ABŞ-nin Azərbaycana münasibəti ölkəmizin beynəlxalq imicinə müsbət təsir edir- ÖZƏL
13:22 Siyasət"Azərbaycan-Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər müstəqillik dövründən başlayaraq bu
günə qədər özünün ən yüksək zirvəsindədir". Bunu "Olaylar"a Milli Məclisin deputatı Fəzail İbrahimli deyib: "Xüsusən keçən il avqustun 8-də Amerika Birləşmiş Ştatlarında Azərbaycan prezidentini və Ermənistan baş nazirini birgə qəbul edəndən sonra Azərbaycan və onun rəhbəri barədə Donald Trampın səsləndirdiyi fikirlər ölkəmizə qarşı uzanan iti caynaqlılar və məhbus baxışlıları kifayət qədər düşünməyə vadar etdi. Çünki Azərbaycanı sevməyən qüvvələr Baydenin prezidentlik dövründə münasibətləri hətta qarşıdurma səviyyəsinə qədər gətirib çıxara bilmişdilər. Erməni lobbiləri, Azərbaycanı sevməyən qüvvələr, Avropada Azərbaycana qarşı olan qüvvələr bundan ilham alırdılar.
Amma Donald Tramp prezident seçilərək hakimiyyətə gəldikdən sonra Azərbaycana qarşı münasibətindəki yeniliklər kifayət qədər Azərbaycanın beynəlxalq nüfuzuna, onun dövlətlər arasındakı imicinə müsbət təsir etdi.
Qaldı ki, Azadlığa Dəstək 907-ci düzəlişlə bağlı, onu deyə bilərəm ki, avqustun 8-də onun bir ili tamam oldu. Bununla bağlı o müddətin yenidən uzadılması bir mərhələsi başlanır.
Departamentin Dəstək Aktının tətbiq olunmaması üçün müddətin uzadılması ilə bağlı Konqresə müraciəti təbii ki, müsbət amildir. Çünki, biz bilirik ki, bu, o vaxt Azərbaycana qarşı ədalətsiz bir qərar idi. Deyir "Yanan da mən, yaman da mən".
Azərbaycan torpaqları işğal olunurdu, ermənipərəst qüvvələr, konqresdəki qüvvələr yığışıb uduzan tərəfi, əzilən tərəfi, qaçqın-köçkün həyatı yaşayan bir dövlətin tarixinə belə bir qəribə məsələ qoydu və o vaxtdan etibarən bu dayandırılır, artırılır. Bu gün isə bu məsələ demək olar ki, Azərbaycanın xeyrinə olan bir müstəvidə inkişaf edir.
2001-ci ildə ABŞ Konqresi Amerika prezidentinə bu məsələni həll etmək səlahiyyəti verib. Və ordan da süzülərək Departamentin sorğuları Alt komitəyə, Senata və digər komitəyə müraciət olunur. Bu da Azərbaycanına qarşı olan münasibətlərin zərrə-zərrə aradan götürülməsinə rəvac verən bir məsələdir.
Hesab edirəm ki, bunu Azərbaycan dövlət başçısının apardığı xarici siyasət, beynəlxalq münasibətlər sistemində söz sahibi olması, onun qətiyyətli iradəsi, mümkün olan-olmayan dərəcədə qətiyyətli keyfiyyəti və son olaraq haqqın qələbəsi kimi qiymətləndirmək olar".