Bir köntöy baxışın həsrətində qal!
17:22 SosialMessage Body
(Səyyad Əhmədli (Göyçəli) yaradıcılığı haqqında)
Salam olsun, çox dəyərli oxucum! Azərbaycan poeziyasında elə şairlər vardır ki, onların
yaradıcılığını yalnız bədii söz nümunələri kimi dəyərləndirmək yetərli olmur. Çünki həmin
sənətkarların şeirlərində bütöv bir ömrün ağrısı, yaşanmış günlərin izi, doğma yurda
bağlılığın hərarəti, ata-ana ocağının tüstüsü, qəribliyin sızıltısı, Vətən sevgisinin əzəməti
və insanlıq duyğusunun işığı yaşayır. Belə şairlərin sözü kitab səhifələrində qalmır,
oxucunun qəlbinə köçür, onun xatirələri ilə həmsöhbət olur, duyğularına toxunur.
Tanınmış şair Səyyad Əhmədli (Göyçəli) də yaradıcılığında həyatın həqiqətlərini, insan
taleyinin enişli-yoxuşlu yollarını və mənəvi dəyərlərin əbədiliyini özünəməxsus
səmimiyyətlə ifadə edən bax, belə söz adamlarından biridir. Onun poeziyasında süni
bəzək, qələmə alınmış hisslərin zorakı nümayişi yoxdur. Bu hal onun keçdiyi keşməkeşli
həyat yolunun yaradıcılığında qoyduğu konkret iz kimi görünür. Qazi şair gördüyünü,
yaşadığını, duyduğunu və qəlbindən keçirdiyini sözə çevirir. Bu sözlər bəzən bir ata
nisgili, bəzən ana həsrəti, bəzən doğma Göyçəyə uzanan xəyal, bəzən şəhid anasının göz
yaşı, bəzən də insanlığın itməkdə olan mənəvi ölçülərinə qarşı bir etiraz kimi səslənir. Bu
etiraz bəzən bir ağsaqqal öyüdü, bəzən isə bir döyüşçü inadı kimi görünsə də mahiyyət
dəyişmir. O bir əlində silah, bir əlində qələm ulu babalarımızın əmanəti olan yurdsevərliyi
yaşadan sıradan igid vətən oğullarından biridir. Silah, qələm işə yaramayanda qoç Koroğlu
kimi sinəsinə saz başmağı da var. Təfərrüatlara keçməzdən əvvəl müəllifi yaxından
tanıyaq.
Qısa arayış:
Səyyad Əhmədli 18 iyun 1959-cu ildə Göyçə mahalı, Basarkeçər rayonunun Zərkənd
kəndində qulluqçu ailəsində anadan olmuşur.
1977-1987-ci illər ərzində Bakı Rabitə Texnikumunu və Yeravan Politexnik İnstitutunu
birirmişdir.
Uzun müddət Zod qızıl mədənində əmtəə xəzinadarı kimi çalışmış, məlum hadisələrdən
sonra isə Azərbaycan ordusunun müxtəlif hərbi hissələrlidə 21 ildən artıq xidmət etmişdir.
Hal-hazırda təqaüddədir. AYB-nin və QYB-nin üzvüdür.
Bir kitab müəllifidir. Hazırda növbəti kitabı çapa hazırlanır.
Şeirləri müntəzəm olaraq ölkə mətbuatında, Türkiyədə və Orta Asiya respublikalarında
dərc olunmuşdur. "Yazarlar" jurnalın redaksiya heyətinin üzvü-Qərbi Azərbaycan üzrə
təmsilçisidir.
Səyyad Əhmədli "Yazarlar" jurnalı tərəfindən "İlin şairi" və "Durna teli - Qızıl qələm"
mükafatlarna layiq görülmüşdür. Şair bundan əlavə Türk mədəni dünyasının dəyərli
ödüllərindən; "Gingiz Aytmatov", "Altın kalem",
"Əhməd Yəsəvi", "Əli Tudə 100" yubiley medalı və digər medallarla təltif olunmuşdur.
Səyyad Əhmədli poeziyasında diqqəti çəkən əsas cəhətlərdən biri şairin son dərəcə
həssas, kövrək və həyatın hər ağrısına açıq qəlbə malik olmasıdır. O, özünün bu mənəvi
kövrəkliyini "Qəlbimi" şeirində belə ifadə edir:
"Zamanmı kövrəldib, yoxsa ki, həyat?!
Əsən yel də sızıldadır qəlbimi.
Körpə uşaqdan da betər olmuşam,
Xəfif meh də inildədir hər simi."
Bu misralar şairin daxili dünyasının poetik portretidir. Burada həyatın ağır sınaqları
qarşısında sərtləşmiş insan yox, əksinə, yaşadıqları onu daha həssas etmiş bir qəlb
görünür. Şairin qəlbi sazın simlərinə bənzəyir. Həmin simlər o qədər incə və həssasdır ki,
hətta xəfif bir meh belə onları titrədə bilir. Bu titrəyiş yalnız şəxsi ağrı deyil; insanın,
zamanın, Vətənin və mənəviyyatın ağrılarına həssas münasibətin ifadəsidir.
