907-ci düzəliş üzrə azadolma: Azərbaycan-ABŞ münasibətlərində strateji addım- ÖZƏL

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişi üzrə məhdudiyyətlərdən azadolma müddətinin uzadılması barədə Konqresə bildiriş göndərib. Bildiriş iyulun 28-də Senatın, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr komitələrinə təqdim olunub.

907-ci düzəliş üzrə azadolma müddətinin uzadılması ABŞ-Azərbaycan münasibətləri baxımından nə dərəcədə əhəmiyyətlidir? Bu qərarın Azərbaycanın ABŞ-la strateji və təhlükəsizlik əməkdaşlığına təsiri necə ola bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:

" ABŞ və Azərbaycan arasında siyasi, diplomatik əlaqələr müsbət dinamika üzrə davam edir. Nəticələrdən biri olaraq 907-ci düzəliş üzrə məhdudiyyətlərdən azadolmanın uzadılması məsələsini qeyd etmək olar. Bu, ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımı göstərməsinin yolunu açır. Sözü gedən qərar ikitərəfli əlaqələrdə əməkdaşlıq imkanlarını qoruyub saxlayır, təhlükəsizlik sahəsində dialoqu dəstəkləyir və Vaşinqtonla Bakı arasında praktiki əlaqələrin davam etməsi üçün siyasi zəmin yaradır. Bu qərar Azərbaycanın ABŞ ilə strateji və təhlükəsizlik istiqamətindəki əməkdaşlığına öz təsirini göstərəcək. Çünki qərar ABŞ prezidentinə Azərbaycanla bağlı məhdudiyyətlərdən yan keçmək səlahiyyəti verir. İki ölkə arasında hökumətlərarası təmasların və layihələrin davamına şərait yaradır. Vaşinqtonun Cənubi Qafqazda maraqlarını qorumaq üçün hər iki tərəflə işləməyə hazır olduğunu göstərir. Müdafiə və eyni zamanda təhlükəsizlik qurumları arasında təlim, məşvrət və potensialın gücləndirilməsi proqramlarını dəstəkləyir. Sərhəd təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və dəniz təhlükəsizliyi istiqamətlərində birgə addımların atılmasına imkan tanıyır. Münasibətlərdəki mövcud gərginlikləri yumşaltmaqla yanaşı ikitərəfli tərəfdaşlığın işlək vəziyyətdə qalmasını təmin edir. Ümumiyyətlə bu kimi məsələlərin müsbət həlli Zəngəzur dəhlizi istiqamətində görüləcək işlərə də öz töhfəsini verəcəkdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31