"İnsan nə qədər həyatda var, zorakılıq da olacaq"
15 Dekabr 2023 19:44 SosialGünümüzün dəyişilməyən ictimai problemlərindən biri məhz qadın zorakılığıdır. Ümumiyyətlə, hansı dövrə nəzər salsaq, bu məsələ, təəssüf ki, aktualdır.
ABŞ qadınlara qarşı zorakılığa görə 36 faiz, Kolumbiya qadınlara şiddət nisbətində yüzdə 37, Latviya və Danimarkada yüzdə 32, Finlandiyada bu nisbət yüzdə 30, İngiltərədə yüzdə 29, İsveçdə 28 faiz, Norveçdə 27 , Hollandiyada 25, Belçikada 24, Almaniyada 22 faiz, İtaliya və Yunanıstanda 19, Yaponiyada 15 və Meksikada 14, Pakistanda 85 faiz-dir. Təəssüf ki, bu nisbət Azərbaycanda 94 faiz təşkil edir. Bu rəqəm hələ müvafiq qurumlar tərəfindən qeyd olunan zorakılıqlardır, bəs məişət şiddətinə səssiz qalan qadınların statistikası bu nisbəti 100 faizə tamamlamırmı?
Suallarımızı sosioloq Mail Yaqub cavabladı:
- Kişilərin zor tətbiq etməsi hansı duyğularının bunu tətikləməsi ilə baş verir? Hansı qüvvə onları qol gücü ilə qadından daha üstün olduqlarına inanmağa və onlara şiddət göstərmələrinə vadar edir?
- Kişiləri qadınlar üzərində zor, güc tətbiq etməyə təhrik edən əsas qüvvə onların fiziki cəhətdən qadından daha güclü olmaları hissidir və insan psixoloji olaraq güclüdürsə, özündən zəif üzərində hakimiyyət qurmağa, ona güc tətbiq etməyə meyilli olur. Müqəddəs kitabımızda da bu psixoloji məqam təsbit olunub. İnsan özünü ehtiyacsız, güclü görəndə yolunu azmağa başlayır. Bu potensial insanda var. Yolunu azmağın bir nümunəsi də qarşındakı zəifi əzməkdir. Kişi də qadını fiziki baxımdan özündən zəif hesab etdiyi üçün ona güc tətbiq etmək potensialı, duyğusu var. Kişi bunu kontrola almalıdır.

- Ümumiyyətlə fiziki şiddətin bir bəhanəsi varmı?
-Birmənalı olaraq fiziki şiddətin əleyhinəyəm. İnsanlar arasında fiziki şiddət, güc tətbiqi olmamalıdır. İnsan insandır. Məsələlərini müzakirə yolu ilə həll etməlidirlər və zənnimcə bunu edə bilərlər.
-Statistikaya əsasən Azərbaycanda məişət zorakılığında təqsirləndirilənlərin 94 faizini kişilərin təşkil etdiyi bildirilib. Qadınlar üzərində fiziki güc tətbiq olunmasının bu qədər geniş miqyası əhatə etməsinin səbəbi nədir?
-Təkcə Azərbaycanda yox, ümumiyyətlə dünya statistikasında da belədir. Zorakılığın 90 faizindən çoxunun səbəbkarı kişilərdir. İlk sualda kişilərin niyə qadınlar üzərində zorakılıq etdiyinin, bu statistikanın niyə bu qədər yüksək olduğunun səbəbini qeyd etdim. Başqa bir səbəb də budur ki, ümumiyyətlə kişi-qadın münasibətlərində belədir: qadın da kişini sevir, amma bir çox hallarda böyük əksəriyyət olaraq kişilər xanımları sevib ailə qururlar. Kişi talib olur, kişi elçi gedir, kişi istəyir. Mütləq əksəriyyət mədəniyyətlərdə, kültürlərdə belədir. Bir halda ki, kişi istəyib, sahiblənib, ona görə onda qısqanclıq hissi güclüdür və qadın ona qarşı səhv hərəkət edəndə kişi özündən çıxır və ona zor tətbiq etməyə meyilli olur.
- "Qayıdacaq bir yerim yoxdur" deyib şiddətə səssiz qalmağa məhkum olan qadınların mövcud sığınacaqlara inamı azdırmı? Nəyə görə susub, müntəzəm olaraq eyni zorakılığı qəbul etmək onlara daha asan gəlir?
