İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ ZƏRFİN MÜQAYİSƏLİ TƏHLİLİNƏ DAİR ETİBARLI MƏNBƏ
17 Noyabr 2023 10:25 SosialZÜLFİYYƏ İSMAYIL
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi
Məlumdur ki, ingilis dili mədəniyyətlərarası dialoqlarda əsas ünsiyyət dilidir. Biz də dünya mədəniyyətinə inteqrasiya oluruq. XXI əsr qloballaşma əsridir. Məlumdur ki, dövlət başçısının 2013-cü il 29 may tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın hazırlanmasına dair sərəncamı ölkədə dil siyasətinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət sənədidir. Fikrimizcə, İsrafil Babayevin məhz bu mövzuya müraciət etməsi və onu layiqincə ərsəyə gətirməsi həmin sərəncamdan irəli gələn vəzifələrə töhfədir. Bu gün Azərbaycan dilinin ümumtürk dilləri kontekstində, istərsə də german dilləri ilə müqayisəli şəkildə tədqiqinə ehtiyac var. Azərbaycan dilçiliyində zərflə bağlı istər sinxron, istərsə də diaxron aspektdə müəyyən tədqiqatlar mövcud olsa da, həmin əsas nitq hissəsinin bu və ya digər problemini tarixi-müqayisəli və tipoloji təhlilə cəlb etmək zəruriyyəti hələ də qalmaqda idi. Zərf aktuallığını bu günə kimi itirməyən mövzulardan olub, həllini hələ də tapmayan bir sıra mübahisəli məqamları ilə diqqət çəkir.
İsrafil Babayevin "Naxçıvan" Universiteti elmi şurasının qərarı ilə çap olunan "İngilis və Azərbaycan dillərində zərf və onun funksiyaları" adlı monoqrafiyası məxsusi olaraq diqqəti cəlb edir və bu sahədə mövcud olan boşluğu doldurmaq baxımından ciddi əhəmiyyət kəsb edir. "Əcəmi" nəşriyyatında işıq üzü görən əsərin elmi redaktoru filologiya elmləri doktoru, professor İlham Tahirov, rəyçiləri filologiya elmləri doktoru, professor Sədaqət Həsənova və filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəylidir.
Əsərin quruluşu giriş, üç fəsil, nəticə və istifаdə еdilmiş ədəbiyyаt siyаhısındаn ibаrətdir.
İşin giriş hissəsində mövzunun elmi yeniliyi və aktuallığı əsaslı şəkildə tutarlı faktlarla şərtləndirilir.
Əsərdə zərfin funksiyaları ilk dəfə olaraq ingilis və Azərbaycan dilinin materialları əsasında müqayisəli şəkildə tədqiq olunmuş, sistemi ilə bağlı morfoloji uyğunluqlar və morfoloji ayrılmalar öz əksini tapmış, semantik və üslubi xüsusiyyətləri dəqiqləşdirilmişdir. Bu baxımdan tədqiqatın nəticələri həmin sahə ilə bağlı əsərlərin yazılması üçün yeni istiqamətlər aça bilər.
Əsərin "İngilis və Azərbaycan dillərində zərfin tədqiqi tarixi və onun morfoloji xüsusiyyətləri" adlanan birinci fəsli 3 paraqrafdan ibarətdir. Sinxron planda yazılmış bu fəsildə tədqiqatçı ilk növbədə bu sahədəki tədqiqatların araşdırılması - Azərbaycan və ingilis dilində zərfə həsr olunmuş, demək olar ki, bütün əsərlərin təhlili fonunda zərfin funksiyalarının mahiyyətini açmağa, onun təsnifat prinsiplərini müəyyənləşdirməyə, İngilis və Azərbaycan dillərində zərfin quruluşca növləri müqayisəli şəkildə təsnif etməyə, zərfin əmələgəlmə müxtəlifliyinin elmi izahını verməyə səy göstərmişdir.
Fikrimizcə, əsərin əsas sütununu ikinci fəsil təşkil edir. İki paraqrafdan ibarət olan bu fəsil "İngilis və Azərbaycan dillərində zərfin leksik-semantik inkişafı və konversiya məsələsi" adlanır. Burda ingilis və Azərbaycan dillərində digər nitq hissələrinə mənsub olan sözlərin zərfə məxsus xüsusiyyətlər qazanaraq adverbiallaşması-zərfləşməsi müzakirə müstəvisinə gətirilir. Müəllif İngilis və Azərbaycan dillərində adverbiallaşmaya ən çox məruz qalan nitq hissəsinin sifət olduğunu qeyd edir və bunu sifətlə zərfin semantik cəhətdən yaxınlığı ilə izah edir.
