"Ailə mediasiyasının inkişaf perspektivləri: hüquqi tənzimləmə, sosial təsirlər və müasir çağırışlar"- ÖZƏL
09:45 SosialMüasir dövrdə ailə münasibətlərindən irəli gələn mübahisələrin sülh yolu ilə və qarşılıqlı razılıq əsasında həlli mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan ailə mediasiyası məhkəmədənkənar alternativ mübahisə həlli mexanizmi kimi tərəflər arasında dialoqun qurulmasına, anlaşmanın təmin edilməsinə və ailə münasibətlərinin qorunmasına xidmət edir. Tədqiqatda ailə mediasiyasının mahiyyəti, hüquqi əsasları və Azərbaycan Respublikasında tətbiq xüsusiyyətləri araşdırılmışdır. Araşdırma zamanı "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Ailə Məcəlləsi əsasında ailə mübahisələrinin həllində mediasiyanın rolu təhlil edilmişdir. İlkin mediasiya sessiyasının tətbiqi mübahisələrin daha çevik, səmərəli və barışıq yolu ilə həllinə imkan yaradan mühüm hüquqi mexanizm kimi qiymətləndirilmişdir. Məqalədə ABŞ, Avropa İttifaqı və Türkiyə təcrübəsi müqayisəli şəkildə araşdırılaraq mediasiya institutunun inkişafında hüquqi tənzimləmə, mediatorların peşə hazırlığı və ictimai maarifləndirmənin əhəmiyyəti vurğulanmışdır. Həmçinin Bakı 8 saylı Mediasiya Təşkilatının fəaliyyəti və mediatorların praktiki yanaşmaları əsasında ailə mediasiyasının tətbiq imkanları qiymətləndirilmişdir.Tədqiqatın nəticələri göstərir ki, ailə mediasiyasının inkişaf etdirilməsi ailə institutunun möhkəmləndirilməsinə, məhkəmələrin iş yükünün azalmasına və cəmiyyətdə barışıq mədəniyyətinin formalaşmasına mühüm töhfə verə bilər.
Açar sözlər: ailə mediasiyası, alternativ mübahisə həlli, mediasiya institutu, ailə mübahisələri.
Ailə institutunun öyrənilməsi və müasir vəziyyətinin təhlili onun tarixi təkamülünə nəzər yetirilməsini zəruri edir. Ailə cəmiyyətin ən qədim sosial institutlarından biri olmaqla, müxtəlif tarixi mərhələlərdə iqtisadi, hüquqi və sosial dəyişikliklərin təsiri altında transformasiyaya uğramışdır. Ailənin elmi əsaslarla öyrənilməsi XIX əsrin ikinci yarısından başlayaraq təkamül nəzəriyyəsinin inkişafı ilə əlaqədar formalaşmışdır. XIX əsrin məşhur antropoloqları İ.Baxofen, C.Mak-Lennan və L.H.Morqanın tədqiqatları ailə, nikah və qohumluq münasibətlərinin tarixi inkişafının araşdırılmasında mühüm rol oynamışdır. Onların əsərlərində ailə münasibətlərinin dəyişkən və sosial proseslərdən asılı olan bir institut olduğu əsaslandırılmışdır.Müasir dövrdə ailə institutu yalnız sosial və mədəni dəyişikliklərin deyil, eyni zamanda hüquqi münasibətlərin də təsiri altında inkişaf edir. Ailə münasibətlərində yaranan münaqişələrin artması bu sahədə alternativ və daha humanist həll mexanizmlərinin tətbiqini zəruri etmişdir. Bu baxımdan ailə mediasiyası ailə üzvləri arasında qarşılıqlı anlaşmanın təmin edilməsinə, mübahisələrin konstruktiv şəkildə həllinə və ailə münasibətlərinin mümkün qədər qorunmasına xidmət edən mühüm hüquqi-sosial mexanizm kimi çıxış edir. Ailə cəmiyyətin əsas sosial institutlarından biri olmaqla, fərdlər arasında uzunmüddətli sosial, mənəvi və hüquqi münasibətlərin formalaşdığı unikal birlik formasıdır. Ailə yalnız bioloji və qohumluq əlaqələrinə deyil, eyni zamanda qarşılıqlı məsuliyyət, mənəvi bağlılıq, iqtisadi əməkdaşlıq və sosial