləri və baş vermə şəraitləri var. 


Bir qanunauyğunluq var ki, nə qədər ki, mətbuat intihardan çox yazır, intihar halları çoxalacaq. Çünki, hesablamalara görə bir intihar halı ən azı növbəti 2-3  potensial intihar faktını yaradır. İntiharın bu qədər psixoloji təsir gücü var. 
Türkiyəli müğənni Murat Kekillinin bir mahnısı var: "Bu akşam ölürüm, beni kimse tutamaz". Bu mahnının təsiri ilə onlarla intihara cəhdlər və intihar halları qeydə alınmışdı. O baxımdan, intiharla bağlı mətbuatda nə qədər az informasiya yer alsa, o qədər yaxşıdır. Məsələn, bəzi Qərbi Avropa ölkələrində intiharla bağlı bəzi məlumatlar var ki, onların mətbuata verilməsi qadağandır. İntiharın hansı şəraitdə baş verməsi, intihar edənin kimliyi, intiharın hansı vasitələrlə həyata keçirilməsi kimi informasiyaların mətbuatda yer alması qəti qadağandır. Əfsuslar olsun ki, Azərbaycanda belə məlumatlar çox rahat şəkildə verilir. Kim intihar edib, hansı şəraitdə, nə ilə. Məncə, bu yolverilməzdir. Bu, bizim Mətbuat Haqqında Qanunumuza əlavə edilməlidir. 
İkinci məqam ondan ibarətdir ki, uşaq və yeniyetmələr arasındakı intiharlarında səbəbləri var. Bilirsiniz ki, yeniyetməlik dövrü insan həyatında axtarış dövrüdür. Uşaq yeniyetmə dövrünə qədər qoyandan sonra özünü axtarır. Həyatla üz-üzə qalır və çoxlu sualları olur. Onda baş qaldıran düşüncələr yeniyetmələri yorur. Bu zaman intiharı çıxış yolu kimi görürlər. Çox yaxşı olar ki, uşaq və yeniyetmələrlə valideynlər daha çox vaxt keçirsinlər və daha səmimi, dost münasibətlərində olsunlar ki, onlar öz problemlərini, fikirlərini bölüşə, paylaşa bilsinlər. Valideynlər də onlara düzgün yol göstərsinlər və çətinlikdən çıxmaq imkanı tapa bilsinlər, intihara əl atmasınlar. 
Xırdalanda bir intihar halında hansı üsüldan istifadə edilmişdisə, ardıyca eyni cür bir neçə intihar hadisəsi də baş verdi. Bu o deməkdir ki, intihar həm də təqlid gücünə malikdir. Həmyaşıdlar, oxşar problemlərlə yaşayanlar intihar cəhdləri etməyə başlayır. Ümumiyyətlə, hər bir insan ən azı ömründə 1-2 dəfə intihar haqqında düşünür. Fransız sosioloqu Emil Durkheym bunu təsnif etmişdir ki, kişilər qadınlara nisbətən daha çox intihar edir, qışa nisbətən yazda intihar daha çox olur, mülki əhaliyə nisbətən hərbiçilər arasında intihar daha çox olur. Bu Avropa aliminin təsnifatıdır. Qadınlar cəhd edir, kişilər isə daha çox reallaşdırır. Bu baxımdan intihar çoxsəbəbli və fərdi anlayışdır. 
İntihar edən haqqında yazmazlar, danışmazlar. Çünki, bəzi intihar növləri yeniyetmələrin, uşaqların, böyüklərin də özünü aktuallaşdırma tələbatından irəli gəldiyinə görə istəyir ki, onun haqqında danışsınlar, məqalələr yazsınlar.
Yaradıcı insanların intiharı zamanı digər yaradıcı adamlar onun barəsində böyük mərtəbəli sözlər, xatirələr yazırlar. Belə yazılar yolverilməzdir. Mətbuat intihar üçün kislorod rolunda çıxış edir. İntihara bu şansı tanımaq lazım deyil. Ona görə də intihar halları mətbuatda az işıqlandırılmalıdır. Yaxşı olar ki, məktəblərdə psixoloq ştatlarının keyfiyyət göstəriciləri artırılsın. Çünki, intihar da cavanlaşır. Xüsusilə də məşhur adamların bu işə əl atması daha qorxuludur. Bu zaman digər şəxslər üçün də intihar cəlbedici olur. 
Şopenhauer deyir ki, "kor iradə, boş təxəyyüldür", "intihar iradənin qələbəsidir". Bəzi adamlar elə düşünür ki, intiharı o adam edir ki, o iradəlidir. Əslində isə intihar iradənin zəifliyidir. "Həyat səni güldürəndə gülmüsən, hünərin var ağladanda gül görüm". İnsan çətinlikdən çıxmağı bacarmalıdır. Çünki, həyat sənə yaşamaq üçün verilib. 
Müvafiq strukturlar qarşısını almaq üçün çalışmalı, din xadimləri sosial media vasitəsilə uşaqlara müraciət etməlidir, dini baxımdan bunun necə günah olduğun izah etməlidir.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31