Uşaqlar üzərindən qurulan biznes- "sharenting"

Günümüzdə uşaqlarının həyatlarının hər anını sosial media hesablarında şəkil, video olaraq paylaşan valideynlər olduqca çoxdur. Belə valideynlərə "sharenting" adı verilir. Sosial media istifadəçiləri tərəfindən bu cür paylaşımlar heç də mənfi qarşılanmır, hətta insanlar uşaq videolarından zövq alırlar. Bu hal o qədər artıb ki, artıq cəmiyyət tərəfindən adi qəbul olunan hadisədir. Ona görə də, bunun mənfi və təhlükəli tərəflərini nəzərdən qaçırırlar. "Sharenting" dünya səviyyəsində bir problemdir, "StopSharenting" adı altında bir çox ölkələrdə xəbərdarlıq tədbirləri keçirilir, valideynləri ciddi şəkildə xəbərdar edirlər.

Araşdırmalara görə, milyonlarla valideyn uşaqlarının şəkillərini paylaşmaqla onların məhrəmiyyətlərini ifşa etmiş olur və gələcəkdəki təhlükə üçün zəmin yaradır.

Gəlin ilk öncə bu məsələnin psixoloji baxımdan hansı fəsadları yarada biləcəyinə nəzər salaq. Klinik psixoloq Vəfa Rəşidova Dəmirin dediyinə görə, bu məsələ ilk olaraq Rusiya və Türkiyədən başlanıb və yavaş-yavaş blogerlər uşaqlarının üzərindən biznes qurmağa başlayıblar:

-Uşaq mövzusu həmişə insanlar üçün maraqlı olub. Bu toplumun zəif nöqtəsidir və onu müəyyənləşdiriblər.  Uşaq pak bir məxluq olduğu üçün müəyyən bir yaş var ki,  o yaşa qədər uşağı heç kameranın önünə gətirmək olmaz, nəinki blogerlik.

Psixoloqun fikrinə görə, valideynlər uşağın yeməsi, içməsi, geyinməsi, gəzməsi kimi sadə şeyləri şişirdib paylaşaraq saf insanların psixologiyasını manupilasiya edir və bu yolla da baxış sayı və s. artırırlar.

"Mən bu prosesə birmənalı yanaşmıram. Kiməsə görə övladı çox gözəl ola bilər, amma digər insan üçün çox da gözəl sayılmaya bilər. Uşağın doğumundan,1 aylığından, 6 aylığından bəri reklamı mənə görə normal deyil. Bəlkə böyüyəcək və etiraz edəcək? Bunları qəbul etməyəcək xarakterdə formalaşacaq. Hətta uşaq valideyni məhkəməyə belə verə bilər ki, mənim razılığım olmadan bu çəkilişləri etmisən. Valideyn uşağın rəyini almadan, onun fikirlərini öyrənmədən doğulduğundan bəri reklam edib, pul qazanır. Uşaq müəyyən yaşa dolduqdan sonra özünü istifadə olunmuş belə hesab edə bilər. Çünki, doğrudan da bu istifadənin bir növüdür. Bu, mənəvi istismardır. Rusiyada tanınmış blogerlərdən birinin uşağı böyüdükdən sonra özünün valideyni tərəfindən çəkilməsinə və paylaşılmasına etiraz etməyə başladı. Uşağın bu halı sevməməsinə baxmayaraq, valideyn hələ də uşağı çəkməyə davam edir, çünki, o, çox gözəldir və gözəl şöhrət qazandırır."

Valideynləri tərəfindən paylaşılan uşaqlıq, ərgənlik dönəmi görüntülərinə görə psixoloji təsir görənlərin sayı olduqca çoxdur. Bu onlarda travmasız ötüşmür.