-Bu da mədəniyyətdən mədəniyyətə dəyişir. Bəli, bu Azərbaycanda faktdır, şəxsən özümün də müşahidələrim onu göstərir ki, bir çox hallarda qadınlar ailələrində şiddətə məruz qalırlar və "qayıdacaq yerim yoxdur" deyib susurlar. Şübhəsiz, əgər vəziyyət ifrat həddə çatırsa, ər hər gün həyat yoldaşını döyürsə, söyürsə, təhqir edirsə, onu fiziki və psixoloji şiddətə məruz qoyursa, bu artıq dözülməz həddə çatıbsa, onda qadın dözməməlidir, bu nikaha son qoymalıdır. Mən boşanmağa təşviq etmirəm, boşanmağın əleyhinəyəm. Amma elə bir vaxt gəlir ki, qadının həyatı cəhənnəmə dönür, bu cəhənnəm həyatını yaşamaqdansa, ayrılmağı yaxşıdır. Belə qadınlar niyə ayrılmırlar? Səbəb budur: "qayıdacaq yerim yoxdur". Əgər dövlətin buna yüksək təminatı olsa, dövlət və hüquq belə qadınlara arxa-dayaq çıxarsa, "cəhənnəm həyatını" yaşamağa bu qədər məhkum olmaz, buna dözməzlər. Çünki heç kim belə həyatı yaşamağa razı olmaz. Həqiqətən də saxlanma mərkəzlərinə inamları yoxdur.
-Ailəiçi şiddətin mövcud olması həmin ailədəki uşaqların gələcək fərd kimi formalaşmasında nə kimi izlər buraxır?
-Bu da ağrılı mövzudur. Ailəiçi münaqişələrdə, şiddətdə tərəflərdən, atadan, anadan çox deyərdim ki, uşaqlar zərbə alır. Burada uşaqlara ciddi psixoloji travma yaşanır. Nəyə görə? Çünki, ümumiyyətlə,insan informasiyanı uşaq vaxtlarında daha dərindən alır. Həmin illərdə, uşaq yaşlarında həmin münaqişəni, şiddəti daha təsirli formada canına hopdurur. Bu aldığı informasiya, acı hadisənin təsiri onun sonrakı həyatında dəhşətli izlər buraxır, ola bilər heç ömrünün sonuna qədər də bunun izi silinməsin. Müşahidələrimə görə, boşanan ailələrdə ata -ana heç uşaqlarının fərqində deyillər ki, uşaqlar necə travma alacaq, heç onlar uşaqları düşünmür, ancaq özlərini düşünürlər.
-Bu gün zorakılıq yalnız fiziki həyata keçirilmir. Psixoloji zorakılıq, təhqiretmə, qadını alçaltmaq kimi hallar təəssüf ki, nəinki ailə daxilində, eyni zamanda iş yerlərində, küçədə, digər ictimai yerlərdə kişilər tərəfindən qadınlara tətbiq olunur. Bunun səbəblərindən biri həmin şəxslərin gördüyü ailə tərbiyəsidir, bəs digər faktorlar nələrdir?
-Təbii ki, zorakılıq təkcə fiziki deyil, əgər bir kişi hər gün həyat yoldaşını nalayiq sözlərlə təhqir edirsə və yaxud psixoloji şiddətin başqa formaları ilə onu şiddətə məruz qoyursa, bu da zorakılığın bir növüdür. Bu da faciədir, bu da acıdır, bu da dəhşətlidir. Təəssüflər olsun ki, bəzi ailələrdə bu belədir. Kişi hər gün qışqır-bağır salır, minnət qoyur, qadın evdardırsa elə düşünür ki, qadın onun nökəridir, quludur. Fərqində deyil ki, təkcə kişi işləmir, qadın özü də bir işlə məşğuldur, evdarlıq özü də mühim bir işdir. Gəlir, hər gün təhqir edir, minnət qoyur :" mən sənə yemək verirəm, çörək verirəm, paltar alıram" Necə deyərlər, "qadının burnundan gətirir" . Təəssüflər olsun ki, bəzi ailələrdə vəziyyət belədir. Bu birmənalı olaraq olaraq kişinin ya intellektual səviyyəsinin zəifliyinə, ya da tərbiyəsinə bağlıdır. Bəzi bunu edən kişilər həm də ali təhsillidirlər, onların intellektual problemi yoxdur. Bəs nə problemi var? Tərbiyə problemi var. Tərbiyə təkcə ailə tərbiyəsi deyil ki! Yəni bu o demək deyil, biz ailədə tərbiyə almamışıqsa, elə ömrümüzün axırına qədər tərbiyəsiz olmağa məhkumuq. Xeyr! Ailə mühitində tərbiyə almamışıqsa, özümüzü dərk edəndən sonra özümüzü tərbiyələndirməliyik. Ali təhsil kimi ali tərbiyə də vacibdir. Tərbiyə olmasa nə ailədə düzgün həyat formalaşacaq, nə də şirkətlərdə düzgün iş rejimi formalaşacaq. Bu gün böyük şirkətlərə "soft skills" dərsləri keçilir. Bu həmin tərbiyə üsullarıdır. Təkcə "hard skills"-lə iş düzəlmir. Həm də tərbiyə vacibdir.
