Avropada 74 milyon qadın siqaret çəkir
23 İyun 2023 10:47 SosialSiqaret çəkənlər və tütün tüstüsü ilə nəfəs alanlar eyni dərəcədə təhlükəyə məruz qalırlar
Tütün hər il 8 milyondan çox insanın ölümünə səbəb olur. Tütündən istifadə ürək-damar xəstəlikləri, xroniki pulmonolji xəstəliklərin, o cümlədən vərəm, asma, xərçəng xəstəliyinin yaranmasını sürətləndirir. Tütündən dünyasını dəyişən insanların sayı QİÇS, malyariya və vərəmdən dünyasını dəyişənlərdən daha çoxdur. Elə bu səbədən də dünya ölkələri tütünün zərərlərinə diqqət çəkmək üçün bu istiqamətdə hər il silsilə tədbirlər həyata keçirirlər. Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru,Vərəm əleyhinə Avropa Koalisiyasının İdarə heyətinin üzvü Pərvanə Vəliyeva bildirib ki, tütün istifadəsi sağlamlıq üzərindəki yükündən əlavə, səhiyyədən, məhsuldarlığın itirilməsindən, yanğından zərər və ətraf mühitə zərər kimi böyük iqtisadi xərclərə səbəb olur. Dünyada hər il təxminən 3,5 milyon hektar ərazi tütünçülük üçün çevrilir. Tütün yetişdirilməsi də ildə 200 000 hektar meşələrin qırılmasına səbəb olur: "Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionu dünyada tütündən istifadənin ən yüksək nisbətinə malikdir, təqribən 209 milyon böyüklər (və ya 29%) siqaret çəkir. Bundan əlavə, Regionda qadınlar arasında ən çox siqaret çəkilişi var (21%); Avropada hələ də təxminən 74 milyon qadın siqaret çəkir. Tütündən istifadənin yayılması regionda geniş şəkildə dəyişir. ÜST-ün Qlobal tütün epidemiyasi hesabatının son məlumatına əsasən, Azərbaycanda tütündən istifadə kişilər arasında təxminən 40%, qadınlar arasında isə 3%-dir. 2020-ci ildə böyüklər arasında tütünçəkmə 24% təşkil edib. 2017-ci ilin məlumatına əsasən isə yaşı 15 yaşdan yuxarı olan kişilər arasında siqaret çəkmə təxminən 33,1% təşkil edib, yəni son illərdə ölkəmizdə tütündən istifadə edənlərin sayı artıb".
P.Vəliyeva qeyd edib ki, Azərbaycan ÜST-nın Tütündən istifadəyə Nəzarət üzrə Çərçivə Konvensiyasına 2006-cı ildə qoşulmuşdur: "Bu Konvensiya tütündən istifadənin azaldılması üçün tədbirlər proqramı təklif edir. 2017-ci il 1 dekabr tarixində ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qəbul edilmişdir. Bu qanunla tütündən istifadə bir çox ictimai yerlərdə qadağan edilmişdir və qanunun pozulmasına görə məsuliyyət müəyyən edilmişdir. Azərbaycanın tütündən istifadə sahəsində həyata keçirdiyi tədbirlər bir çox beynəlxalq çağırışlara və tələblərə cavab verir: "ÜST-nın Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyası tütün işçiləri, becərənlər və fərdi satıcılar üçün (Maddə 17-də qeyd olunub) və ətraf mühitin və insanların sağlamlığının mühafizəsinin gücləndirilməsi (Maddə 18) üçün iqtisadi cəhətdən səmərəli alternativlərin təşviqi üzrə xüsusi prinsiplər və siyasət variantları təklif edir. Ölkələrdə bu müddəaların həyata keçirilməsi gücləndirilməlidir. ÜST-ün bu ilki tütünlə mübarizədə istifadə etdiyi şüar: "Bizə tütün yox, qida lazımdır". 2023 qlobal kampaniyası tütün fermerləri üçün alternativ məhsul istehsalı və marketinq imkanları haqqında məlumatlılığı artırmaq və onları davamlı, qidalı məhsullar yetişdirməyə təşviq etmək məqsədi daşıyır.Tütün istehsalçılarının davamlı qidaların istehsalçısına çevrilməsi təşviq edilir, bununla da qlobal ərzaq böhranına töhfə verilməsi təbliğ edilir. Tütün yetişdirilməsi və istehsalı qida təhlükəsizliyi məsələlərini daha da artırır. Artan ərzaq böhranı münaqişə və müharibələr, iqlim hadisələri, təbii fəlakətlər və COVID-19 pandemiyasının iqtisadi və sosial təsirlərinə diqqət çəkilir. Bütün bunların fonunda tütünçülüyün azaldılması və fermerlərin alternativ ərzaq məhsulları istehsalına keçməsi üçün hüquqi tədbirlərin görülməsinə təcili ehtiyac var.Tütün sənayesi tez-tez tütün fermerlərinin dolanışığının müdafiəçisi kimi çıxış edir. Bu, həqiqətdən çox uzaqdır. Tütün yetişdirilməsi zamanı insektisidlər və zəhərli kimyəvi maddələrlə intensiv şəkildə işləmək bir çox fermerlərin və onların ailələrinin səhhətindən əziyyət çəkməsinə səbəb olur. Bundan əlavə, tütün şirkətləri ilə ədalətsiz müqavilə razılaşmaları fermerləri yoxsul halda saxlayır və çox vaxt tütün yetişdirilməsinə toxunan uşaq əməyi təhsil hüququna və insan hüquqlarının pozulmasına gətirib çıxarır.10 ən böyük tütün yetişdiricisindən doqquzu aşağı və orta gəlirli ölkələrdir və bunlardan 4-ü aşağı gəlirli ərzaq çatışmazlığı olan ölkələrdir. Tütün yetişdirmək üçün istifadə edilən torpaqlardan Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədi 2 - sıfır aclığa nail olmaq üçün daha səmərəli istifadə oluna bilər".
