Məmməd Aslanın taleyini dəyişən, akademikə dərs deyən maarif fədaisi
16:48 SosialAzərbaycanda müxtəlif dövrlərdə xalqın maariflənməsində, təhsilin yayılmasında və savadlı nəslin yetişməsində mühüm xidmətləri olan maarifçilər olub. XIX əsrin sonlarında şamaxılı böyük maarifçi Konstantin Çernyayevski kənd-kənd gəzərək Qori Müəllimlər Seminariyasına azərbaycanlı şagirdlər cəlb edirdi.
Onun bu fədakar fəaliyyəti Azərbaycanın müxtəlif bölgələrində təhsilə marağın artmasına və yeni ziyalı nəslinin formalaşmasına mühüm təkan verdi. Belə maarifçilik missiyasını XX əsrdə Qarabağın Quzanlı kəndindən olan Əhməd Məmmədov da öz üzərinə götürmüşdü. Əhməd müəllim təhsildən kənarda qalan uşaqları üzə çıxarır, onların məktəbə cəlb olunmasına çalışır və qarşılaşdıqları maddi çətinliklərin aradan qaldırılması üçün əlindən gələn köməyi göstərirdi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi mərhum şair Məmməd Aslan öz xatirələrində Əhməd müəllimlə bağlı olduqca təsirli bir hadisə danışırdı:
"Atam müharibədə vəfat etmişdi. Dolanışıq ağır olduğuna görə 1950-ci ildə anamla Kəlbəcərdən Bərdənin Əyricə kəndinə köçmüşdük. Kənd camaatının quzularını otarıb evimizə çörəkpulu aparırdım. Heç vaxt məktəbə getməsəm də, qonşu məktəbli uşaqların əlifba kitablarından hərfləri özüm öyrənmişdim, yazmağı və oxumağı bacarırdım.
Quzuları otaranda qonşu uşaqların köhnə kitablarını özümlə götürüb imkan olduqca otlaqda oxuyurdum. Bir gün quzuları kəndə gətirəndə məktəbin direktoru ilə qarşılaşdım. Neçənci sinifdə oxuduğumu soruşdu və qoltuğumdakı kitabı alıb vərəqlədi. Heç vaxt məktəbə getmədiyimi dedim. Kitabdan bəzi yerləri göstərdi və bunları oxumağımı istədi. Mənim yaxşı oxuduğumu və bir neçə şeiri əzbər dediyimi dinlədikdən sonra mənimlə birlikdə evimizə gəldi.
Bir daxmada çox kasıb yaşayırdıq. Anama dedi ki, sabahdan Məmmədi məktəbə gətir, dərslərə başlayacaq. Anam da oxumağımı çox istəyirdi. Artıq 9 yaşım var idi və belə bir imkanımız olmamışdı. Səhər həvəslə anamla məktəbə gəldim və məni birinci sinfə qəbul etdilər. Sinifdə uşaqlardan xeyli böyük olduğuma görə sinif yoldaşlarım məni lağa qoydu. Üç gün sonra məktəbə getmədim.
Axşamüstü Əhməd müəllim yenə bizə-evimizə gəldi və sabah məktəbə gəlməyimi anama tapşırdı. Səhər məni başqa bir sinfə keçirmişdi. Daxili qərarla artıq üçüncü sinfə keçirmişdi və mən həmyaşıdlarımla oxuyurdum.
Ən təsirlisi də o idi ki, bu insan mənim dərslərə rahat davam etməyim üçün anamı məktəbdə xadimə kimi işlə təmin etmişdi. Artıq quzu otarmadan təhsilimi davam etdirə bilirdim.
Məktəbi, təhsili, insanlığı mənə sevdirən bu gənc müəllimin sonradan Ağdam rayonunun Quzanlı kəndindən olan Əhməd müəllim olduğunu bildim. Həyatda mənəvi baxımdan ən çox borclu olduğum insan idi".
Qeyd edək ki, Məmmədov Əhməd Salman oğlu 1 fevral 1929-cu ildə Ağdamın Quzanlı kəndində anadan olub. Ağdam İkiillik Müəllimlər İnstitutunu 1949-1951-ci illərdə bitirən istedadlı pedaqoq və bacarıqlı təhsil təşkilatçısı Əhməd Məmmədov 1951-ci ildə Bərdə rayonunun Qaradəmirçi kəndində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. O, müxtəlif illərdə Bərdə rayonunun bir sıra kənd məktəblərində müəllim, dərs hissə müdiri, təhsil təşkilatçısı və direktor vəzifələrində çalışıb.
Bütün tələbələri onu əsl təhsil fədaisi, peşəsinə sonsuz bağlılığı olan, hər bir dərsi, mövzunu şagirdə aydın və sadə şəkildə çatdırmağı bacaran usta pedaqoq kimi xatırlayırlar.
Herbiand.az