Musiqi ruhun "zəhərli" qidasıdır?
19 Yanvar 2024 16:15 Sosial"Musiqi ruhun qidasıdır" deyirlər. Musiqi həyatımızın bir çox anlarında bizimlədir. Biz hamımız həyatımızın gündəlik axarında dəfələrlə özümüzü musiqi və ritmdə tapırıq. Bəs dinlədiyimiz bütün mahnıların bizə necə təsir edə biləcəyinin fərqindəyikmi?
Musiqinin insan psixologiyasına müsbət təsirləri hamımıza məlumdur. Lakin onun psixoloji təsirləri təsəvvür etdiyimizdən daha güclü və əhatəli ola bilər. Musiqi terapiyası bəzən emosional sağlamlığı dəstəkləmək, xəstələrə stressin öhdəsindən gəlməyə kömək etmək və psixoloji sağalmanı təşviq etmək üçün istifadə edilən bir müdaxilədir. Əslində, bəzi situasiyalar bizim musiqi zövqümüzün şəxsiyyətimizin fərqli cəhətlərini ortaya qoymasına səbəb ola bilir.
Qədim dövrlərdən bəri insanlar musiqinin psixoloji sağlamlığa necə təsir etdiyini araşdırmış və musiqinin psixoloji pozuntuları olan insanlara müalicəvi təsir göstərdiyini iddia etmişlər. Musiqinin insan psixi sağlamlığına müsbət təsiri tədqiqatlarda dəfələrlə sübut edilmişdir. Lakin bununla yanaşı onun mənfi təsirləri də olcuqca çoxdur. Xüsusilə gənc və yeniyetmələr üzərində aparılan araşdırmalarda bəzi musiqi növlərinin insana mənfi təsir göstərə biləcəyi sübut edilmişdir.
Mütəxəssislər də bildirir ki, musiqi fərdlərin fizioloji, psixoloji və idrak inkişafına müsbət təsir göstərə bilər. Bir çox duyğular və təcrübələr musiqi yaratmaq və ya dinləməklə hiss edilə və ya ötürülə bilər. Musiqinin psixoloji faydalarına baxdığımızda sözsüz musiqi, onu dinləyən insanların stress səviyyəsini azaltmaqda təsirli ola bilər, onların sakitləşməsinə və daha asan diqqət toplamasına kömək edə bilər.
Musiqi beynin bir çox bölgəsini aktivləşdirir və dopamin və serotonin kimi hormonların ifrazını artıra bilir. Musiqinin əhatəsində böyümək uşaqların dil inkişafına kömək edə bilər, səsləri və sözləri təkrarlamağa çalışan uşağın söz ehtiyatı və tələffüz bacarıqları inkişaf edə bilər. Musiqi terapiyası stress, narahatlıq və depressiya kimi emosional vəziyyətlərin müalicəsində təsirli rol oynaya bilir.
Musiqi qulağa daxil olur və beyində dövr edir, eynilə bütün bədəndə dövr edən qeyri-maddi nəfəs kimi insanların duyğu və düşüncələrinə çox müsbət təsir göstərir. Bir sözlə, musiqi sadəcə əyləncə üçün istifadə olunan alət deyil. Elmi tədqiqatlar göstərmişdir ki, musiqi fiziki və əqli rifahı yaxşılaşdıran fizioloji proseslərə təsir edə bilər və musiqinin psixoloji faydaları vardır.
Mütəxəssislərin fikrincə, gənclər arasında 18-24 yaş arası gənclər rep, hip-hop, pank kimi məşhur musiqi janrları yerinə qəmli musiqiyə qulaq asmağa üstünlük verirlər. Qəmli musiqisini dinləməyi seçən gənclərdə isə özlərinə zərər vurma meyllərinin artması təhlükəsi ilə üzləşirlər.
Demək olar ki, gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən musiqilər yaxşı və ya pis, psixologiyamıza necə təsir edir?
