“Qızılcanın müalicəsi yoxdur, yeganə qorunma yolu..” – XƏBƏRDARLIQ
30 Noyabr 2023 16:23 Sosial"Qızılcanın müalicəsi yoxdur, yeganə qorunma yolu peyvənddir".
Olaylar.az sfera.az-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.
Qeyd olunub ki, sözügedən xəstəlik uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalır:
"2021-ci ildən başlayaraq qızılcaya qarşı peyvəndin əhatə dairəsinin azalması nəticəsində 2022-ci ildə qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb. Qızılcaya qarşı peyvəndləmə əhatəsi 95 %-dən aşağı olduğu zaman bütün ölkələr və icmalar üçün xəstəliyin geniş yayılma riski yaranmış olur. Bu xəstəlik 5 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir".
Qurum qeyd edib ki, qızılca uşaqlarda pnevmoniya, beyin iltihabına səbəb ola və ölümlə nəticələnə bilər: "Qızılcaya qarşı peyvənd ən effektiv peyvəndlərdən biridir. 2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97% effektivdir".
Xatırladaq ki, 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını alıb.