-Ümumiyyətlə zorakılığın qarşısı tamam alına bilərmi? Qadınlar özlərini məişət şiddətindən necə qorumalıdırlar?
-Zorakılığın qarşısını tamamilə almaq qeyri-mümkündür. Çünki, insan nə qədər həyatda var, zorakılıq da olacaq. İnsan robot deyil, mələk deyil ki, zorakılıq etməsin. Amma müəyyən qədər bunun qarşısını almaq olar. Bizim əlimizdə iki silahımız, iki yolumuz var, bir hüquq yolu, bir də maarifləndirmə yolu. Güclü hüququ baza yaranır, qadınlara qarşı şiddət üçün hüquqi baza yaradılır, qanunlar qəbul olunur, qadına qarşı şiddət göstərən kişilər cəzalandırılır və kişilər də bunu nəzərə alırlar ki, bunun ciddi cəzası var. Bəli, bu, şiddətin azalmasına böyük kömək edə bilər. İkinci yol isə maarifləndirmə: televiziyada, radioda, sosial şəbəkələrdə belə kişilərin xüsusiyyətlərini pisləmə mövzusunda dayanmadan danışılmalıdır.
- "Döyülsəm də, söyülsəm də qarnım tox, yerim istidir." Necə düşünürsünüz, qadınların susmasında səbəb bir növ iqtisadi cəhətdən kişidən asılı hiss etmələridirmi?
- Təbii ki, qadınların susmasına səbəb iqtisadi asılılıq ola bilər. Amma digər tərəfdən qadınların iqtisadi cəhətdən müstəqil olması da onların boşanmasına rəvac verməməlidir. Qadınlar da bunu bilməlidirlər ki, "əgər mən iqtisadi cəhətdən müstəqiləmsə tək yaşayım", düşüncəsi səhvdir, yalnışdır. Qadın yaşa dolduqdan sonra dərk edir ki, mənim yanımda bir həyat yoldaşım olmalıdır ki, mənə mənəvi cəhətdən arxa-dayaq olsun, mənim munisim, həmdəmim olsun.
Bəs bu məsələyə qanunun göstərdiyi münasibət necədir? Bu barədə olan suallarımızı hüquqşünas İnara Camal cavabladı:
- Məişət zorakılığının 4 növü var: cinsi, iqtisadi, fiziki və psixoloji zorakılıq. Ümumiyyətlə, dünyada məişət zorakılığına məruz qalan qisim əsasən qadınlardır. Ona görə biz tez-tez "qadına qarşı zorakılıq" ifadəsini işlədirik. Əgər bir qadın fiziki və cinsi zorakılığa məruz qalırsa, bununla bağlı mütləq polisə müraciət etməlidir. Bədənində izlər və s. varsa polis aidiyyatı üzrə tibbi ekspertizaya göndəriş verir. Tibbi ekspert bədəndəki izlərin dərəcəsini müəyyən edir. Əgər 1-ci, 2-ci, 3-cü dərəcəli izdirsə, bu zaman bu cinayət məsuliyyətinə səbəb ola bilər. Bu artıq qəsdən sağlamlığa ziyan vurmadır. Psixi və iqtisadi zorakılıq üzrə isə İnzibati Xətalar Məcəlləsində maddə nəzərdə tutulub, ümumi 100 manatdan 300 manata qədər cərimə müəyyən olunur.
- İstanbul Konvensiyasının fikir təməli bildiyimiz kimi qadın hüquqları və gender bərabərliyi üzərində qurulub. Azərbaycanın bu konvensiyanı imzalamamasının səbəbi nədir?