"Uşaq formalaşmağa başladıqca onda müəyyən fikirlər yaranmağa başlayır. Bəzi valideynlər uşağı məcburən adaptasiya  etmək istəyirlər ki, kameraya öyrəşəcəklər. "Bu sənin rifahın, gələcək biznesin üçün yaxşı bir haldır" ifadələrini deyə-deyə artıq məcburi şəkildə adaptasiya edirlər və uşaqda travmalar yaranır. Uşaq yeniyetməlik yaş dövrünə qədər, ya da yeniyetməlik yaş dövründə özünü təsir altında hiss edərək razılaşmaya bilər. Bu da onun özünün istismar olunduğu hissinə  gətirib çıxarda bilər, hətta bunu özünə qarşı zorakılıq olaraq qəbul edər. Bildiyiniz artıq travma alacaq. Bir valideyn uşağının etirazlarına məhəl qoymadan, hələ də çəkirsə, artıq uşaq "yox" deyə bilməməyə alışır. Bu ərgənlik dönəminə çox ciddi təsir göstərir, sonralar ya düzəlir, ya da davam edir. Sonra gələcəkdə o da öz uşağına bunu təlqin etməyə başlayacaq."

Bəs uşağın psixoloji sağlamlığı üçün valideynlər tərəfindən hansı sərhəd qorunmalıdır?

"Uşaq öz fikirlərini ifadə və öz hüquqlarını müdafiə edə biləcək yaşa çatandan sonra bu paylaşımların edilməyini doğru hesab edirəm.  Məsələn, Avropada, Amerikada müəyyən ailələri çıxmaq şərti ilə, ailələr uşaqlarını ortaya qoymurlar. Dediyim kimi, bu hal Rusiya və Türkiyədə çoxluq təşkil edir və biz də təlqin formasındayıq. Bizdə də çox alınmasa da, uşaq üzərindən nəsə etməyə çalışırlar. Uşağın fikrini öyrənmədən onun üzərindən nəsə edən valideyn məsuliyyət daşıyır və daşımalıdır."

Psixoloq Pedaqoq Zeynəb Əyyubovanın fikirlərinə görə isə indiki dövrün uşaqlarına istəmədikləri bir şeyi etdirmək mümkün deyil:

"Uşaq mənəvi və fiziki zorakılığa məruz qalmır, nəyəsə məcbur edilmir, dövlətin bu haqda mənfi qərarı yoxdursa, bu paylaşımlar bir problem yaratmır. İndiki uşaqlar yetərincə öz sözünü deyən mövqedə və manipulyasiyonu bilən olduqlarına görə, öz uşağımız özü istəmədiyi halda onunla şəkil çəkdirə bilmirik. 90% hallarda uşaqlar artıq valideynlərinə nəyisə istəmədiklərini deyə bilirlər. İnsanlar, uşaqlar var ki, kameraya meyilli olurlar. Mən məhşurlar tanıyıram ki, uşaqları kamera önündə böyümələrinə baxmayaraq, daima kamera önünə çıxmaqdan imtina edir.

Psixoloq ümumiyyətlə Azərbaycanda bu halın çox az olduğunu bildirib:

-Hər bir valideyn öz uşağının tutumunu bilir. Əgər bir valideyn görsə ki, bu uşağında travma yaradır, bunu etməyəcək. Azərbaycanda 10 valideyndən 1-i belə düşünmürəm ki, sırf sosial şəbəkədə şəkil paylaşsın deyə uşağını belə bir vəziyyətə qoysun. 20 valideyndən  1-i bəlkə olar, yəni bu cür valideynlər çox azdır. Ümumiyyətlə uşağın fiziki və psixoloji sağlamlığını qorumaq üçün onlara sərhədlər başa salınmalıdır.

Mövzu internet üzərindən həyata keçirildiyi üçün rəqəmsal dünyanın gətirdiyi təhlükələri gözardı etməməliyik. Araşdırmalara görə, irəliləyən illərdə insanın doğum tarixindən tutmuş, yaşadığı yerlərə, oxuduğu məktəblərə qədər hər məlumat asanlıqla digər şəxslər tərəfindən əldə edilə bilər. Bu da, bank kartlarının oğurlanması, şəxsiyyətin koplayanması və s. kimi təhlükələrə yol açacaq. "Barclays" maliyyə şirkətinin araşdırmasına görə, 2030-cu ilə qədər şəxsiyyət vəsiqələrinin kopyalanma məsələlərinin üçdə ikisinə səbəb "sharenting" olacaq.