II fəslin növbəti paraqrafında isə İngilis və Azərbaycan dillərində zərfin başqa nitq hissələri ilə omonimliyi geniş şəkildə təhlil olunur, zərfin semantik inkişafı izlənilir, İngilis və Azərbaycan dillərində oxşar və fərqli cəhətlər müəyyənləşdirilir. Təhsil müəsissələrində Azərbaycan dilinin tədrisi zamanı mübahisə doğuran zərfin isim, sifət, say, əvəzlik və köməkçi nitq hissələri ilə yaratdığı leksik-qrammatik omonimlik elementləri ilə izaha cəlb edilir.
Əsərin III fəsli "İngilis və Azərbaycan dillərində zərfin leksik-semantik və sintaktik xüsusiyyətləri" adlanır. Bu fəsil dörd paraqrafdan ibarətdir. Müqayisə olunan dillərdə zərfin məna növlərinin təsnifatı araşdırılır, İngilis və Azərbaycan dillərində zərfin sintaktik funksiyaları müəyyənləşidirilir, digər nitq hissələri ilə əmələ gətirdikləri birləşmələr öyrənilir, zərfin digər nitq hissələrinə çevrilməsi hadisəsindən bəhs olunur. Sonuncu fəslin sonuncu paraqrafı İngilis və Azərbaycan dillərində zərfin cümlədə yeri və mövqeyi məsələsinə həsr olunur. Müqayisə olunan dillərdə zərfin cümlədə yeri və mövqeyi araşdırılır, hər iki dilin dil faktları əsasında oxşar və fərqli əlamətləri təhlil olunur.
Beləliklə, müəllif zərfin leksik-semantik inkişafını, morfoloji qrammatik əlamətlərinin bütün əlvanlığı ilə müqayisəsi aparılan dillərin zəngin materialları əsasında nümayiş etdirməyə, mövcud dilçilik baxışlarına müəllif mövqeyini bildirməklə şərh etməyə çalışmışdır.
Əsərin ədəbiyyat siyahısı tədqiqatçının bilik və məlumat dairəsinin genişliyini, nəzəri biliklərinin yetkinliyini nümayiş etdirir.
Əsərdə qoyulan məsələlər Azərbaycan dilçiliyi üçün nə dərəcədə zəruri əhəmiyyət kəsb edirsə, gəlinən nəticələr, əksini tapan qənaətlər də bir o dərəcədə əhəmiyyət və fayda kəsb edir.
İlk baxışdan oxucuya elə gəlir ki, bu mövzu sadəcə morfologiyanın predmetidir, amma əsəri oxuduqdan sonra qənaət dəyişir: burda həm qrammatikanın hər iki sahəsi morfologiya və sintaksis, hətta leksika məsələləri tədqiq olunur. Bu da İsrafil müəllimin hər iki dilin incəliklərinə, mübahisəli məqamlarına dərində bələd olmasından irəli gəlir. Çünki o, uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğuldur. Çalışdığı dövürdə həm kollektivin, həm də ictimaiyyətin hörmətini qazanıb. Onun kəşməkəşli həyat yolu geniş tələbə auditoriyasında formalaşmaqda olan gəncliyin şəxsi nümunəsinə çevrilib. Çünki İsrafil müəllim doğma torpaqlarımız uğrunda gedən I Qarabağ müharibəsində rəşadətlə vuruşub və ağır yaralanıb. Müharibə əlili olan Qazi İsrafil Babayev fədakar müəllim kimi də elmin sirlərini təlbələ və şagirdlərinə öyrətməklə yanaşı vətənpərvərliyi, əməksevərliyi, torpaq sevərliyi də aşılayır. Həmçinin, kənd saflığı, sadəliyi onu tanıyan hər bir gəncin ifallılıq fenomeninə çevirib. Bu məqamları əbəs yerə xatırlatmadım. Dahilərdən birini yaxşı ifadəsi var: "Yazılan hər bir əsərin arxasında həmin müəllifin xarakteri dayanır". Əsərdə aparılan polemika, elmi müzakirə mədəniyyəti və elmi mübahisələr də tədqiqatçının yüksək nəzəri hazırlığını göstərməklə bərabər, polemika qabiliyyətini və şəxsi mədəniyyətini də göstərir. Biz də öz növbəmizdə İsrafil müəllimə yaradıcılıq uğurları arzulayırıq.