Bayrağımız – Zəfər Tanrımız
9 Noyabr 2023 10:19 SosialZüleyxa NADİR
Bayraq tarixdə var olan ən qədim dövlətlərin belə varlığını göstərən, onu təmsil edən rəmzdi. Həmin bayraqlar keçmişdə də, indi də dövlətlərin, millətlərin adət-ənənəsini, mədəniyyətini, milli kimliyini, əxlaqını özündə ehtiva edən ən dəyərli sərvətdir. Bayraq həm də Vətəndir.
Ana Vətən insanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olaraq əldə edilən emosional hisslər deyil. Vətənə bağlılıq insanlarda vətənpərvərliklə səciyyələndirilir. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan da deyil, əlbəttə. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. İnsanın əvvəli də torpaqdır, sonu da.
Vətən içimizdə, ruhumuzda kök salmış, qəlbimizdə yuva qurmuş torpaq sevgisindən və göylərdə dalğalanan bayraqdan başlanır. Yurd sevgisi başımızdan ucada tutduğumuz bayrağa hopub Vətəni yaşadır. Biz bayrağımızı sadəcə rəmz kimi qəbul etmirik, onu canlı, müqəddəs bir varlıq, güc mənbəyimiz kimi görürük və sevirik. Təsadüfi deyil ki, Cəfər Cabbarlı üçrəngli bayrağımıza olan sevgisini belə ifadə edib:
Rəmuz ilə dörd bir yanə işıq saçmaq istiyor,
Ara-sıra tərpəniyor, bu kəsik uçmaq istiyor,
Qollarilə türk ellərin bütün qucmaq istiyor,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.
Türk tarixçisi professor Bahəddin Ögəl isə bayraq haqqında çox maraqlı fikir söyləyib: "Bayraq qoruyucu bir ruhdur. O, bir zəfər tanrısıdır. Bayraq müqəddəs və mübarək adam kimidir. Kökü, dibi yerdə, başı isə göylərdə olan bir varlıqdır. Göylərdə sonsuzlaşır, yayılır, ucalır. Bayraq millətlərin nəslinin və kökünün rəmzidir." Bu, doğrudan da belədir. Bayraq bir millətin tarixinin xəritəsi, qüruru və ürəyidir. Bayrağın dəyəri onun parçasının pambıq, atlas, yaxud ipək olması ilə ölçülmür. Onun qiyməti təmsil etdiyi millətin dəyəri ilə ölçülür. Bayraq dövlətin hakimiyyətini, müstəqilliyini və şərəfini təmsil etdiyi üçün ona xüsusi sayğı göstərilir. Bəs, bayrağa olan sevginin kökünü harda axtarmaq lazımdı? Tarixə qısa bir nəzər salmaq yetər ki, bayraqla bağlı qürurun insanların torpağa,vətənə məhəbbətindən irəli gəldiyini görək.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqının bayraq sevgisi daha qabarıq sərgiləndi. Həmin günlərdə bayrağımız milli-mənəvi varlığımızın, Azərbaycan dövlətçiliyinin simvolu idi. Azad olunanVətən torpaqlarına sancılan bayraqlar Zəfər rəngində idi və millətin döyüşkənliyini, dövlətimizin yenilməzliyini əks etdirirdi. Hətta şəhidlərin sinəsində, ürəklərinin üstündə Azərbaycan bayrağı var idi. O günlərdə "yaşıl donlu, al duvaqlı, mavi gözlü sevdiyim"ə olan Məcnun eşqimiz Zəfərə gedən yolda döyüş ruhumuzu, qələbə ümidimizi artırdı, bir an olsun yerə düşmədi. Gözümüzü ən çox oxşayan, hər yerdə qarşımıza çıxan qürurla dalğalanan üçrəngli bayrağımız oldu. Azad olmuş Qarabağda ən uca yerlərdə vüqarla dalğalandı, ox olub düşmən gözünə batdı. Onu zirvələrə qaldıran şəhidlərimizin tabutuna, məzarına örpək oldu. Hər şəhid anası, hər şəhid yaxını o bayrağı öpərək gözünün üstünə qoydu, bağrına basdı - balası əvəzinə, atası, qardaşı yerinə. Şəhidinin qoxusu çökmüş o müqəddəs bayraq indi evinin yuxarı başında "məskən salıb".
Bu gün bayrağımız bütövləşmiş vətənimizin hər yerində dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz əlləri ilə göylərə ucaltdığı bayrağımız işğaldan azad olunmuş ərazilərdə dalğalanır, xüsusilə də Şuşadan, Xankəndidən, sanki, bütün dünyaya mesaj verir ki, mən bir dövlətəm, həm də müstəqiləm, Zəfər mənimdir. "Yaşıl donlu, al duvaqlı, mavi gözlü sevdiyim"in Qarabağın əngin səmasında dalğalanması hər bir azərbaycanlıya qürur verir. Şuşada dalğalanan bayrağın çox böyük tarixi əhəmiyyəti var. Azərbaycan xalqının həsrətlə gözlədiyi 30 illik işğala nöqtə qoyaraq Xankəndidəki səmada "bərq vuran" sonuncu bayrağımızın isə bir ayrı anlamı var. O, bizim üçün azadlıqdır, istiqlaldır, vətəndir.
105 yaşını qeyd edən bayrağımızın müqəddəsliyini, toxunulmazlığını, bayarağa bükülüb dəfn olunan şəhidlərin yadigarının nə qədər dəyərli olduğunu hər gələn nəsil hiss etməlidir. Vaxtilə Rəsulzadə gənclərə dediyi "səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min əziyyətlə ucaldaraq dedi ki, bir kərə yüksələn bayraq bir daha enməz" sözləri 105 ildir ki, bu millətin canında, qanında gəzdirdiyi ilahi bir sevgi ilə qorunub saxlanır. "Marş, irəli, Azərbaycan əsgəri" deyən Müzəffər Ordumuzun əsgər və zabit heyətinin hər addımında bir bayraq sevgisi kök atır. "Ya qazi ol, ya şəhid" deyən Azərbaycan hərbçisinin ürəyinin başında gəzdirdiyi üçrəngli bayraq savaş günlərində onun yaralarına məlhəm oldu.
Qazi Mustafa Kamal Paşa Şərqdə ilk cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadəyə yazırdı: " Mən dünyaya səndən üç il gec göz açmışam. Ancaq bütün türk dünyasında türkün istiqlal bayrağını sən qaldırdın. O bayraq enməsin deyə mən onu sənin əlindən alıb Türkiyə üzərində dalğalandırdım. Enməz dedin bu bayraq, enməyəcəkdir".
Azərbaycan, Azərbaycan!
Üçrəngli bayrağınla məsud yaşa...
Bu xitab təbii ki, "yaşıl donlu, al duvaqlı, mavi gözlü sevdiyim"ədir. Sevdiyim ötən 105 ildə nə kədərlər, nə iztirablar, nə işgəncələr yaşasa da, həmin ağrılar içində Azərbaycanın bütövlüyüynün və böyüklüyünün rəmzi olaraq bu günə qədər gəlib çıxdı. Bu gün o, dünyanın hər yerində yaşayan soydaşlarımızın səcdəgah kimi and yeridir. Başlardan ucada dayanan Azərbaycan bayrağının kölgəsində hər birimiz başımızdan keçməyə hazırıq.
Bayrağa sahib olmaq elə də asan deyil. Ona görə də başlar düşmədən yerə bayraq düşməz. O da ola "yaşıl donlu, al duvaqlı, mavi gözlü sevdiyim".
Nə xoş bizə ki, üçrəngli bayrağımız məsud yaşayır...