Konsentrasiya pozğunluğu...problemdən necə qurtulmaq olar?...

Konsentrasiya problemi bu gün xarici stimulların artması səbəbindən hər yaşda olan fərdlərdə görülə bilən ümumi bir problemdir. Konsentrasiyanın olmaması və diqqətin yayındırılması işin görülməməsinə, mövzuların izlənilməməsinə və insanların tez yorulmasına səbəb ola bilər. Üzvi və ya psixoloji səbəblərdən yaranan konsentrasiya problemləri gündəlik rejimin dəyişdirilməsi və ya digər bəzi hallarda psixoterapiya ilə həll edilə bilər.
İnsan ünsiyyət vasitəsilə mövcud ola bilən bir varlıqdır. Beyində meydana gələn xarici stimullar və siqnallar bu ünsiyyətin ilkin qaynaqlarıdır. Misal üçün, bir işə diqqət yetirdiyimiz zaman beyin xaricdən və daxildən gələn stimulları bağlayır və ya onları görməməzlikdən gəlir. Buna diqqət və ya konsentrasiya deyilir. Bunu daha aydın şəkildə müəyyən etmək üçün qeyd etmək lazımdır ki, konsentrasiya şüurun daxili və xarici stimullardan özünü bağlamaq və mövcud məşğuliyyətə cəmləşmək və bu diqqəti saxlamaq qabiliyyətidir.
İnkişaf edən texnologiyalar və onu əhatə edən daim dəyişən rəqəmsal dünya ilə əlaqədar olaraq, zehnin özünü xarici stimullara bağlaması getdikcə çətinləşir və nəticədə uşaqlarda və ya böyüklərdə konsentrasiya pozğunluqları müşahidə edilir.
Bəs bu problem insanın iş və yaxud sosial həyatına necə təsir edir? Bu problemi müalicə etmək və aradan qaldırmaq mümkündürmü? Konsentrasiya problemi hası üsullarla müalicə olunmalıdır?
Psixoloq Ülkər Məmmədli bildirir ki, bu problemi sadə müalicə üsulları ilə aradan qaldırmaq mümkündür:
"Ağıl daima qıcıqlara reaksiya verdikdə və diqqəti həmin anda cəmləyə bilmirsə, buna konsentrasiya pozğunluğu deyilir. Bununla belə, gündəlik effektivliyinizə təsir edən konsentrasiya pozğunluğunu tez bir zamanda aşkar edə və mütəxəssislərin müşayiəti ilə sadə müalicə üsulları ilə aradan qaldıra bilərsiniz.
Bu problem uşaqlar, gənclər və yaşlılar kimi demək olar ki, hər yaş qrupunda özünü göstərə bilər. Xarici stimullar, öyrənmə çətinlikləri, motivasiyanın olmaması, düzgün olmayan qidalanma və yuxu rejimi, təşkilati problemlər kimi bir çox səbəblə hər yaşda olan fərdlərdə konsentrasiya problemləri yarana bilər.
Uşaqlarda psixoloji və ya çevrəsində baş verən hər hansısa səbəblərə görə konsentrasiya problemləri yarana bilər. Diqqəti asanlıqla dağılan uşaqlar diqqəti cəmləməkdə, vacib işləri yerinə yetirməkdə çətinlik çəkirlər. Onlar hadisələrin ardıcıllığını qarışdırdıqları üçün unutqan və ya diqqətsiz ola bilirlər. İmpulsiv uşaqlar isə çox tez hərəkət edə və gözləməkdə çətinlik çəkirlər. Onlar, icazə almadan başqalarını narahat edəcək hərəkətlər edir, riskli davranışlar nümayiş etdirərkən hadisələrə həddindən artıq emosional reaksiya verə bilirlər. Gənc uşaqların belə davranması, səbirsiz və aktiv olması normal sayıla bilər. Bu simptomlar yaşla azalır. Bununla belə, uşaqlarda diqqətin cəmlənməsi ilə bağlı davam edən problemlər DEHB-nin əhəmiyyətli bir əlaməti ola bilər.
