Yüklənən beyinlər, yüklənən çantalar...- Bu qədər dərs yükü niyə səmərəsiz qalır?
27 Oktyabr 2023 11:19 SosialMüasir dövrdə təlim-tədris, rejimli dərs prosesi yerini yavaş-yavaş sərbəst, əyləncəli prosesə verir. Bunlardan ən önəmlisi isə prosesin asanlaşdırılmasıdır.
İnkişaf etmiş ölkələrdə dərslər şagirdlərin əlində xüsusi texnikaya çevrilib. Kitablar sadəcə bir "planşet" qədər yüngülləşdirilib. Bu zaman şagirdlər nə kitabların, iş dəftərlərinin çoxluğunu görüb dərsdən uzaqlaşır, nə də götürə bilmədikləri yükün altına girmək məcburiyyətində qalırlar. Ölkəmizdə isə ildən-ilə artan və dəyişən test kitabçaları, iş dəftərləri insanlarda "bəs, bu kitab nəyə lazımdır?" fikrini formalaşdırmağa başlayıb. Kitabın önəmi haqqında heç kim düşünmür. Təbii ki, bunu ən başqa həmin kitabı tərtib edənlər düşünməlidirlər. İllər öncəyə qayıtsaq görərik ki, heç olmasa, şagirdlər 9-cu sinifdən sonra əlavə məşğələlərə yönəlirdi. İndi isə ibtidai sinif şagirdləri dərsdən əlavə məşğələyə gedir. Üstəlik valideyn istəyir ki, övladı hansısa idmanla, sənətlə də məşğul olsun. Nəticədə dərsdən əlavə məşğələ və digər məşğuliyyətlər azyaşlını yorur, bütün bunlar öz səmərəsini itirir. Gününün 5-6 saatını məktəbdə digər 3-4 saatını tapşırıqlarla keçirən şagird bunlardan nə öyrənə bilər?
Öyrənsə də qavraya bilərmi?
Şagirdlərin həm çantasını, həm də beynini yüklə doldurmaq heç bir halda nəticə vermir. Hər il yeni vasitələr tərtib etmək kimlərinsə cibini doldursa da, təhsili geri salır. İndi uşaqlar öz bacı-qardaşlarının dərs vəsaitlərini istifadə edə bilmir. Səbəbi isə çox açıqdır. Hər il yeni vasitələr tərtib olunur, öncəki isə qüvvədən düşür. Dərs vəsaitlərinin illərlə istifadə edilə bilməsini təmin etmək mümkün deyilmi?
Bu proses artıq icbari məcburiyyət halını alıb. Valideynlərin çoxu təhsilə önəm verir. Övladım heç kimdən geri qalmasın prinsipi ilə əllərini ciblərinə salmaq məcburiyyətində qalırlar. Çoxuşaqlı ailələrdə xərclər 2, 3 dəfə qatlanır. Valideyn haqlı olaraq düşünür ki, övladı nələrisə öyrənməkdə digər yoldaşlarından geridə qalacaq.
Bütün bunların fonunda valideyn-müəllim münasibətləri hansı formaya salınıb?
Dərs yox, münasibətlər minimuma endirilib və elektronlaşdırılıb. Artıq hər şeyi "whatsapp" qrupları üzərindən həll edirlər. Əvvəlki illərdə müəllimlər məktəbdə, sinifdə valideynlərə belə tapşırığın həllini izah edirdilər, övladları haqqında dolğun məlumat verirdilər. İndi belə hal mümkün deyil. Məktəbin hasarından kənarda qalan analar dərs prosesindən necə xəbərdar ola bilərlər?
Hər bir valideynin məktəbdaxili münasibətlər haqqında fikir sahibi olmasında haqqı var. İstəsə, dərsdə iştirak edib, övladı üçün uyğun sinifi də seçməlidir. İndi dünyada təlim-tədris prosesləri asanlaşdırıldığı və əlçatan olmasına baxmayaraq, bizdə niyə əksi baş verir sualına cavab axtarırıq.
