Məişət zorakılığında qısqanclığın rolu: Otello sindromu nədir?

Qısqanclıq, fərdlərin sevdikləri insana güvənməmələri, onu başqaları ilə paylaşmaq istəməmələri və ya başqasında gördükləri bir xüsusiyyəti, obyekti və ya insanı özünə cəlb edə bilməmələri nəticəsində hiss etdikləri hissdir.
Qısqanclıq ümumiyyətlə cəmiyyətdə sevgi əlaməti olaraq görülür. Sevgidən qaynaqlanan hallar olsa da, qısqanclıq ümumiyyətlə itirmək qorxusu, sahib olmaq istəyi, sahib olmadıqları üçün arzu və həsrət hissi kimi səbəblərdən yaranır.

Qısqanclıq müəyyən bir nöqtəyə qədər normal sayıla bilən bir duyğudur. Hər bir insan zaman-zaman qısqanclıq hiss edə bilər. Ancaq həddən artıq qısqanclıq olduqca zərərlidir. Həddindən artıq qısqanclıq həm fərdi, həm də digər insana zərər verir. Qısqanclıq fərdlərin öz daxilində yaşadıqları bir vəziyyətdirsə problem yaratmayan bir duyğu olsa da, münasibətlərinə əks olunarsa və münasibətlərdə qarşı tərəflə problem yaradırsa zərərli bir duyğuya çevrilir.
İkitərəfli münasibətlərdə tərəfləri ən çox incidən məsələlərdən biri də qısqanclıqdır. Xüsusən də partnyorlar arasında olan qısqanclıq problemi münasibətlərdə böyük problemlər yaradır və bəzən hətta əlaqənin bitməsinə səbəb olur.

Münasibətlərdə qısqanclıq problemləri adətən partnyorların digər insanlardan, xüsusən də eyni cinsdən bir-birini qısqanması nəticəsində baş verir. Bu qısqanclığın hədsiz dərəcədə yaşanması nəticəsində əlaqə daxilində mübahisələr, şifahi və psixoloji zorakılıq, bəzi hallarda isə fiziki şiddət baş verir.
Statistika göstərir ki, Azərbaycanda məişət zorakılığı ilə bağlı qeydə alınmış cinayətlərin ümumi sayı 1175(2021-ci ildə 1196), xəsarət alan qadınların sayı 1132( 2021-ci ildə 1150) olub. 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 2021-ci illə müqayisədə artıb. Belə ki, 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 51 olub ki, onlardan 2-si yetkinlik yaşına çatmayan şəxslərdir. Bu rəqəm 2021-ci ildə 46 idi.

Kişilərin qadınlara qarşı etdiyi zorakılıq yalnız fiziki olaraq qəbul edilsə də, əslində belə deyil. Şiddətli insanın məqsədinin ümumiyyətlə qarşı tərəfə hakim olmaq, onu idarə etmək və qorxutmaq olduğunu ifadə edən psioloq Ülkər Məmmədli bildirir ki, bir insan davamlı olaraq sizi qısqanırsa və "sevən kişi qısqanar" ifadəsindən istifadə edir, bədəninizə lağ edib geyindiyinizə müdaxilə edirsə, onun istədiyi geyimi seçmədiyiniz zaman həddindən artıq əsəbiləşirsə, ailəniz və dostlarınızla münasibətinizi pozmaq və sizi cəmiyyətdən təcrid etmək istəyirsə, deməli, siz zorakılığa məruz qalırsınız:

"Cəmiyyətin ən böyük problemlərindən birini təşkil edən ər-arvad şiddəti gözardı edilməməsi lazım olan bir vəziyyətdir. Bu zorakılıq bəzən əlaqələr bitdikdən sonra da davam edir. Tanışlıq zorakılığı xüsusilə yeniyetməlik və gənc yetkinlik dövründə daha çox olur. Qapalı ailə quruluşuna malik olan və görüşlərini ailəsi ilə paylaşa bilməyən insanlar zorakılığa dözməli ola bilər. Biz, cəmiyyət olaraq, ümumiyyətlə, fiziki zorakılıqla tanış olsaq da, psixoloji zorakılıq və tanışlıq zorakılığı haqqında çox şey bilmirik. Bu çox vaxt yavaş-yavaş inkişaf edən bir zorakılıq növü olduğundan, fərqinə varmaq çətin ola bilir. Sözlə və ya emosional olaraq başlayan zorakılıq zamanla fiziki və ya cinsi zorakılığa çevrilə bilir".

Psixoloq bildirir ki, qısqanclığın təbiəti, məntiqi və mənşəyi tam başa düşülməsə də, insanlarda tez-tez yaşanan bir duyğudur:
"Qısqanclıq şəxslərarası münasibətlərdə tez-tez rast gəlinsə də, tərifi çətin və mürəkkəb bir anlayışdır. Bu, ümumiyyətlə, həqiqi və ya xəyali bir rəqibin təhlükəsi səbəbindən bir əlaqəni itirmək və ya itirməkdən qorxduğu zaman yaranan mənfi emosional reaksiya kimi müəyyən edilir. Bu reaksiyanın miqyası insandan insana dəyişir. Bəzi insanlar qısqanclıq hissini daxili qəbul edir və buna uyğun olaraq reaksiyaları da böyüyür. Bu zaman insanda obsesif və idarəolunmaz davranışlar meydana gələ bilər. Bu vəziyyət hezeyanlı qısqanclıq və ya Otello sindromu adlanır. Otello sindromu müalicə olunmazsa, insanın gündəlik həyatına təsir edir və hətta bəzi insanlarda ətraf mühitə zərər verməyə meylli olur.
Otello sindromu, bir insanın həyatına əhəmiyyətli dərəcədə təsir göstərə bilən hezeyanlı bir xəstəlikdir. Bu sindrom bəzən hezeyan, patoloji və ya xəstə qısqanclıq adlanır. Otello sindromunda insanın məntiqi əsaslara söykənməyən düşüncələri olur və bu fikirlər zamanla paranoyaya çevrilə bilər. Otello sindromunu yaşayan insanlar, partnyorlarının onları aldatdığını düşündükləri üçün xüsusilə ikitərəfli münasibətlərdə daim narahat bir əhval-ruhiyyədə olurlar. Sindrom tək başına və ya paranoid şizofreniya, alkoqolizm və maddə asılılığı kimi şərtlərlə birlikdə baş verə bilər.