Sosial Media Mütəxəssisi Qoşqar Bəylərov deyib ki, "sharenting" (valideynlərin sosial mediada öz uşaqlarının şəkillərini, məlumatlarını paylaşması) məsələsi günümüzdə daha çox diqqət çəkir. Bu tendensiyanın artması ilə birlikdə bir neçə təhlükə ilə üz-üzə qalmaları mümkündür:

Gizlilik təhlükəsi: Çoxsaylı paylaşımlar, uşaqların həyatının bir çox aspektini ictimai mühitə açıq edir. Bu məlumatların yanlış əllərə keçməsi və potensial olaraq pis niyyətli istifadə edilməsi mümkündür.

Şantaj və taciz: Uşaqların görüntüləri və məlumatları, bu məlumatları pis niyyətli şəxslər tərəfindən istismar etmək üçün potensial obyekt kimi istifadə oluna bilər. Şantaj və taciz halları ortaya çıxmağa başlaya bilər.

Təhlükəli kontent tərəfdaşları: Uşaqların şəkilləri və məlumatları, təhlükəli və ya potensial ziyanlı kontentlər tərəfindən istifadə olunar. Bu, valideynlər tərəfindən nəzarət olunan şəbəkələrdə belə baş verə bilər.

Gələcəkdə iş imkanları və sosial münasibətlər: Uşaqların sosial mediada paylaşılan məlumatları, gələcəkdə iş axtaran zaman və ya sosial münasibətlər qurarkən onları təsir edə bilər. Potensial işverənlər və digər insanlar, internetdə ətraflı məlumat əldə etmək üçün bu məlumatlara əldə edə bilər və keçmişdəki "səhvlər" uşağın reputasiyasına təsir edə bilər.

Bu təhlükələrdən qorunmaq üçün valideynlər, uşaqlarının məlumatlarını və şəkillərini diqqətli şəkildə idarə etməlidirlər. İnternetdəki gizlilik tənzimlənmələri istifadə edilməlidir və valideynlər uşaqlarını bu potensial təhlükələr barədə məlumatlandırmalıdırlar.

Qoşqar Bəylərovun  fikrincə   bu  məsələ hüquqi perspektivdə bölgəyə və ölkənin qanunlarına bağlı olaraq dəyişir. Hər ölkənin öz mədəniyyəti və hüquq sistemləri olduğu üçün bu tip məsələlərdə geniş bir spektr var. Bir çox ölkədə, valideynlər uşaqlarının şəxsi məlumatlarını paylaşmağa icazə haqqını saxlayırlar. Lakin buna baxmayaraq,  bu  valideynlərin bu haqqı sui-istifadə etməsi məsələsini yaradır. Belə bir durumda, valideynlər uşaqlarının şəxsi məlumatlarını icazəsiz paylaşdıqda hüquqi problemlər yaranır. Uşaq və valideynləri arasında məhkəmə müqaviləsi tələb edilə bilər. Bununla birlikdə, bəzi ölkələrdə valideynlər özləri uşaqlarının şəxsi məlumatlarını paylaşmaq üçün icazə almağa məcbur edilirlər. Bu, uşağın məhv olunmasına, tacizə məruz qalmasına və ya başqa təhlükələrlə üz-üzə qalmasına qarşı qorumaq üçün alınan bir tədbirdir.

Bu məsələyə dair ən yaxşı təcrübə, valideynlərin özlərininin sosial media gizlilik siyasətləri təyin etməsidir. Hüquqi perspektivdə, ölkədəki mədəniyyət və qanunlara əsaslanmaq önəmlidir.Valideynlər bu sahədə məlumatlı olmalıdırlar.

-Artıq süni intellekt çox asanlıqla şəkillər yarada bilir və internetdə mövcüd olan üzlərdən istifadə edir. Bu şantaj hallarının artmasına gətirib çıxardır. Bu məsələni "sharenting" ilə əlaqələndirilə bilərik?

-Bəli, süni intellektin (SI) və "sharenting" praktikalarının bir araya gəldiyi zaman, şantaj və təhlükəli məzmunun artma ehtimalı yüksəkdir. İnsanlar süni intellekt tətbiqlərindən istifadə edərək rahatlıqla şəkillər yarada bilirlər. Süni intellekt, şəxsi məlumatları və uşaqların şəkillərini təqdim edən valideynlərin paylaşdığı məzmunları istifadə edərək təhlükəli şantaj məzmunları yarada bilər.