Bir az daha yetkin insanlarda konsentrasiya problemləri daha çox yuxu pozğunluğu və stress kimi səbəblərdən görünsə də, problemin altında yatan səbəb psixoloji və ya fizioloji pozğunluq da ola bilər. Uşaqlıqda başlayan DEHB adətən yetkinlik dövründə müəyyən qədər geriləyir. Bununla belə, simptomlar daha az rast gəlindiyi üçün, böyüklərin diqqətini cəmləməkdə çətinlik çəkdiyinə diqqət yetirilmir. Yüngül olsa da, bu əlamətlər böyüklərin şəxsi münasibətlərinə və karyerasına mənfi təsir göstərərək həyat keyfiyyətinin azalmasına səbəb ola bilər. Yetkinlər konsentrasiya problemlərindən ötəri yaddaş və zehni imkanlarını istədikləri kimi istifadə edə bilmirlər. Diqqəti toplamaq mürəkkəb zehni proses olduğundan insanlar diqqəti saxlamaqda çətinlik çəkə bilərlər.
İşdə diqqəti cəmləməkdə çətinlik çəkmək problemi müxtəlif səbəblərdən yarana bilir. Məsələn, diqqəti düzgün cəmləyə bilməməyin ən böyük səbəblərindən biri yorğun olmaqdır. Araşdırmalar da göstərir ki, deyək ki, əgər insan həmişəkindən cəmi 1 saat daha çox oyaq qalsa, amma eyni vaxtda oyansa, onun diqqəti cəmləmə qabiliyyəti əhəmiyyətli dərəcədə azalacaq. Bundan əlavə, müntəzəm olaraq gecə tövsiyə olunan 7-8 saat yuxu rejiminə düzgün əməl etməyən insanların diqqətin, yaddaşın və qərar qəbul etmə qabiliyyətinin azalması ilə qarşılaşacağı sübut edilmişdir. Beynimiz düzgün istirahətə ehtiyac duyacaq şəkildə inkişaf edib, əks halda insan optimal şəkildə fəaliyyət göstərə bilməyəcək və özünü yorğun hiss edəcək. Bu, diqqəti cəmləmək qabiliyyətinə mane olur.
Stress zehnimizin konsentrasiya qabiliyyətinə təsir edən başqa bir amildir. Stresslə bağlı bir çox araşdırma onun ölümcül və dünya miqyasında təsirlərini ortaya qoyur. Stress adətən qısa müddətdə daha çox işi yerinə yetirməli olduğumuz zaman yaranır. Tamamlaması lazım olan daha çox iş olduqda, məhdud vaxtda etməli olduğumuz bir çox şeyə görə insan daha çox stresli olur və bu da diqqəti cəmləməyi və hər hansı tapşırığı tamamlamağı çətinləşdirir.
Bir çox insanlar eyni vaxtda bir çox işi başa çatdıra bildikləri üçün multitaskingin, yəni, bir çox işi eyni anda görmənin daha təsirli olduğuna inanırlar, lakin bu yanlış fikirdir. Multitasking beyin üçün heç də yaxşı deyil. Biz elə bir dünyada yaşayırıq ki, burada zaman hər şeydir, lakin bu məhdud zaman ərzində edilməsi lazım olan çox şey var və insanların çoxu eyni anda daha çox iş görmək və bir qədər vaxta qənaət etmək üçün multitaskingə müraciət edirlər. Bununla belə, araşdırmalar da sübut edir ki, multitasking beyin üçün yaxşı deyil və eyni anda daha çox şey etməyə çalışanlar əslində etməyə çalışdıqları işlərdə daha çox səhv edəcəklər.
Qısacası, insan çoxlu tapşırıqları yerinə yetirərkən, fərqinə varmadan diqqətsiz səhvlər edir və heç bir şeyi səhvsiz tamamlaya bilmir. Bu, beynimizin etdiyimiz hər hansı bir işə diqqət yetirmə qabiliyyətinə təsir edir və nəticədə insan diqqətini cəmləməkdə çətinlik çəkir.