Məqalənin başlığını təşkil edən "Bir köntöy baxışın həsrətində" ifadəsi də məhz bu
həssaslığın poetik açarıdır. Şair yazır:
"Üzülürəm hər bir köntöy baxışa,
Elə bil ki, ləkə düşür naxışa.
Gözümdə leysanlar durub axışa..."
Buradakı "köntöy baxış" yalnız kobud və ya düşüncəsiz nəzər anlamında deyil. Bu baxış
mənəvi zərifliyi anlamayan, insanın qəlbinə dəyən, sözün qiymətini bilməyən,
səmimiyyətə qiymət verməyən münasibətin ümumiləşmiş obrazıdır. Şairin qəlbi gözəlliyi,
saflığı və insani münasibətləri bir naxış kimi görür. Kobudluq isə həmin naxışın üzərinə
düşən ləkədir.
Səyyad Əhmədli bu baxışlardan inciyir, çünki onun dünyasında insanın insana
münasibəti yalnız zahiri davranış deyil, mənəvi məsuliyyətdir. O, sadəcə bir baxışın yox,
bütövlükdə mənəvi korluğun ağrısını yaşayır. Bu mənada "bir köntöy baxışın həsrəti"
ifadəsi şairin poetik dünyasında anlaşılmamağın, dəyər verilməməyin və qəlb incikliyinin
ümumiləşmiş simvoluna çevrilir.
Səyyad Əhmədli (Göyçəli) yaradıcılığında Vətən anlayışı geniş və çoxqatlı məna
daşıyır. Vətən onun üçün yalnız coğrafi məkan deyil; uşaqlıq, ata-ana ocağı, doğma dağlar,
bulaqlar, cığırlar, el-oba, xatirələr və mənəvi köklərdir. Şairin Vətən duyğusu Göyçə adı ilə
daha da doğmalaşır və poetik məna qazanır.
"Gözəl bahar" şeirində təbiətin oyanışı şairi yenidən doğma yurda aparır:
"Güllər əvəzləyir kif xəzəlliyi,
Hərənin öz ətri, öz özəlliyi.
Səyyad seyr etdikcə bu gözəlliyi,
Xəyalı dolanır Ulu Göyçəni."
Təbiət burada sadəcə gözəllik mənzərəsi deyil. Baharın çiçəkləri, bülbüllərin nəğməsi,
günəşin nuru və dağların qoynu şairin yaddaşında Göyçəyə açılan yolları işıqlandırır. Hara
baxırsa baxsın, gördüyü gözəllik onu doğma yurda aparır. Deməli, Göyçə şairin qəlbində
yalnız keçmişin xatirəsi deyil, bütün gözəlliklərin ölçüsüdür.
"Gələydim" şeirində isə bu həsrət daha açıq və kövrək şəkildə ifadə olunur:
"Olaydı təpərim, çıxıb, dağlara,
Doyunca bir nəfəs alıb, gələydim!
Ötənləri çözələyib birbəbir,
Şirin xəyallara dalıb, gələydim!"
Bu misralarda doğma yurda qayıtmaq arzusu yalnız fiziki dönüş istəyi deyil. Şair
keçmişinə, uşaqlığına, ata-analı günlərinə, saf və qayğısız çağlarına qayıtmaq istəyir. O,
"ötənləri çözələmək", xatirələri bir-bir yada salmaq, doğma dağların havasından doyunca
nəfəs almaq arzusundadır.
Səyyad Əhmədli yaradıcılığında Vətən müharibəsi, qəhrəmanlıq və şəhidlik mövzuları
xüsusi yer tutur. "Ana yanğısı" şeirində şəhid anasının ağrısı fərdi bir taledən ümumxalq
faciəsinə və ümummilli qürura yüksəlir.
Şair yazır:
"Bir igid balasın itirmiş Ana,
İndi baş daşından ayrıla bilmir.
Gözləri buluddan nəm çəkib sanki,
Elə hey ələyir, qurutmur, silmir."
Bu misralarda ana ağrısının böyüklüyü və sonsuzluğu ifadə olunur. Şəhid anasının göz yaşı
yalnız şəxsi itkinin deyil, Vətən uğrunda verilən qurbanın göz yaşlarıdır.
Lakin şeir ümidsizliklə bitmir:
"Səyyadın qüruru, başının tacı,
Şəhidlər qəlblərdə yaşayır, ölmür."
Bu fikir şəhidlik anlayışının mənəvi mahiyyətini açır. Şəhid fiziki olaraq həyatdan getsə də,
xalqın yaddaşında, qəlbində və Vətən tarixində əbədi yaşayır.
"Bir qəhrəmanı" şeirində isə Azərbaycan Ordusunun Zəfəri, qəhrəman əsgərlər və
ölkənin Ali Baş Komandanı poetik şəkildə tərənnüm edilir:
"Qüdrətli ordumun Baş komandanı,
Zəfərlə tanıtdı Azərbaycanı!"