Süni intellektin inkişafı ilə birlikdə, şəxsi məlumatların təhlükəli istifadəsi ilə əlaqəli potensial risklər arta bilər. Bu məsələlərdə valideynlər və şəxsi məlumatları paylaşmamağa diqqət etməli və etik olaraq məsuliyyət sahibi olmalıdırlar. "Sharenting" məsələsinin həlli üçün bir neçə istiqamətdə tədbir görülməlidir:

Gizlilik Tənzimlənməsinin İdarə Edilməsi: Sosial mediada valideynlər şəxsi məlumatlarını paylaşarkən gizlilik ayarlarına diqqət etməlidirlər. Hər bir platformun öz gizlilik tənzimləmələri var və valideynlər bu ayarları tənzimləyərək, paylaşımlarını kimin görə biləcəyini nəzərə almalıdırlar.

Məlumatları Doğru Şəkildə Filtirləmək və Məhdudlaşdırma: Validəynlər özləri və uşaqları üçün məlumatları doğru şəkildə filtr etməlidirlər. Hər şeyi paylaşmaq yerinə, hər paylaşımın uşağın gizliliyinə necə təsir edə biləcəyini də nəzərə almaq vacibdir.

Uşaqların İnformasiya İdarəsi və İnternet Təhlükələrinə Qarşı Təlimat: Uşaqlara özlərinin internetdə nəyi paylaşmağı və paylaşmamağı öyrətmək önəmlidir. Onlara sosial mediada etibarlı məzmunların necə paylaşılacağını və özlərini internet təhlükələrindən qorumağın yollarını öyrətmək gərəkdir.

Sosial Medianın İdarə Edilməsi: Valideynlər uşaqlarının sosial media istifadəsini idarə etməlidirlər. Bu, nə vaxt və nə qədər müddət ictimai məzmunlar paylaşılmağını, kimlərlə əlaqə qurmağını və kimləri "dost" etmələrini müəyyənləşdirməyi əhatə edir.

Bu tədbirlər, "Sharenting" məsələsinin təhlükələrini azaltmağa kömək edə bilər. "Sharenting" məsələsi kompleksdir və müəyyən qadağalar tətbiq etmək üçün dəqiqlik və möhkəmlənmiş bir yasa çərçivəsi olmadığı müddətdə təhlükəli ola bilər. Bu məsələ ictimai gizlilik, şəxsi azadlıq və hüquqi sahələri əhatə edir, bu səbəblə də tədbirin əhəmiyyəti və tətbiq olunan qadağalar bu kontekslərdə müzakirə edilməlidir.

Bununla birlikdə, bəzi ölkələr və qanunverici orqanları, uşaqlar haqqında məlumatların internetdə paylaşılması ilə əlaqədar bəzi qaydalara vurğu edir. Bu qaydalar, valideynlərə əks etdirilmiş bir formada məlumat paylaşmağı düşünmələrini və uşaqlarının gizliliyini qorumağı öyrədirlər.

Fikrimcə, bəzi qayda, tədbir və qadağalar gərəklidir:

Valideynlərin İcazəsi: Uşağın şəxsi məlumatlarını paylaşmağa icazə verən valideynlər ictimai məlumatı paylaşmağa üstünlük verirlər. Bu, valideynlərə özlərinin və uşaqlarının gizliliyini əlində saxlamağa dair daha böyük məsuliyyət verir.

Hüquqi Qoruma: Bəzi ölkələrdə, uşağın şəxsi məlumatlarının ictimai mediada paylaşılmasına qarşı qoruyucu hüquqi tədbirlər mövcuddur. Bu, valideynlərin özlərini və uşaqlarını potensial təhlükələrdən qorumağa kömək edir.

Sosial Media Şirkətlərinin Qaydaları: Sosial media platformalarının özündə, ictimai məzmunun    paylaşılmasına dair qaydalar və tədbirlər olur. Bu tədbirlər valideynlərin də diqqətini çəkir və onları uşaqlarının gizliliyini qorumağa həsr edilmiş tədbirlərlə tanış edir.

Qadağaların və tədbirlərin tətbiq edilməsi zamanı məsələni dəqiqliklə müzakirə etmək, ictimai müzakirəyə əsaslanan qadağalar təyin etmək və tədbirləri dəqiqliklə hüquqi məqamlara uyğunlaşdırmaq lazımdır.

QİYMƏT MAHİR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31