dəstək prinsiplərinə əsaslanır. Tarixi inkişaf prosesində ailə institutu cəmiyyətin sosial-iqtisadi və mədəni dəyişikliklərinə uyğun olaraq müxtəlif formalarda inkişaf etmişdir. Etnoqrafik və sosioloji tədqiqatlar göstərir ki, ailə və nikah münasibətləri cəmiyyətin inkişaf səviyyəsindən asılı olaraq dəyişmiş, lakin ailənin əsas funksiyaları - nəsil davamlılığı, sosiallaşma, tərbiyə və qarşılıqlı dəstək funksiyaları qorunub saxlanılmışdır. Hüquqi baxımdan ailə nikah, qohumluq və digər hüquqi faktlara əsaslanan münasibətlər sistemidir. Ailə hüququ ər-arvadın, valideynlərin və uşaqların hüquq və vəzifələrini, nikahın bağlanması və xitamı məsələlərini, eləcə də ailədaxili münasibətlərin hüquqi tənzimlənməsini müəyyən edir. Müasir dövrdə ailə münasibətlərinin mürəkkəbləşməsi, sosial-iqtisadi dəyişikliklər və fərdi maraqların müxtəlifliyi ailədaxili münaqişələrin yaranmasına səbəb ola bilər. Boşanma, uşaqların tərbiyəsi, aliment, əmlak bölgüsü və valideyn hüquqları ilə bağlı məsələlər ailə hüququnun əsas problemləri sırasında yer alır. Bu baxımdan ailə mübahisələrinin həllində yalnız məhkəmə mexanizmlərindən deyil, alternativ mübahisə həlli üsullarından, xüsusilə ailə mediasiyasından istifadə mühüm əhəmiyyət kəsb edir. Ailə mediasiyası tərəflərin qarşılıqlı anlaşma yolu ilə razılığa gəlməsinə, uşaqların maraqlarının qorunmasına və münasibətlərin daha konstruktiv formada tənzimlənməsinə imkan yaradır. Azərbaycanda ailə institutu dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsində hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququnun olduğu, nikahın könüllü razılıq əsasında bağlandığı və ailənin dövlət tərəfindən qorunduğu qeyd edilir. Həmin maddəyə əsasən, analıq, atalıq və uşaqlıq qanunla mühafizə olunur, ər və arvadın hüquq bərabərliyi təmin edilir, valideynlərin uşaqların tərbiyəsi ilə bağlı hüquq və vəzifələri müəyyən edilir. Azərbaycan Respublikasında ailə institutunun möhkəmləndirilməsi məqsədilə hüquqi və institusional mexanizmlər formalaşdırılmışdır. Ailə siyasətinin həyata keçirilməsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti, eləcə də ailə münasibətlərini tənzimləyən qanunvericilik bazası mühüm rol oynayır. Bu sahədə Azərbaycan Respublikasının Ailə Məcəlləsi, "Uşaq hüquqları haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" və digər normativ hüquqi aktlar ailə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir [9]. Ailədaxili münaqişələr müxtəlif sosial, psixoloji və hüquqi amillərin təsiri nəticəsində meydana gəlir. Bu amillər arasında ailə üzvlərinin bir-birinə münasibəti, ailə qurarkən üzərinə götürdükləri sosial və mənəvi məsuliyyətləri dərk etməsi xüsusi əhəmiyyət daşıyır. Ailə qurarkən tərəflərin ailənin məqsədi, ər-arvad arasında hüquq və vəzifə bölgüsü, gələcəkdə uşaqların tərbiyəsi və onların ehtiyaclarının təmin edilməsi kimi məsələlərə hazırlıqlı olması sağlam ailə münasibətlərinin formalaşmasına təsir göstərən əsas amillərdəndir. Ailə qurmaq şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmamalı, əksinə ailə üzvləri arasında qarşılıqlı hörmət, bərabərlik və əməkdaşlıq prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və ailə qanunvericiliyi ər-arvadın, valideynlərin və uşaqların