Mediatorların növbəti Beynəlxalq Yay Məktəbi Azərbaycanda keçiriləcək- ÖZƏL

Mediatorların növbəti Beynəlxalq Yay Məktəbinin Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. Mediasiya Şurasından "Olaylar"a bildirilib ki, Qırğız Respublikasında keçirilən Mediatorların Beynəlxalq Yay Məktəbində Azərbaycan Respublikasını təmsil edən 17 mediator iştirak edib.

Beynəlxalq yay məktəbi çərçivəsində müxtəlif ölkələrdən olan mediatorların iştirakı ilə keçirilən görüş və müzakirələr zamanı beynəlxalq mediasiya əməkdaşlığının genişləndirilməsi, mediatorlar arasında təcrübə mübadiləsinin gücləndirilməsi və region ölkələri arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm məsələlər müzakirə olunub.

Yay məktəbinin yekunları üzrə keçirilən müzakirələr zamanı növbəti Mediatorların Beynəlxalq Yay Məktəbinin Azərbaycan Respublikasında keçirilməsi barədə qərar qəbul edilib. Bu qərar Azərbaycan mediasiyasının beynəlxalq platformalarda artan nüfuzunun və ölkəmizin mediatorlar arasında beynəlxalq əməkdaşlığın inkişafında fəal rolunun mühüm göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, Mediatorların Beynəlxalq Yay Məktəbi ənənəvi olaraq Orta Asiya regionunda təşkil olunur. Növbəti yay məktəbinin ölkəmizdə keçirilməsi isə tədbirin ilk dəfə Orta Asiyadan kənarda, Azərbaycanda təşkil olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Mediatorların Beynəlxalq Yay Məktəbinin əsas təşkilatçıları kimi Azərbaycan Respublikasının Mediasiya Şurası və Orta Asiya Mediatorlar Konsorsiumu çıxış edəcək. Ölkəmizdə keçiriləcək Beynəlxalq Yay Məktəbinə Azərbaycanla yanaşı, Orta Asiya ölkələri, digər türk dövlətləri, Avropa və müxtəlif regionlardan mediatorların, mediasiya üzrə ekspertlərin və peşəkarların cəlb olunması nəzərdə tutulur.

Tədbirin əsas məqsədləri sırasında mediatorlar arasında beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi, müasir mediasiya metodlarının öyrənilməsi, peşəkar şəbəkələşmənin gücləndirilməsi və müxtəlif ölkələrin mediasiya institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi xüsusi yer tutur.

Azərbaycanın beynəlxalq mediatorlar ictimaiyyətinin belə mühüm tədbirinə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq mediasiya əməkdaşlığında fəal iştirakının və regional mediasiya platformasında artan rolunun göstəricisidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31