Əyyub Türkayın yaradıcılığından nümunələr
12 Yanvar 2024 11:31 SosialMüasir uşaq ədəbiyyatının istedadlı nümayəndələrindən olan Əyyub Türkayın mütəmadi olaraq balaca oxucuları üçün qələmə aldığı əsərləri ədəbi qəzet və jurnallarda dərc olunur. Şairin "Balacaların şeir çələngi", "Sovqat" və "Balaca qəhrəmanlarım" kitabları uşaqların sevimli kitabları sırasındadır. Onun yaradıcılığında uşaq şeirləri ilə yanaşı nağıllar, hekayələr, tapmacalar, təmsillər də əsas yer tutur.
BALACA RƏSSAM
Türkay şəkillər çəkir,
Rəngdən alır ilhamın.
Qələmi əldən düşmür,
İki yaşlı rəssamın.
Bir iş var ki, biləsiz,
Rəsmi çəkir divarda.
Nənəsi gülüb deyir,
Usta lazım ağarda.
Atasıyla bağçaya
Getdi balaca rəssam.
Daha şəkli vərəqdə
Çəkdi asanca rəssam.
QORXAQ BACIM
Evimizə həkim gəlib,
Mənim bacım qızmalıdır.
Tez yoxlayıb bildirdi ki,
Ona resept yazmalıdır.
Həkimlərdən qorxan bacım
Heç bu dəfə ağlamadı.
Səbəbini soruşanda
Güldü, sirrin saxlamadı.
Həkim xala sağ olsun ki,
Heç iynə vurmadı mənə.
Dedi: -gözəl, şirin balam,
Dərman verəcəyəm sənə.
SAĞLAM QİDALANIRAM
Mən kənddə yaşayıram,
Çoxlu heyvanımız var.
Təsərrüfat genişdir,
Keçi, qoyun, mal-davar.
Nənəm tezdən yandırır
Bərəkətli təndiri.
Səhərləri yeyirəm,
Təzə keçi pendiri.
Kənddə həyat gözəldir,
Məhsullar saf, təmizdir.
Sağlam qidalanıram,
Yeməklərim ləzizdir.
"AĞ QIZIL" USTASI
Fermer əmim tarlada
Pambıq əkib-becərir.
Yerə düşən hər toxum
Öz vaxtında cücərir.
Pambıq sahələrində
Hər il məhsul bol olur.
"Ağ qızıl" anbarlara
Rahat, itkisiz dolur.
Əməksevər əmimin
Burda var alın təri.
Zəhmətli halal işin
Yoxdur, tayı-bənzəri.
MƏN DƏ LALƏYƏM
Söylədi
İncə qız.
Dodağı
Qönçə qız.
Laləsən,
Bilirəm.
Üzünə
Gülürəm.
Adımı
Almısan.
Dillərə
Salmısan.
Yalan yox
Sözümdə,
Laləyəm
Özüm də.
TƏNHA AĞAC VƏ KÜLƏK
Bir Ağac çöldə
Yaşayırdı tək.
Onu narahat
Edirdi Külək.
Ağaca dedi:
-Sən ki tənhasan.
Yıxmağım səni
Olacaq asan.
Ağac söylədi,
-Təkəm, tənhayam.
Mən bu çöllərə
Tanrıdan payam.
Qıra bilərsən
Budaqlarımı.
Yola bilərsən
Yarpaqlarımı.
Köküm daima
Yerdə qalacaq.
Böyüyüb yenə
Ağac olacaq.
Nə olsun, yoxdur
Arxa-dayağım.
Bil ki, bərkiyib
Yerə ayağım.
GÜNAYIN SƏHVİ
Bir payız səhərində
Günay durdu yuxudan.
Şimşəyin bərk səsindən
Gözün qırpdı qorxudan.
Baxdı pəncərəsindən,
Gördü küləkdir yaman.
Dedi:-dərsə getməyə
Soyuq verərmi aman?
Anası qulaq asıb
Bəhanəni anladı.
Qucaqlayıb qızını,
Bir balaca danladı.
Söylədi qızcığaza:
-Boran-çovğun olsa da,
Məktəbi heçə sayıb
Dərsi verməzlər bada.
