M.Ə.Rəsulzadənin ailəsini Sovet Azərbaycanından xilas etmək çalışmaları - Nəsiman Yaqublunun araşdırması
14 Noyabr 2023 11:41 Sosial1920-ci ilin 27 Aprel işğalından və Azərbaycan Cümhuriyyətinin süqutundan sonra M.Ə.Rəsulzadə həmin ilin avqustunda gizli yaşadığı Lahıcdan çıxarkən həbs edilmişdir. Təbii ki, onu da sovet rejiminin ən ağır cəzası - ölüm hökmü, yaxud ömürlük həbs cəzası gözləyirdi (Bax:N.Yaqublu. "Cümhuriyyət Qurucuları", B., 2018,s.24).
Keçmiş mücadilə dostu İ.Stalin Rəsulzadəni həbsxanadan xilas edib, özü ilə birgə Moskvaya aparmışdı. M.Ə.Rəsulzadə 1922-ci ilin mayına qədər Moskvada yaşadıqdan sonra mövcud rejimlə barışmamış, oradan Sankt-Peterburqa, Sankt-Peterburqdan gizli olaraq Finlandiyaya keçmiş və sonda, həmin ilin dekabrında Türkiyəyə - İstanbula gəlmişdi.
İstanbulda yaşam problemini və siyasi, mətbu, təbliğat işlərini qaydaya saldıqdan sonra o, ailəsi ilə də ciddi maraqlanmışdır.
Qeyd edim ki,1990-cı ilin mayında Qazaxıstana - Karaqandaya gedib, M.Ə.Rəsulzadənin orada sürgündən sonra qalıb yaşayan oğlu Azər bəylə görüşdüm. Azər bəy bu sözləri söylədi: "Atam bir neçə dəfə Türkiyədən bağlama göndərmişdi. Onun göndərdiyi parıltılı çəkmələr və başı qotazlı qırmızı papaq Rəsulun da (M.Ə.Rəsulzadənin böyük oğlu), mənim də çox xoşuma gəlmişdi. Lakin sonradan anam və qohumlarım izləndiyimizi, vəziyyətin çətinləşdiyini görüb atama - M.Ə.Rəsulzadəyə xəbər göndərdilər ki, bizim adımıza daha heç nə göndərməsin" (Bax: N.Yaqublu, "Məmməd Əmin Rəsulzadə", B., 1991, s. 275).
M.Ə.Rəsulzadə sonradan da yaxın dostları vasitəsilə ailəsinə diqqət göstərmişdi və bu haqda sənədlər mövcuddur (Bax: N.Yaqublu, "Müsavat Partiyasının tarixi", B., 1997).
M.Ə.Rəsulzadənin Sovet Azərbaycanında qalan ailəsini bu rejimdən xilas etmək barədə çalışmasını, ilk məlumata görə, onun 1924-cü ilin 16 yanvarında Ceyhun Hacıbəyliyə yazdığı məktubdan öyrənirik. O, yazırdı: "Əzizim Ceyhun! Son dəfə olaraq yazdığınız məktubu aldım. Mən də ailəmi buraya gətirmək istəyirəm. Baxalım, mümkün olacaqmı? Uşaqlarımın hamısı bu yaz ayında isitmə xəstəliyinə tutulmuşdular. Həyat yoldaşım da ürəyindən şikayət edirdi. İndi bir az özünü yaxşı hiss edir. Sizinkilər əcnəbi də olsa, bari mədəni bir tərbiyə görürlər. Bizimkilərə nə tərbiyəsi eləyirlər məlum..." (Bax: Məmməd Əmin Rəsulzadə, Məktublar. Şəfibəyçilik", B., 2017, s. 28).
Bu məktubdan məlum olur ki, M.Ə.Rəsulzadə əvvəlki dövrdən ailəsi ilə əlaqə yaratmağı bacarıb.
M.Ə.Rəsulzadənin İstanbuldan C.Hacıbəyliyə göndərdiyi 24 noyabr 1924-cü il tarixli məktubda isə bu məlumatlar var: "Əzizim Ceyhun!.. Son məktubunu aldım... Ailəmi buraya gətirmək istəyirdim. Bir-iki dəfə təşəbbüs etmişlər. Fəqət hələlik buna müvəffəq olamamışlar. Zavallılar orada çox darıxırlar. Mən də burada narahatam... (Bax: Məmməd Əmin Rəsulzadə, "Məktublar. Şəfibəyçilik", B., 2017, s. 52).
M.Ə.Rəsulzadənin C.Hacıbəyliyə yazdığı 01 fevral 1925-ci il tarixli məktubda bu məlumatlar vardır: "Əzizim Ceyhun!.. Aldığım xəbərə görə, ailəmin də bu yaxında gəlmək imkanı hasil olacaq. Məsələ müşkül bir şəkil alır. İstər - istəməz bu işə girməliyəm. Baxalım, nə edə bilərik". (Bax: Məmməd Əmin Rəsulzadə, "Məktublar. Şəfibəyçilik", B., 2017, s. 57).
