Afina İranın Avropaya mümkün hücumuna qarşı tədbirlər görür

Yunanıstan "Patriot" hava hücumundan müdafiə raket sistemini Karpatos adasından Kritdəki Suda körfəzində yerləşən hərbi bazaya köçürmək məsələsini nəzərdən keçirir.

Olaylar.az xəbər verir ki, bu barədə "Kathimerini" qəzeti məlumat yayıb.

Bildirilir ki, Suda (Souda) bazasına qarşı təhdid ciddi hesab edilərsə, ABŞ-nin hərbi obyektlərinin mühafizəsini gücləndirmək məqsədilə hazırda Karpatosda yerləşdirilmiş "Patriot" batareyası həmin bazaya köçürülə bilər.

Afina həmçinin Kipr və Bolqarıstandakı hədəflərə qarşı mümkün zərbələrlə bağlı məlumatları araşdırır. Mart ayında pilotsuz uçuş aparatlarının hücumlarından sonra həmin bölgəyə yerləşdirilmiş iki Yunanıstan F-16 qırıcısı, eləcə də "Nikiforos Fokas" freqatı hələ də Kiprdə qalmaqdadır.

Suda bazasında təhlükəsizlik tədbirləri artıq gücləndirilib. Yunanıstan Müdafiə Nazirliyi bildirir ki, təhlükə səviyyəsi artarsa, bu tədbirlər daha da gücləndiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31