Azərbaycan demokratik dövlət quruculuğu yolunu seçmiş bir ölkə kimi həm məlumat, həm söz azadlığına təminat yaradıb

İstiqamət  5.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi; 

Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan dövlətlərdəndir. Bu gün müasir Azərbaycan reallığına nəzər saldıqda ölkədə çoxsaylı mətbuat orqanlarının müxtəlif yönlü informasiyalar, müəllif rəyləri təqdim etdiyini görmək mümkündür. 

"Bakı-Xəbər" qəzetinin baş redaktoru, jurnalist, politoloq Aydın Quliyev bildirir ki, söz, məlumat azadlığının və plüralizmin inkişaf etdirilməsi istənilən bir ölkə üçün demokratik dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissəsidir: 

"Hər bir ölkə əgər aktiv cəmiyyət, fəal vətəndaş mövqeyinə malik olan vətəndaşlar, ölkənin idarə olunmasında bütün cəmiyyətin iştirakını istəyirsə, ölkədə mövcud olan müxtəlif neqativlərə qarşı təkcə inzibati resursların hesabına yox, həm də cəmiyyətin resurslarının və ictimai rəyin təsirindən istifadə etmək istəyirsə, mütləq şəkildə söz, məlumat azadlığı və plüralizmin inkişafına diqqət yetirməlidir. Azərbaycan da ölkədə demokratik cəmiyyət quruculuğunu bir strategiya olaraq seçmiş ölkə kimi 90-cı illərin əvvəllərindən, Konstitusiyanın dəyişməsindən başlayaraq, indiyə qədər bu prosesi ardıcıl şəkildə həyata keçirib. Bəllidir ki, demokratiya elə bir inkişaf yoludur ki, onun əvvəli olmadığı kimi sonu da olmur. Heç bir ölkə demokratik inkişaf yollarında hanısa bir səviyyəyə yüksəldiyini iddia edə bilməz. Bu bəşər cəmiyyəti tarixində inkişafın elə bir modelidir ki, burada son zirvədən və alilikdən danışmaq qeyri-mümkündür. Ona görə ki, hər əldə olunmuş inkişaf zirvəsi özü ilə bərabər problemlər gətirir və demokratik inkişafın, hərəkətin davamlılığının məntiqi də məhz ondan ibarətdir ki, inkişaf prosesində həm problemlər yaranır, həm də həmin problemlərin aradan qaldırılması üçün bu cəmiyyətin, bu modeli seçmiş ölkənin özü öz içindən resursları səfərbərliyə alır və problemi həll edir. Bu demokratik inkişaf modelinin ən böyük özəlliyi və xüsusiyyətidir. Bu yolun uğurlu həyata keçirilməsində isə söz, məlumat azadlığı və plüralizmin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda bu proses 90-cı illərin ortalarında Heydər Əliyev tərəfindən yeni Konstitusiyanın qəbul olunması ilə başladı. Bəllidir ki, bu vaxta qədər Azərbaycanın müstəqil dövlət olaraq özünün milli və o zaman üçün hazırkı inkişaf xüsusiyyətlərini əks etdirən, prosesləri tənzimləyən Konstitusiyası yox idi. Sadəcə sovet dövrünün Konstitusiyasında müəyyən kosmetik dəyişikliklər edilmiş və yaranmış yeni reallıqlara uyğunlaşdırmaq cəhdlərinin tələblərinə qismən cavab verilmişdir. Konstitusiyamızın vəziyyəti belə idi. Amma 95-ci ildə yeni Konstitusiyanın qəbul olunması həm söz azadlığının, ifadə, məlumat azadlığının və plüralizmin inkişafına qanunvericilik hüquqi baza yaradılması baxımından olduqca əhəmiyyətli bir sənəd idi. Beləliklə, ölkəmizdə söz, məlumat azadlığı və plüralizmin inkişafını əslində onun praktik inkişaf vəziyyəti ilə qanunvericilik əsaslarının yaradılmasından ibarət olmaqla iki istiqamətdə nəzərdən keçirmək lazımdır. Bunun hansının əvvəl olduğu müqayisələndirilmir. Məsələ burasındadır ki, ölkədə iqtidarın siyasi iradəsinin