Ermənistanın yeni Konstitusiya layihəsi hakim partiyada narazılıq doğurub – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Hraparak" qəzetinin məlumatına görə, Ermənistanın dərc olunmuş yeni Konstitusiya layihəsi hətta hakim "Vətəndaş müqaviləsi" partiyasının daxilində də təəccübə səbəb olub. Nəşrin partiyadakı mənbəyə istinadən yazdığına görə, sənədin məzmunu əvvəlcədən fraksiya deputatları ilə razılaşdırılmayıb. Deputatlar konstitusiya hüququ üzrə mütəxəssislərin tənqidi rəylərini izləmək məcburiyyətində qalıblar və dərc olunan sənədin hüquqi baxımdan qeyri-peşəkar hazırlanmasından heyrətləniblər.

Qəzet qeyd edir ki, daha əvvəl fraksiya nümayəndələrinə layihənin dərc olunmazdan əvvəl daxili müzakirəyə çıxarılacağı vəd edilsə də, bu baş verməyib, üstəlik sənəd konstitusiya islahatları komissiyasına da təqdim olunmayıb. "Vətəndaş müqaviləsi"ndəki mənbələr hesab edirlər ki, çoxsaylı nöqsanlara görə sənədin təkmilləşdirilməsi azı bir il vaxt apara bilər.

Xatırladaq ki, noyabrın 23-də dərc olunan yeni Konstitusiya layihəsində 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad çıxarılıb. Baş nazir Nikol Paşinyan vətəndaşlara müraciətində bildirib ki, yeni Konstitusiya qəbul edildikdən sonra Azərbaycanla sülh müqaviləsi imzalanacaq və ratifikasiya olunacaq. Konstitusiya islahatı məsələsi sülh müqaviləsinin yekun imzalanması üçün əsas şərtdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00