"Ebola" virusu yayılan Konqo Demokratik Respublikasında narazılıqlar başlayıb
22:05 DünyaKonqo Demokratik Respublikasının şərqindəki İturi əyalətinin Kandoy kəndində "Ebola" simptomları olan xəstənin xəstəxanaya aparılmasının qarşısını almaq cəhdləri iğtişaşlarla nəticələnib.
Bu barədə ölkə mediası məlumat yayıb.
Bildirilib ki, iğtişaşlar həkimlərin bir xəstənin həmin ərazinin yaxınlığındakı Aru şəhərindəki xəstəxanaya köçürülməsinə dair göstəriş verməsindən sonra başlayıb. Kənddən çıxışları bağlayan insanlar təcili yardım maşınlarına və tibb işçilərinə hücum ediblər.
Hadisə zamanı 1 təcili yardım maşını yanıb, 1 sürücü yaralanıb.
Yerli hakimiyyət orqanları iğtişaşların təşkilatçılarının dərhal müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi barədə göstəriş verib.
Qeyd edək ki, bu il mayın 15-də başlayan Ebola KDR-in tarixində ən ölümcül epidemiyadır. Bu günə qədər ölkədə 4945 nəfər Ebolaya yoluxub, onlardan 2325-i ölüb.