Şərqlə Qərbin birləşdiyi nöqtə: Azərbaycanın G20-dəki strateji rolu – ÖZƏL

Azərbaycan 14-15 dekabr 2026-cı ildə ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 Liderlər Sammitinə qonaq ölkə kimi dəvət edilib. ABŞ Prezidenti Donald Trampın bu dəvəti Bakının Orta Dəhliz, TRIPP layihəsi, enerji və təhlükəsizlik sahələrində artan Avrasiya miqyaslı rolunun göstəricisi kimi qiymətləndirilir. Qərb, Rusiya, Çin, Türkiyə və Yaxın Şərqlə balanslı münasibətlər quran Azərbaycan bu sammitdə regional çərçivədən çıxaraq qlobal iqtisadi-geosiyasi platformada öz strateji layihələrini təqdim etmək imkanı qazanır.

"Azərbaycan xarici siyasət xəttində balanslaşdırıcı siyasət həyata keçirməkdədir və bu baxımdan çoxşaxəli bir siyasət özünü göstərir. Azərbaycan həm şimalla, həm cənubla, həm şərqlə, həm də qərblə iqtisadi-siyasi münasibətlərini uzlaşdırmaqdadır. Azərbaycan qlobal güclərin maraqlarını uzlaşdıraraq, Cənubi Qafqazda stabilliyin yaranmasında maraqlı olan bir dövlətdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi qeyd edib ki, Azərbaycan həm Şanxay Əməkdaşlıq Təşkilatında qonaq qismində və Azərbaycan Müstəqil Dövlətlər Birliyində iştirak edib, Azərbaycan Türk Dövlətləri Təşkilatında aktiv fəaliyyət göstərən bir dövlətdir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir. Bu baxımdan Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra, Cənubi Qafqazda yaratdığı yeni geosiyasi proseslərlə həm proseslərdə fəal, həm regional, həm də geosiyasi baxımdan aktiv olan bir dövlətdir. Xəritədə Azərbaycan balaca olsa da, geosiyasi proseslərdə aktiv rol oynayan bir dövlətdir. Bu, həm enerji baxımından apardığı siyasət, həm də nəqliyyat infrastrukturu ilə əlaqədar Orta Dəhliz layihəsində Azərbaycanın xüsusi önəm daşıyan dövlətlərdən biri olması ilə bağlıdır. Bu baxımdan Azərbaycanın G20 toplantısına dəvət olunması təsadüfi deyil.

"Azərbaycan xəritədə balaca bir dövlətdir. Azərbaycan kimi dünyada yüzlərlə dövlət var. Məhz niyə Azərbaycan bu təşkilata qonaq qismində dəvət olunur? Çünki Azərbaycan Şərqlə Qərbi birləşdirəcək bir dəhlizin üzərində yerləşir. Azərbaycan stabil bir dövlətdir. Azərbaycan Qoşulmama Hərəkatının üzvü olduğuna görə heç bir hərbi bloka qoşulmur və dünyada gedən proseslərdə tərəf tutmur. Azərbaycan neytral bir dövlət statusunda iqtisadi və siyasi münasibətləri uzlaşdıraraq neytral mövqe tutur və barış mövqeyindən çıxış edən bir dövlətdir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında da fəal iştirak edən dövlətlərdəndir. Eyni zamanda G20 toplantısına dəvət olunmaqla Azərbaycanın dünyada gedən proseslərdə sözünün, çəkisinin olduğunu barış nümunəsi kimi dəyərləndirmək lazımdır. Eyni zamanda Azərbaycan Prezidenti ilə ABŞ Prezidenti arasında yaranmış dostluq münasibəti də buna bir əsas verir. Eyni zamanda ABŞ Prezidenti və Ermənistanın Baş nazirinin iştirakı ilə üçtərəfli bir görüş keçirildi avqustun 8-də və bu toplantıda Azərbaycanın konstruktiv mövqeyinin, barışa və sülhə doğru aparan praktiki addımlarının şahidi olduq. Azərbaycan bu razılaşmadan irəli gələn detalları həyata keçirir. Bildiyiniz kimi, Ermənistana strateji yüklərin daşınmasına, hərçənd sülh müqaviləsi imzalanmayıb, düzdür, sülh müqaviləsinin mətninə razılaşdırılsa da, hələlik sülh müqaviləsi tam hüquqi statusda qüvvəyə minməyib, buna baxmayaraq Azərbaycanın praktiki addımları atılır. Ermənistanla barış yaratmaq, sülh yaratmaq üçün Ermənistana daşınan yüklərə icazə verilməsi, Ermənistanın indiki məqamda enerji ilə, yanacaqla təmin edilməsi bu praktiki addımdır. Unutmayaq ki, Ermənistanla Amerika arasında ortaq aparılan Zəngəzur dəhlizi Amerikanın maraqları çərçivəsində həyata keçiriləcək. Burada da Azərbaycan söz sahibi olan bir dövlətdir. Çünki həmin dəhlizdə giriş və çıxış Azərbaycan üzərindən həyata keçirilir. Ona görə də Azərbaycan, dediyim kimi, həm regional müstəvidə, həm də geosiyasi proseslərdə fəal olduğuna görə, eyni zamanda neytral mövqe tutduğuna və barış mövqeyi ilə çıxış etdiyinə görə, G20 toplantısına dəvət edilməklə Azərbaycanın dünyada gedən proseslərdə özünəməxsus gücü və çəkisi olduğunun, daha doğrusu, Azərbaycanın apardığı siyasətin qəbul edildiyinin göstəricisidir. Məhz bu səbəbdən Azərbaycan bu toplantıya dəvət olunur. Bu da Azərbaycan Prezidentinin yeritdiyi xarici siyasətin məntiqi nəticəsidir", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31