Şair bu Zəfəri yalnız hərbi uğur kimi deyil, milli qürurun, xalq birliyinin və tarixi ədalətin
təntənəsi kimi dəyərləndirir.
Səyyad Əhmədlinin poeziyasında insanın öz daxili aləmi ilə söhbəti də mühüm yer
tutur. "Bağışla, ürəyim" şeirində şair öz qəlbinə müraciət edir:
"Səni çox yüklədim, əzizləmədim,
Bağışla, ürəyim, bağışla məni."
Bu misralarda insanın öz daxilinə hesabat verməsi var. Şair həyatın ağrılarını qəlbinə
yüklədiyini, onu yetərincə qoruyub əzizləmədiyini etiraf edir.
Qəlbin sədaqəti isə belə ifadə olunur:
"Qürurundan zərrə qədər enmədin,
Bağışla, ürəyim, bağışla məni!"
Şairin qəlbi bütün ağrılara baxmayaraq sınmayıb, alçalmayıb və mənəvi qürurunu
qoruyub. Bu, Səyyad Əhmədli poeziyasının əsas ideyalarından birini - çətinliklər
qarşısında insanlıq və ləyaqəti qorumaq fikrini ifadə edir.
Səyyad Əhmədli (Göyçəli) yaradıcılığı müxtəlif mövzuları əhatə etsə də, bu mövzuların
hamısını birləşdirən əsas xətt insanlıqdır. Onun şeirlərində Vətən sevgisi də, ata-ana
həsrəti də, sevgi və sədaqət də, şəhidlik və qəhrəmanlıq da, sözə ehtiram da insanlıq
anlayışı ətrafında birləşir.
Şair öz mənəvi dünyasını "Mən" şeirində belə təqdim edir:
"Soruşdun sərvətim; - yaxşı qulaq as,
Sidq ilə sığındım Sübhanıma, mən.
Hər nə verdi qail olub, barışdım,
MaşAllah söylədim, hər anıma, mən."
Burada şükür, təvazökarlıq və mənəvi qaneçilik duyğusu ön plana çıxır. Şair sərvəti yalnız
maddi imkanlarla ölçmür. Onun sərvəti inamı, vicdanı, qaneçiliyi və mənəvi saflığıdır.
O yazır:
"Qədərə nə yazdı, şükür dilədim!
Qəmli vaxt da oldu, leysan ələdim!
Tamahımı ifçin-ifçin bələdim,
Qoymadım qor salsın, vicdanıma, mən."
Bu misralar şairin həyat fəlsəfəsini ümumiləşdirir. İnsan çətinliklərlə qarşılaşa bilər, ağlaya
və ağrı çəkə bilər, lakin vicdanını qorumağı bacarmalıdır.
"Bir köntöy baxışın həsrətində" ifadəsi Səyyad Əhmədli yaradıcılığının poetik
mahiyyətini özündə cəmləyir. Çünki şairin qəlbi yalnız öz dərdindən deyil, insanların birbirinə qarşı laqeydliyindən, kobud münasibətindən, sözün qiymətdən düşməsindən də
ağrıyır. O, hər köntöy baxışda gözəlliyə düşən ləkəni görür və həmin ləkəni sözün işığı ilə
silməyə çalışır.
Səyyad Əhmədlinin şeirlərində kövrək bir qəlbin səsi eşidilir. Bu qəlb Göyçəyə
boylanır, ata-anasını axtarır, Vətənin qələbəsi ilə qürurlanır, şəhid anasının göz yaşına
şərik olur, həyat yoldaşının sədaqətinə minnətdarlıq edir, övladına doğru yol göstərir və
söz adamlarını mənəvi saflığa çağırır.
Bu poeziyanın əsas gücü də məhz buradadır: Səyyad Əhmədli oxucuya uzaqdan
nəsihət vermir. O, öz yaşantılarını, ağrılarını, sevinclərini və həyat həqiqətlərini bölüşür.
Buna görə də onun sözü oxucunun qəlbinə yol tapır.
Səyyad Əhmədli (Göyçəli) poeziyası bir şairin şəxsi duyğular toplusu deyil. Bu poeziya
Göyçənin həsrətini, ata ocağının işığını, ana laylasının kövrəkliyini, Vətən sevgisinin
qüdrətini və insan qəlbinin incəliklərini yaşadan mənəvi söz dünyasıdır.
Bu dünyada hər misra bir xatirə, hər bənd bir həyat dərsi, hər duyğu isə insanlıq adına
səslənən səmimi bir çağırışdır. Yurd həsrəti ilə yaşayan ozan qardaşıma bu həsrətdən
qurtulub, "köntöy baxış" həsrətində yaşamağı arzu edirəm! Sona qədər həmsöhbət
olduğunuz üçün təşəkkür edirəm. Hələlik. Hiss edirəm ki, növbəti yazıların sonuna
"Kəlbəcər", "Laçın" deyil "Göyçə" yazacam.
09.08.2026. Laçın - Şəlvə dərəsi.

Müəllif: Zaur USTAC
AVMVİB, AJB və AYB-nin üzvü, "Yazarlar" jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir