Qapılar yaxın, insanlar uzaq: Qonşuluq mədəniyyətinə nə oldu?
19:56 Sosialİnsan həyatında elə münasibətlər var ki, onların dəyəri yalnız çətin günlərdə hiss olunur. Qonşuluq da məhz belə münasibətlərdən biridir. Eyni küçədə, həyətdə, binada və ya bir məhəllədə yaşamaq insanları istər-istəməz bir-birinə yaxınlaşdırırdı. Bir vaxtlar qonşu yalnız evinin divarının o biri tərəfində yaşayan insan deyildi. O, gündəlik həyatın bir parçası, ailənin sevincinə şərik olan, çətinliyində yanında dayanan, ehtiyac yarandıqda ilk qapısı döyülən insanlardan biri idi.
Azərbaycan cəmiyyətində qonşuluq münasibətlərinin xüsusi yeri olub. Xüsusilə kəndlərdə və kiçik yaşayış məntəqələrində qonşular arasında münasibətlər sadəcə salamlaşmaqla məhdudlaşmırdı. İnsanlar bir-birinin həyatını yaxından tanıyır, ailələr arasında qarşılıqlı münasibətlər formalaşır, toyda, yasda, bayramda, xəstəlikdə və digər mühüm məqamlarda qonşular bir-birinin yanında olurdular. Qonşuluq münasibətləri yalnız məişət ehtiyaclarından da yaranmırdı. Burada sosial məsuliyyət, qarşılıqlı etibar və mənəvi yaxınlıq da mühüm rol oynayırdı.
Ənənəvi Azərbaycan məişətində qonaqpərvərlik anlayışı qədər qonşuya münasibət də mühüm dəyər sayılırdı. "Qonşu qonşunun külünə möhtacdır" kimi atalar sözlərinin yaranması da təsadüfi deyil. Bu ifadələr cəmiyyətin qonşuluğa verdiyi əhəmiyyəti göstərir.
Düşünürəm ki, şəhərləşmənin sürətlənməsi isə bu münasibətlərin formasını dəyişdirməyə başladı. İnsanların kəndlərdən və kiçik yaşayış məntəqələrindən şəhərlərə köçməsi, çoxmərtəbəli binaların sayının artması və yaşayış məkanlarının böyüməsi qonşuluq anlayışını da əvvəlki formasından uzaqlaşdırdı. Əgər əvvəllər insanlar eyni həyəti paylaşırdılarsa, bu gün çox vaxt eyni binanın müxtəlif mərtəbələrində yaşayan şəxslərdən söhbət gedir. Fiziki yaxınlıq artsa da, sosial məsafə böyüyə bilir.
Müasir şəhər həyatının paradokslarından biri də məhz budur: insanlar əvvəlkindən daha çox insanın əhatəsində yaşayır, lakin bir-biri ilə əvvəlkindən daha az ünsiyyət qururlar. Səhər işə tələsən, axşam yorğun halda evə qayıdan insan üçün qonşu ilə söhbət etmək, onun halını soruşmaq və münasibət qurmaq əvvəlki qədər prioritet olmaya bilər.
Digər tərəfdən, müasir insanın şəxsi sərhədlərə münasibəti də dəyişib. Əvvəllər qonşunun evə gəlib-getməsi, ailənin gündəlik həyatından xəbərdar olması daha adi qəbul edilirdisə, bu gün şəxsi həyata müdaxilə məsələsinə həssaslıq daha çoxdur. İnsanlar özəl həyatlarını daha ciddi şəkildə qorumağa çalışırlar. Bu isə bir tərəfdən şəxsi sərhədlərin qorunması baxımından müsbət dəyişiklik sayılsa da, digər tərəfdən sosial əlaqələrin zəifləməsinə səbəb ola bilir. Sosial şəbəkələr də bu prosesin ziddiyyətli tərəflərindən biridir.