hüquq və vəzifələrini müəyyən etsə də, hüquqi biliklərin kifayət qədər olmaması, cəmiyyətdə formalaşmış bəzi stereotiplər və ənənəvi yanaşmalar ailədaxili münasibətlərə mənfi təsir göstərə və münaqişələrin yaranmasına səbəb ola bilər. Psixoloji tədqiqatlar göstərir ki, yeni qurulan ailələrdə uyğunlaşma mərhələsi mühüm dövr hesab edilir. Bu mərhələdə tərəflərin fərqli dünyagörüşləri, vərdişləri və gözləntiləri arasında müəyyən ziddiyyətlər yarana bilər. Ailə münasibətlərinin sağlam şəkildə inkişafı qarşılıqlı anlaşma, güzəştə getmək bacarığı, emosional dəstək və məsuliyyətli davranış tələb edir. Ailədaxili münaqişələr vaxtında və düzgün idarə edilmədikdə daha ciddi hüquqi və sosial nəticələrə, o cümlədən boşanma, uşaqların psixoloji problemləri və ailə əlaqələrinin zəifləməsinə səbəb ola bilər. Bu baxımdan ailə mübahisələrinin yalnız hüquqi müstəvidə deyil, eyni zamanda sosial və psixoloji yanaşmalar əsasında həlli vacibdir. Ailə mediasiyası məhz bu istiqamətdə tərəflər arasında dialoqun qurulmasına, qarşılıqlı anlaşmanın təmin edilməsinə və mübahisələrin daha konstruktiv formada həllinə imkan yaradan alternativ mexanizm kimi çıxış edir [4]. Ailə münasibətlərində tərəflər arasında fikir ayrılıqlarının və münaqişələrin yaranması tez-tez müşahidə olunan hallardan biridir. Bu münaqişələr zamanında və düzgün həll edilmədikdə ailə münasibətlərinin pozulmasına, psixoloji gərginliyə və hüquqi problemlərə səbəb ola bilər. Belə hallarda ailə mediasiyası tərəflərin məhkəməyə müraciət etmədən qarşılıqlı razılaşma əsasında problemin həllinə imkan verən alternativ mübahisə həlli mexanizmi kimi çıxış edir. Ailə mediasiyası mediasiyanın digər növlərindən onunla fərqlənir ki, burada hüquqi məsələlərlə yanaşı, tərəflər arasındakı emosional və psixoloji münasibətlər də nəzərə alınır. Ailə mediatoru yalnız hüquqi həll variantları təqdim etmir, eyni zamanda tərəflər arasında effektiv ünsiyyətin qurulmasına, emosiyaların idarə edilməsinə və qarşılıqlı anlaşmanın formalaşmasına kömək edir. Ailə mediatorunun əsas vəzifəsi tərəflərin mövqelərini, tələblərini və gözləntilərini müəyyənləşdirmək, hər iki tərəfi dinləmək, münaqişənin əsas səbəblərini araşdırmaq və qarşılıqlı qəbul edilə bilən həll yollarının tapılmasına şərait yaratmaqdır. Mediator proses zamanı neytrallıq, qərəzsizlik və məxfilik prinsiplərinə riayət etməlidir. Ailə mediasiyasının əsas xüsusiyyətlərindən biri valideynlik məsuliyyətinin qorunması və uşaqların maraqlarının üstün tutulmasıdır. Burada əsas diqqət uşaqların hüquq və maraqlarının qorunmasına yönəldilir. Bununla yanaşı, əmlak bölgüsü, maliyyə öhdəlikləri və digər hüquqi məsələlər də tərəflərin razılığı əsasında müzakirə edilə bilər. Ailə mediasiyasının əsas üstünlükləri aşağıdakılardır:
1.Vaxt və maliyyə resurslarına qənaət - məhkəmə prosesləri ilə müqayisədə daha çevik həll imkanları yaradır.
2.Tərəflərin qərar qəbulunda iştirak etməsi - məhkəmə qərarından fərqli olaraq, tərəflər özləri üçün daha uyğun həll variantlarını müəyyən edirlər.
3.Münasibətlərin qorunması - xüsusilə uşaqlı ailələrdə gələcək əməkdaşlıq və valideyn münasibətlərinin saxlanmasına kömək edir.
4.Məxfilik və elastiklik - proses tərəflərin ehtiyaclarına uyğun şəkildə təşkil olunur.