Günay səhvin anladı,
Keçdi əsas mətləbə.
Çantasını götürüb
Yola düşdü məktəbə.
AĞILLI DOVŞAN VƏ YALANÇI QOCA
(Nağıl)
Keçmiş zamanlarda meşə ətrafında bir qoca kişi öz qarısı ilə yaşayırdı. Onlar çox yaşlı olmalarına baxmayaraq, çətinliklə də olsa gündəlik yeməklərini təmin etmək üçün bağlarında tərəvəz becərib satırdılar. Qoca çox vaxt meşə ərazisində quş ovlamaq üçün tələ qurardı. Günlərdir qurduğu tələni yoxlamağa gedən qoca hər dəfə evinə əliboş qayıdardı. Qarı da onun əliboş gəldiyini görəndə deyinərdi. Çoxdandır dilinə ət dəymədiyini, tezliklə quş ətindən kabab yemək istədiyini bildirərdi. Bir gün qoca yenə meşədə qurduğu tələni yoxlamağa gedirdi. Birdən tülkünün kök bir dovşanı qabağına qatıb qovduğunu gördü. Həyəcandan ora-bura hoppanıb qaçan dovşan quş tələsinə doğru gəlirdi. Qoca ağacların arasından boylanıb bu qovmacanın sonunun nə ilə bitəcəyini gözləyirdi. Çox çəkmədi ki, yolunu itirən dovşan qocanın qurduğu quş tələsinə özünü çırpdı. Tərpənmək istəyəndə pəncələri və ayaqları ilişib tələdə qaldı. Qoca cəld önə çıxdı, tülkünü qovub uzaqlaşdırdı. Daha sonra tələyə düşmüş dovşanı tutub sevinclə gülməyə başladı.
-Bu gün sən mənim ailəmin qismətinə düşən paysan. Xanımım məni çoxdandır dəng edib, ürəyindən kabab yemək keçir. Səni özümlə aparıb ətindən dadlı kabab çəkəcəyəm. Dovşan bunları eşidəndə qocaya yalvarmağa başladı:
-Mənim yuvam yerin altındadır. Orada yeni doğulmuş balalarım var. Məni yesəniz, onlar yerin altında aclıqdan öləcəklər. Gəl sən məni yeməkdən əl çək. Əvəzində mən bostanda əkilən bütün tərəvəzləri toplamaq üçün sənə kömək edəcəyəm. Beləcə sənin də, xanımının da işləməkdən canınız qurtarar. Qoca məhsul toplanan vaxtı nə qədər əziyyət çəkdiklərini yadına salıb dovşanın sözləri ilə razılaşdı. Dovşana qəti xəbərdarlıq edib dedi:
-Bax, dovşan, mən və xanımım çox qocalmışıq. Məhsul toplamaq bizi lap əldən-ayaqdan salır. Həyatını balalarına bağışlayıb səni azad edəcəyəm. Amma sən də sözünü tutub bizim bostanın məhsulunu başdan-başa toplayacaqsan. Dovşan razılıq edəndən sonra qoca onu qucağından yerə qoydu. Dovşan sağollaşıb torpaqda qazdığı dəliyə girib balalarının yanına getdi.
Qoca evə gələndə acgöz qarı qaşqabağını sallayıb onu gözləyirdi. Qocanı görən kimi tez deyinməyə başladı:
-Yenə əliboş gəlmisən? Sənə demədim ki, ürəyim dadlı kabab istəyir? Sən isə görünür heç bir işə yaramırsan. Qoca gülüb dedi:
-Ay xanım, əsəbiləşmə. Mənim qurduğum tələyə quş düşməsə də, əvəzində kök, yağlı bir dovşan düşmüşdü. Ağzı sulanan qarı daha da qəzəbləndi və dedi:
-Bəs hanı o dovşan? Niyə gətirib ətindən kabab çəkmirsən mənim üçün? Qoca Qarını sakitləşdirib dedi:
-Ay xanım, mən nə etdiyimi yaxşı bilirəm. Dovşan bunun əvəzində bizim üçün bostanın məhsullarını başdan-başa toplayacaq. Daha biz iki beli bükülmüş qoca bundan sonra əziyyət çəkməyəcəyik. Hələ iş bununla bitmir. Öyrəndim ki, dovşanın yerin altında təzə doğulmuş balaları var. Çox keçməz ki, onlar da böyüyər. Onda həm ana dovşanı, həm də balalarını tutub ətlərindən özümüz üçün bir neçə cür dadlı yeməklər bişirərik. Acgöz qarı qocanın bu sözlərindən xoşhal oldu. Tək-tük dişləri olan ağzını açıb xeyli güldükdən sonra dedi:
-Bəh-bəh, nə yaxşı, daha bundan sonra iş görməyəcəyəm. Bir neçə aydan sonra da hər gün dovşan ətindən dadlı yeməklər yeyəcəyəm.