Diqqətimizi işimizə yönəltmək və konsentrasiya etmək istəyiriksə, adekvat sosial həyata sahib olmaq da mühüm amildir. İstər introvert, istərsə də ekstrovert olmağından asılı olmayaraq, insan rutininizdən vaxt ayırmalı və real insanlarla ünsiyyət qurmalıdır. Məsələn, bir çox insan həftə sonları evdə film izləməyi belə sosiallaşmaq hesab edir. Əslində, bu insanın özü ilə yaxşı vaxt keçirməsi üçün olduqca yaxşı bir yoldur, lakin bəzən insanlarla real həyatda tanış olmaq, ünsiyyət qurmağa çalışmaq daha məqsədəuyğundur.
Fiziki amillər də insanların diqqətini cəmləməkdə çətinlik çəkməsinin ən mühüm səbəblərindən biri ola bilər. Əgər diqqəti cəmləmək qabiliyyətinizə təsir edən və ya sizi zəiflədən müəyyən bir sağlamlıq vəziyyətiniz varsa, diqqəti cəmləməkdə çətinlik çəkəcəksiniz. Belə xəstəliklərə tiroid bezi, anemiya, diabet, depressiya və ya narahatlıq daxildir. Ağıl-bədən əlaqəsinə görə vücudunuz təsirlənirsə, ağlınız da təsirlənəcək.
Həmçinin diqqəti cəmləməkdə çətinlik çəkirsinizsə, davamlı olaraq mənfi hiss edirsinizsə və ya yorğunluq və sosial uzaqlaşma yaşayırsınızsa, bu artıq depressiyanın göstəricisidir və bu problemlə bağlı bir mütəxəssislə məsləhətləşməkdə fayda var. Depressiya dünyada konsentrasiya pozğunluğunun ən çox yayılmış formasıdır və hər beş pasiyentimizdən biri bundan əziyyət çəkir.
İnsanların işinə olan münasibəti də çox güman ki, diqqəti ona cəmləmək qabiliyyətinə təsir edəcək. Buna görə insanın özünə verməli olduğunuz ilk suallardan biri budur: mən işimizi sevirəmmi? Yüksək tələblər, uzun saatlar, fasilələrin olmaması və iş yerindəki mövqeyi bəyənməmək işdə diqqəti cəmləməyi çətinləşdirə bilir.
İşdəki performans azalmağa başlayanda bu, diqqəti cəmləmək çətinliyinin həyatımıza necə təsir etdiyinin açıq sübiti olur. Kiçik həyat tərzi dəyişiklikləri çətinliklərlə mübarizə aparmağa kömək edə bilər, ancaq bunun arxasındakı əsas səbəbi müəyyən etmək və mütləq mütəxəssislərə müraciət etmək lazımdır.
Konsentrasiya pozğunluqlarının çoxu heç bir tibbi müdaxilə və ya müalicə tələb etmir. Bununla belə, bir insanda diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu (DEHB) varsa, tibbi müalicələrə ehtiyac ola bilər. Ancaq insan yaddaş itkisi, yuxuya getməkdə çətinlik və qeyri-adi yorğunluq kimi əlamətlər yaşayırsa, müayinə üçün həkimə müraciət etməlidir. Bu problemin tibbi preparadlarla müalicəsi olmadığı üçün onun qəti bərpa müddəti də yoxdur.
Bütün bunlarla yanaşı, konsentrasiya pozğunluğu üçün aparılan müalicənin nəticələri daimi deyil, çünki vəziyyət davamlı olaraq təkrarlanmağa davam edir. Biz texnoloji cəhətdən diqqəti yayındıranların əhatəsində olduğumuz bir dövrdə yaşayırıq. Buna görə də, gündəlik olaraq konsentrasiya çətinlikləri ilə qarşılaşma ehtimalımız olduqca yüksəkdir".
 

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31