Postpartum depressiyanın körpələrə təsiri: Onları necə qoruyaq?
11 Avqust 2023 11:24 SosialHamiləlik və doğuş qadınların xüsusi təcrübələrindən biridir. Bu dövrlər həyat prosesində normal mərhələlər olsa da, qadınların sağlamlıq baxımına ehtiyacının xeyli artdığı, ananın fiziki və ruhi cəhətdən təsirləndiyi bir dövrdür. Ana, körpə və ailənin sağlamlığının qorunmasında və inkişafında mühüm dönüş nöqtəsi olan və ailə həyatında qısa bir dövrü əhatə edən doğuşdan sonrakı dövr bir sıra reqressiv və mütərəqqi proseslərin baş verdiyi, psixo-sosial tarazlığın pozulduğu, ana və ailənin bu dəyişikliklərə uyğunlaşmaqda güclü stress yaşadığı böhran dövrüdür. Buna görə də onların xəstəxanada qalma müddəti ana və ailəsi üçün çox sıx və əziyyətli ola bilər. Ona görə də xəstəxanada keçirdikləri bu qısa müddət ərzində ana və ailəyə keyfiyyətli, hərtərəfli və rahat sağlamlıq xidmətinin göstərilməsinin qayğısına qalmaqla, ailələrin doğuşdan sonrakı dövrə uyğunlaşması dəstəklənməlidir. Doğuşdan sonrakı dövrdə dayəlik təcrübələrinin digər məqsədi də ana ilə körpə arasındakı əlaqəni gücləndirmək, əmizdirməyə dəstək olmaq və ananın rahatlığını artırmaqdır. Ananın doğuşdan sonrakı dövrə uyğunlaşmasının asanlaşdırılmasında, ana-körpənin qarşılıqlı əlaqəsinin təmin edilməsində, sağalma prosesinin sürətləndirilməsində, ana və yeni doğulmuş körpəyə qulluq problemlərinin yaranmasının qarşısının alınmasında, doğuşdan sonrakı dövrün təmin edilməsində ana və körpəyə göstəriləcək qayğı çox vacibdir. Bu dövrdə anaların körpələri haqqında təsəvvürləri sonrakı günlərdə, aylarda və illərdə ana-körpə münasibətinin əsasını təşkil edir. Ana ilə körpə arasında doyurucu və zövq verici qarşılıqlı əlaqə nəticəsində ananın körpəsinə qarşı inkişaf etdirdiyi sevgi bağının formalaşması prosesi "ana bağlılığı" olaraq təyin olunur.
Ötən sayımızda postpartum, yəni hamiləlik sonrası depressiya ilə necə mübarizə aparmağın gərəkdiyini araşdırmışdıq. Bəs hamiləlik sonrası depressiyanın uşaqlara hansı təsirləri olur və onları bu təsirlərdən qorumaq, ana və körpə arasında bir-birini tamamlayan əlaqəni yaratmaq üçün nələr etmək lazımdır?
Psixoloq Ülkər Məmmədli bildirir ki, həyatın ilk günlərində başlayan və ana ilə körpə arasında zamanla inkişaf edən bənzərsiz bir sevgi münasibəti olan ana bağlılığı, doğuşdan sonrakı dövrdə ananın psixoloji və sosial vəziyyətindən təsirlənə bilər:
"Postpartum depressiya anaların ümumi və vacib sağlamlıq problemidir. Doğuşdan sonrakı depressiyanın nəticələrinin analar və onların uşaqları üçün əhəmiyyətli təsiri var. Diaqnoz qoyulmamış və müalicə olunmayan depressiya təkcə ananın sağlamlığına deyil, həm də həmin ananın övladının sağlamlığına, qayğısına və inkişafına mənfi təsir göstərə bilər. Depressiyaya uğramış anaların simptomları ana-körpənin mənfi qarşılıqlı əlaqəsinə səbəb ola bilər, belə ki, bu analar körpələri ilə daha çox problemləri müəyyən edə bilərlər. Bundan əlavə, depressiyaya düşən anaların uyğun olmayan valideyn davranışları və uşaq baxımı ilə bağlı narahatlıqları uşaqda qeyri-adekvat vəziyyətlərə səbəb ola bilər. Belə ki, depressiyaya düşmüş anaların uşaqlarında inkişaf, qidalanma, yuxu, temperament, davranış və böyümə ilə bağlı bir çox problemlər görülə bilər. Ananın və körpələrinin sağlamlığına və baxımına mənfi təsirlərin qarşısını almaq üçün anada doğuşdan sonrakı depressiyaya erkən müdaxilə etmək lazımdır. Bu məqsədlə həyatın ilk ilində sağlam uşaq ziyarətləri doğum sonrası depressiyanın qiymətləndirilməsi, skrininq testləri, erkən diaqnoz və müalicə üçün uyğun mühit ola bilər.