Vaxt ötdü, vədə çatdı. Bostanda bol məhsul yetişdi. Dovşanın balaları da artıq böyümüşdülər. O, balalarını da götürüb bostana gəldi. Əvvəlcə dovşanlar torpağın altından kartofları çıxarıb səbətlərə yığdılar. Sonra kələmləri bir yerə topladılar. Ardınca yemiş, qarpız və balqabağı da dərdilər. Bir neçə gündən sonra dovşan və balaları bostandakı bütün məhsulları yığıb qoca və qarısına təhvil verdilər. Daha sonra ana dovşan qoca və qarısına səslənib dedi:
-Biz sözümüzü tutduq. Bostanda olan bütün məhsulu topladıq sizin üçün. İndi isə mən və balalarım gedirik. Növbəti məhsul vaxtı yenə sizə kömək etməyə gələcəyik. Qoca dovşanların aradan çıxmaq istədiyini görüb tez həyətin qapısını bağladı. Təəccüblə baxan dovşanlara üzünü tutub dedi:
-Mənim xanımım dovşan ətindən kabab yeməyi çox xoşlayır. Mən də ona söz vermişəm ki, siz dovşanların ətindən ona dadlı yeməklər hazırlayacağam. Ana dovşan qocanın verdiyi sözdən döndüyünü görüb hiyləyə əl atdı. Qocaya bir az da yaxın gedib dedi:
-Mən və balalarım sizin bu istəyinizə etiraz etmirik, ancaq bizim ətimizi gərək səhər gün çıxmamış yeyəsiniz. Gün çıxandan sonra ətimiz acı və dadsız olur. Ömründə heç vaxt dovşan əti yeməyən qoca dovşanın bu sözünə inanıb dedi:
-Lap yaxşı, necə də olsa, həyətin dörd bir yanı daş hasardır. Qapını da yaxşıca bağlamışam. Heç yana qaça bilməyəcəksiniz. Səhər tezdən gün çıxmamış mən sizin ətinizdən özümə və xanımıma dadlı yeməklər bişirəcəyəm. Bunu deyəndən sonra qoca evə girdi. Axşam oldu. Qoca və qarı dovşan ətinin kababını xəyal edərək yuxuya getdilər. Dovşan və balaları isə gecəni yatmadılar. Hasarın altından çölə dərin bir yol qazıb bağlı yerdən qurtuldular. Gedəndə özləri üçün yeməyə qocanın anbarından xeyli tərəvəz götürdülər. Meşənin dərinliklərində özlərinə yuva qurmaq üçün qaçaraq gözdən itdilər.
Qoca və qarı sübh tezdən qalxıb dovşanları axtardılar. Həyətdə heç bir dovşan gözlərinə dəymədi. Qoca hasarın altında qazılan dəliyi görəndə işin nə yerdə olduğunu anladı. Dadlı dovşan ətindən kabab onlar üçün xəyal olaraq qaldı. Heç vaxt dovşan ətinin dadına baxa bilmədilər. Növbəti məhsul vaxtı isə hər ikisi beli bükülmüş halda, əvvəllər olduğu kimi çətinliklə tərəvəzləri özləri toplamağa başladılar. Acgözlük etdikləri üçün elə hey özlərini danlayırdılar. Çünki onlar əllərinə düşən şansı yaxşı dəyərləndirə bilməmişdilər.