Kitabı hardan oxuyaq?... RƏYLƏR

Elm sahəsində inkişafın avantaj və dezavantajlarına görə neytral hesab oluna biləcək məsələlərindən biri də məhz kitabların elektron formatda istifadəsidir. 
 Bu barədə olan suallarımızı yazıçı İradə Aytel cavabladı:

-Nəyə görə yeni nəsil toxunub hiss edə biləcəyi kitablardan imtina edir?

-Yeni nəsil gözünü açanda kitab deyil, telefon, kompüter və s. elektron cihazlar görür. Bundan əlavə, burada vaxt məsələsi də var. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün vaxt darlığından şikayət edirik. Kitab oxuyanda gərək başqa işlə məşğul olmayasan. Kitab oxumaq xüsusi vaxt tələb edir. Kitabı elektron formada oxumaq isə eyni vaxtda müxtəlif işlərlə məşğul olmağa imkan yaradır. Elektron kitab dinləyərək yol gedə, idmanla məşğul ola, yemək hazırlaya... bilirsən. Hətta elə iş yerləri var ki, sən həm pul qazana, həm də kitab dinləyə, oxuya bilərsən. Elektron kitabın bu qədər üstünlüyü ola-ola yeni nəsil niyə vaxtını itirsin ki? 

-Elektron kitabların varlığı çap ədəbiyyatını geri salırmı? 

-Elektron kitabların varlığı çap ədəbiyyatını yalnız maddi cəhətdən geri salır. Əvvəl bir kitabın yüzlərlə alıcısı vardısa, indi yalnız on nəfər alır. Yayım dairəsinin, oxucu kütləsinin genişliyinə baxanda isə, elektron kitablar çap ədəbiyyatını hətta irəli salır. Məsələn, Moskvada çıxan bir əsəri əvvəllər yalnız o mühitin adamları alır, oxuyurdusa, indi sosial şəbəkə üzərindən, elektron kitab vasitəsilə bütün dünya əldə edə, oxuya bilir. 

-İllər sonra hansının mövcudluğu sizcə, irəli getməyə davam edəcək, hansı geriləyəcək?

-Düşünürəm ki, illər sonra elm-texnika daha da inkişaf edəcək, insanlardan vaxt tələb edən işləri texniki cihazlar görəcək və mənəviyyatın, zövqün, ruhun cilalanması üçün insanlar yenidən kitaba dönəcəklər. 

-"Kitaba toxunmursansa, oxuduğun mövzunun hissi sənə tam keçməz".
Bu fikirlə razısınızmı?

-Bu fikirlə bizdən əvvəlki nəsil tam razıdır, bizim nəsil qismən, bizdən sonrakı nəsil isə qətiyyən razı deyil. Bizdən əvvəlki nəsil ona  görə razıdır ki, onlar kitabdan oxumağa, qələmə toxunaraq yazmağa vərdiş ediblər. Onlar klaviatura ilə içindəki sevgini, həsrəti, ehtirası oxucuya ötürə bilməzlər. Bizim nəsil isə yarı qələm, yarı klaviatura gördüyü üçün hər ikisində rahat ola bilir, ya da heç birində özünü tapa bilmir. Bizim nəsil onsuz da başı bəlalı nəsildir. Siyasi çevrilişlər, müharibələr, xəstəliklər görən nəsilik. Buna da alışmağa çalışırıq. Əvvəl mən də kitaba toxunmasam mövzunu hiss etmirdim. Şeir yazırdımsa, mütləq qələmlə yazmalı idim. İndi isə elə deyil, nəinki nəsri, hətta şeiri də klaviatura vasitəsilə yazıram.  
Bir məsələni də qeyd edim, Sovet Azərbaycanı ədəbiyyatının əksər müəlliflərində plagiat əsərlərə rast gəlirik. Adlarını çəkməyəcəm, içimizdə abidə qurmuş yazarlar barədə nəsə demək mənə düşməz. Ümumən deyirəm, onlar dünya ədəbiyyatına oxucudan yaxın idilər. Bizim əlimiz çatmayan, ünümüz yetməyən xarici müəlifləri oxuyur və onların fikrini, tapıntısını öz əsərlərinə qataraq bizə sırıyırdılar. İndi elə deyil. Bugünkü gənc yazar, söhbət mütaliəli, ədəbiyyatı bilən yazardan gedir, sosial şəbəkə, elektron kitab vasitəsilə dünya ədəbiyyatından xəbərdardır və başqasının fikrini öz yazısına qatmır, qata bilmir. Elə bunun özü də elektron kitabın üstünlüklərindəndir.

Bəs kitabların getdikcə rəqəmsallaşdırılması kitab satışlarına nə dərəcədə təsir etmək imkanına malikdir?

"Qədim Qala" nəşriyyatının icraçı direktoru Şöhlət İxtiyaroğlu:

-Biz beynəlxalq təcrübəyə nəzər salsaq, məxsusən Amazon kimi böyük bir platformanı götürsək, orda fiziki kitaba nisbətdə elektronlaşma, elektron kitab 68 faiz təşkil edir. Amma hazırda Azərbaycanda bu sahə o qədər də inkişaf etməyib. Buna təsir edən səbəblər çoxdur. Son illərdə kitab sahəsinə nəzər salanda görürük ki, əvvəlki illərə nisbətdə bu sahədə xeyli inkişaf var. Nəşriyyatlarımızın sayı çoxalıb və nəşriyyatlar arasında ən yaxşısını mən edəcəm rəqabəti başlayıb. Qeyd edim ki, Azərbaycan Nəşriyyatları Assosiasiyası təsis edilib və qurum regionlarımızda böyük kitab sərgiləri təşkil edir. Bu da kitaba təlabat yaradır. İnkişaf etməkdə olan bir sahənin elektronlaşmada yubanması da başa düşüləndir. Düşünürəm ki, zamanla bu sahədə də nəaliyyətlər əldə ediləcəkdir.  


Başqa bir problem də piratçılıqdır. Bu həm fiziki kitabın kopyalanması, həm də kitabların kopya edilib, pdf halına salınıb sosial şəbəklərdə yayılmasıdır. Onu da qeyd edim ki, bu qara işlə məşğul olan saytlar da var. Yaxşı iş gördüklərini düşünürlər. Amma bunlar anlamalıdır ki, piratçılıq həm nəşriyyata, həm müəllifə, həm də oxucuların haqqlarının əlindən alınmasıdır. Kitab satılmalıdır ki, nəşriyyat müəllifə qonararlar versin, nəşriyyat yeni kitablar çap edə bilsin. Nəticədə oxucu yeni kitablar oxusun. 

Təbii ki, hər sahədə bəzi problemlər olur, düşünürəm ki, bu problemin də öhdəsindən gələcəyik. Gələcəkdə elektron kitab sahəsinin də zamanla qanuni bir şəkildə, nəşriyyatların da icazəsi ilə inkişaf edəcəyinə ümid edirəm.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31