Ailə mediasiyası prosesində tərəflər əvvəlcə mediasiyada iştirak etməyə razılıq verməlidirlər. Könüllülük prinsipi bu prosesin əsas şərtlərindən biridir. Daha sonra mediator tərəflərin mövqelərini müəyyən edir, münaqişənin səbəblərini araşdırır və mümkün həll variantlarını təqdim edir. Növbəti mərhələdə uşaqların maraqları, maliyyə məsələləri və digər mübahisəli məsələlər müzakirə olunur. Ailə mediasiyasının əsas məqsədi yalnız mövcud münaqişəni həll etmək deyil, eyni zamanda tərəflər arasında gələcək münasibətlərin daha sağlam əsasda qurulmasına şərait yaratmaqdır. Xüsusilə uşaqların olduğu ailələrdə mediasiya boşanmadan sonra valideynlər arasında əməkdaşlıq münasibətlərinin saxlanmasına və uşaqların mənfi psixoloji təsirlərdən qorunmasına mühüm töhfə verir.
Ailə mediasiyasının mahiyyəti, prinsipləri və mediatorun rolu.
Ailə mediasiyasının tətbiqinin aktuallığı Azərbaycanda qeydə alınan boşanma statistikası ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-2020-ci illər ərzində ölkədə boşanma hallarının sayında ümumilikdə artım tendensiyası müşahidə olunmuşdur. Bu statistika ailədaxili mübahisələrin sülh yolu ilə həllini təmin edən alternativ mübahisə həlli mexanizmlərinə ehtiyacın artdığını göstərir. Məhz bu zərurət nəzərə alınaraq, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın tətbiqi nəzərdə tutulmuşdur. Qanuna əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiq dairəsinə daxildir və müəyyən hallarda məhkəməyə müraciət edilməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Beynəlxalq təcrübə göstərir ki, ailə mediasiyası yalnız nikaha xitam verilməsi ilə bağlı deyil, həm də uşaqların yaşayış yeri, aliment öhdəlikləri, valideyn hüquqları və əmlak bölgüsü kimi məsələlərin həllində də effektiv vasitə hesab olunur. Mediasiya tərəflərə qarşılıqlı razılıq əsasında qərar qəbul etmək, vaxt və maliyyə xərclərini azaltmaq, eyni zamanda ailədaxili münasibətlərin daha konstruktiv şəkildə tənzimlənməsinə nail olmaq imkanı yaradır. Ailə mediasiyasının uğuru böyük ölçüdə mediatorun peşəkarlığından, qərəzsizliyindən və kommunikasiya bacarıqlarından asılıdır. Mediasiya prosesində mediator tərəflər arasında dialoqun qurulmasını təmin edən, münaqişənin konstruktiv şəkildə həllinə şərait yaradan neytral şəxs kimi çıxış edir. O, mübahisə üzrə qərar qəbul etmir, əksinə tərəflərin öz maraqlarına uyğun qarşılıqlı razılıq əldə etmələrinə kömək göstərir. Amine Mohamed Boufi mediatorun rolunu kimyəvi reaksiyalarda istifadə olunan katalizator ilə müqayisə edir. Müəllifə görə, katalizator reaksiyanı sürətləndirsə də, nə başlanğıc maddələrinin, nə də son məhsulun tərkib hissəsinə çevrilmir. Eyni şəkildə mediator da mübahisənin həllinə şərait yaradır, lakin qəbul edilən qərarın müəllifi olmur. O, tərəflər arasında ünsiyyəti asanlaşdırır, qarşılıqlı anlaşmanı gücləndirir və mümkün həll variantlarının müəyyən edilməsinə dəstək verir. Boufi mediatorun fəaliyyətini "3P" modeli ilə izah edir:
Proses (Process) - mediator mediasiya prosesinin təşkilini və səmərəli aparılmasını təmin edir, görüşlərin formatını, qaydalarını və ardıcıllığını müəyyənləşdirir.
Tərəflər (People) - mediator tərəflər arasında qarşılıqlı hörmət, etimad və effektiv ünsiyyət mühitinin formalaşmasına kömək edir, emosional gərginliyin azaldılmasına çalışır.