Bir çox elmi araşdırmalar musiqinin insan psixologiyasına təsirini ortaya çıxarıb. Bunlara əsasən, demək mümkündür ki, musiqinin psixologiyaya əhval-ruhiyyə və emosiyaların tənzimlənməsindən tutmuş idrak funksiyalarına qədər geniş spektrli təsiri var. Bəzi insanlar sözlü və ya sözsüz musiqi dinləmədən heç bir işlə məşğul olmaq istəmirlər, hədəfə fokuslanmaq və diqqətini toplamaq üçün onlara dərman kimi musiqi lazımdır.
Psixoloq Ülkər Məmmədli bildirir ki, fərdlər hisslərindən asılı olaraq seçdikləri mahnının tempini, janrını və melodiyasını dəyişə bilər, dinlədikləri musiqi də onların əhval-ruhiyyəsinə təsir edə bilir:
"Əksər hallarda müşahidə edirik ki, insanlar özünü pis hiss etdiyi zaman şən mahnılar səsləndirərək özü daha yaxşı hiss etməyə, əhval-ruhiyyəsini yüksəltməyə çalışır. Bununla belə deyə bilərik ki, musiqi insanların əhval-ruhiyyəsinə təsir edə və hiss etdikləri duyğuların intensivliyinə səbəb ola bilir.
Xüsusilə yavaş, melodik və sözsüz musiqi stresli vəziyyətlərdə sakitləşdirici təsir göstərir. Günün sonunda sakit, sözsüz musiqidən ibarət mahnılar dinləmək günün yorğunluğunu atmaqda təsirli ola bilir. Sözsüz musiqi çox vaxt meditasiya və yoqa kimi fəaliyyətlərin fonunda istifadə olunur. Bu musiqi növü dinləyicilərə nəfəs ritmlərini tənzimləməyə və rahatlamağa kömək edir.
Bundan əlavə, bir çox insan yuxuya getməyə kömək etmək üçün qeyri-şifahi və instrumental musiqiyə müraciət edir. Sakitləşdirici təsiri ilə yanaşı, musiqi dinləmək də stimullaşdırıcı xüsusiyyətə malik ola bilər. Məşq edərkən və işləyərkən sürətli templi musiqiyə qulaq asmaq insana diqqətini cəmləməyə və motivasiya hiss etməyə kömək edir. Musiqi diqqət və performansa töhfə verməklə yanaşı, yaddaş problemlərinə də kömək edir.
Bir çox araşdırmalar göstərir ki, musiqi ilə əlaqəli müdaxilələr böyüklər və uşaqlarda xərçəng kimi uzunmüddətli və çətin xəstəliklərlə eyni vaxtda baş verən narahatlıq, depressiya, ümidsizlik, ağrı və yorğunluq kimi problemlərin azaldılmasında faydalıdır.
Bundan əlavə, emosional tənzimləmə ilə bağlı musiqi qrup terapiyası alan alkoqol asılılığı olan kişi iştirakçılar üzərində aparılan araşdırmanın nəticələrinə görə, musiqi terapiyasının yaşanan problemlərin azaldılmasında faydalı olduğu müəyyən edilmişdir.
Dinlədiyimiz musiqinin insan psixi sağlamlığına müsbət təsirləri bir çox araşdırmalarla, təcrübələrlə üzə çıxıb. Bununla belə, xüsusilə gənc fərdlər üzərində aparılan digər tədqiqatlar göstərir ki, bəzi musiqi növləri də bizə mənfi təsir göstərir.