- Azərbaycanda illərdir bu mövzu müzakirə olunur. Həm fəallar, həm hüquq müdafiəçiləri, həm qadınların müdafiəsi ilə məşğul olan hüquqşünaslar, qadın təşkilatları tərəfindən tələb olunur ki, Azərbaycan İstanbul Konvensiyasına üzv olsun. Konvensiyaya üzv olduqdan sonra Azərbaycan qanunvericilikdə xeyli dəyişikliklər, düzəlişlər etməlidir. Eyni zamanda qadınlar üçün sığınacaq sayı artırılmalıdır. On milyonluq Azərbaycan üçün 4-5 sığınacaq çox azdır. Sığınacaq sayı artırılmalı, məişət zorakılığı haqqında qanuna, eyni zamanda aidiyyatı üzrə İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə müəyyən dəyişikliklər olunmalıdır. Amma təəssüf ki, Azərbaycan bu konvensiyanı ratifikasiya etmək istəmir. Niyə belə olduğunun səbəbi bəlli deyil. Parlamentdə də bununla bağlı müzakirələr olur, amma təəssüf ki, bunun bir nəticəsini də görmürük.
- Qadınları susmağa vadar edən daha bir məsələ də var. Onlara zorakılıq tətbiq edənlərin layiq olduğu cəzanı çəkməyəcəyindən və geri qayıdıb "yarım qalan" işlərini tamamlayacaqlarından qorxurlar...
- Bəli, qadınlar qorxurlar. Niyə qorxurlar? Çünki, Azərbaycanda aidiyyəti qurumlar, xüsusən polis bu işi ciddi şəkildə araşdırmır. Boş verir, qadınlar şikayət etdikdə, "ailə məsələsidir" deyib, onları geri göndərir. Hətta bizdə bir sıra "keys"-lər var. Məsələn, Sevinc Məhərrəmova "keysi". Bu işi polis tərəfindən araşdırılmadığı, onlar barışdırıldıqları üçün nəticədə ərləri tərəfindən öldürülmüş qadınlardır. Polisdə bu kimi hallar çoxdur. Qadınlar sona kimi gedə bilmir. Ya polis tənəsiylə rastlaşır, ya ailəsindən müəyyən dəstək görmür. Ümumiyyətlə bu məsələ kompleks olmalı, bununla bağlı çox sayda maarifləndirmələr aparılmalıdır. Polis, hüquq mühafizə orqanları öz işini çox dəqiq görməlidirlər. "Mühafizə orderi" məsələsi də var. Azərbaycanda hələ də qısamüddətli "mühafizə orderi" ilə İcra Hakimiyyəti məşğul olur. Amma bu iş alınıb, polisə verilməlidir, çünki, zorakılığa məruz qalmış qadının getdiyi ilk hüquq mühafizə orqanı polisdir. Dərhal bu məsələlər polisdəcə həll olunmalı və ona "mühafizə orderi" verilməlidir. Orderin verilməsi məsələsi də ayrı bir dərddir, problemdir. Orderi o qədər də rahat vermirlər. Qadın düşür order, polis sənədləri dalınca, bilmir uşağı ilə məşğul olsun, özünü, övladını qorusun ki, birdən qaçırarlar. Bu kimi hallar da çoxdur, kişi uşağı qaçırır, qadına göstərmir, qadın illərlə məhkəmə qapılarında qalır və s. Bu mövzuda problemlər həddən artıq çoxdur.

- İnara xanım, evdə həyat yoldaşı, işdə müdir və b. tərəfindən göstərilən zorakılıqlar məlumdur. Sizin peşə fəaliyyətinizdə rast gəldiyiniz və üstünlük təşkil edən zorakılıq halları nələrdir?
- İş yerlərində xüsusən qısnamalar olur, bu qısnamalar barədə də çox təəssüf ki, qanunvericilik o qədər də təkmil deyil. Məsələn əmək qanunvericiliyində nəzərdə tutulub ki, işçi qısnamaya məruz qalırsa, o ərizəsini yazdığı gün işdən çıxarıla bilər. Yəni, qanunvericiliklər normal halda bir ay öncədən xəbər verməlidirsə, burada ərizəsini verdiyi gün işdən azad edilə bilər. Amma qısnamaya məruz qoymuş şəxslərə bununla bağlı heç bir cəza tədbirləri nəzərdə tutulmur. Bu işin ən acınacaqlı tərəfidir. Ona görə də bunun üçün cəza tətbiq olunsa, iş yerlərində bu kimi halların sayı da azalar.
Zeynəb Rzayeva