Problem (Problem) - mediator mübahisənin mahiyyətinin müəyyənləşdirilməsi, tərəflərin maraq və ehtiyaclarının üzə çıxarılması, eləcə də qarşılıqlı məqbul həll yollarının hazırlanmasına dəstək göstərir.
Beləliklə, mediatorun əsas vəzifəsi tərəflərdən heç birinə üstünlük vermədən obyektivliyini qorumaq, onların maraqlarını uzlaşdırmaq və qarşılıqlı razılığın əldə olunmasına şərait yaratmaqdır. Bu məqsədlə mediatorun hüquqi biliklərlə yanaşı, psixoloji hazırlığı, ünsiyyət bacarıqları və münaqişələrin idarə olunması sahəsində peşəkar təcrübəsi xüsusi əhəmiyyət kəsb edir. Mediasiyanın səmərəli həyata keçirilməsi onun əsas prinsiplərinə riayət olunmasından birbaşa asılıdır. Azərbaycan Respublikasının "Mediasiya haqqında" Qanununa əsasən mediasiya prosesi könüllülük, məxfilik, mediatorun neytrallıq və qərəzsizlik prinsipi, eləcə də tərəflərin hüquq bərabərliyi prinsipləri əsasında həyata keçirilir. Bu prinsiplər mediasiyanın məhkəmə icraatından fərqlənməsini təmin etməklə yanaşı, tərəflər arasında qarşılıqlı etimadın formalaşmasına da xidmət edir.
Könüllülük prinsipi: mediasiyanın əsasını təşkil edir. Bu prinsipə əsasən, tərəflər öz sərbəst iradələri ilə mediasiya prosesində iştirak edir, istənilən mərhələdə prosesdən imtina etmək hüququna malik olurlar. Könüllü iştirak tərəflərin qarşılıqlı anlaşmaya daha açıq yanaşmasını təmin edir və əldə olunan razılaşmanın icra olunma ehtimalını artırır. Bu baxımdan mediasiyada qəbul edilən qərarlar məcburiyyət deyil, tərəflərin ortaq iradəsinin nəticəsi hesab olunur.
Məxfilik prinsipi: mediasiya prosesində əldə edilən məlumatların qorunmasını nəzərdə tutur. Mediasiya zamanı tərəflərin təqdim etdiyi məlumatlar, aparılan müzakirələr və əldə olunan razılaşmalar onların razılığı olmadan üçüncü şəxslərə açıqlana bilməz. Məxfiliyin təmin edilməsi tərəflərin öz mövqelərini sərbəst ifadə etməsinə, problemləri açıq müzakirə etməsinə və qarşılıqlı etimadın formalaşmasına şərait yaradır.
Neytrallıq və qərəzsizlik prinsipi: mediatorun fəaliyyətinin əsas şərtlərindən biridir. Mediator tərəflərdən heç birinin maraqlarını müdafiə etmir, mübahisə üzrə qərar qəbul etmir və tərəflərə hər hansı həll variantını qəbul etdirmir. Onun əsas vəzifəsi tərəflər arasında konstruktiv dialoqu təşkil etmək, qarşılıqlı anlaşmanın əldə edilməsinə yardım göstərmək və proses boyu obyektivliyini qorumaqdır. Mediatorun neytrallığı mediasiya prosesinə olan etimadın formalaşmasında mühüm rol oynayır.
Tərəflərin bərabərliyi prinsipi: mediasiya iştirakçılarının prosesdə bərabər hüquq və imkanlara malik olmasını ifadə edir. Hər bir tərəf öz mövqeyini sərbəst şəkildə ifadə etmək, təkliflər irəli sürmək, sübut və arqumentlərini təqdim etmək hüququna malikdir. Mediator proses zamanı heç bir tərəfə üstünlük verməməli, hər iki tərəfin maraqlarının və hüquqlarının bərabər şəkildə qorunmasına şərait yaratmalıdır. Bu prinsip qəbul edilən razılaşmanın ədalətli və qarşılıqlı məqbul olmasına zəmin yaradır.