olması, yəni, söz, məlumat və plüralizmin inkişaf etdirilməsinin həm qanunvericilik bazasının yaradılması, həm də onun praktikasının təkmilləşdirilməsi bir siyasi iradə məhsulu olaraq ortada olmalıdır ki, biz bunu 90-cı illərin ortalarından başlayaraq Azərbaycanda görməkdəyik. Konstitusiyanın dəyişilməsi ilə həm vətəndaş hüquqlarına, həm ifadə azadlığına, həm söz, məlumat azadlığına, həm də plüralizmin bütün formalarına konstitusion əsaslarda təminat yaradılması prosesi başladı və Konstitusiyanın əsasında sonradan həm söz azadlığı, KİV azadlığı, məlumat azadlığı ilə bağlı, informasiya və informasiyalaşdırma ilə bağlı, eləcə də plüralizmi tənzimləyən vətəndaş cəmiyyətinin təşkilatlanmasına ən müxtəlif üsullarda qanuni əsaslarına şərait yaradan qanunlar qəbul olundu. Siyasi partiyalar haqqında qanun, ictimai iştirakçılıq haqqında qanun və s. bu kimi qanunlar sonrakı illərdə Azərbaycan Konstitusiyasının verdiyi imkanlar hesabına qəbul olunmuş qanunlar kimi ölkədə plüralizmin və söz, məlumat azadlığının inkişafına öz təsirini göstərməyə başladı. Söz, məlumat azadlığı birinci növbədə həm də media azadlığı ilə bağlıdır. Yəni, insanların cəmiyyətdə gedən proseslərə açıq və sərbəst reaksiyası, insanların reaksiyasının rəsmi dövlət strukturları tərəfindən nəzərə alınması və ölkə idarəçiliyində ictimai rəyin göstəricilərindən bir əsas kimi istifadə olunması. Söz, məlumat azadlığının fəlsəfəsi, mahiyyəti bundan ibarətdir ki, ölkədə hər bir qrupun, hər bir fərdin öz fikrini, düşüncəsini sərbəst şəkildə ifadə etmək imkanı olsun ki, bu imkana söykənərək hər bir insanın düşüncəsinin içərisində səmərəli toxumları, rasional hissəni tapmaq, onları ümumiləşdirmək və cəmiyyətin ümumi inkişafına, eləcə də, mövcud nöqsanlara qarşı mübarizəyə yönəltmək mümkün olsun. Buna görə də söz azadlığını, mətbuat azadlığı, media azadlığını  üzvü vəhdətdə nəzərdən keçirmək lazımdır. O yerdə ki, söz azadlığı yoxdur, orada təbii ki, media azadlığından söhbət gedə bilməz. Amma söz azadlığı, ifadə azadlığı, media azadlığının ən mühüm xüsusiyyətlərindən biri olmaq şərti ilə onun inkişafında bir növ detonator rolunu oynayır. Bu nöqteyi nəzərdən ölkəmizdə media haqqında yeni qanunun qəbul olunması, medianın bütün seqmentlərinə, çap mediası, onlayn media, audiovizual media orqanlarına dövlətin həm struktural, həm də ideoloji metodiki dəstəyi çox vacib bir institut forması almaqdadır. Yəni burada məqsəd demokratik dövlət quruculuğu prosesində rol oynayan, oynamalı olan bütün institutları, o cümlədən, medianı həm bu prosesə cəlb etməkdir, həm də onun özünün inkişafını dövlət və cəmiyyətin mənafeləri, tələbləri baxımından tənzimləmək və istiqamətləndirməkdir. İnsanların və media strukturlarının məlumat almaq azadlığının tənzimlənməsi cəmiyyətimizdə demokratik dövlət quruculuğu prosesinin mühüm istiqamətlərindən və təzahürlərindən biridir. Vətəndaşın məlumat almaq azadlığı təkcə vətəndaşa aid olan məsələ kimi nəzərdən keçirilməməlidir. Burada məlumatın istehsalçısının azad olması, məlumatı alan insanın azad olması, məlumatın yayılma prosesində azadlıq və sərbəstlik çox mühüm amillərdir. Əlbəttə, dövlət sirri, dövlət xidməti sirri deyilən anlayışlar da var. Bunların tənzimlənməsi şərtilə, yəni dövlət sirri sayılan məsələlərin