Dəyişən dəyərlər, uduzan biz...- Harada səhv edirik?
11 Avqust 2023 10:27 SosialŞərqin və Qərbin ədəbiyyat, musiqi və infornasiya dili hər zaman fərqli olub.
Onlar da özlüyündə zamana görə dəyişsə də, onları yaradan ruh hər zaman olduğu kimi qalıb. Şərqin yaradıcılıq xəmirinin yoğrulmasında müharibə, din hər zaman "maya" rolunu oynayıb. Ümumilikdə türk dünyası yaradıcılığında bu motivlər yer alsa da, vətənpərvərlik hər zaman ön planda olaraq qalıb. Ancaq, düşünürəm ki, SSRİ dövründə musiqiyə, ədəbiyyata, informasiyaya qoyulan qadağalar bizi vətənpərvərlik və milli motivləri daha işlək tutmağa vadar edirdi. Cənubdan olan soydaşlarımızın öz ana dillərinə dörd əllə yapışdıqları kimi...
Həmin dövrə aid əsərlər fərqli olsa da, aşıladığı duyğular eyni idi. Mirzə Cəlilin "Anamın kitabı"əsəri, Səməd Vurğunun "Vaqif" dramı deməyə bəs edir ki, bizim vətənsevər olmağımız olduqca vacib məsələdir. Təkcə Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərini oxuyub millətci bir gəncə çevrilən onlarla insan tanıyıram. İndi bu hisslərin gənclərə və yeniyetmələrə aşılanması üçün musiqidə, ədəbiyyatda və informasiya aləmində yaxşı nümunələr varmı?
Birmənalı şəkildə xeyr deyə bilərəm. Geyimimiz, danışıq tərzimiz avropalaşdığı kimi incəsənətimiz və ədəbiyyatımız da avropalaşıb. Demək olar ki, "soyunub". Yaradıcılıq "copy paste"-ə çevrilərək, tarixə qovuşub. Soyunub ona görə ki, incəsənətdə kitabın, tarın, kamanın, qılıncın, siyasi görüşün yerini, qadınlara yazılan erotik şeirlər, sətirlər və gözəllik standartlarının qurbanı olan yeni növ qadın modellləri alıb. Eyni motivlər əsasında yazılan bu söz yığınları isə dəbdə qalmağa davam edir. Bir sözlə, təəssüf ki, indiki ədəbiyyatımız, musiqimiz, informasiya gündəmimiz ölkəmizin siyasi gündəmi, tarixi keçmişi ilə uyğun gəlmir. Belə olan halda xalq yaşadıqlarını təkrar-təkrar yaşamağa vadar olur. Çox çətin tarixi dövrdə, hələ sosial şəbəkələrdən uzaq keçmişdə min bir əziyyətlə ərsəyə gətirilən mətbuatın, milli motivləri səhnəyə, televiziyaya sətiraltı da olsa çıxarmağı bacaran xalqın qarşısını alan indi nə ola bilər?
Təbii ki, sosial şəbəkələr və informasiya müharibəsində olan boşluqlar.
Minlərlə insana təsir edə biləcək fenomenlər bu gün boş-boş danışıb, pul dilənməklə məşğuldur. Müasir dövr dilənçiliyi küçələrdən sosial medialara daşıyıb. Qazilərə, müharibə veteranlarına bağışlanmayacaq qədər məbləğdə olan pullar dırnaqarası fenomenlərə bağışlanılır. Elə ki, ölkə dara düşsə, həmin adamlar bir-bir yoxa çıxmağa başlayır. Müharibə zamanı da, indi də erməni diasporasının necə güclü işlədiyinin şahidi olduq.
Bu yaxınlarda "Disney" platforması Atatürk haqqında çəkilən filmin yayımlanmayacağını açıqladı. Daşın altından yenə də erməni lobbisi çıxdı. Təsəvvür edin, uduzan və uduzmağa davam edən bir dövlət hələ də öz xislətindən əl çəkmir. Laçın dəhlizindən siçan kimi sıxışıb qalan erməni xalqı siyasi masadan götürülsə də, digər masalarda hiyləgərliyə davam edir. Və uduzmur. Bunlar isə bizim informasiya müharibəsində etdiyimiz səhvlərin bədəlidir.
Dünyaya səs salacaq musiqi motivləri olan bir ölkə "bozbaş" mahnılar meydanına çevrilib. Ədəbiyyatımız qadınların ayaqlarından və göbəklərindən yuxarı qalxa bilmir ki, əsl gözəlliyin bunlar olmadığını anlayaq. Mətbuat və sosial şəbəkələrimiz isə uduzmaqla məşğuldur. Mətbuat topluma nə versə, toplum onu oxumağa məcburdur. Ona görə də mətbuat insanları yaxşı şeylərə vadar etməlidir. Sosial şəbəkələr üçün isə uzun müddət çarə tapıla biləcəyini düşünmürəm.
İnformasiya müharibəsində nə etməliyik sualına cavabı isə Əməkdar jurnalisti, filologiya elmləri doktoru Qulu Məhərrəmli verib:
"Biz istəsək də, istəməsək də mətbuat bu və ya başqa formada informasiya müharibəsində iştirak edir. Söhbət jurnalistlərin yox, bir vasitə kimi media qurumlarının işindən gedir.
Hər hansı dövlət qurumunun, xarici agentliyin verdiyi xəbəri çap edərkən bunun təkcə informasiya olmadığını, həm də hansı məqsədlə yayılan informasiya olduğunu dəqiqləşdirməliyik. Bunun üçün peşəkar standartlara diqqət yetirməliyik. İndi medianın əsas işi həqiqəti yazmaqdır. Yalanları ifşa etmək ciddi şəkildə cəmiyyətə köməkçi ola bilir. Məsələn, indi ermənilər Laçın dəhlizi ilə bağlı çox böyük təbliğat aparır. Diplomatik müharibə hökm sürür. Həmin siyasi müharibənin alt qatında informasiya müharibəsi dayanır. Bütün dünyada informasiya agentliklərinə, televiziyalara müxtəlif materiallar göndərilir. Bunun qarşısını almağın ən yaxşı yolu həmin ərazidən reportaj hazırlamaqdır. Xankəndidə obyektiv xarici informasiya mənbələrindən istifadə edərək oradakı vəziyyəti işıqlandırmaq doğru addımdır. Erməni blogerlər qeyd edir ki, orada heç bir blokada, ərzaq qıtlığı və.s yoxdur. Bunların arxasında yalnız təbliğat maşını dayanır. Birbaşa mənbələrlə işləmək, zamanı hiss etmək, problemdən yaranan məlumat boşluğunu dərhal doldurmaq lazımdır. Media yalnız gerçəyi yazmalı, cəmiyyəti düzgün məlumatlandırmalıdır. Beləliklə, informasiya müharibəsində media özünün rolunu oynayacaq".
Əfsanə Kamal