"Çox kökəm" və ya "çox arığam" düşüncəsi: Komplekslərimizdən necə qurtulaq?

 

Həyatımızın hər mərhələsində müxtəlif mühitlərdə müəyyən narahatlıqlarımız olur.  Bu narahatlıqlar daim bizim inkişafımızın önündə  əngəl rolunu oynayar və bunun nəticəsində həyatımızı istədiyimiz kimi yaşaya bilmirik.
"Mənim bu məsələdə komplekslərim var..." Yəqin ki, tez-tez yaxın ətrafınızın və ya elə öz dilinizdən bu ifadələri eşitmisiniz. Hansısa işdə, məsələdə mövqesizlik və ya cəsarətsizlik, hətta deyərdim, aqressivlik "kompleks"lərin "boynuna qoyulur". Baxmayaraq ki, çox vaxt bu sözün mənası, onun altındakı yük barədə çoxlarımız məlumatsızıq.
Komplekslərimiz gündəlik həyatımızın ayrılmaz probleminə çevrilib. "Ayaqlarım, qollarım çox qalındır", "dodaqlarım çox nazikdir", "mən kişi kimi qadınam", "çox kökəm" və ya "çox arığam" və s. düşüncələr bədənimizlə bağlı psixoloji komplekslər, narahtlıqlar yaradır. Təbii ki, bunların hər biri yaşadığımız həyatın mənfi təcrübələrinin bizdə buraxdığı izlərdir. Təəssüf ki, bu mənfi hisslərin və düşüncələrin əsasını əvvəlcə ailə, sonra dostlar və müəllimlər qoyur. Komplekslər insanların gələcək potensialı, sosiallaşması qarşısında böyük maneədir. Hansımız deyə bilərik ki, mən özümü tamamilə olduğum kimi qəbul edirəm və ya sevirəm? Hansımız deyə bilərik ki, biz mən özümə güvənirəm və özümü olduğum kimi qəbul edib, hər halımla barışmışam?
Davam edən klinik müşahidələr və araşdırmalara əsasən, insanların qüsurlu olduğuna dair köklü bir inancın olduğunu söyləmək olar. Əlbəttə ki, hər hansı bir məsələdə olduğu kimi, onların intensivliyi və təcrübə tezliyi fərqli ola bilər. İnsan olmaq bəzi məhrumiyyətlər, bəzi boşluqlar və bəzi natamamlıq hissləri ilə xarakterizə olunur və davamlılıq üçün bu sahələrdə müəyyən dərəcədə tolerantlıq inkişaf etdirmək gərəkir. Bununla belə, bəzi insanlar üçün onların qüsurlu olduğuna dair köklü inam üstünlük təşkil edir. Bəs komplekslərdən necə qurtulmaq olar?
Psixoloq Ülkər Məmmədli bildirir ki, komplekslər müxtəlif elementləri ehtiva edən və mənəvi konfliktin təzahürü olan mürəkkəb bir quruluşa aiddir:
"Psixoloji baxımdan kompleksi bir qabıq kimi düşünə bilərik. Qabıqları çıxardığımız zaman onun altında qanayan yaranın olması mümkündür. Problemli yaşantılar nəticəsində hiss edilən və obsesif hala gələn utanma, rədd edilmə qorxusu, özünü günahkar hiss etmək kimi çətin hisslər problemli rəftar və özünü alçaqda görmək kimi izah edilə bilər. Komplekslər mənəvi, fiziki, zehni və ya ətraf mühitlə bağlı ola bilər. Hər bir fərdin kompleksi öz hekayəsində gizlənir və onların mənbələri müalicələr zamanı ortaya çıxdıqda, problem həll etmək mümkün olar. Yəni kompleksin səviyyəsi hamımızda fərqli olsa da, antidotu qəbul edib ifadə edə bilməklə onları yüngülləşdirmək olar.
Vəziyyətinizlə bağlı narahatlığınız bütün gün davam edirsə və ya bu məsələ ilə bağlı asanlıqla rahatlaya bilmirsinizsə, burda artıq kompleksdən danışa bilərik. Komplekslərin formalaşma prosesləri araşdırıldıqda, bunun uşaqlıq və yeniyetməlik dövründə izləri görünür. Problemlərimizin mənbəyi əsasən ailəmiz olsa da, temperament meyllərimizin payı da danılmazdır. Məsələn, mükəmməllikçi olan insanın özündən böyük gözləntiləri olur. Şüursuzda kamilliyə çatmaq idealı həmişə var. Təbii ki, belə bir idealın real həyatda qarşılığı yoxdur. Çünki insanın iradəsindən kənar vəziyyətlər ola bilsə də, o, özündən yüksəkdə fəaliyyət göstərən bir nizama mənsubdur.
Sosial media və estetik sektorlardan bizə təzyiqlər əsas psixi münaqişəyə səbəb ola bilər. Bu gün, sağlam qidalanma, sağlam həyat, müntəzəm idman və estetik müdaxilələrlə dəstəklənən yaxşı bir genetik irs olmadan heç bir mükəmməl bədən yoxdur. Əgər bunlar varsa, o mükəmməllik əslində qorxulu ola bilər. Əslində insan üçün yaxşı olan odur ki, qarşı tərəf də onun kimi qüsurları və bəzi çatışmazlıqları olan normal bir insandır.
İqtisadi cəhətdən bəslədiyimiz komplekslərdən uğurlu gördüyümüz insanları müşahidə etməklə, qurtula bilərik. Məsələn, onların qənaətcil tərəflərini və ya hekayələrini, gördüyü işləri, uzaq durduqları şeyləri və çətinlik çəkdikləri vaxtları dinləməklə öz komplekslərimizdən xilas ola bilərik.