Könüllülük, məxfilik, neytrallıq və tərəflərin bərabərliyi prinsipləri ailə mediasiyasının hüquqi və etik əsasını təşkil edir. Bu prinsiplərə əməl olunması mediasiya prosesinin şəffaf, etibarlı və effektiv həyata keçirilməsinə, həmçinin ailə mübahisələrinin qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində həll edilməsinə imkan yaradır. Ailə mediasiyası alternativ mübahisə həlli üsullarından biri olmaqla, digər mediasiya növlərindən həm məqsədinə, həm də tətbiq sahəsinə görə fərqlənir. Kommersiya, əmək və ya mülki mediasiyada əsas diqqət hüquqi və iqtisadi xarakterli mübahisələrin həllinə yönəldiyi halda, ailə mediasiyasında hüquqi məsələlərlə yanaşı, tərəflər arasında mövcud olan emosional, psixoloji və sosial münasibətlər də nəzərə alınır. Bu baxımdan ailə mediasiyası yalnız mübahisənin həllinə deyil, eyni zamanda ailədaxili münasibətlərin qorunmasına və gələcək əməkdaşlığın davam etdirilməsinə xidmət edir. Bundan əlavə, ailə mediasiyası uzunmüddətli münasibətlərin davam etdiyi mübahisələr üçün nəzərdə tutulduğundan mediatorun fəaliyyəti yalnız hüquqi biliklərlə məhdudlaşmır. Mediatorun psixologiya, kommunikasiya və münaqişələrin idarə olunması sahəsində peşəkar bacarıqlara malik olması, tərəflər arasında etimad mühitinin yaradılması və konstruktiv dialoqun təşkili ailə mediasiyasının effektivliyini artıran əsas amillər hesab olunur. Ailə mediasiyasının əsas fərqləndirici xüsusiyyətlərindən biri uşaqların maraqlarının prioritet hesab edilməsidir. Xüsusilə boşanma proseslərində mediatorun məqsədi yalnız tərəflər arasında razılığın əldə olunması deyil, həm də valideynlik münasibətlərinin qorunması, uşaqların rifahının təmin edilməsi və onların psixoloji cəhətdən mənfi təsirlərə məruz qalmasının qarşısının alınmasıdır. Digər mediasiya növlərində isə belə sosial və emosional komponentlər əsas məqsəd kimi çıxış etmir. Xarici tədqiqatlarda qeyd olunur ki, ailə mediasiyası digər mediasiya növlərindən fərqli olaraq münasibətyönümlü (relationship-oriented) xarakter daşıyır. Burada əsas məqsəd yalnız hüquqi mübahisəni aradan qaldırmaq deyil, həm də gələcəkdə ailə üzvləri, xüsusilə uşaqların maraqları naminə tərəflər arasında əməkdaşlıq münasibətlərinin saxlanılmasına nail olmaqdır. Bu xüsusiyyət ailə mediasiyasını kommersiya və digər mübahisələrin həlli mexanizmlərindən fərqləndirən əsas cəhətlərdən biri hesab edilir. Dövlətin ailə siyasəti çərçivəsində ailələrin sosial müdafiəsi, valideyn məsuliyyətinin gücləndirilməsi, uşaqların hüquqlarının qorunması və ailədaxili zorakılığın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər ailə institutunun inkişafına xidmət edir. Bununla yanaşı, ailə mübahisələrinin sülh yolu ilə həlli mexanizmlərinin, xüsusilə mediasiyanın inkişaf etdirilməsi bu siyasətin hüquqi və sosial istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.
