Zəngəzur dəhlizi və Sənaye Parkı: Naxçıvanın yeni iqtisadi yüksəliş perspektivi- ÖZƏL

Nəqliyyat kommunikasiyalarının açılması və Naxçıvan Sənaye Parkının tam fəaliyyətə başlaması muxtar respublikanın iqtisadi və geosiyasi imkanlarını genişləndirə bilər. Bu proseslər Naxçıvanın dünyaya daha geniş açılmasına və regionda yeni inkişaf mərhələsinin formalaşmasına zəmin yaradır. Prezident İlham Əliyevin səfəri və atılan addımlar da bu gələcəyin iqtisadi bazasının yaradılmasına hesablanıb.

Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan Sənaye Parkının tam fəaliyyətə başlaması Naxçıvanın iqtisadi və geosiyasi mövqeyinə necə təsir göstərə bilər? Naxçıvanın nəqliyyat imkanlarının genişlənməsi və sənaye potensialının artması regionu gələcəkdə Azərbaycanın əsas iqtisadi-logistika mərkəzlərindən birinə çevirə bilərmi?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov Olaylar.az-a açıqlama verib:

" Zəngəzur dəhlizinin açılması və Naxçıvan Sənaye Parkının tam fəaliyyətə başlaması Naxçıvanın iqtisadi mövqeyində ciddi dəyişiklik yarada biləcək iki mühüm amildir. Bu proseslər ayrı-ayrılıqda deyil, bir-birini tamamlayan iqtisadi mexanizmlər kimi qiymətləndirilməlidir. Nəqliyyat bağlantılarının genişlənməsi Naxçıvanın logistika imkanlarını artıracaq, sənaye parkının fəaliyyəti isə bu nəqliyyat imkanlarının real iqtisadi fəaliyyətə çevrilməsinə şərait yaradacaq. Bu gün Naxçıvanın əsas məhdudiyyətlərindən biri onun Azərbaycanın əsas iqtisadi ərazisi ilə birbaşa və daha səmərəli nəqliyyat əlaqələrinin məhdud olmasıdır. Zəngəzur dəhlizinin reallaşması bu baxımdan yeni imkanlar yarada bilər. Naxçıvanın Azərbaycan ərazisinin digər hissələri ilə daha sürətli və fasiləsiz bağlantısının formalaşması həm yükdaşımaların, həm də sərnişin daşımalarının xərclərini və vaxtını azaltmaq potensialına malikdir.Burada əsas məsələ yalnız tranzit imkanlarının yaranması deyil. Naxçıvanın tranzit ərazidən istehsal və logistika mərkəzinə çevrilməsi daha böyük iqtisadi əhəmiyyət daşıyır. Əgər dəhlizdən keçən yüklərin bir hissəsi Naxçıvanda emal, qablaşdırma, çeşidləmə, saxlama və digər logistika xidmətlərindən istifadə edərsə, tranzit axınları yerli iqtisadiyyatda əlavə dəyər yaradacaq. Naxçıvan Sənaye Parkının tam fəaliyyətə başlaması da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sənaye parkında istehsalın genişlənməsi üçün əsas şərtlərdən biri məhsulların xammal təminatının və hazır məhsulların bazarlara çıxışının səmərəli olmasıdır. Nəqliyyat bağlantılarının yaxşılaşması isə müəssisələrin logistika xərclərini azaltmaqla onların rəqabət qabiliyyətini yüksəldə bilər. Ən mühüm məsələ isə investisiya cəlbediciliyidir. İnvestor üçün yalnız vergi və digər güzəştlər kifayət etmir. İnvestor həm xammalın müəssisəyə necə gətiriləcəyinə, həm hazır məhsulun hansı bazarlara və hansı xərc ilə çatdırılacağına, həm də enerji, logistika və kommunikasiya infrastrukturuna baxır. Bu baxımdan nəqliyyat dəhlizi ilə sənaye parkının eyni iqtisadi sistem daxilində inkişaf etdirilməsi Naxçıvanın