Mövzu ilə bağlı daha ətraflı Olaylar.az-a danışan sosioloq Sahib Altay bildirib ki, biz qonşuluq əlaqələrini ortadan qaldırmamışıq, sadəcə onu formalaşdıran zərurət ortadan qalxıb:
" Belə bir deyim var: bütün ixtiralar zərurətlərdən yaranıb. Əslində, münasibətlər də hərəsi bir ixtiradır, hərəsi bir kəşfdir və sosial münasibətlər ehtiyaclara bağlıdır. Bu, bioloji ehtiyac ola bilər, maddi ehtiyac ola bilər, mənəvi-sosial ehtiyac ola bilər. Qonşuluq əlaqələrini də formalaşdıran səbəb ehtiyac idi. Ümumiyyətlə, kollektiv əmək, kollektiv görülən iş, kollektiv yaşam tərzidir. Bu, təbiətdə bütün növ canlıların ali məqsədinə -həyatda qalmaq məqsədinə xidmət edir. Kollektivlik olanda, eyni növün fərdləri arasında kollektiv əmək, kollektiv yaşam tərzi olanda, onlar öz-özlərində güc formalaşdırırlar, müvazinət formalaşdırırlar, birlikdə ov edirlər, birlikdə yaşayırlar. Təhlükələrə qarşı birlikdə mübarizə aparırlar. Bu da həmin növün həyatda qalmasına xidmət edir.
Əslində, qurduğumuz münasibətlər də eyni kollektiv əməyə, kollektiv yaşam tərzinə xidmət edən bir dəyərdir, nəsnədir. Bunun içərisində qohumluq əlaqələri də var, qonşuluq əlaqələri də var. Artıq insanlıq sürü, qəbilə, tayfa olmaqdan çıxıb cəmiyyət olmağa doğru gəldikcə, əvvəldə yaşadığı tayfa ittifaqlarını sosial münasibət ittifaqları ilə əvəzləməyə başlayıb. Yəni qonşuluq əlaqələri kimi qohumluq əlaqələri də formalaşıb. Çünki ailə formalaşıb. Hər ailənin şəxsi mülkiyyəti olub, artıq müstəqil bir quruma çevrilib. Hər bir ailə öz-özlüyündə müstəqil bir quruma çevrilib. Amma yenə də insan təkbaşına və yaxud da iki-üç nəfər birlikdə həyatda qalmağa qadir olmayıb. Tarixin müxtəlif dönəmlərində müxtəlif münasibətlər formalaşıbdır bu səbəbdən. Yəni ehtiyaclara dayanıqlı münasibətlər formalaşıbdır. Məsələn, mən kənddə böyümüşəm. Bizim evin ətrafında beş qonşu idik. Təndir yalnız bizim həyətdə var idi. Beş qonşunun qadını həftədə bir dəfə toplaşıb, kimin nə qədər unu var idisə, bir tiyanın içinə atıb xəmir yoğurub, çörək bişirirdilər bizim təndirdə və o bişən çörəklər beş qonşu arasında bölünürdü. Təndirdə çörək bişən gün qonşunun birinin evində çay süfrəsi açılırdı. Eyni zamanda, təndirdə çörək bişən əsnada qonşu uşaqlar da o təndirin ətrafında toplaşırdılar, oynayırdılar. O təndir bizi çörək ehtiyacımızdan doğan bir dəyər idi. Eyni zamanda bizim qonşuluq əlaqələrimizi formalaşdırmışdı.
Hər bir iqtisadi quruluşun yetişdirdiyi insan modeli var. Sosializmin öz insan modeli var, kapitalizmin öz insan modeli var və insanlar artıq əvvəlki kimi yaşamırlar. Yəni əvvəlki ehtiyaclara da sahib deyillər. Əvvəlki qədər yoxsul da deyillər. Əvvəl çox yoxsulluq yaşayırdıq. Bu səbəbdən də o münasibətlər var idi.
Bu bir az çox uzaq səslənə bilər, amma belədir. Yəni hər iqtisadi quruluşun yetişdirdiyi insan modeli var. Bütün münasibətlər ehtiyaclara dayanır. Bu, maddi ehtiyac da ola bilər, mənəvi ehtiyac da ola bilər, sosial ehtiyac da ola bilər. Yəni hər cürə ehtiyac ola bilər. Amma münasibətləri ehtiyaclar müəyyən eləyir. Ehtiyac olduğu müddətdə insanlar bir-birinin yanında olurlar.
Qonşuluq münasibətlərində bütün münasibətləri həmin ehtiyaclar formalaşdırmışdır. İndi artıq o ehtiyac yoxdur. Bundan əlavə, insanların bir də məlumat almaq, informasiya almaq, informasiya vermək ehtiyacı var. Artıq ona da ehtiyacları yoxdur. Çünki bunu sosial şəbəkələr təmin edir, internet təmin edir. Digər tərəfdən, insanların bir-birinə gediş-gəliş üçün zamanı da olmur. Çünki zaman artıq bölünüb ailə, iş və sosial şəbəkə, internet arasında, yəni virtual dünya arasında. Şəhərləşmə və çoxmənzilli binalarda yaşayış qonşuluq mədəniyyətinə necə təsir edir?
Əslində, şəhərləşmə və çoxmənzilli binalarda yaşayış, biz buna urbanizasiya deyirik, urbanizasiyanın münasibətlərə xeyli təsiri var. Münasibətləri, təbii ki, tamamilə ortadan qaldırmır. Yəni o münasibəti saxlayanlar, o ehtiyacı duyub o münasibəti quranlar şəhər yaşam tərzində də qurulurlar, kənd yaşam tərzində də qurulurlar.
Bəli, bina evindəki yaşam tərzi ilə kənddəki yaşam tərzi eyni deyil, buradakı münasibətlər də eyni deyil. Çünki adətən bir kənddə eyni populyasiyanın, eyni bioloji və sosial populyasiyaların üzvləri yaşayırdı. Onların arasındakı münasibətlər də daha etibarlı olur, belə deyim, insanlar daha çox etibar edirlər. Çünki şəhərdə hər kənddən, hər rayondan bir adam gəlir.
Amma yenə də ehtiyaclar insanları birləşdirir, şəhərdə də o münasibətlərin qurulması mümkündür. Bəli, kəndlə müqayisədə zəifdir və o kənddə qurulan münasibətləri şəhər həyatı bir az soyutmağa başladı urbanizasiya dövründə.
Sosial şəbəkələrdəki ünsiyyət, informasiya almaq və informasiya vermək ehtiyacını qismən ödəyir. Tam olaraq ödəmir. Çünki real ünsiyyətin verdiyi emosionallıq, emosional zəka ilə, praqmatik zəka ilə bir araya gəlməsi insanda informativ doyumluluq yaradır. Bu da təbii ki, canlı ünsiyyətlə müqayisədə sosial şəbəkələrdə, virtual ünsiyyətdə tam ödənilmir.
Qonşuluq münasibətlərinin bərpası üçün cəmiyyət və yerli icmalar hansı addımları ata bilər? Bu, bərpa məqsədli şəkildə olmur. Qarşımıza məqsəd qoysaq ki, yenidən o qonşuluq münasibətlərini bərpa edək, bunu edə bilmərik.
Niyə edə bilmərik? Çünki onu doğuran zərurətlər olmalıdır. Təbii ki, zərurət olsa, bərpa etmək olar. Amma bunu məqsədli şəkildə, "gəlin, biz qonşuluq əlaqələrini bərpa edək" formasında etmək mümkün deyil. Biz qonşuluq əlaqələrini ortadan qaldırmamışıq ki, sadəcə onu formalaşdıran zərurət ortadan qalxıb. Bu səbəbdən zəifləyib. Ola bilsin ki, gələcəkdə yenə də o ehtiyaclar ortaya çıxacaq, yenə də bərpa olunacaq".
Zeynəb Mustafazadə