söz azadlığı altında xaotik olaraq yayılma prosesinin qarşısını almaq məqsədilə söz, məlumat azadlığına həm geniş şərait yaradılması, həm də onun dövlət sirlərinin və xidməti sirlərinin yayılmasında bir kanala çevrilməsi imkanlarının qarşısının alınması olduqca vacibdir. Bu mənada məlumat almaq azadlığının qanunvericilik yolu ilə tənzimlənməsinə çox ciddi ehtiyac var. Təsadüfi deyil ki, ölkəmizdə məlumat almaq azadlığının qanunvericilik yolu ilə  tənzimlənməsi üçün müvafiq qanunlar da qəbul olunub. Eyni zamanda, həm vətəndaşların qanunla məlumatları toplamaq, həmin məlumatları saxlamaq, məlumatı yaymaq, cəmiyyətin maariflənməsində bir iştirakçı subyektə çevrilmək imkanının olması ilə bərabər, həm də məlumatların azad şəkildə istehsalı deyilən bir məsələ də var. Bu da ondan ibarətdir ki, dövlət orqanları, qeyri hökumət təşkilatları, siyasi partiyalar, biznes strukturlarının hər biri məlumatın mənbəyinə çevrilə bilərlər və bunların müəyyən qismi məlumatlar var ki, bunların yayılması onlar üçün də məqbul sayılmır. Ya xidməti sirri ola bilər, ya dövlət sirri ola bilər, amma onların xidməti və dövlət sirri olmayan çərçivədə məlumat istehsal etməsi onların fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Əgər siyasi partiya və yaxud da qeyri hökumət təşkilatı öz fəaliyyəti ilə bağlı ya cəmiyyətdə gedən proseslərlə bağlı özünün baxışlarını əks etdirən bir informasiya yaymırsa, onun cəmiyyətə praktik şəkildə demək əhəmiyyəti olmayacaq və o, ancaq korporativ maraqlara söykənəcək və sosial məsuliyyət deyilən bir şeyi çiyninə götürə bilməyəcək. Eləcə də biznes strukturları. Biznes strukturları birinci növbədə cəmiyyətin qarşısında sosial məsuliyyət daşıdıqlarını nümayiş etdirmək üçün mütləq şəkildə müəyyən informasiyaların istehsalçısı kimi çıxış etməlidir. Həm cəmiyyət onun nə işlə məşğul olduğunu görsün, həm də cəmiyyətə bir mesaj verilsin ki, filan struktur təkcə özünün ana funksiyası ilə yox, deyək ki, hansısa bir malı istehsal etmək, hansısa bir xidmət göstərməklə yox, həm də cəmiyyətə müəyyən qədər fayda verməkdən ibarət olan sosial məsuliyyət funksiyasını da yerinə yetirir. Bax bunun üçün müxtəlif dövlət orqanlarında, şirkətlərdə, özəl sektorda, siyasi partiyalarda, hər birində özlərinə aid olan və özlərinin baxışlarını əks etdirən məlumatların yayılması ilə məşğul olan ayrıca strukturların yaradılması qanunvericilikdə konkret şəkildə təsbit olunub. Məsələn, hər hansı bir dövlət idarəsi deyə bilməz ki, mən burda mətbuat xidməti yaratmıram,  ictimaiyyətlə əlaqələr idarəsi yaratmıram. Bu mətbuat xidməti və yaxud ictimaiyyətlə əlaqələr idarəsini yaratmaqdan imtina etmək hardasa müəssisəni qapalı bir müəssisəyə çevirməkdir. Heç bir müəssisə rəhbərinin ixtiyarı yoxdur ki, rəhbərlik etdiyi müəssisəni, özəl sektor olsun, ya dövlət müəssisəsi olsun, cəmiyyət üçün qapalı müəssisə etsin. Bir çərçivə var, həmin çərçivəyə daxil olan məlumatları çıxmaq şərti ilə qalan hər bir şeyi cəmiyyətə, cəmiyyət və onun   inkişafı naminə paylaşmağı bacarmalıdır və buna məcburi bir norma kimi baxmalıdır. Ona görə də məlumatı almaq, məlumatı yaymaq, ümumiyyətlə, məlumat azadlığını tənzimləyən ayrı qanun normaları da var ki, bunlar da Azərbaycanda plüralizmin inkişafına öz təsirini, rolunu