Bu qızlara, qadınlara olan zorakılığın bir formasıdır- Üzeyir Şəfiyev

"Nikah yaşı BMT-nin Uşaq Hüquqları Konvensiyasında da qeyd olunur, eyni zamanda Azərbaycanın hüquqi formativ aktlarında da bu var ki, nikah yaşı 18 yaşdır. Amma istisna hal olaraq 17 yaş qeyd olunur. Mənə elə gəlir ki, bu istisna yaşın aradan götürülməsinə ehtiyac var." Bunu  deyən  sosioloq Üzeyir Şəfiyevin fikrincə, çünki, bu haldan bəzi valideynlər və yerli icra strukturları manipulyasiya edirlər: "Məsələn əgər valideynin biri və ya hər ikisi ağır xəstədirsə, oğlan hərbi xidmətə gedirsə və yaxud hər ikisi bərabər xaricə gedirlərsə və s.. Bu hallarda 17 yaş istisna olaraq nikah yaşı kimi qeyd oluna bilər. Mənim fikrimcə, bu istisnanın olması erkən nikaha şərait yaradır. Valideynlər gedir, müvafiq icra strukturları ilə danışırlar, vəziyyəti təsdiqləyən sənəd alırlar və erkən nikaha qoşurlar. Bunu aradan götürmək ehtiyacı var. Hətta bununla bağlı Ailə,  Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri də məsələ qaldırmışdı ki,  Mən də bunu təqdir edirəm ki, aradan götürülməlidir. Baxmayaraq ki, beynəlxalq konvensiyada 18 yaş göstərilir, ancaq dünyanın bir sıra ölkələrində fərqli-fərqli nikah yaşları var. Avropa ölkələrində də, ABŞ-nin bəzi ştatlarında da bəzən bu nikah yaşı beynəlxalq konvensiyaya zidd olsa da aşağıdır. Azərbaycanda da erkən nikahlarla bağlı məsələlər var.  Xüsusilə də bu regionlarda daha çoxdur. Bununla bağlı hesab edirəm ki, valideynlərlə iş aparmaq lazımdır. Çünki, valideynlər dərk etməlidirlər ki, uşaqları erkən nikaha cəlb etmək  nə kimi fəsadlar, sosial problemlər yaradır. Erkən nikaha cəlb olunan uşaq ali təhsil ala bilmir və buna da görə də, boşandıqdan sonra əmək bazarında iş tapa bilmir, ya da insan alverinin qurbanına çevrilir, həyatda çox böyük çətinliklər görür. Orta məktəblərə nəzarət etmək lazımdır. Xüsusən rayonlarda bəzi valideynlər 8, 9-cu sinifdən uşağı məktəbdən ayırırlar və onların şüuruna ailə qurmağı, ərə getməyi yeridir, psixoloji zorakılıq göstərirlər. Halbuki Azərbaycan Respublikasının Ailə  Məcəlləsində də yazılıb ki, valideynin ilk vəzifəsi uşaqların hüquq mənafelərini tapdalanmasına yol verməməkdir. Belə bir köhnə deyim var "tez evlənənlə, tez oyanan uduzmaz". Məsələyə bu yandan yanaşırlar. Halbuki, bu tamam dəyişilməlidir. Çünki, Azərbaycan kəndlərində insanların  böyük əksəriyyəti təhsil alır, kariyera qurur, mənzil alır, sonra ailə qurmaq haqqında düşünür. Məncə, bu daha düzgündür, nəinki erkən nikah. Ana ölümləri içərisində ən çox erkən nikaha cəlb olunan qızlar üstünlük təşkil edir. Çünki, bədən fizioloji somatik baxımdan buna hazır olmalıdır. İkincis idə erkən nikaha cəlb olunan qızlarda ailə dəyərləri hələ formalaşmamış olur. Qızın  özü gəlinciklə oynayan yaşında məcbur, yaxud təhrik edilərək ərə verilir. Bir qurbana çevrilir. Kənddə, rayonlarda imkanlı, təhsilli bir oğlan görən kimi valideyn dərhal nikah yaşına çatmayan qızı həmin oğlana yönəldir. Bu həm də bununla bağlıdır ki, qızlarda belə bir təsəvvür var ki, rayonlarda, kəndlərdə olanlar "evdə qalacaqlar", "qarıyacaqlar". Öz düşüncələrində  bunun qarşısını almaq üçün valideynlər uşaqların erkən nikahını çıxış yolu kimi görür. Bütün hallarda erkən nikahların sosial, psixoloji fəsadları çoxdur. Bu qızlara, qadınlara olan zorakılığın bir formasıdır. Orta məktəbdə qızların dərsə davamiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Hətta məncə, 11-ci sinifə qədər icbari təhsil şəklində olmalıdır və o təhsilə monitorinq aparılmalıdır. 
Mən  Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fikrini dəstəkləyirəm. Bəzən də valideynlər belə qəribə üsuldan istifadə edirlər. Nikah müqaviləsi bağlatdırmır, ancaq nişanlayırlar. Hesab edirəm ki, qanunvericilikdə bu tipli əməllər törədən valideynlərə qarşı da hüquqi müstəvidə iş aparılmalıdır ki, belə hal olmasın. Qızı kökləyirlər nikaha, onun düşüncəsin sanki, ailə məsələlərinə, erkən nikaha fokuslandırırlar. Bu da Cinayət Məcəlləsində öz yerini tapmalıdır. Təkcə nikah yox, həm də nişanlanma və s. nəzarət gücləndirlməlidir ki, nikah yaşından əvvəl nişanlanma da yolverilməz olsun. İstəyərdim ki, bu qanunvericiliyə daxil edilsin. Eyni zamanda, bununla bağlı müxtəlif QHT-lər, kütləvi informasiya vasitələri də bu prosesə qoşulsun, sosial çarxlar hazırlansın. İki uşaq göstərilsin, biri erkən nikaha cəlb olunmuş, digəri isə təhsil alan, kariyerasını quran, özünə həyatda layiqli yer tutan qızların fərqləri əks olunan çarxlar hazırlansın. Ancaq təəssüflər olsun ki, sosial çarxların sosial verilişlərdə verilməsinə bir növ qıymırlarmı deyim, istəmirlərmi deyim... Televiziyalarda bax belə sosial çarxların verilməsinə ehtiyac var ki, cəmiyyətə, valideynlərə mesajlar ötürülsün.  Əlbəttə, hüquqi müstəvidə bununla bağlı tədbirlər var, ancaq bir qədər də sərtləşdirilməlidir. Düşünürəm ki, 17 yaş istisnası aradan götürülməlidir. Bayaq da qeyd etdiyim kimi nişanlanma və s. məsələlərə görə hüquqi məsuliyyət daşınmalıdır."

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31