DOST Evi tərəfindən “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib- ÖZƏL
16:53 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı "DOST Evi" filialı tərəfindən "Sülh və sosial həmrəylik" mövzusunda tədbir keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilən "Sülh Aylığı" çərçivəsində keçirilən tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyindəki İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə təşkil olunub.
Tədbirdə Ombudsmanın, prokurorluq və ədliyyə orqanları, təhsil və peşə təhsili müəssisələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yerli strukturlarının nümayəndələri və könüllülər iştirak ediblər. Cəmiyyətdə sülh mədəniyyətinin təşviqi, insan hüquqlarının qorunması və sosial həmrəyliyin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin qarşılıqlı hörmət və inklüziv cəmiyyətin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
Proqram çərçivəsində tədbir iştirakçıları İsmayıllı "DOST Evi"nin fəaliyyəti, göstərilən xidmətlər və həssas kateqoriyalardan olan şəxslər üçün yaradılan şəraitlə tanış olublar. Daha sonra qonaqlar həssas əhali qruplarından olan benefisiarların iştirakı ilə keçirilən "Sülhün rəngləri" adlı yaradıcılıq məşğələlərinə qoşulublar.
Sonda İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən benefisiarlara təşəkkürnamə və hədiyyələr təqdim olunub.