göstərir. Məsələn, hər bir Azərbaycan vətəndaşının, təkcə media orqanı yox, hər bir Azərbaycan vətəndaşının istənilən bir dövlət orqanının və ya özəl sektordan məlumat almaq hüququ var. Bu da qanunvericilik yolu ilə təsbit olunub. Məlumat almaq azadlığı, informasiya, informasiyalaşdırma haqqında  Azərbaycan qanunları var ki, bunlar hər bir vətəndaşın dövlətdən və müxtəlif qurumlardan məlumat almaq azadlığını tənzimləyir. Müəyyən konkret müddətlər müəyyən olunub, müraciətin forması qanunvericilikdə təsbit olunub, hər bir müraciətə, xarakterindən asılı olaraq cavab verilməsi məcburi olan vaxt intervallar müəyyənləşdirilib ki, bu da həm vətəndaşlarla məlumatın mənbəyi sayılan orqan arasında problemin yaranmasına imkan vermir, həm də vətəndaşın istədiyi bir məlumatı alaraq, maariflənmiş vətəndaşa, ictimai yük daşımağa hazır olan vətəndaşa çevrilməsində öz rolunu oynayır. Plüralizmə gəldikdə isə, ölkədə plüralizmə konstitusiyon əsaslarda təminat var. İstər siyasi, istər iqtisadi sahədə plüralizmə Azərbaycan Konstitusiyasının, insanların, mülkiyyətin və siyasi fəaliyyətin, ictimai fəaliyyətin ən müxtəlif formalarının müəyyən olunması, elə plüralizmə konstitusiyon əsaslarda təminat verilməsi deməkdir. Mülkiyyətin bütün formalarına təminat var, istənilən insan istənilən formada mülkiyyətə sahib ola bilər. İctimai fəaliyyətlə, siyasi fəaliyyətlə məşğul olmağa təminat var. Konstitusiyada bunlar əks olunub. Üstəlik, siyasi partiyalar haqqında ayrıca bir qanun var. İnsanlar özlərini media sahəsində bir media subyekti kimi təsdiq eləyə bilərlər. Yəni bu da insan fəaliyyətində plüralizmin praktik reallaşması formalarından biridir. Və yaxud da ki, insanların ictimai birlik yaratmaq, vətəndaşların təşkilatlanmasını tənzimləyən ictimai birliklər haqqında qanun var. Bu İctimai birliklər haqqında qanun insanların həm cəmiyyətin idarə olunmasında, həm də dövlət idarəçiliyinə ictimai rəy elementləri ilə təsir göstərmək imkanları verir. Eyni zamanda, insanların təşkilatlanması və cəmiyyətin problemlərinin həllində hər bir fərdin gücündən istifadə imkanının ortaya qoyulmasına şərait yaradır. Bir sözlə, Azərbaycan demokratik dövlət quruculuğu yolunu seçmiş bir ölkə olaraq həm məlumat azadlığı, həm söz azadlığı, həm də plüralizmin inkişafına həm qanunvericilik əsaslarında kifayət qədər təminat yaratmış ölkədir, həm də bunun praktik təcəssümünə daim dövlət siyasəti səviyyəsində nəzarət edən və diqqət ayıran bir ölkədir. Problemlər ola bilər, necə ki, var. Amma bu, məqsədli və şüurlu şəkildə yaradılmış problemlər deyil. Dediyimiz kimi, demokratik quruculuq elə bir inkişaf yoludur ki, bu yol yeni-yeni problemlərin meydana gəlməsindən sığorta olunmayıb. Amma ondan da sığorta olunmayıb ki, bu problemlər problemlərin üstünü ört-basdır edilsin, hansısa qrupun, hansısa bir şəxsin mənafeyinə uyğun olmayan təzahürlərin qarşısı alınsın və bunlar boğulsun. Demokratik inkişaf yolunun mühüm funksiyası odur ki, həm problemləri yaratsın, həm də problemləri öz gücü ilə həll eləyə bilən bir mexanizm yaratsın. Bu mexanizmlərdən də biri söz, məlumat azadlığının və plüralizmin inkişafına dövlət və ictimai səviyyədə təminat yaratmaqdan ibarətdir". 

 Röyalə Xəyal

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31