Hörmüzdə ABŞ hegemonluğu: Neft qiymətlərinə kim qərar verəcək? – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Hörmüz boğazından neft daşınmasına tam nəzarət etdiklərini, lakin bu vəziyyətin hər an dəyişə biləcəyini bildirib. O, son iki gündə boğazdan rekord həcmdə neft keçdiyini diqqətə çatdırıb. Eyni zamanda İranla münasibətlərə toxunan Tramp, tezliklə bu ölkəyə qarşı hərbi zərbələri bərpa etmək və ya razılığa gəlmək barədə yekun qərar verəcəklərini, vaxtın daraldığını vurğulayıb.

ABŞ-nin Hörmüz boğazındakı tam nəzarəti regionda hərbi və iqtisadi balansı necə dəyişir? Trampın "vəziyyət həmişə dəyişə bilər" xəbərdarlığı mümkün hərbi eskalasiyadan xəbər verir, yoxsa?

"Yaxın Şərq savaşının ağırlıq mərkəzi artıq Hörmüz Boğazı üzərinə yerləşdirilib. Əsasən bu boğaza nəzarət uğrunda mübarizə gedir. Yaxın Şərq savaşının başlandığı ilk mərhələdə İran bu boğazın fəaliyyətini bloklamışdı. Bununla da həm ABŞ-yə, həm də bütün dünya ölkələrinə təzyiq göstərməyə çalışırdı. Yəni bununla ABŞ-ni dünyada enerji böhranı yaradan tərəf kimi təqdim edərək, ona qarşı təzyiqlərin güclənməsinə çalışırdı. Ancaq sonradan ABŞ bu təzyiq silahını İranın əlindən aldı. Yəni İranın yaratdığı bloklama səddinə yeni bir bloklama səddini də ABŞ yaratdı. Beləliklə, Hörmüz Boğazına nəzarət ABŞ-nin əlinə keçdi. Bu, strateji bir savaşdır".

Bu fikirləri mövzunu şərh edərkən siyasi ekspert Elçin Xalidbəyli deyib. Ekspertin sözlərinə görə, Ağ Evdə hesab edirlər ki, Hörmüz Boğazı İranın və yaxud da hər hansı bir dövlətin deyil, məhz ABŞ-nin nəzarətində olmalıdır. Burada əsas strateji məqsəd ondan ibarətdir ki, qlobal neft bazarlarına, qlobal enerji bazarlarına birbaşa müdaxilə etmək, təsir göstərmək mexanizmləri əldə olunsun. ABŞ hazırda Hörmüz Boğazına nəzarət etməklə belə bir mexanizmə sahib olmuş kimi görünür. Çünki qlobal bazarlara çıxarılan neft və neft məhsullarının təxminən 20 faizi məhz Hörmüz Boğazı üzərindən daşınır. Bu da birbaşa enerji bazarlarındakı vəziyyətə, qiymət dalğalanmalarına təsir göstərə biləcək bir faktordur. Təbii ki, Tramp administrasiyası bu önəmli boğaza nəzarət etməklə, həm də ABŞ-nin qlobal enerji bazarlarında hegemon mövqe tutmasına nail olmuş kimi görünür və yəqin ki, yaxın gələcəkdə bu mexanizmdən genişmiqyaslı şəkildə istifadə etməyə çalışacaq. Təbii ki, bu boğaza tam nəzarət olunması ABŞ-yə həm İranın, həm də bütövlükdə Körfəz ölkələrinin enerji ticarətinə, ümumiyyətlə, iqtisadi-ticari fəaliyyətinə birbaşa nəzarət etmək və təsir göstərmək imkanları da verir. Yəni indi Körfəz ölkələri öz iqtisadi-ticari fəaliyyətlərinin təhlükəsizliyi üçün ABŞ ilə anlaşmaq məcburiyyətindədirlər.

Ekspert bildirib ki, eyni zamanda, bu, İran üçün də ciddi problemdir. Çünki İranın da iqtisadi-ticari fəaliyyəti, xüsusilə də əsas ixrac məhsulu olan neftin dünya bazarlarına çıxarılması ABŞ-nin nəzarəti altındadır. ABŞ İranın bu ticarət istiqamətini mümkün qədər məhdudlaşdırmağa çalışır və bu məhdudlaşdırmada əsas məqsəd məhz İranın əsas maliyyə qaynağının qapadılması ilə bağlıdır. Belə vəziyyət İran üçün yaxın gələcəkdə daha böyük problemlər yarada bilər. Təbii ki, Tramp administrasiyası bununla da kifayətlənmir. Hörmüz Boğazı üzərindən göstərilən təzyiqlərə həm də hərbi-siyasi təzyiqləri əlavə edir. Xüsusilə də Trampın vaxtaşırı İrana qarşı hərbi əməliyyatların bərpa olunacağı ilə bağlı verdiyi açıqlamalar rəsmi Tehrana təzyiq göstərmək məqsədi daşıyır. Bu məqsədlə yalnız Hörmüz Boğazı ətrafında yaranmış vəziyyətdən deyil, həm də hərbi faktorlardan istifadə olunur. Böyük ehtimalla, artıq bu prosesin sona çatmasına yönəlik mərhələ sürətlə yaxınlaşır və bu mərhələnin hansı məzmun daşıyacağı bir az qeyri-müəyyən xarakter daşıyır. Yəqin ki, bir çox məsələlər ABŞ-də keçiriləcək aralıq seçkilərindən sonra aydınlaşmağa başlayacaq. Böyük ehtimalla, Tramp administrasiyası aralıq seçkilərinin nəticələrinə uyğun olaraq qərar verəcək ki, İranla siyasi anlaşmalar baş versin, yoxsa İranın ümumiyyətlə tam məğlubiyyətinə qədər hərbi əməliyyatlar davam etdirilsin. Yəqin ki, artıq bir neçə həftədən sonra bu istiqamətdə bir çox sualların cavabı aydınlaşmağa başlayacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31