Təyyarə Surəti layiq olduğu yerə apardı - "Xainlər qəbiristanlığı"na...

Dünən sabiq baş nazir, qiyamçı polkovnik Surət Hüseynovun dünyasını dəyişməsi sosial şəbəkə istifadəçilərinin yenidən iki, hətta üç cəbhəyə ayrılmasına səbəb oldu.

Açığı, bir qism insanlar bu hadisədən sevindiyini gizlətmir, kəskin fikirlər səsləndirir, hətta "Lənət olsun", "Cəhənnəmdə yeri hazırdır", "Atəşi bol olsun", "Elə ölməli adam idi", "Allah əzabların bol eləsin" kimi ifadələr işlədirdilər.

Azlıqda qalan ikinci qism insanlar isə bu cür mövqe sərgiləyənləri qınayır, Surəti Hüseynovu sağlığında tənqid etməyənlərin indi onun ünvanına bu cür sözlər söyləməsinin qeyri-etik olduğunu bildirirdilər. "Hər insanın ölüsü özünə əzizdir" deyimindən çıxış edənlər Surət Hüseynovun yaxınlarının hisslərinə hörmətlə yanaşmaq lazım olduğunu qeyd edirdilər.

Sosial şəbəkədə fəallığı ilə seçilən üçüncü qism insanlar isə yalnız hadisəyə deyil, bütün bu mübahisələrə də biganədirlər. Surət Hüseynovun ölümünü adi təbiət, əcəl hadisəsi hesab edirdilər.

Əlbəttə, istər humanist, istər mental, istərsə də dini dəyərlər baxımından hər hansı insanın ölümünə sevinmək, mərhumun ünvanına qeyri-etik ifadələr işlətmək, onu təhqir etmək təqdir oluna bilməz. Amma...

Amma Surət Hüseynov sıradan bir şəxs deyildi və onun dünyasını dəyişməsindən sonra bu cür reaksiyaların olması düşündürücüdür. Sual çox sadədir: Bir çox sosial şəbəkə istifadəçiləri, - aralarında jurnalist də, siyasətçi də, hüquqşünas da, dindar da və başqaları da vardı, - niyə mərhumun ünvanına sərt fikirlər səsləndirirdilər? Bu təpkilərdə şəxsi motiv vardımı, bu, qərəzdən irəli gəlirdimi?

Əslində, bu sualların cavabları necə deyərlər, Surət Hüseyovun ölüsünü müdafiə edən, onun ruhunu incitmək istəməyn insanlara da bəllidir.

Müstəqllik tarixinə bələd olanlar yaxşı xatırlayırlar, ötən əsrin 90-cı illərində qonşu dövlətlərin çoxu - nə Rusiya, nə İran, nə də Ermənistan Azərbaycanın müstəqilliyi ilə nəinki barışmır, hətta onun bir dövlət kimi parçalanıb yox olmasını arzu edirdilər. Rayonlarımızın bir-birinin ardınca işğal olunduğu bir vaxtda dövlətin polkovnik rütbəsi, Milli Qəhraman adı verdiyi bir "hərbçi" - Surət Hüseynov düşmənlə üzbəüz səngəri tərk edir, Gəncədə qiyam qaldırır, Bakıya doğru hərəkətə keçib legitim hakimiyyəti devirəcəyini bəyan edir. Bu, xəynət idi. Yəqin ki, Azərbaycanda yaşayanların 99,9 faizi həmin hadisəni məhz bu cür qiymətləndirir.

Digər tərəfdən, əgər Surət Hüseynov öz düşüncəsilə hərəkət etsə, mövcud vəziyyətdən yararlanıb hakimiyyətə ələ keçirmək istəsəydi, bəlkə də onu başa düşmək olardı. O isə birbaşa Azərbaycanın müstəqilliyinə düşmən kəsilən Rusiyanın tapşırıqlarını yerinə yetirirdi. Surət Hüseynov bu tapşırıqları birbaşa Rusiya Müdafiə naziri Pavel Qraçov, Rusiya Baş Kəşfiyyat İdarəsindən alırdı. Məhz Rusiyanın bu planları, onların Azərbaycandakı icraçıları ölkəni 30 ildən çox geri atdı. "Rus ayısı"na eyni "ayı xidməti"ni 1918-ci ildə adları hər birimizə bəlli olan Azərbaycan bolşevikləri etmişdilər.

Öz ölkəsinin maraqlarını satan, ona xəyanət edənlərə isə nəinki Azərbaycanda, heç bir ölkədə bəraət yoxdur. Başqa sözlə, rəhməti də, lənəti də hər bir insan öz əməlləri ilə qazanır.

Surət Hüseynovun ölümünə verilən emosional reaksiyaları dəyərləndirənlər daha çox mental və dini dəyərlərə istinad edirlər. Amma elə həmin dəyərlərə görə tarixən ordudan qaçmaq, döyüş vaxtı qiyam qaldırmaq vətənə xəyanət hesab edilib və buna yol verənlər ölümlə cəzalandırılıb. Bu baxımdan Surət Hüseyovun cəzası hələ yüngül olmuşdu.

Nəhayət, bütün cəmiyyətlərdə bu kimi hadisələrin gələcək nəsil üçün ibrət dərsləri də olmalıdır. Uzağa getməyək, elə 2016-cı ildə Türkiyədə dövlətə baş qaldıranların aqibətini xatırlayaq. Öldürülən bu şəxslər üçün "Xainlər qəbiristanlığı" yaradıldı və onlar orada dəfn edildilər.

Taleyi elə gətirdi ki, Surət Hüseynov Türkiyədə dünyasını dəyişdi və indi onun nəşi "Xainlər qəbiristanlığı"na çox yaxındır...

BakuPost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31