Beləliklə, ailə mediasiyası ailə münasibətlərindən irəli gələn mübahisələrin qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında həllinə xidmət edən mühüm alternativ mübahisə həlli mexanizmidir. Onun əsas prinsiplərinə riayət edilməsi mediasiya prosesinin səmərəliliyini artırmaqla yanaşı, tərəflərin hüquq və mənafelərinin qorunmasına, xüsusilə uşaqların üstün maraqlarının təmin olunmasına şərait yaradır. Bu baxımdan ailə mediasiyası həm hüquqi, həm də sosial baxımdan müasir cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-ci maddəsinə əsasən, ailə hüquqlarının müdafiəsi əsasən məhkəmələr tərəfindən həyata keçirilir. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş hallarda bu hüquqların müdafiəsi müvafiq icra hakimiyyəti və digər dövlət orqanları tərəfindən də təmin edilə bilər. Bu yanaşma ailə münasibətlərindən irəli gələn hüquqların müdafiəsində dövlətin kompleks hüquqi mexanizmlər tətbiq etdiyini göstərir. Ailə Məcəlləsinin 7-1-ci maddəsi ailə münasibətlərindən irəli gələn mübahisələrin alternativ həll mexanizmi kimi mediasiyanın rolunu müəyyən edir. Həmin maddəyə əsasən, ailə mübahisələri "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mediasiya vasitəsilə həll edilə bilər. Eyni zamanda, qanun ailə münasibətlərindən irəli gələn müəyyən mübahisələr üzrə məhkəməyə müraciət edilməzdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakını məcburi prosedur kimi nəzərdə tutur. Bu tələb tərəflər arasında qarşılıqlı anlaşmanın təşviq edilməsinə, mübahisələrin daha qısa müddətdə və daha az xərc tələb etməklə həllinə, həmçinin məhkəmələrin iş yükünün azaldılmasına xidmət edir. Məqalənin həmmüəllifi, Bakı 8 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator Azad Rzayevin praktiki fəaliyyət təcrübəsinə əsaslanan yanaşmasına görə, mediasiya institutu mübahisələrin məhkəmədənkənar, qarşılıqlı razılıq və konfidensiallıq prinsipləri əsasında həllinə imkan yaradan mühüm hüquqi mexanizmdir. Onun fikrincə, mediatorların peşəkarlığı və məsuliyyətli fəaliyyəti nəticəsində ailə, əmək, mülki və kommersiya xarakterli bir çox mübahisələrin məhkəmə prosesinə müraciət edilmədən həlli mümkün olmuşdur. Azad Rzayev qeyd edir ki, mediasiya prosesinin əsas nəticələrindən biri tərəflər arasında əldə olunan barışıq sazişləridir. Bu sazişlər yalnız ailə münasibətlərinin davam etdirilməsi ilə bağlı razılaşmaları deyil, eyni zamanda əmlak məsələləri, uşaqlarla ünsiyyət qaydalarının müəyyən edilməsi, aliment ödənişləri və digər hüquqi məsələlər üzrə tərəflərin qarşılıqlı razılığını da əhatə edir. Belə razılaşmaların mediatorun iştirakı ilə konfidensial şəraitdə əldə olunması tərəflər arasında etimadın qorunmasına və mübahisələrin daha konstruktiv həllinə şərait yaradır. Müəllifin yanaşmasına əsasən, mülki və kommersiya mübahisələrində mediasiyanın tətbiqi tərəflərə uzunmüddətli məhkəmə çəkişmələrindən yayınmaq, vaxt və resurs itkilərini azaltmaq, həmçinin öz maraqlarına uyğun həll yolu formalaşdırmaq imkanı verir. Bu baxımdan mediasiya institutu yalnız mübahisələrin həlli vasitəsi deyil, həm də cəmiyyətdə barışıq və dialoq mədəniyyətinin inkişafına xidmət edən mühüm mexanizm kimi çıxış edir. Araşdırma çərçivəsində Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhmədin mövzu ilə bağlı verdiyi müsahibədə səsləndirdiyi fikirlər təhlil edilmişdir. Onun sözlərinə görə, Bakı 8 saylı Mediasiya Təşkilatı fəaliyyətə başladığı gündən etibarən müraciətlərin operativ və keyfiyyətli icrası, eləcə də bağlanan barışıq sazişlərinin sayına görə ölkənin aparıcı mediasiya təşkilatlarından biri olmuşdur. Təqdim olunan statistik göstəricilər 2022-2025-ci illər ərzində təşkilata daxil olan müraciətlərin və barışıq sazişlərinin sayında artım dinamikasının müşahidə edildiyini göstərir ki, bu da mediasiya institutuna ictimai etimadın artmasının göstəricisi kimi qiymətləndirilə bilər. Mayıl Əhməd vurğulamışdır ki, təşkilata daxil olan müraciətlərin böyük hissəsini ailə mübahisələri təşkil edir. Onun fikrincə, bu sahədə mediatorun əsas vəzifəsi tərəflər arasında qarşılıqlı dialoqu bərpa etmək, emosional gərginliyi azaltmaq və mübahisələrin qarşılıqlı razılıq əsasında həllinə şərait yaratmaqdır. Bu baxımdan, mediator yalnız hüquqi mübahisələrin həllində vasitəçi deyil, həm də ailə münasibətlərinin qorunmasına, qarşılıqlı anlaşmanın gücləndirilməsinə və cəmiyyətdə barışıq mədəniyyətinin formalaşmasına töhfə verən mühüm sosial institutun nümayəndəsi kimi çıxış edir. Bu məqsədlə təşkilat tərəfindən vətəndaşların maarifləndirilməsi, mediasiyanın təşviqi və mübahisələrin məhkəmədənkənar həllinin genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir.
