İnsanları öldürən öz yaratdıqları tikililərdir, zəlzələ deyil.. Ənvər Əliyev
15 Dekabr 2023 16:41 Sosial"Biz bilməliyik ki, zəlzələ adında nəhəng bir odun, alovun, silkələnmənin, dağəmələgəlmənin üstündəyik"
Zəlzələ son zamanlar hər kəsin canında bir qorxuya çevrilib. Qardaş Türkiyədə zəlzəzənin törətdiyi güclü fəsadlar bu narahatlığı tətikləyən nüanslardan ən önəmlisi oldu. Ümumiyyətlə zəlzələ anından sonra yayılan bir çox saxta xəbərlə rastlaşırıq. Məsələn, " bu gün gecə saat 02:30-da zəlzələ təkrarlanacaq". Zəlzələnin öncədən deyilməsinin mümkün olmadığını bildiyimiz halda bu xəbərlərə inanan vətəndaşlarımız da az deyil. İnsanların zəlzələ barədə bu qədər məlumatsız olması nədən irəli gəlir?
Bu və digər suallarımızı seysmoloq Ənvər Əliyev cavabladı:
- Doğrudan da zəlzələ haqqında fikirlər çox azdır. Baxmayaraq ki, BDU-nun geologiya, coğrafiya, ADPU-nun coğrafiya, AMEA-nın bir sıra bölmələrində müəyyən tədris aparılır, təəssüf ki, onların özləri də heç bu mövzunu əməlli bilmirlər. Zəlzələnin mahiyyətini silkələnmə kimi başa düşmək lazım deyil, bütün insanlıq dövründə zəlzələ öz güclü fəsadları, yaratdığı vahimə və qorxu ilə yadda qalır. Tək-tük zəlzələlər insanların ölümünə səbəb ola bilir. İnsanları öldürən öz yaratdığı tikililərdir. Bunlara misal bir sıra yardımçı təsərrüfatları, insanların çox yığıldığı yerləri, məscidləri, memarlıq abidələrini, körpüləri və s.göstərmək olar. Əsas bunlar sağlam olmalıdır. Bunlar sağlam olmasa, insan özü öz əli ilə özünü məhv etməyə məhkum olmuş kimi görünəcək. Zəlzələlərin əmələ gəlməsində ümumi qanunauyğunluqlar var, çünki, yer kürəsinin daxili quruluşu elədir ki, o quruluş zəlzələləri müəyyən sistemdə yaradır. Yer kürəsində bizim də daxil olduğumuz 3 seysmoloji dağəmələgəlmə sistemi var ki, zəlzələlər əsasən burada baş verir. Niyə burada zəlzələlər olur? Bildiyiniz kimi, yerin daxilində olduqca yüksək təzyiq və temperatura malik, bütün mineralların böyük əksəriyyətini daşıyan bir maye təbəqə var ki, onlar hər vasitə ilə oradan azad olmağa çalışırlar. Nəticədə onların bu və ya digər şəkildə hərəkətləri vasitəsilə zəlzələlər əmələ gəlir. Alman alimlərinin, bizim öz alimlərimizin, rus alimlərinin gəldikləri əsas fikir budur ki, yerin həmin maye kütləsinin üstündə nəhəng quru hissələri hərəkət edirlər. Ekvatordan şimaldakılar şimala, cənubdakılar cənuba doğru hərəkətdədirlər. Bu yer kürəsinin 3 hissəsindədir. Biri Sakit okeanın qərbi və şərqində, qərbin bir hissəsində Yaponiyadır, Sakit okeanın bir hissəsində isə Amerikadır. Sakit okean plitələri litosfer tavaları adlanır. Bu litosfer hissəsi də yerin təbəqələrindən biridir. Yerin radiusu 6371 km-dir ki, onu qazanda yer qabığı, sonra mantiya, sonra isə odlu təbəqə, yəni, yer kürəsinin nüvəsi, yadrosu gəlir. Litosfer tavaları həmin yadronun üstündə hərəkət edir. Onlar hərəkət etdikcə həm toqquşurlar, həm ağır, nəhəng olduqlarına görə bir-birlərini sıxırlar, bu sıxılmalar qanunauyğunluqla 3 istiqamətdə olur. Biri dediyim kimi Şimali və Cənubi Amerikaya tərəf gedir, tavaların bəziləri alta keçir, bəziləri məcbur