Ağdamım-Aydın İmranoğlunun şeirləri

Ağdamım

İgidlər məkanı Ağdamım mənim,

Döyüşkən oğullar diyarım mənim!

Şərəflə düşmənə sinə gəlmişik,

Neçə oğulları qurban vermişik.

Vətənə ürəkdən xidmət etmişik,

Torpağın uğrunda candan keçmişik.

Xain, nankorların gözün tökmüşük,

O qanlı günləri bir keçirmişik.

Adı ilə hörməti olub əzəldən,

Söz sahiblərin salmaz nəzərdən.

İgid oğulları olan torpağım,

Şərəfli, şöhrətli Ağdamım mənim!

*** *** ***

Ceyran

Niyə kədərlisən, niyə qəmlisən? 

Hanı sifətinin nuru, ay ceyran? 

Ovçumu vurubdur, ilanmı çalıb, 

Şirin xatirələr qəlbində qalıb?

Demə, Yaradana şikayətin var, 

Təbiət qoynunda qiyamətin var. 

Neçə arzuların, neçə istəyin - 

Qəlbində qalıbdır, yaralı ceyran.

Sənsiz bu yaylaqlar solğun görsənər, 

Sonalı bulaqlar susuz görsənər. 

Hanı şux qamətin, gözəl baxışın? 

Yaşıl meşələrin bəzəyi, ceyran.

*** *** ***

Daha insanlara inam qalmayıb

Yaşamaq gözəldir, qədrini bilin,

Qanmazlar yolunda qurban getməyin.

Yaşayın həyatı zəkalı başla,

Getməyin məzara bir qara daşla.

İnsanlar çaşıbdır, yolun azıbdır,

Yaxşının ümidi kimə qalıbdır?

Hərdən düşünürsən, deyirsən: görən,

kimdir bunların daxilin bilən?

İnsan övladını tanımaq olmur,

Qəfildən yolunda bir tələ qurur.

Kimə inanasan, kimə yanasan?

Sonra da günahkar özün olasan...

Ay qardaş, alçaqlar yaman çoxalıb,

Baxırsan, şeytan tək yolunda qalıb.

Atıb namusunu, etməyib ayıb,

Vallah, insanlara inam qalmayıb!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31