M.Ə.Rəsulzadənin C.Hacıbəyliyə İstanbuldan göndərdiyi 19 iyul 1925-ci il tarixli məktubda bu məlumatları oxuyuruq: "Uşaqlar nə edir, Zöhrə xanım nə haldadır? Bizimkilər hal-hazırda Bakıdadırlar. Ümmülbanu gəlmək üçün müraciət eləmiş, icazə istəmiş, verməmişlər. Daha artıq gözləmək lazım gəldiyini bildirmişlər. Buna görə də durumları çox çətin olmuşdur. Baxalım nə olur. Hər halda onları gətirmək üçün ən ciddi vasitələrə əl atıram". (Bax: Məmməd Əmin Rəsulzadə, "Məktublar. Şəfibəyçilik", B., 2017, s. 62).
M.Ə.Rəsulzadənin C.Hacıbəyliyə yazdığı 8 dekabr 1926-cı il tarixli məktubdan: "Əzizim Ceyhun bəy!.. Evimizdən məktub almışdım. Uşaqlar salamatdırlar. Məktəbə davam edirlər. Sizinkilər necədirlər? Zöhrə xanıma ərzi - ehtiram edir, uşaqların gözlərindən öpürəm". (Bax: Məmməd Əmin Rəsulzadə, "Məktublar. Şəfibəyçilik", B., 2017, s. 69).
M.Ə.Rəsulzadənin 1928-ci ilin 10 avqustunda Almaniyadan C.Hacıbəyliyə göndərdiyi məktubdakı qeydlərdən: "Əzizim Ceyhun bəy! 17 avqust tarixli məktubunu aldım. Timurçinin səhhətindəki kədərinizə səbəb olan cəhət məni mütəəssir etdi...
Qızımdan məktub aldım. Vəziyyətlərini çox pis surətdə təsvir eləyir, pul istəyir. Bütün varımı ki, zatən məhdud bir şey idi, oraya (Bakıya - red.) göndərmək məcburiyyətində qaldım. Müalicəmin sonuna on gün qalmışdır. Bu on gün ərzində pul gəlməzsə, müalicə xərclərini ödəmək üçün nə edəcəyimi düşünürəm" (Bax: Məmməd Əmin Rəsulzadə, "Məktublar. Şəfibəyçilik", B., 2017, s. 87).
M.Ə.Rəsulzadənin öz ailəsini Sovet Azərbaycanından aparmaq çalışmaları ilə bağlı sənədlərə Osmanlı Türkiyəsinin arxiv sənədlərində də rast gəlmək mümkündr. Bu sənədlər Bakıda 2018-ci ildə nəşr edilmiş "Azərbaycan Cümhuriyyəti, 1918-1920 (Osmanlı Arxiv bəlgələri)" kitabında yayınlanmışdır. Kitabı nəşrə hazırlayanlar Q.Şükürov və V.Qafarovdur.
1924-cü ilin 21-23 oktyabr ayında verilmiş 217 saylı sənəddə yazılıb: "Məhəmməd Əmin Rəsulzadənin ailəsinə Türkiyəyə giriş vizası verilməsi. Türkiyə Cümhuriyyəti Xariciyə Nazirliyi ilə İstanbul Mürəhhəsliyi arasında yapılan müzakirələrdə, aralarında Məhəmməd Əmin Rəsulzadənin ailəsinin də olduğu bir qrup Azərbaycanlının Türkiyəyə girişi üçün Tehran səfirliyindən viza verilməsi xüsusunda qərar verilmişdir". (Bax: "Azərbaycan Cümhuriyyəti, 1918-1920 (Osmanlı Arxiv bəlgələri,B.,2018, s. 690).
Həmin sənəddə belə bir məlumat da var: "Azərbaycan əhalisindən Məhəmməd Əli Dadaşov və Abbasqulu Vəliyev Türkiyəyə gəlmələri üçün özlərinə viza verilmirmiş. Rəsulzadənin ailəsinin də bunlarla bərabər olması möhtəməldir. Bunlara viza verilməsi xüsusunun Tehrana iblağı işar olunacaqdır" (Bax: "Azərbaycan Cümhuriyyəti, 1918-1920 (Osmanlı Arxiv bəlgələri,B.,2018, s. 690).
Osmanlı Arxivinə aid olan 19 mart 1925-ci il tarixli 3-cü sənəddə yazılıb: "Xariciyə Nazirliyi İstanbul Mürəhhəsliyinə 23 Təşriniəvvəl sənə 1340 tarixli və 6825/2759 saylı Təhrirati - Aliyyələri cavabdır.
Azərbaycan əhalisindən olub məmləkətimizə gəlmək üzrə müsaidəyi - tası tələb edildiyi isar buyrulan və sabiq Azərbaycan hökuməti Məclisi - Millisi Rəisi Rəsulzadə Emin bəyin ailəsinin də bərabərlərində olması möhtəməl bulunan azərbaycanlı Türk millətçisi Məhəmməd Əli Dadaşov və Abbasqulu Vəliyevin Türkiyəyə gəlmələrində bir məhzur olmadığı Daxiliyyə vəkaləti Cəliləsindən varid olan təzkəri cəvabiyədə bildirildiyindən mümaileyhimin pasportlarının viza edilməsi lüzumunun Tehran Böyükelçiliyinə işar olunduğu və nəticədə məlumatı tası təbii bulunduğu ərz olunur əfəndim. Xariciyə Vəkili namına, müstəsar..." (Bax: "Azərbaycan Cümhuriyyəti, 1918-1920 (Osmanlı Arxiv bəlgələri,B.,2018, s. 691).
Bu sənədlərdən aydın olur ki, M.Ə.Rəsulzadə ailəsini sovet rejimindən xilas etmək üçün bütün imkanları ilə çalışmışdır.