olub üstə çıxır. Sakit okean isə Amerika materikinin alt hissəsinə girdiyinə görə And Kordilyer dağlar əmələ gəlir. Ora seysmik zonadır və orada mütləq həmişə zəlzələlər olacaq. Kaliforniyada, Çilidə, Argentinada, Alyaska tərəfdən. Digər bir hissəsi isə əks, yəni, Yaponiya tərəfdəndir. Kamçatkadan başlayaraq hamısı vulkanik sahələrdir. Yəni, yerin altındakı yüksək təzyiq özünü vulkanlar kimi də göstərir. Cənuba doğru, İndoneziyaya tərəf gəlir, bu ikinci istiqamətdir. Üçüncü istiqamət isə bizə aiddir. Fransanın şimalından Alplar gəlir, ondan sonra keçir Karpat dağlarına, burada 1000 kilometrlik məsafədə də Qafqaz dağlarıdır, 1400 kilometrlə keçir, Xəzər dənizinin altıyla Türkmənistan, Hindistan və gedir İndoneziyaya qədər və orada toqquşur. İndoneziya iki seysmik qurşağın qurtaracağında dayanır. Afrika və Ərəbistan yarımadasının litosfer tavaları Avrasiya materikini sıxmağa başlayır. Ona görə də bu ərazilərdə zəlzələ hər zaman gözlənilir. Qafqaz, Avropa hissəsi, Hindistan, Əfqanıstan, İran, Türkiyə bunlar hamısı bu sistemdədirlər. Biz də bu sistemin bir hissəsi olduğumuza görə bizdə də bu zəlzələlərin olması labüddür. Bu artıq danılmazdır. Zəlzələ olmayan hissələr də var ki, onlar bütöv hissələrdir. Məsələn, bəziləri Afrikanın bir hissəsində, bəziləri Hindistanın Dəkkən yaylasında, Moskva ətrafında, yəni Şərqi Avropa düzənliklərində zəlzələ olmadığını deyirlər, çünki belə yerlər sabit hissələrdir və platformalar adlanır. Biz bunları Quran ayəsi kimi beynimizə hopdurmalıyıq, uşaqlarımız, böyüklərimiz, müəllimlərimiz bilməlidir. Təəssüf ki, hətta ixtisası bu üzrə olanlar belə doğru-dürüst başa düşmürlər, coğrafiya fakültəsini bitirib gələnlərin bu sahədə heç təsəvvürü yoxdur. Hansı ki, orta məktəbdə də müəyyən saatlar ayırıblar buna, yəni, biz bu işlərlə maraqlanmalı, bilməliyik. Tikinti sənayemiz isə bu işdə hazır olmalıdır. Bilməliyik ki, biz 8, 9 ballıq bir zəlzələ zonasındayıq, tikilən evlərimizdən başlamış, yardımçı təsərrüfatlarımıza qədər hamısı bu istiqamətdə olmalıdır. İnsanı zəlzələ zamanı qopan bir balaca daş məhv edirsə, çalışmaq lazımdır ki, o daşı ordan qopmağa qoymayaq.
- Ənvər bəy, sizcə keçiril(məy)ən maarifləndirmə tədbirlərinin azlığı buna ikinci bir səbəb ola bilərmi?
- Maarifləndirmə haqqında bayaq da qeyd etdim. Orta məktəblər də, institut müəllimləri də, tələbələri də bu barədə məlumatlı olmalıdırlar. Təəssüf ki, burada xeyli çətinliklər var. Zəlzələdən qorxmaq lazım deyil, zəlzələ adam öldürmür ki?! Bizim zonada heç öldürə bilməz, çünki bizdə ağır zəlzələlər yoxdur. Ancaq bununla bərabər biz zəlzələnin mahiyyətini, ona qarşı tədbirləri də bilməliyik. Maarifləndirmə yüksək səviyyədə aparılmalıdır. Mən bu məsələdə maarifləndirmə işindən qətiyyən razı deyiləm. Hətta mütəxəssisi adlandırılan adamlar belə bu işi düzgün bilmirlər.
- Qurban Yetirmişli müsahibələrinin birində, həftədə bir dəfə zəlzələ barədə maarifləndirmə ilə bağlı yarım saat müddət ayrılması üçün telekanallardan birinə müraciət edəcəyini bildirib. Sizin bu barədə olan fikirləriniz Qurban Yetirmişli ilə eynidirmi?