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev qeyd edib ki, siqaret çəkmək üçün "təhlükəsizlik limiti" yoxdur - gün ərzində bir siqaret belə zərərlidir: "Yandırılmış siqaret ətrafa yayılan tüstü mənbəyidir. Siqaret çəkənlər və tütün tüstüsü ilə nəfəs alanlar eyni dərəcədə təhlükəyə məruz qalırlar. Tütün tüstüsü ağciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir və ürək-damar xəstəliklərinin inkişafına səbəb olur. Az siqaret çəkmək o demək deyil ki, sağlamlığa zərər dəymir. Elmi cəhətdən sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli zəhərli, 70-i isə xərçəng xəstəliyi yaradan maddələr hesab edilir. Geniş yayılmış və yanlış düşüncədir ki, qəlyan təhlükəsiz tütünçəkmə üsuludur. Qəlyan çəkdikdə insan orqanizmi xərçəng yaradan çoxsaylı maddə qəbul edir və qanda dəm qazının səviyyəsini son dərəcədə yüksəldir. Qəlyan tüstüsündəki təhlükəli, o cümlədən zəhərli kimyəvi maddələrin olması siqaret çəkən insanlarda olduğu kimi, xəstəliklərin yaranmasına səbəb olur. Mentol və nanə ətirli siqaretlər adi siqaretlər qədər zərərlidir, onlar da ciddi xəstəlik və vaxtından əvvəl ölüm riskini artırır".
Onun sözlərinə görə, qlobal tütün marketinqi yeni məhsulların, o cümlədən elektron siqaret və qızdırılma nəticəsində istehlak edilən (buxarla) tütün məhsullarının təşviqinə çalışır, onları daha təhlükəsiz və tütünçəkmədən imtina vasitələri kimi qələmə verir. Lakin tədqiqatlar bu növ məhsulların təhlükəli olduğunu və sağlamlığa ciddi zərər yetirdiyi halların artmasını qeydə alır. Hazırkı tendensiyalar göstərir ki, bəzən hətta heç vaxt çəkməyənlər belə bu məhsulların istifadəsinə başlayır, sonra asanlıqla siqaret və digər tütün məmulatlarına keçir: "Əhalinin tütünə qarşı mübarizə məsələləri üzrə məlumatlandırılması olduqca vacibdir. Ona görə də bu sahədə əhalinin məlumatlılığının artırılması tütün istehlakı normaların dəyişilməsi üçün zəruridir. Maarifləndirmə, məlumatın ötürülməsi, sağlam həyat tərzinin təbliği, tütündən istifadə və tütün tüstüsünün zərərli təsirinə dair əhalinin məlumatlandırılması sağlam həyat tərzinə keçid vasitələrindən biridir. Qeyd etmək istəyirəm ki, əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində müxtəlif Dövlət Proqramları çərçivəsində Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən geniş tədbirlər və fəaliyyətlər görülür. Bu iş sektorlararası əməkdaşlıq prinsipi ilə həyata keçirilir, müasir texnologiyalardan və sosial şəbəkələrdən istifadə etməklə təşkil olunur və ictimaiyyət tərəfindən geniş dəstəklənir. İnsanlar nəzərə almalıdır ki, tütündən istifadə güclü asılılıq yaradır. Bilmək vacibdir ki, insanların əksəriyyəti siqaret çəkmir, çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır. Onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər. Bu zərərli vərdişdən imtina etmək istəyənlər ilk növbədə əmin olmalıdırlar ki, tütünçəkmədən xilas olmaq mümkündür və dünyada milyonlarla insan bunu bacarıb. Tütündən imtina cəhdləri bəzən uğursuz ola bilər, amma mən bu cəhdləri daha inamla təkrarlamağı tövsiyə edirəm. Əsas odur ki, insanın özündə tütündən imtina etmək istəyi olsun və bu vərdişdən qurtulmaq ümidini heç bir halda itirməsin. Tütündən imtina etmiş şəxs nəinki özünü, həm də yaxın və doğmalarını da tütün tüstüsü səbəbindən yaranan təhlükələrdən xilas edir. Digər vacib məqam ondan ibarətdir ki, siqaret çəkənlər bilməlidirlər ki, tütündən istifadəni dayandırmaq heç vaxt gec deyil. Tütün çəkməyi tərgitmək mümkündür və bu halların sayı getdikcə artaraq norma halını alır".
Alim