Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma Ermənistanın müharibə cinayətlərinin tərkib hissəsi idi-Özəl

"Hər il oktyabrın 25-də Azərbaycanda Qubadlı Şəhəri Günü qeyd olunur. Bu tarix xalqımızın yaddaşında tarixi ədalətin bərpası, milli birliyin təcəssümü kimi xüsusi yer tutur. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin mühüm mərhələlərindən biri oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Qubadlı uğrunda döyüşlər Azərbaycan Ordusundan yüksək peşəkarlıq tələb edirdi. Ərazinin mürəkkəb relyefi və strateji yüksəkliklərin əhəmiyyəti əməliyyatın gedişində vacib rol oynayırdı. Ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində Qubadlı şəhəri azad edildi. Bu qələbə Laçın istiqamətində hərbi əməliyyatlar üçün əlverişli şərait yaratdı və Azərbaycanın Zəfər yürüşündə mühüm mərhələ oldu.

Qubadlı Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal illərində rayonun yaşayış məntəqələri dağıdılmış, əhalisi doğma yurdlarından didərgin düşmüşdü. 2020-ci ildə əldə olunan qələbə ilə uzun illər davam edən məcburi köçkünlük dövrü başa çatdı.

İşğal dövründə tarixi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma siyasəti Ermənistanın müharibə cinayətlərinin tərkib hissəsi idi. 2020-ci il dekabrın 23-də Qubadlıya səfəri zamanı Prezident İlham Əliyev Xanlıq kəndində qanunsuz məskunlaşma aparıldığını xatırladaraq, xaricdən gətirilmiş ermənilərin məhz bu kənddə yerləşdirildiyini bildirmişdi. Qanunsuz məskunlaşma zamanı azərbaycanlılara məxsus əvvəlki evlər sökülmüş və onların yerində yeni evlər tikilmiş, kənddə hərbi istehkam və baza da yaradılmışdı.

Təsadüfi deyil ki, 2020-ci il avqustun 15-də Azərbaycan Xarici İşlər Nazirliyi və "Azərkosmos"un birgə açıqlamasında Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqəsinin salınması da təsdiqlənən faktlar sırasında idi. Yeri gəlmişkən, 1949-cu il Cenevrə Konvensiyalarının IV Konvensiyasının 49-cu maddəsinin 6-cı bəndi işğalçı dövlətin öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə köçürməsini qadağan edir.

Azərbaycanın ərazi bütövlüyünün bərpası bu ərazilərdə qanuni idarəetmənin  yenidən qurulmasına imkan verdi. 2021-ci il oktyabrın 27-də Qubadlı ərazisində "Qubadlı" gömrük postunun yaradılması da dövlət sərhədinin və gömrük qaydalarının təmin edilməsi istiqamətində atılan addımlardan biri oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31