- Qurban müəllimin də bu sahədə dedikləri düzdür. Biz bilməliyik ki, zəlzələ adında nəhəng bir odun, alovun, silkələnmənin, dağəmələgəlmənin üstündəyik. Biz hər dəqiqə buna hazır olmalıyıq. Zəlzələnin ümumi məkanı olaraq üç istiqaməti qeyd etdim. Amma lokal məkanlarını, zamanlarını konkret bildirmək qeyri-mümkündür, məsələn: "Bakıda bu saatda, bu yerdə zəlzələ olacaq" . Buna inananların özləri tək elmi cəhətdən yox, düşüncə cəhətdən də problemli adamlardır. Televiziya ilə təbliğat almağın mənası yoxdur, institutlar güclənməlidir, bu sahədə müəllimlər orta məktəbdən başlayaraq zəlzələ haqqında dərslər keçməlidir.
- Bildiyimiz kimi, zəlzələ anında, zəlzələdən saniyələr öncə mobil telefonlara bildiriş gəlir. Bu xəbərdarlıq zəlzələdən çox qısa müddət öncə göndərildiyindən həmin an "tez tərpənmək" onsuz da mümkün olmur. Sizcə bunun aktiv olması təlaşı daha da artırır?
- Mən elə düşünürəm ki, bu o mənaya gəlir ki, sən zəlzələ vaxtı liftə minə bilmərsən. Sonuncu zəlzələ olanda mən müsahibə vermək istəyirdim, müxbir zəng etmişdi, çölə çıxdım, gördüm 3-cü mərtəbədə liftdən istifadə edirlər. Təbii ki, orda yaşlı adamlar, həssas təbəqədən olan nümayəndələr var, bu adamlar əlbəttə ki, liftdə qalsalar, dözə bilməyəcəklər. Müəyyən şeylər var ki, onlarda diqqətli olmaq lazımdır.
- "Azərbaycan neft və qaz yataqları ilə zəngin olduğuna görə bura seysmoloji zona hesab olunmur" fikri ilə razısınızmı?
- Bu bir balaca mübahisəli məsələdir. Əvvəla neft, qaz istehsalı, faydalı qazıntıların yerin altından çıxarılması yüzilliyin, iki yüzilliyin nəticəsidir. Hansı ki, ağır zəlzələlər ondan çox-çox əvvəl olub, məsələn Şamaxıda 4 zəlzələ olub. Zəlzələlər yer kürəsi yaranandan bir xeyli sonra artıq mahiyyət etibarilə onun taleyinə yazılmış bir hadisələrdir. Neft, qaz istehsalı ilə əlaqələndirilməyi qətiyyən düzgün deyil. Ən birinci zəlzələlərdən biri Gəncədə, 1139-cu ilin 26 sentyabrında, şənbə günü olub. O zaman neft, qaz var idi? Və yaxud da 1192-ci ildə Şamaxıdakı zəlzələ, 1167-ci ildə, 1902-ci ildə və s. zəlzələlər də bunlara misaldır.
- Binaların bir-birilə çox sıx olması zəlzələ fəsadlarını artırmaqla nəticələnə bilərmi?
- Binaların bir-birinə sıx olmasının zəlzələyə dəxli yoxdur, sadəcə olaraq, binaların bir-birinə sıx olması zəlzələ zamanı hansısa yaxşı konstruksiyadan hazırlanmamış binanın uçmağı, digərlərinə də problem yarada bilər. Və yaxud sıx olmasının bir problemi də budur ki, camaat həyətə yığılsa, binanın özü hündürlüyündə kənara çəkilmək şansları olmur. Yolun üstündə binanın tikilməsi yoldan keçən təsadüfi adamları məhv etməyə bilər. Hansı ki, yoldan ən azı 10 metr kənarda olmalıdır. Orda zəif konstruksiya ilə tikilmiş bir bina onlarla adamı məhv edə bilər. Mənim fikrimcə, zəlzələ olan yerlərdə, Bakıda toplaşma yerləri düzəldilməlidir. Allah eləməsin, Şamaxıdamı, Gəncədəmi və s. ağır zəlzələlər olsa orda çadır qurmaq, gecələmək mümkün olmalıdır. Belə şeylərə də fikir vermək lazımdır.
Zeynəb Rzayeva