Otello sindromu özlüyündə psixoloji xəstəlik olsa da, digər psixoloji pozğunluqlara görə də yarana bilər. Otello sindromu üçün risk faktorları bir neçə formada sıralana bilər. Məsələn, anksiyete pozğunluqları: obsesif qısqanclığın əsasında dərin bir etibarsızlıq hissi və aşağı özünə inam ola bilər. Bu psixoloji problemlər həm də narahatlıq pozğunluqlarına səbəb ola bilər. Şəxsiyyət pozğunluqları: delusional qısqanclıq və paranoid şizofreniya ilə sərhəd şəxsiyyət pozğunluqları arasında simptomatik üst-üstə düşmə ola bilər. Beyin xəstəlikləri və ya travmatik xəsarətlər: Hantinqton xəstəliyi və Parkinson xəstəliyi kimi şərtlər və travmatik kimi bəzi vəziyyətlər baş zədələri də sanrılı davranışlara səbəb ola bilər.

Otello sindromlu insanlar partnyorlarının daim onları aldatdığını düşünürlər. Bu səbəbdən özlərini təhlükədə hiss edirlər və aldanmamaq üçün qarşı tərəfin davranışını məhdudlaşdırmağa meyllidirlər. Onların fikirləri məntiqi əsaslı səbəblərə əsaslanmır. Sindromlu insanlar üçün partnyorları ilə olan hər ünsiyyət onların aldadıldığının sübutudur. Xəyalpərəst qısqanclığı olan insanlar heç bir əsaslı sübut olmadan aldadıldıqlarına tam əmindirlər. Otello sindromunun bir sıra simptomları var ki, onlara partnyorunun davranışını sorğulamaq və günahlandırmaq, onun sosial media hesablarını yoxlamaq, bəyənmələrinə baxmaq, hesab parollarını istəmək, telefon zəngləri və ya mesajlaşma zamanı partnyorun kiminlə danışdığı ilə bağlı paranoyya yaşamaq, onların əşyalarına toxunmaq, şübhəli nəsə axtarmaq, partnyorun evdən kənarda fəaliyyətini məhdudlaşdırmağa çalışmaq, onun davranışını idarə etmək üçün emosional təzyiq tətbiq etmək, şantaj etmək, şəxsin ailə və dostlardan təcrid edilməsi, qısqanclığın səbəb olduğu aşkar problemlərə baxmayaraq, münasibətlərdəki bütün münaqişələrdə qarşı tərəfi günahlandırmaq, qısqanc düşüncələrin açıq-aşkar əsassız və məntiqsiz olmasına baxmayaraq, doğru olduğuna inanmaq, şəxsə qarşı zorakılıq və ya faktiki zorakılıq təhdidləri etmək, özünə zərər verən davranışlar, o cümlədən intihara cəhdlər və s. kimi faktorlar aiddir.

Həddindən artıq qısqanclıq ciddi sahiblik hissi də yaradır. Bu cür münasibət qurmağa çalışan insanlar çox vaxt aqressiv, təqiblərə və hətta zorakılığa meylli ola bilərlər. Həddindən artıq qısqanclıq çərçivəsində qadın zorakılıqları və hətta qətlləri törədilə bilər. Bu səbəblə əgər şəxsdə qısqanclıq yanılsaması varsa psixoloji dəstək gecikdirilməməlidir. Otello sindromunda yaşanan bu qısqanclığın müəyyən edilməsində beynin frontal lob pozğunluğu araşdırıla bilər. Otello sindromunun müalicəsi xəstəliyin şiddətindən asılı olaraq ambulator və ya stasionar olaraq tətbiq oluna bilir. Şizofreniya kimi xəstəliklərin müalicəsində də istifadə edilən antipsikotik dərmanlardan da burada istifadə edilir. Müalicə planına fərdi və ailə terapiyası da əlavə olunur. Otello sindromunun müalicəsində psixodinamik terapiya, şəxsiyyətlərarası münasibət terapiyası və koqnitiv davranış terapiyası tez-tez istifadə olunan üsullardır. Aldatmalarla yaşayan bu insanların dünyanı və həyatı daha real görməsinə çalışılır. Otello sindromu ilə əlaqəli ola biləcək digər problemlərin müalicəsi də vacibdir. Müalicə prosesində şəxsin ailəsinin və varsa yoldaşının dəstəyi də böyük əhəmiyyət kəsb edir.

Otello sindromu yaşayan insan depressiya, maddə asılılığı və intihar düşüncələri kimi problemlər yaşaya bilər. Ona görə də sindromu yaşayan insana düzgün yanaşmaq vacibdir. Ailənin və yaxın ətrafının dərhal mütəxəssisə müraciət etməsi və dəstək alması da vacibdir. Sözügedən münasibətdə olan uşaqların şahidi olduğu psixoloji və ya fiziki zorakılıq da ola bilər. Otello sindromunun müalicəsi heç bir halda gecikdirilməməlidir.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31