Aparılmış tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, ailə mediasiyasının hüquqi, sosial və psixoloji aspektləri kompleks şəkildə təhlil edilmiş, Azərbaycan Respublikasında tətbiq xüsusiyyətləri beynəlxalq təcrübə ilə müqayisəli şəkildə araşdırılmışdır. Tədqiqatda ailə mediasiyasının yalnız mübahisələrin həlli vasitəsi deyil, həm də ailə münasibətlərinin qorunmasına və barışıq mədəniyyətinin formalaşmasına xidmət edən sosial-hüquqi institut kimi rolu əsaslandırılmışdır. Bununla yanaşı, ailə mediasiyasının inkişaf istiqamətləri və mediator fəaliyyətinin səmərəliliyini artıran əsas amillər müəyyən edilmişdir.
Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, əldə olunan nəticələr ailə mübahisələrinin həllində mediasiya mexanizminin daha effektiv tətbiqinə, mediatorların fəaliyyətinin təkmilləşdirilməsinə və əhali arasında mediasiya haqqında hüquqi maarifləndirmənin artırılmasına töhfə verə bilər. Məqalədə irəli sürülən yanaşmalardan ailə mediasiyası sahəsində fəaliyyət göstərən təşkilatlar, mediatorlar, hüquqşünaslar və müvafiq dövlət qurumları öz fəaliyyətlərində istifadə edə bilərlər.
Aparılmış araşdırma göstərir ki, ailə mediasiyası ailə münasibətlərindən yaranan mübahisələrin sülh yolu ilə həllinə xidmət edən, hüquqi, sosial və psixoloji aspektləri özündə birləşdirən effektiv alternativ mexanizmdir. Mediasiya tərəflər arasında dialoqun bərpasına, qarşılıqlı anlaşmanın təmin edilməsinə və xüsusilə uşaqların mənafelərinin qorunmasına mühüm töhfə verir. Azərbaycanda ailə mediasiyasının hüquqi əsasları "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. İlkin mediasiya sessiyasının tətbiqi isə mübahisələrin daha çevik, səmərəli və qarşılıqlı razılıq əsasında həllinə imkan yaradan mühüm hüquqi mexanizm kimi çıxış edir. ABŞ, Avropa İttifaqı və Türkiyə təcrübəsinin təhlili göstərir ki, mediasiya institutunun uğurlu inkişafı güclü hüquqi baza, peşəkar mediator hazırlığı, institusional mexanizmlərin təkmilləşdirilməsi və cəmiyyətin mediasiya haqqında məlumatlılığının artırılması ilə sıx bağlıdır. Bakı 8 saylı Mediasiya Təşkilatının fəaliyyəti və mediatorların praktiki yanaşmaları da göstərir ki, mediasiya ailə və digər mübahisələrin məhkəmədənkənar həllində səmərəli nəticələr verir.
Beləliklə, Azərbaycanda ailə mediasiyasının tətbiq dairəsinin genişləndirilməsi, mediatorların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əhali arasında hüquqi maarifləndirmə tədbirlərinin gücləndirilməsi və beynəlxalq qabaqcıl təcrübənin milli hüquqi sistemə uyğun şəkildə tətbiqi ailə institutunun möhkəmləndirilməsinə, ailədaxili mübahisələrin daha səmərəli həllinə və cəmiyyətdə hüquqi mədəniyyətin inkişafına mühüm töhfə verə bilər.
Rzayev Azad
"Bakı Şəhəri 8 Saylı Mediasiya Təşkilatı"-mediator hüquqşünas