Siyasi keçmişin informasiya qalıqları: "Artsax TV" bağlanır, yoxsa cildini dəyişir? – ÖZƏL
13:11 Siyasət""Artsax TV"nin indiki heyətlə çalışmasını dayandırması ilk baxışda bir media qurumunun qapanması təsiri bağışlasa da, məsələyə diqqətlə yanaşdıqda bir qədər başqa mənzərə görünür".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, özü ortabab yaramaz olan Hrayr Avetisyanın açıqlamasına görə, buraxma "Artsax TV" indiki heyətlə (Armine Hayriyan, Norayr Hovsepyan, Armine Petrosyan, Qayane Melkumyan, Tsovinar Barxudaryan, Tiqran Qasparyan, Arsen Yesayan, Karen Petrosyan və onun özü ilə) çalışmasını dayandırır. O həmçinin bildirir ki, "Artsax TV" adından və platformundan istifadə hüququ başqa bir QHT-yə veriləcək. Burada Avetisyanın açıqlamasındakı iki cümlə özəlliklə diqqətçəkicidir: "Bu qərarı biz verməmişik" və ad-platformdan istifadə hüququnun "başqa bir QHT-yə" ötürüləcəyinin bildirilməsi. Üstəlik, "Artsax TV"nin ayrıca açıqlamasında platformun "yenilənmə və çağdaşlaşma mərhələsinə" keçdiyi, qısa fasilədən sonra operativ xəbərlər və yeni televiziya layihələri ilə qayıdacağı deyilir.
"Məncə, "Artsax TV" doğrudan da ölür, ölməliydi də - ancaq gəlin biz bunu qəti hökmlə deməyə tələsməyək. Bəli, köhnə heyət gedir, ancaq ad və platform başqa təşkilati qəlibə keçirilir. Bu, məsələni bizim üçün bəlkə daha çox diqqətəlayiq edir. Olayın simvolik anlamı da var. Azərbaycanın Qarabağ bölgəsində vaxtilə mövcud olmuş separatçı qurumun siyasi-inzibati infrastrukturu artıq yoxdur; onun informasiya institutlarının öncəki biçimdə yaşadılması da getdikcə çətinləşir. İndi həmin siyasi keçmişin informasiya qalıqları başqa təşkilati formalar içində özünə yaşamaq imkanı axtarır", - deyə yazar vurğulayıb.
Bəs institutun sıradan çıxması ideyanın da avtomatik sıradan çıxması deməkdirmi?
Əlbəttə, yox. Bəlkə, əksinə - televiziya kanalından QHT platformuna keçid eyni narrativlərin daha fərqli leksika ilə - ictimai diplomatiya, insan hüquqları, yaddaş siyasəti, diaspor fəaliyyəti, sosial şəbəkələr və beynəlxalq QHT müstəvisi üzərindən təqdim olunmasına hazırlıqdır? Başqa sözlə, sərt siyasi təbliğatın "yumşaq güc" libasına keçirilməsi gümanını da nəzərdən qaçırmamalıyıq. Bu güman mövcud faktlardan çıxır - yeni QHT-nin konkret fəaliyyət xətti hələ açıqlanmayıb.
Avetisyanın "iki il öncə çoxlarına hər şey bitmiş kimi görünürdü" deyərək fəaliyyətlərini davam etdirdiklərini vurğulaması da göstərir ki, onlar öz işlərini televiziyaçılıqla yanaşı, müəyyən siyasi-yaddaş narrativinin saxlanılması kimi təqdim edir. Elə isə adın və platformun başqa QHT-yə ötürülməsi texniki dəyişiklikdən daha artıq anlam daşıya bilər. Ona görə bizim üçün əsas məsələ hansısa kanalın bağlanmasına sevinməkdən daha çox, Qarabağ həqiqətlərinin hüquqi, tarixi və humanitar əsaslarını beynəlxalq informasiya məkanında ardıcıl, bəlgəli-bilgili və peşəkar şəkildə təqdim etməkdir. Ermənistan toplumu baxımından belə proseslər 2023-cü ildən sonrakı gerçəkliklə üzləşmənin informasiya sahəsindəki təzahürlərindən biri kimi də oxuna bilər. Köhnə simvollar və institutlar zəiflədikcə iki yol görünür: keçmişin mifoloji-siyasi dilindən uzaqlaşıb yeni bölgəsəl gerçəkliyi qəbul etmək; yaxud həmin yaddaşı başqa adlar, QHT-lər və media platformları içində qoruyub saxlamağa çalışmaq. Bəli, ad dəyişə bilər, hüquqi ünvan dəyişə bilər, təşkilati qabıq dəyişə bilər - informasiya niyyəti isə başqa biçimdə yaşamağa cəhddə bulunar. Söhbət artıq ərazi üzərində bərpa olunmuş suverenliyin həqiqətlərinin dünya yaddaşında düzgün yer tutmasından gedir. Qarabağ mövzusunda Azərbaycanın qarşısında duran yeni mərhələnin əsas fərqi də budur.
Dövlətimiz zaval görməsin!
Səidə Ramazanova