Bəzi tədqiqatçılar musiqiyə məruz qalmanın mənfi tərəflərini araşdırıblar. Bu araşdırmaların nəticəsində onlar iddia edirlər ki, antisosial sözlər ehtiva edən musiqi janrları antisosial davranış və aqressiya kimi bəzi sapmalarla əlaqələndirilə bilər. Ümumiləşdirilməsə də, psixologiyamıza ən az müsbət töhfə verən musiqi növlərinin rep və ağır metal musiqisi olacağı proqnozlaşdırılır. Bu tip musiqilərdə tez-tez mənfi sözlərlə qarşılaşdığımız üçün, onlar insanda tənhalıq düşüncələri yarada və ya ətrafdakı kiməsə və ya özünə zərər vermək istəyi yaradaraq insanda bəzi mənfi davranışlar sərgiləyə bilər.
Burada vurğulamaq istədiyim məqam, hazırda mənfi davranış nümayiş etdirən insanların müəyyən musiqi növlərini seçib-seçməməsi deyil. Təbii ki, müəyyən davranışlar nümayiş etdirən insanlar müəyyən musiqi növlərinə üstünlük verirlərsə, o musiqi növlərini dinləyənlərin təhlili zamanı həmin janrın dinləyicilərinin mənfi davranışlar nümayiş etdirmə ehtimalı daha yüksək olacaq. Bu günə qədər aparılan eksperimental araşdırmalar artıq sübut edib ki, hard rock, heavy metal, rep və texno kimi musiqi janrlarını dinləyən gənclər arasında spirtli içki və narkotik vasitələrdən istifadə halları daha çoxdur.
Burada əsas düşündüyümüz odur ki, hazırda bu cür mənfi davranışlar sərgiləməyən və başqa səbəblərdən (ailə problemləri kimi) bu tip davranışlara meylli olmayan şəxslərin bu tipə məruz qalması nəticəsində davranışlarında hər hansı bir dəyişiklik olurmu?
Təbii ki, bu suala cavab vermək asan deyil, çünki insanlar çox mürəkkəb sosial və psixoloji strukturlara malikdirlər və davranış adətən bir çox amillərin birgə işləməsi nəticəsində baş verir. Buna görə də müəyyən musiqi növlərini dinləyən insanların zamanla müəyyən davranışlar nümayiş etdirmə ehtimalının artdığını göstərə bilsək belə, bu davranış dəyişikliyinin səbəbinin bu musiqi növünün olduğunu dəqiq fikir kimi irəli sürə bilmərik. Çünki korrelyasiya heç də həmişə səbəb-nəticə əlaqəsi demək deyil.
Bununla da musiqinin birbaşa mənfi davranışlara səbəb olduğunu söyləmək mümkün deyil. Musiqi üstünlüklərinin də şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli olduğunu göstərən bir çox təcrübələr var. Demək olar ki, müəyyən şəxsiyyət xüsusiyyətlərinə malik olan şəxslər müəyyən musiqi növlərinə üstünlük verirlər. Ona görə də təkcə musiqinin müsbət və ya mənfi təsirindən danışmaq çətindir. Təsiri olsa belə, bu fərdi fərqlər təsirin səviyyəsini və formasını fərqləndirəcək, çünki biz hamımız fərqli fərdlərik.
Həm araşdırmalarımızdan, həm də gündəlik təcrübə və müşahidələrimizdən gördüyümüz kimi, musiqinin psixoloji sağlamlığa təsirini gözardı etmək olmaz. O, həmçinin psixoloji sağlamlığımızın vacib komponentləri olan idrak funksiyalarına, duyğulara və fizioloji sağlamlığa müsbət təsir göstərir.
Kədərləndiyimiz zaman, xoşbəxt hiss etdiyimiz zaman, diqqətimizi cəmləmək istədiyimiz zaman, yatmaq üçün rahatlaşdırıcı musiqiyə ehtiyac duyduğumuzda əslində bu təcrübə ilə musiqiyə müraciət edirik, çünki onun bizə müsbət təsirlərini çoxdan bilirik. Bu səbəblə, insanlar musiqi dinləməyi sevirsə və bunun özləri üçün faydalı olduğunu düşünürlərsə, musiqi dinləməyə və zehni rahatlıqla qidalandırmağa davam edə bilərlər".
Röyalə Xəyal