Qida sağlamlığı istehsalçının vicdanına buraxılmayacaq qədər ciddi məsələdir- Asim Vəli
15 Dekabr 2023 17:45 SosialƏt və ət məhsulları insanların ən çox istehlak etdiyi qida növü olduğundan onların keyfiyyətinə və təhlükəsizliyinə ciddi yanaşmaq lazımdır. Əks halda bu, insanların həyat və sağlamlığı üçün çox təhlükəlidir. Çoxumuz gün ərzində bir neçə dəfə piştaxtalarda, marketlərdə açıq halda satılan ətləri görürük, hətta alırıq. Bir çoxumuzun ət məhsulları haqqında məlumatımız olmadığından elə sadəcə satıcıdan təzə olub-olmadığını soruşub, "bəli, təzədir, bu gün kəsilib" cavabı ilə kifayətlənirik. Kolbasa, sosiskaların qiymətlərini ucuz görəndə sevirik. Bu "ucuzluq" o qədərdir ki, "mal əti" kolbasasının 2 kilosu 12 manata təklif olunur. Gəlin düşünək, mal ətinin öz qiyməti 15-17 manatdırsa, kolbasa istehsalında bir çox məhsuldan istifadə olunursa, necə olur ki, bu qiymət təyin olunur?
Müsahibimiz Qida təhlükəsizliyi üzrə ekspert Asim Vəlidir.
-Asim bəy, marketlərdə, qəssablarda satılan ət məhsullarına hansı vaxt aralığı ilə nəzarət olunur?
-İlk olaraq onu qeyd edim ki, ət və ət məhsulları yüksək risk qrupuna aid qida məhsullarıdır. Bu baxımdan da nəzarət həyata keçirilməli, sahibkarlarla maarifləndirmə işi aparılmalıdır. Təbii ki, ət kəsim məntəqələrinin, ət məhsulları satan marketlərin sayını nəzərə alsaq, bunu mütəmadi olaraq aparmaq fiziki olaraq çətin görsənir. Bu nəzarət - yoxlamalar planlı və hər hansı bir şikayət əsasında aparıla bilir. Hər bir istehlakçı özü məlumatlı olaraq öz qida seçiminə özü nəzarət etməlidir. Çünki qida sağlamlığı istehsalçının vicdanına buraxılmayacaq qədər ciddi məsələdir.
-Küçə şəraitində, yol kənarlarında açıq halda satılan, baytar müfəttişi tərəfindən nəzarətdən keçməyən ət və ət məhsullarının istifadəsi bizi hansı təhlükəylə üz-üzə qoyur?
-Küçə şəraitində, yol kənarında nəzarətdən keçməyən ət və ət məhsullarını almaq heç bir halda məsləhət görülmür. İlk növbədə ətin mənşəyi məsələsi şübhəlidir. Daha sonra ət və ət məhsulları bu şəraitdə saxlanma şərtləri ödənmədiyindən zərərli mikroorqanizmlərin çoxalması üçün münbit şərait olur. Bunlar brüselyoz, e-koli, salmanello və bir sıra bakteriyalardır.
-Hazırda marketlərdə 2 kilosu 10-12 manat olan kolbasa və s. kimi məhsullara çox rast gəlirik. Hazırda bazarda mal ətinin qiyməti 15-17 manat aralığında təklif olunur. Bəs mal ətinin qiyməti belədirsə, mal əti tərkibli adı ilə satılan məhsulun 2 kilosu necə bu qiymətdən aşağı olur?
-Hər kəs elementar hesablama aparsa, müşahidə edər ki, bu qiymətə kolbasa, sosiska tam mal əti deyil. Kolbasa və sosiska istehsalında ətin yan məhsulları da ətə qatılır. Dad, qoxu aradan qaldırılması üçün müxtəlif qatqı maddələri qatılır. Ümumiyyətlə kolbasa və sosiska və bir çox ət məhsulları qida rasionumuzda azaldılmalıdır. Bu kimi məhsullar bir çox xəstəliklərin, o cümlədən xərçəngin əmələ gəlməsinin səbəblərindəndir.
- Son istifadə tarixi keçmiş ət və ət məhsullarının yenidən satışa buraxılması, ya da məhsullarda istifadə olunması barədə məlumatlar mövcuddur. Bu halların qarşısı niyə alınmır ?
-Bəli, bizə də Qida Təhlükəsizliyi Hərəkatı olaraq "Facebook" sosial şəbəkəsindən və "WhatsApp" qida təhlükəsizliyi qaynar xəttimiz vasitəsilə bu barədə məlumatlar daxil olur. Təbii ki, əsas tövsiyələrimiz ət və ət məhsulları seçərkən mənşəyini bildiyiniz yerdən, sanitar - gigiyena normalarına , saxlama qaydalarına riayət olunan yerlərdən seçməyinizdir. Üstəlik farş alarkən gözünüzün önündə çəkilən farş alın. Hazır şəkildə satılan farş ətlərinə yan məhsullar da qatılır, iyini aradan qaldırmaq və rəngini düzəltmək üçün müxtəlif qatqılar qatılır. Açıq şəkildə satılan ət və ət məhsullarını birmənalı olaraq almayın.
-Bu cür ət məhsullarını satanları qanunvericilikdə hansı cəza gözləyir?
-Təbii ki, qanunvericiliklə bu kimi hallar baş verdikdə, bu, müvafiq qaydada cəzalandırılır. Hər birimiz "Leş Tofiq"lə bağlı əməliyyatdan məlumatlıyıq. Leş ət biznesi bütün dünyada yayılmış ən karlı qanunsuz bizneslərdəndir. Təsəvvür edin ki, ölmüş heyvan əti kilosu 1 manatdan alınaraq, gizli qurulan qanunsuz bazarlarda 3-4 manata bəzi restoran və kafe sahiblərinə satılır. Beləlikə, vicdandan yoxsul olan bir çox işbazların iştahı qabarır, daha çox pul qazanır və bu kimi ətlər qida olaraq mədəmizə daxil olur.
-Qida zəhərlənmələrinin artması halını bu məsələ ilə əlaqələndirə bilərikmi?
-Təbii ki, səbəblərindən hesab edə bilərik. Bu istiqamətdə aidiyyəti qurum "tarladan süfrəyədək" nəzarət mexanizmlərini və yoxlamaları artırmalıdır.
-Məhsulun təzə və keyfiyyətli olmasına necə əmin ola bilərik?
-Məhsul hazır məhsuldursa, etiket məlumatlarına diqqət etməliyik. Etiket məlumatlarında göstərilən təhlükəsizlik və saxlanma şərtlərinə əməl edilib-edilmədiyinə fikir verməliyik. Bunun üçün də ilkin qida təhlükəsizliyi biliklərimizi artırmalı və məsuliyyəti təkcə istehsalçının üzərinə atmamalıyıq. İctimai nəzarət daim olmalıdır.
-Sağlamlığımız üçün təhlükəsiz olan ət və ət məhsullarını haralardan əldə etməyimiz məsləhətdir?
-Bu kimi ət və ət məhsullarını baytar nəzarətindən keçmiş, sanitar - gigiyena normalarına, saxlanma şərtlərinə riayət olunan kəsim məntəqələrindən, marketlərdən ala bilərik.
QİYMƏT MAHİR