Mülkiyyət sahibləri kütləvi şəkildə cərimələnə bilər
26 May 2023 13:04 SosialMənzillərin sığortalanması özbaşına tikililərin qeydiyyat problemini həll edəcəkmi?
Azərbaycanda həyata keçirilən bir sıra icbari sığorta növlərin var ki, onlardan biri də daşımaz əmlakın icbari sığortasıdır. Məlumat üçün qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası qanunvericilikdə daha əvvəldən nəzərdə tutulsa da tətbiq olunmurdu. İyunun 1-dən isə işə düşəcək sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də əmlakın sığortalı olub-olmasına nəzarət imkanı yaradacaq. Yeni elektron sistemin işə düşməsindən sonra evini sığorta etdirməyən vətəndaşlar avtomatik cərimələnəcək. Daşınmaz əmlakının sığorta etdirməyən fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə tətbiq ediləcək. Artıq daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə mənzillərə bildirişlər göndərilir. Onu da qeyd edək ki, mənzillərin icbari sığorta məbləği Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvanda 40 AZN, digər rayonlarda isə 30 AZN-dir. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir. Beləliklə, ölkədə daşınmaz əmlaka sahib olan vətəndaşlar yaxın vaxtlarda kütləvi şəkildə cərimələnə bilər. Buna əsas yaradan səbəb daşınmaz əmlakın icbari sığortası barədə qanuna edilən və yanvarın 1-dən qüvvəyə minən düzəlişdir. Düzəlişə əsasən 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa, əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir və sığorta haqqı hissə-hissə deyil, birdəfəlik ödənilməlidir. Sığortadan yayınmaya görə cərimə 30 manatdır və hər 20 gündən bir təkrarlanması nəzərdə tutulur.
Bir daha xatırladaq ki, daşınmaz əmlakın icbari sığortasına dair qanun hələ bir neçə il əvvəl qüvvəyə minib. Lakin indiyə qədər sözügedən qanun, demək olar ki, işləməyib. Qanunun qüvvədə olduğu ötən müddətdə bu vaxtadək daşınmaz əmlak sahəsində təxminən 20 faiz nisbətində sığortalanma qeydə alınıb. Nəticədə daşınmaz əmlakın icbari sığortasından yayınmaya görə cərimə cəzalarının tətbiqi haqda düzəliş qəbul edilib. Ekspertlərin qənaətinə görə, qanunun tətbiqinin sərtləşdirilməsi daşınmaz əmlak bazarında fəallığı artırmasa da, mənzillərin dövlət qeydiyyatına salınmasını sürətləndirəcək. Çünki, qanun mülkiyyət hüququnun təsdiqlənməsi haqqında çıxarışı - kupçası olan bütün mənzillərin sığortalanmasını tələb edir.
İcbari sığorta nəyə zəmanət verir?
Mövcud qanunvericiliyə görə, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansi formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Göstərilən məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. İcbari sığorta ilə yanaşı, mənzillərin könüllü sığortası da qüvvədədir. Ekspertlər bildirir ki, icbari sığorta vətəndaşa dəyən zərər zamanı ona əlavə imkanlar verir. İcbari sığorta il ərzində, yəni müqavilə müddətində istənilən qədər sığorta hadisəsini qarşılayır. Sığorta hadisəsi baş verəndə və ödəniş ediləndə azadolma məbləği nəzərə alınır. Sığorta şirkəti yalnız azadolma məbləğindən artıq hissəni ödəyir. Azadolma məbləği Bakıda 250, Gəncə və Sümqayıtda 200, digər rayon və şəhərlərdə 150 manatdır. Misal üçün, deyək ki, Bakıda hansısa mənzilə sübasma nəticəsində 600 manat zərər dəyib. Belə halda, 250 manat azadolma məbləği çıxılır - onu ev sahibi, qalan 350 manatı isə sığorta şirkəti ödəyir.
Qanunda göstərilir ki, qəza vəziyyətində olan, tikintisi başa çatmayan, özbaşına tikilmiş və ya sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi mənzil və evlər sığortalana bilməz. Eləcə də hadisənin baş verməsi üçün qəsdən edilən hərəkətlər, əmlaka zərər vurulması kimi hallar sığorta hadisəsi sayılmır və belə hallarda ödəniş olunmur. Onu da bildirək ki, hazırda daşınmaz əmlakın icbari sığortasını bunun üçün lisenziya almış 12 şirkət icra edə bilər. Evlərin icbari sığortası zamanı, əgər mənzilin sığortası yoxdursa, mənzil sahibinin e-mail ünvanına və yaxud telefonuna mesaj göndəriləcək. İlkin hesablamalara görə, daşınmaz əmlaka görə icbari sığortanın tətbiqi ilin sonanadək təxminən 40 milyon manat sığorta haqqının toplanmasını təmin edəcək.
Hansı hallar sığorta hadisəsi hesab olunur?
Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: yanğın, ildırım düşməsi; məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; elektrik naqillərində baş verən qısa qapanma; buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; yerüstü nəqliyyat vasitəsinin dəyməsi; təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; üçüncü şəxslərin hərəkətləri.
Aşağıdakı hallarda əmlakın zədələnməsi, məhv olması və yaxud hər hansı formada itkisi sığorta hadisəsi hesab olunmur: sığortalanan şəxsin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər; sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan hərəkətlər nəticəsində əmlaka zərərin dəyməsi; hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması, dəyişdirilməsi və.s. qrunt sularının səviyyəsinin dəyişməsi nəticəsində əmlaka zərər vurulması; suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması zamanı əmlaka zərər vurulması. Onu da qeyd edək ki, qanunvericilikdə nəzərdə tutulanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsi əsasında müəyyən edilə bilər. Ekspertlər hesab edir ki, mənzillərin sığortası yalnız könüllü şəkildə həyata keçirilə bilər. Məsələ oarasındadır ki, tətbiq edilən cərimələr özbaşına tikilmiş fərdi evlərə tətbiq edilməyəcək. Ölkədə isə 500 minə qədər qanunsuz tikilmiş mənzillər mövcuddur. Həmin mənzillərə cərimələrin tətbiq edilməməsi onların dövlət qeydiyyatına alınması məsələsini sual altına qoyur.
Alim