Doğuşdan sonrakı dövrdə qadınlarda görülə bilən əhval dəyişikliyi, həyatdan həzz ala bilməmək kimi əlamətlərə depressiv hallar deyilir. Psikotik depressiya üçün normal sayılan kədərli vəziyyətdən depressiv vəziyyət yarana bilər və onun simptomları doğumdan sonrakı bir il ərzində istənilən vaxt baş verə bilər.
Sosial və emosional problemi olmayan analar körpələrini əmizdirməkdən, körpələrini qucaqlamaqdan, körpə ağladığında ona baxaraq sakitləşdirməyə çalışmaqdan, körpəyə xüsusi vaxt ayıraraq aralarındakı ana bağını gücləndirməkdən məmnundurlar. Psixi problemləri olan (məsələn, doğuşdan sonrakı depressiya və psixoz) analar körpələrinə qayğı göstərmək istəmirlər, körpələrinə sevgi göstərmirlər. Nəticədə güclü ana bağlılığı yaranmır və körpənin emosional, əqli, fiziki, sosial və dil inkişafında problemlər yarana bilər. Bu səbəblə doğum sonrası depressiya həm hamilə qadınların, həm də risk qrupunda olan anaların vaxtında fərqinə varılması və doğru zamanda uyğun yanaşmanın göstərilməsi üçün nəzərə alınması lazım olan bir vəziyyətdir. Tibb bacıları ana ilə körpə arasındakı normal bağlanma prosesində və doğuşdan sonrakı dövrdə müsbət ana-körpə əlaqəsinin inkişafında və ananın doğuşdan sonrakı depressiya baxımından qiymətləndirilməsində mühüm rol oynayır ki, analar yanaşmanı qiymətləndirə bilsinlər.
Doğuş edən anaların fiziki sağlamlığı yaxından izlənilsə də, onların psixi sağlamlığına lazımi səviyyədə nəzarət edilmir. Bu laqeydliyin səbəbləri arasında fiziki ehtiyacların daha çox nəzərə alınması və izləmənin daha asan olması, tibb bacısı və mamaların doğuşdan sonrakı dövrdə psixi pozğunluqlar haqqında kifayət qədər məlumata malik olmaması və ya anaların psixi problemlərini daha az ifadə etməsi qeyd olunur.
Doğuşdan sonra körpəsinə və yeni məsuliyyətlərinə uyğunlaşmağa çalışan ananın depressiya ilə mübarizə aparmaq məcburiyyətində qaldığı zaman körpəsinin ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiyi görülür. Depressiyada olan analar körpələrinə daha az emosional resurslar təklif edirlər ki, bu da körpələrinə qarşı daha az mərhəmətli davranış nümunələri nümayiş etdirmək, gülümsəmək, üz-üzə ünsiyyət qurmaq kimi özünü göstərir. Məlumdur ki, depressiyada anaya sahib olmaq depressiyanın inkişafı üçün ən böyük risk faktorudur. Depressiv davranış və duyğulara məruz qalan körpələr uşaqlıq dövründə daha çox antisosial və nevrotik davranışlar və idrak, emosional və davranış sahələrində qeyri-kafi inkişaf nümayiş etdirirlər.
Nəticə olaraq, anamnezində depressiya keçirmiş, ilk hamiləliyi olan və son doğuşdan başqa övladı olmayan analarda doğuşdan sonrakı depressiyaya tutulma riski daha yüksəkdir. Qeyd edim ki, ailənin gəliri xərc statusundan çox olan və hamiləlik dövründə işləyən analarda doğuşdan sonrakı depressiyaya tutulma riski daha azdır. Korrelyasiya təhlili nəticəsində müəyyən edilmişdir ki, doğuşdan sonrakı depressiya əlamətlərinin özünə hörmət, ümumi özünə inam, ailə, dostlar, xüsusi insanlar tərəfindən qəbul edilən sosial dəstək və qəbul edilən ümumi sosial dəstək, qayğı xidmətinin keyfiyyəti, uşaqların fərdi xüsusiyyətləri kimi simptomlar azalır. Müəyyən edilmişdir ki, hamiləlik dövründə işləyən anaların sosial-iqtisadi vəziyyəti və ailənin gəlir statusu xərc statusundan yüksəkdir, doğuşdan sonrakı depressiyanın inkişaf riskini azaldan qoruyucu amillərdir. İştirakçıların hamiləlik prosesləri və psixoloji durumları, hamiləliyin planlı olması, doğuş zamanı yaşanan stressin aşağı olması, ümumi özünə inamının yüksək olması, ailələrindən yüksək sosial dəstək qavrayışının qoruyucu amillər olduğu müəyyən edilmişdir və bütün bunlar ümumilikdə postpartum depressiyanın inkişaf riskini azaldır".
Röyalə Xəyal