investisiya potensialını əhəmiyyətli dərəcədə artıra bilər. Naxçıvanın coğrafi mövqeyi də burada xüsusi üstünlük yaradır. Muxtar respublika Azərbaycan, Türkiyə və İran istiqamətlərinin kəsişdiyi mühüm coğrafi məkanda yerləşir. Nəqliyyat infrastrukturu genişləndikcə Naxçıvanın yalnız daxili Azərbaycan bazarına deyil, Türkiyə və daha geniş regional bazarlara çıxış imkanları da arta bilər. Amma Naxçıvanın gələcəkdə Azərbaycanın əsas iqtisadi-logistika mərkəzlərindən birinə çevrilməsi avtomatik baş verməyəcək. Bunun üçün nəqliyyat dəhlizi,sənaye,logistika,gömrük,enerji  və rəqəmsal infrastruktur vahid iqtisadi model üzrə inkişaf etdirilməlidir. Sadəcə dəhlizin açılması və yüklərin Naxçıvandan keçməsi kifayət deyil. Keçən yükdən Naxçıvan iqtisadiyyatında daha çox əlavə dəyər yaradılmalıdır. Buna görə də Naxçıvanda logistika terminallarının, anbar komplekslərinin, yükdaşıma və ekspeditor şirkətlərinin, gömrük-logistika xidmətlərinin, soyuducu anbarların və emal müəssisələrinin inkişafı mühüm əhəmiyyət daşıyır. Əks halda Naxçıvan yalnız tranzit yolunun üzərində yerləşən ərazi olaraq qala bilər və tranzitin əsas iqtisadi faydasının böyük hissəsi digər mərkəzlərdə formalaşa bilər. Sənaye parkında fəaliyyət göstərəcək müəssisələrin seçimi də strateji əhəmiyyət daşıyır. Naxçıvanın yerli resursları, əmək bazarı, Türkiyə və İran bazarlarına yaxınlığı və logistika üstünlükləri nəzərə alınaraq ixracyönümlü istehsal sahələrinin inkişaf etdirilməsi daha məqsədəuyğun olar. Məqsəd yalnız Naxçıvanın daxili tələbatını ödəmək deyil, Naxçıvanda istehsal et-regiona ixrac et modelini formalaşdırmaq olmalıdır. Geosiyasi baxımdan isə Zəngəzur dəhlizi Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin güclənməsinə, Türkiyə ilə nəqliyyat əlaqələrinin daha da dərinləşməsinə və Azərbaycanın Şərq-Qərb nəqliyyat xəritəsində mövqeyinin möhkəmlənməsinə xidmət edə bilər. Bu, Naxçıvanın geoiqtisadi əhəmiyyətini də artıracaq. Mən hesab edirəm ki, Naxçıvanın gələcək potensialını yalnız muxtar respublikanın regional iqtisadiyyatı çərçivəsində qiymətləndirmək düzgün olmaz. Zəngəzur dəhlizi, Naxçıvan Sənaye Parkı və Türkiyə ilə mövcud əlaqələr birlikdə nəzərdən keçirildikdə burada Azərbaycan üçün yeni logistika və istehsal qovşağının formalaşdırılması imkanları yaranır. Nəticədə, Zəngəzur dəhlizinin açılması Naxçıvana nəqliyyat üstünlüyü, Sənaye Parkının tam fəaliyyətə başlaması isə həmin üstünlüyü istehsal və əlavə dəyərə çevirmək imkanı verə bilər. Əgər bu iki proses paralel şəkildə düzgün idarə olunarsa, Naxçıvan gələcəkdə Azərbaycanın mühüm iqtisadi, sənaye və logistika mərkəzlərindən birinə, eyni zamanda Türkiyə və digər regional bazarlara çıxış üçün strateji qovşağa çevrilə bilər. Əsas məsələ dəhlizin açılması deyil, dəhlizin yaratdığı imkanlardan nə qədər iqtisadi dəyər əldə edə biləcəyimizdir. Prezident İlham Əliyevin Naxçıvanla bağlı həyata keçirdiyi layihələrə də məhz bu uzunmüddətli iqtisadi və geosiyasi perspektivdən yanaşmaq lazımdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31