Problem ilə bağlı fikirlərini sosioloq Lalə Mehralı bizimlə bölüşüb:
"Xüsusilə, ibtidai siniflərdə vəziyyət qarışıqdır. Yuxarı sinifləri başa düşmək olar. Dərs yükləri yuxarı siniflərdə çox olur. Bəs, ibtidai siniflər üçün hansı dərs yükündən danışaq?
Hər dərsin özünün iş dəftəri, test kitabçası, müəllimin özünün vəsaiti əsasında çap olunan əlavə testləri və.s
Övladı yalnız dərsliklə məktəbə göndərmək fikri tarixdə qaldı. Şagirdə həm dərslikdən, həm iş dəftərindən tapşırıq verilir. Axşamlar biz 3,4 saat övladımızın dərslərinə ayırırıq. Üçüncü sinif şagirdi qızım var. Saat 8-də dərsə başlayıb, saat 11-ə qədər tapşırıqla məşğul oluruq. Yaz-yaz bitmir. Başa düşürəm bu nə müəllimlik, nə də məktəbin məsuliyyətində olan problemdir. Tədris proqramı belə qurulub. Məktəblər də buna ayaq uydurmağa çalışır. Proqramdan geri qaldıqda şagird dərsdən geri qalmış sayılır. Bu da göstəricilərə təsir edir. Dərs cədvəlini, proqramını hazırlayan, kitabın əhəmiyyətini heçə sayıb, hər fənn üçün iş dəftəri tərtib edən baş təhsil qurumu bununla bağlı ölçü götürməli idi. Vaxtında bilmək lazımdır ki, şagirdlər bu dərs yükünün altında əziləcək. Bu boyda oxutmağın qarşısında universitetlərə qəbul zamanı toplanan bal ortalaması məyusedici olur. Görürük ki, bu qədər oxumağın faydası yoxdur. Bütün bunlar şagirdi məktəbdən uzaqlaşdırır. Əvvəlki təhsil sisteminə qayıtmaq lazımdır. Minimum tapşırıq, minimum dərs və daha çox müəllim, şagird və valideyn münasibəti olmalıdır. Valideynləri təhsildən uzaqlaşdırıblar. Məktəbin həyətinə girə bilmirik nəinki daxilinə. Məktəb girişlərində valideynlərlə terrorçu kimi davranırlar. Xüsusilə Covid-19 epidemiyasından sonra bu hal genişləndi. Uşaqları öz valideynlərindən qoruyurlar?
Məktəbə daxil ola bilmədiyimiz üçün məktəb daxilində nə baş verdiyini bilmirik. Qızımın sinifinin hansı otaq olduğunu belə bilmirəm. Dərs prosesindən, övladlarımızın necə oxumağından xəbərimiz yoxdur. Hər kəs övladını özəl məktəbə göndərmir ki, kameradan izləyə bilsin. Dərs prosesindən xəbərsizik. Əvvəllər açıq dərslər keçirilirdi. Valideynlər dərsdə iştirak etmək üçün dəvət edilirdi. Artıq o da yoxdur. Valideynlər məktəbdən maksimum dərəcədə uzaq saxlanılır. Hər birimiz təlim-tədris prosesindən xəbərsizik. Təəssüf ki, bütün valideynlər məktəbdən uzaq qalıb. Ona görə də uşaqlarımız təhsildən uzaq qalır. Hər gün məktəbə getmək təhsil almaq demək deyil. Davamiyyət, ev tapşırığı həll etmək təhsil almaq deyil. Elə tapşırıqlar var ki, mən belə həll edə bilmirəm. Müəllim tanışlardan dəstək alıram. Şagird necə etsin?
Dərslikləri tərtib edəndə düşünmək lazımdı bunları. Uşaqların beyni paltar deyil ki, çirklənəndə yuyasan. Bir dəfə pozuldusa, mümkün deyil bərpa etmək".
Əfsanə Kamal