Qalxanabənzər vəzinin funksiyası pozulduqda orqanizmdə hansı fəsadlar müşahidə olunur?
30 Oktyabr 2023 15:15 Sosial"Qalxanabənzər vəzinin xəstəliklərindən xəbər verən bir çox simptomlar var. Bu simptomlar vəzin hiper və ya hipofunksiyasınnan asılıdır.Tiroid vəzin normadan çox işləməsi - hipertireoidizm, tiroid vəzin normadan az işləməsi isə hipotireoidizm adlanır. Hipertireoidizm - qalxanvari vəzidə T3 və T4 hormonlarının hər ikisinin və ya birinin sintezinin artmasıdır". "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, endokrinoloq Oqtay Hüseynov deyib: "Hipertireoidizm, yəni vəzin hiperfunksiyası, aşağıdakı əlamətlərlə özünü biruzə verə bilər: tərləmə, əllərdə əsmə, iştahın artması, əsəbilik, yuxusuzluq, diqqətin azalması, gözlərin bərəlməsi, iki görmə, işığa həssaslıq, arterial təzyiqin yüksək olması, ürək ritminin pozulması-aritmiya, çəkinin azalması, ürək döyüntülərinin sayının artması, yuxuya getmədə çətinlik, saçların incəlməsi, tökülməsi və s. Hipotireoidizm - orqanizmin kifayət qədər tireoid hormonlarını sintez edə bilməməsidir. Hipotireoidizm isə özünü aşağıdakı əlamətlərlə biruzə verə bilər: halsızlıq, qəbizlik, dəridə quruluq, çəkinin artması, üzdə, əllərdə, ayaqlarda şişkinlik, səsin batması, əzələlərdə zəiflik, oynaqlarda ağrı, cinsi zəifliyin yaranması və s. Hipertireoidizm və hipotireoidizm əksər hallarda dərmanla müalicə edilən xəstəliklərdir. Bəzi hallarda isə bu xəstəliklərin müalicəsi cərrahi yolla həyata keçirilir".