Həyatda hər zaman hər şeydə şanslı deyilik və heç vaxt da olmayacağıq. Başqasının əldə etdiklərinə diqqət etmək əvəzinə, öz əlimizdə olan imkanları necə fürsətə çevirə bilərik, onu düşünməliyik. İnsan sevgi ilə bağlanaraq özünü uzun müddət tək hiss etməyə dözə bilməz. İnsan sosial varlıqdır. Böyük bir sosial dairəyə sahib olmaq təkcə hər həftə sonu planlarınız olması, harasa gedib gəzmək, əylənmək demək deyil. Həyatla əlaqə qura bilməkdir. Əgər izdihamlı mühit və təşkilatlar kifayət etsəydi, insan kütlənin içində özünü tək hiss etməzdi. Xoş niyyətlərin əhatəsində olan isti bağlar və paylaşımlar, anlamaq və başa düşülmək səyi ilə sosial tərəfimizi qane edir, yaralarımızı sağaldırıq. İsti bir əlaqə qurmaq üçün isə ilk addım özümüzü kəşf etməkdir. Bəzən özümüzün narahat olduğumuz rəftarları başqalarına göstərə bilərik, özümüzü ifadə etmədən də bizi başa düşmələrini gözləyə bilərik, başa düşməyə çalışmaq əvəzinə hər zaman digərindən ilk addımı gözləyə bilərik və bəzən hətta sevməkdən qaça bilərik. Çünki biz bu zaman özümüzü kəşf edirik. Sevgi bütün komplekslərdən üstündür.
Kompleks hansı sahədə olursa olsun utanc hissi ilə xarakterizə olunur. Mühakimə olunmaq və qəbul edilməmək qorxusundan insanlar qüsurlu olduğuna inandıqları sahəni gizlətməyə meylli olurlar. "Başqalarının üzünə necə baxaram?" düşüncəsi ilə yaşayan insanlar öz davranışlarına, görünüşlərinə başqalarının mənfi reaksiyalar verəcəyinə inandığından narahatlıq içərisində yaşayırlar.
Danışmaq və özünü ifadə etmək bacarığı komplekslərdən qurtulmaq üçün ilk addımdır. Amma burada mühüm məqam kiminlə danışdığınızdır. Yaxınlarınız problemlərinizi minimuma endirmək, inkar etmək, ümumiləşdirmək və məsləhət vermək kimi rəftarları qəbul edə bilər. Terapiyada isə indiki kompleks keçmişdən bir yara kimi qəbul edilir. Beyində yaranan problemlərlə peşəkar çərçivədə, mühakimə yürütməkdən və məsləhət verməkdən uzaq davranmaq komplekslərin aradan qalxmasına şərait yaradır.
İnsan özünə aid bir şeydə özünü qeyri-adekvat hiss etdikdə, onu başqa xüsusiyyətlərlə kompensasiya etməyə çalışır. Misal üçün, fiziki cəhətdən özünüzü bəyənmirsə, hamıdan daha intellektual, əyləncəli və şəfqətli olmağa çalışa bilərsiniz. Əgər bir insanın boyu ilə bağlı kompleksi varsa, o, ayaqqabı seçimində hər zaman hündürdaban ayaqqabıya üstünlük verə bilər. İlk baxışdan adi görünsə də, komplekslərindən qaçmaq kimi həddindən artıq kompensasiya edici davranışlar da komplekslərin saxlanmasına və depressiyalara səbəb ola bilər. Belə olan halda fərd özünü və daxili dünyasını müşahidə edə, vəziyyətlər qarşısında və dialoq zamanı mühakimə etmədən şahidlik edə bilər.
Uşaqlıq və yeniyetməlik dövründə manipulyasiyalara çox həssasıq və özümüz haqqında yanlış inanclar inkişaf etdirmiş ola bilərik. Fərdin özü haqqında mənfi kök inanclarını necə qoruduğunu və başqalarının reaksiyalarını necə təhrif edə biləcəyini müşahidə edərək, mühakimə və emosiya yaratmadan müşahidə edərək fərqinə varır. Fərd "Mənim inancım nə dərəcədə realdır?" deyə düşünür ki, bu sorğunun da bir çox üstünlükləri var. Komplekslərinizə meydan oxumaq üçün həddən artıq kompensasiya və qaçınma davranışlarınızdan tədricən uzaqlaşmalısınız".
Psixoloq məsləhət görür ki, komplekslərindən qurtulmaq üçün şəxs düşüncə tərzini dəyişməyə çalışmalıdır: "Özünün kompleksinin təsirinə təslim olan şəxs ondan daha yetkin, daha xoşbəxt insanlara paxıllıq edir".
Komplekslərdən qurtulmaq üçün ciddi psixoloq seanslarına o vaxt getmək lazımdır ki, artıq onlarla yaşamaq qeyri-mümkünə çevrilir. Əsas məsələ insanın öz komplekslərinə necə yanaşmasıdır. Əgər o bu kompleksləri o qədər də ciddi bir şey qəbul etmir və ona əhəmiyyət vermirsə, bu halda nə ətrafı, nə də özü üçün ciddi problem yaranır. Amma çox nadir hallarda insanlar komlekslərinə səbirlə yanaşırlar. Əksi olduqda isə psixoloji dəstək almaq məqsədəuyğundur.

Röyalə Xəyal

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31