Azərbaycan Rusiyaya işıq verir

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rusiyaya 3,617 milyon ABŞ dolları dəyərində 83,583 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən hesablamalara görə, Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə dəyər ifadəsi ilə 372 min ABŞ dolları, yaxud 11,5%, həcm ifadəsində isə 8,324 milyon kVt/saat və ya 11,1% artıb.

Eyni zamanda, 2026-cı ilin ilk səkkiz ayında Azərbaycan Rusiyadan 2,078 milyon ABŞ dolları dəyərində, 53,153 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21 min ABŞ dolları və ya 1%, həcm ifadəsində isə 2,011 milyon kVt/saat və ya 10,7% azdır.

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan ümumilikdə üç ölkəyə - Rusiya, Gürcüstan və İrana 319,039 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib. İxracın dəyəri 16,629 milyon ABŞ dolları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın elektrik enerjisi ixracı dəyər ifadəsində 36,1 milyon ABŞ dolları və ya 3,2 dəfə, fiziki ifadədə isə 600,9 milyon kVt/saat və ya 2,8 dəfə azalıb.

Bundan əlavə, cari ilin ilk səkkiz ayında Azərbaycan yuxarıda qeyd olunan ölkələrdən 143,724 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib. İdxalın dəyəri 7,0945 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,146 milyon ABŞ dolları və ya 43,4%, həcm ifadəsində isə 28,1 milyon kVt/saat və ya 24,3% çoxdur.

Əlavə edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-avqust aylarında 2 milyard 373,3 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 448,5 milyon manat təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31